Azərbaycanca

Bunun mübahisə ediləcək tərəfi yoxdur, Xocalıda yaşananlar qətliamdır

28.11.2013 | 17:54

1385199427_119578_tepe“Dağlıq Qarabağ, Xocalı soyqırımı Türkiyə Cümhuriyyəti dövlətinin dəyişməz siyasətləridir”

Çağdaş Demokratlar Birliyi tərəfindən “İlin millət vəkili” mükafatına layiq görülən, eyni zamanda Türkiyə Böyük Millət Məclisinin ən gənc millət vəkillərindən olan, Türkiyə Böyük Millət Məclisi Xarici İşlər Komissiyası üzvü, Cümhuriyyət Xalq Partiyası İstanbul millət vəkili, hörmətli Faik Tunay ilə aldığımız müsahibəni sizə təqdim edirik.

 

Azərbaycanla bağlı çox söz deməyə ehtiyac yoxdur. İllərdir ki qardaş Azərbaycan müstəqilliyini qazandıqdan etibarən deyirik ki, “Biz iki dövlət, bir millətik”. Bu xətt, düşüncə və fikir heç vaxt dəyişə bilməz. Yəni, biz Bakıya, Qəbələyə və ya Azərbaycanın başqa bir şəhərinə getdiyimizdə, eynilə Türkiyəni görürük. Bizim soydaşlarımız eyni dildə danışdığımız insanlardır, amma artıq siyasət və ticarət münasibətlərini tavan nöqtəsinə gətirməyin vaxtı gəlib çatdı. Doğrudur, son illərdə çox irəli addımlar atıldı, həm iqtisadi, həm siyasi mövzuda, amma məncə, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha üst səviyyəyə qalxması lazımdır. İki dövlət də, iki cəmiyyət də artıq buna layiqdir. Yəni, hisslərdən bir az uzaqlaşıb, daha realist işləri və layihələri danışmaq lazımdır. “Enerji dəhlizi”, enerji layihələri də bunun əsl örnəklərindən biridir. Türkiyə ilə Azərbaycan arasında iş birliyi gün keçdikcə artır. Bu da məni bir gənc millət vəkili olaraq çox sevindirir” – deyən millət vəkili Faik Tunay hesab edir ki, Türkiyə  və Azərbaycanın iqtisadi əlaqələri daha sürətli şəkildə irəliləməlidir və bu baxımdan ciddi addımlar atılır: “Mən indi müxalifət millət vəkiliyəm, amma Türkiyədən kənarda müxalifət millət vəkili kimi danışmaram. Bu, mənim tərzimdir, media bilir, siz də araşdırsanız görəcəksiniz. Bizim Azərbaycanla iqtisadi əlaqələrimiz daha sürətli şəkildə artmalıdır. Biz bunun üçün çalışmalıyıq. Bundan əvvəlki iqtidarlar bu istiqamətdə çox ciddi addımlar atıb. Dəmirəl, rəhmətlik Özal, onun ən böyük layihələrindən biri bu idi – Orta Asiya ölkələri, xüsusilə Azərbaycan. Hər gələn hökümət bir addım irəliyə gedir, daş üstünə daş qoyur, bizim hədəfimiz bunu daha irəliyə aparmaqdır. Yəni, quruluşçu müxalifət”.

 

Bunun mübahisə ediləcək tərəfi yoxdur, Xocalıda yaşanılanlar qətliamdır

 

