Azərbaycanca

“Bu tək iqtisadi məsələ deyil, həm də hərbi, ekoloji məsələdir”

17.09.2013 | 15:53

1379418560_c1Ermənistanın gündən-günə iqtisadi tənəzzülə uğradığını istər öz ərazisində, istərsə də işğal etdiyi Azərbaycan ərazilərindəki obyektləri istifadə edə bilməməsində özünü göstərir. Beynəlxalq qrantların kəsilməsi və daxili sərmayələrinin tükəndiyi bir vəziyyətdə Ermənistan hətta düşmənə belə “ağız açmağa” məcbur olur. Bu yaxınlarda Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyinin su resurslarının birgə idarə olunması ilə bağlı Azərbaycanla dialoqa başlamağa hazır olduğunu bəyan etməsi də elə bu anlama gəlir.

Söhbət Sərsəng su anbarı və Tərtər çayından müxtəlif istiqamətlərə axan sulardan gedir. Separatçı rejimin “Baş nazir müavini” Artur Agabekian “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, bundan həm erməni, həm də Azərbaycan tərəfi udacaq. O qeyd edib ki, Azərbaycan buna reaksiya verməsə, Ermənistan tərəfi sərhəd rayonlarına böyük sərmayə qoyaraq güclü nasoslarla su resurslarından yalnız öz əraziləri üçün istifadə edəcək.

 

Bütün hallarda bu bəyanatla ermənilər öz  səfilliklərini bir daha göstərirlər və Azərbaycanı barışığa çağırırlar. Lakin, maraqlıdır ki, belə bir situasiyada Sərsəng su anbarından birgə istifadə nə dərəcədə mümkündür? Bu bəyanatın arxasında daha hansı sirlər yatır? Bu və digər suallarla siyasi şərhçi Cümşüd Nuriyevə müraciət etdik.

-Cümşüd müəllim, sizcə separatçı rejimin rəhbərliyinin bu bəyanatının əsasında nə dayanır?

 

-Bəyanatın verilməsinin əsasında Rusiya-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçməsi dayanır. Ermənilər yaxşı başa düşürlər  ki, Dağlıq Qarabağı bu günə qədər qoruyan, ətraf rayonları işğal altında saxlayan da Rusiyadır və Azərbaycanla hər hansı bir anlaşmanın əldə olunması Dağlıq Qarabağın indiki statusunun dəyişməsi ilə nəticələnəcək. Bu baxımdan da separatçıların əməkdaşlıq bəyanatına müsbət baxmaq lazımdır. Sözügedən bəyanat Dağlıq Qarabağın separatçılarının mövqelərinin yumşalmasına dəlalət edir.Sərsəng su anbarının istismar müddəti başa çatmaq üzrədir. Bu bəyanat Dağlıq Qarabağın Azərbaycan torpağı olmasına bir işarədir. Maliyyə imkanların olmaması ilə yanaşı ermənilər özlərini tamamilə blokadaya alıblar. Ermənistanın maliyyə imkanı yoxdur ki, onlara hansısa yolla kömək etsin. Ermənistan müxalifəti də dövlətin tutduğu mövqeyi ölkənin gələcəyi üçün təhlükəli hesab edir. Başda Şahnazaryan, Muradyan və digərləri olmaqla erməni xalqına müraciət ediblər ki, Sarkısyanın Avropaya inteqrasiya mövqeyi Rusiyanı çox qıcıqlandıracaq.

– Sərsəng su anbarından birgə istifadə haradasa işğalla barışmaq deyilmi?“Bu tək iqtisadi məsələ deyil, həm də hərbi, ekoloji məsələdir”

 

– Beynəlxalq hüquqa görə, bu, ikitərəfli razılaşma deyil. Çünki, Azərbaycan ermənilərlə hər hansı saziş imzalamayır. Birgə istifadəni onlar gündəmə gətirir. Dağlıq Qarabağ Azərbaycanın öz ərazisidir. Məsələn, Konstitusiyamızın 139-cu maddəsinə görə, Naxçıvan Azərbaycanın ərazisində olan Muxtar Respublikadır. Eyni funksiyanı biz Dağlıq Qarabağa da vermək istəyirik. Yəni ərazi bütövlüyümüz olmaq şərti ilə Azərbaycan öz ərazisində Muxtar bir qurumla əməkdaşlığı qura bilər. Bu sırf antropogen bir obyektdir. Ona görə hüquqi cəhətdən başqa müstəviyə çəkmək mümkün deyil. Əgər burada təbii resruslardan istifadə məsələsi olsaydı, bəli, Azərbaycan konstitusiyasına zidd idi. Onda biz Dağlıq Qarabağı bir tərəf kimi tanımış olardıq. Amma, bu sırf insan tərəfindən yaradılmış bir obyektdir və onun birgə istifadəsindən söhbət gedir. Bu əməkdaşlıq Dağlıq Qarabağı tərəf kimi tanımağa əsas gətirməz.

Bir də bu, su təsərrüfat obyektidir. Burada siyasi danışıqlardan söhbət getməyir. Sırf texniki tədbirlər həyata keçirilməlidir; ora təmizlənməlidir, təmir olunmalıdır və s. Buna beynəlxalq iqtisadiyyatda inşirinq xidməti deyirlər. Yəni Azərbaycan ermənilərlə danışıb, orada digər bölgələrinin maraqları üçün özünün digər bölgəsindən istifadə etmək istəyir. Necə ki, Mingəçevir Su Elektirik Stansiyasından alınan enerji Azərbaycanın hər yerinə pulla satılır.

Sərsəng su anbarı Azərbaycan ərazisində olan obyektdir. Azərbaycan onu təmir edib, sonra da yararlanacaq. İndi ermənilərin yaşadığı ərazi olduğuna görə artıq başqa hüquqi müstəviyə keçirtməyə ehtiyac qalmayır. Beynəlxalq hüquqda elə bir qanun yoxdur. Olmayan qanun da  hüquqi müstəviyə keçməyir. Bu o deməkdir ki, bunu etmək olar.

“Bu tək iqtisadi məsələ deyil, həm də hərbi, ekoloji məsələdir”-Sərsəng su anbarının işğal olunan ərazidə qalmasının Azərbaycana nə kimi ziyanları var?

 

-Sərsəng su anbarı sovet dövründə Azərbaycanın Qarabağ bölgəsində əsasən suvarma üçün nəzərdə tutulmuşdu. Bunun bütün xərclərini Azərbaycan ödəyib. Sərsəng su anbarının əvvələr su tutumu çox idi. İndi Ermənistanın elə bir maddi imkanları yoxdur ki, Sərsəng su anbarını təmizləyib və təmir işləri aparsınlar. Ona görə də onun su tutumu azalıb. Əvvəl o, bütün Qarabağı suvarmağa çatırdısa, indi bununla bu ərazinin az bir hissəsini suvarmaq mümkün deyil. Ermənilər bir müddət bundan Azərbaycana şantaj eləmək üçün istifadə etdilər ki, guya onun suyunu buraxslar nə qədər adam qırılacaq. Amma, birinci qırılan elə  ermənilər olacaq. Çünki, onun yaxınlığında bir tək Azərbaycan kəndi Umudlu kəndidir ki, o da boşaldılıb. Qalan kəndlər  hamısı ətrafında ermənilər yaşayan kəndlərdir. İndi orada o şantaj keçmədiyinə  görə , digər məsələlər gündəmə gətirlir. Amma, bütün hallarda Daxili Su Hövzələri haqqında beynəlxalq konvensiyaya görə, dövlət öz çəkdiyi xərclə daxili su hövzələrinin imkanlarını artırırsa, bu həmin dövlətə məxsusdur. Eyni zamanda daxili su hövzəsinin su səthi nə qədər çox olarsa, bu, həmin ölkənin ekologiyasına da xeyirlidir. Sərsəng su anbarının ekoloji tərəfləri də var.  Ermənilər bunun qarşısını heç bir yolla ala bilməyirlər. Çünki ,bölgədə mikroiqlimin yaranmasında da bu su anbarı mühüm rol oynayır.

Bir şey də var ki, su hövzəsinin səthi ölkənin həm də müdafiə təhlükəsizliyi qabiliyyətini artırır. Çünki ,Günəşdən su səthinə düşən şüalar coğrafi koordinatları dəqiq təyin etməyə imkan verməyir. Sərsəng su anbarının da həmçinin bu tərəfi var. Bu tək iqtisadi məsələ deyil, həm də hərbi, ekoloji məsələdir. Ona görə Sərsəng su anbarının ermənilər tərəfindən işğal olunması və onların nəzarəti altında saxlanılması hüquqi cəhətdən üç müstəvidə araşdırılmalıdır. Yəni, Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurur, Azərbaycanın müdafiə təhlükəsizliyinə nə qədər xələl gətirir və Azərbaycan ekologiyasına hansı ziyan dəyir. Bu üç işin hər birində Azərbaycan tərəfi haqlıdır.

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

 

17.09.2013 15:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*