Pakistan, Meksika, Çexiya Respublikaları və Bosniya və Herseqovina Parlamenti ABŞ – ın Nyu Cersi Əyalət Məclisi, Pensilvaniya əyaləti və bir neçə başqa əyalətləri Xocalıda ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı qəbul etdiyi halda, TBMM-in bu qətliamı qanuniləşdirməklə bağlı fikri olub-olmaması haqda millət vəkili belə açıqlama verdi: “Keçən il Xarici İşlər komissiyası (oranın üzvüyəm) Xocalı qətliamı ilə bağlı bir qınama bəyanatı hazırladıq, hər kəsin səs verməsilə – AKP, CHP və MHP millət vəkilləri ilə bu bəyanatı yayınladıq, hər halda yaxın günlərdə TBMM – də daha geniş şəkildə müzakirə olunacaq bir mövzudur. Bunun mübahisə ediləcək tərəfi yoxdur, Xocalıda yaşanılanlar qətliamdır, azərbaycanlı qardaşlarımıza qarşı edilənlər qətliamdır. Amma ermənilər çox ustalaşıblar bu mövzuda, dünyanın harasına gedirsinizsə gedin, hər zaman onlara edilənləri ön plana çıxarırlar, amma heç vaxt öz etdiklərini danışmazlar. Bizim – Azərbaycan və Türkiyənin bir vəzifəsi var. Tarixi sənədlərə əsaslanaraq, ağlın, elmin, məntiqin və sənədlərin işığında haqlı olduğumuz məsələləri sübut etmək. O yoxdur, bu yoxdur deyərək bir nəticəyə gələ bilmərik. Oturacağıq və onlara Türkiyə olaraq bunu deyəcəyik: Gəl, qardaşım, arxivləri açaq, arxivlər mübahisə etsin. Razı olmayan kimdir, – onlar. Yəni, bizim keçmişimizdə günahlar ola bilər, hətta səhvlər də ola bilər, heç kəs səhvsiz deyil, heç bir dövlət süd kimi ağ deyil. Biz də səhv etmiş ola bilərik, Azərbaycanın da səhvləri ola bilər, amma biz heç vaxt tarixdə heç bir dövlətə, millətə qarşı soyqırım etmədik. Bunun belə bilinməsi lazımdı. Tam əksinə, Azərbaycandakı qardaşlarımıza qarşı soyqırım həyata keçirildi. Bu haqlı davamızı, bir az əvvəl də dediyim kimi ağlın, elmin, məntiqin və tarixin işığında izah edə bilərik. Yəni, klassik danışıqlardan keçməliyik. Çünki ermənilər çox ciddi işləyirlər. Çox ciddi lobbi fəaliyyətləri ilə məşğuldurlar, Avropada, Amerikada, Uzaq Şərqdə – dünyanın hər yerində. O zaman biz də onlara qarşı ağlın, biliyin işığında mübarizə aparmalıyıq”.

 

Türkiyə Cümhuriyyəti dövləti Azərbaycanın və Dağlıq Qarabağın arxasında durur

 

CHP millət vəkili Ermənistan və Azərbaycan arasında illərdir yaşanılan, hələ də həllini tapa bilməyən Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi barədə danışdı. Dağlıq Qarabağ mövzusunda Türkiyə Azərbaycanın yanında lazımı qədər yer alması məsələsi ilə bağlı millət vəkili qeyd etdi ki: “Bu hər zaman mübahisəlidir, bəzən azərbaycanlı qardaşlarımız, soydaşlarımız bizdən inciyirlər, əsəbiləşirlər, amma bundan heç kim narahat olmasın. Bəlli siyasətlər vardır ki, iqtidarda kim olursa olsun, hansı partiya olursa olsun, Türkiyə Cümhuriyyətinin tək siyasəti və xətti məğzini dəyişməz. Yəni, Azərbaycan və Dağlıq Qarabağ işğalı məsələsi də belədir. Ona görə də heç kimin beynində heç bir sual işarəsi olmasın, Türkiyə Cümhuriyyəti dövlətinin siyasətidir. Bunlar iqtidar, müxalifət və ya başqa bir siyasi partiyanın siyasəti deyil, bu siyasətimiz heç vaxt dəyişməz, biz azərbaycanlı qardaşlarımızın haqlı davasının nə olduğunu bilirik. Zaman – zaman bəlkə ifadə fərqlilikləri ola bilər, nüans fərqlilikləri ola bilər, amma bu əsas mətləbdən uzaqlaşdığımız mənasına gələ bilməz. Türkiyə Cümhuriyyəti dövləti Azərbaycanın arxasında durur”.

 

Sonda isə millət vəkili Azərbaycan xalqına müraciət edib : “Həm Azərbaycan, həm Türk xalqına bunu demək istəyirəm. Bəli, tək millət, iki dövlətik, qardaşıq, soydaşıq, amma bunları qoyaq bir kənara. Biz iqtisadiyyatımızı, siyasi münasibətlərimizi daha da irəliyə aparaq. Bu yaxşı niyyət duyğularımızı həmişə söyləyirik, amma cədvələ baxırsınız bu yaxşı niyyət duyğularınızla nisbətdə münasibətlərimiz bəzən problemlər yaşaya bilir. Əgər biz tək millət, iki dövlətsək, iqtisadi və ticarət münasibətlərimizi daha da inkişaf etdirməliyik. Dünya siyasətindəki, arenasındakı bəlli siyasi mövzularda tək səs, tək bədən ola bilməliyik və layiq olduğumuz münasibətlərimizi sürətli bir şəkildə düzəltməliyik. Azərbaycan bizim qardaşımızdır, biz də Türkiyə olaraq Azərbaycanın qardaşıyıq, İstanbulda, Ankarada, Sakaryada, Bursada, Trabzonda, Adanada, Mersində, Ədirnədə özümü necə hiss edirəmsə, Bakıya, Qəbələyə getdikdə də elə hiss edirəm. Ora bizim qardaş torpağımızdır, ata yadigarımızdır, biz bunu dərk edirik. Bu xəttimiz, siyasətimiz heç vaxt dəyişməz, kiçik nüans fərqlilikləri ola bilər, zaman – zaman bəzi mövzularda fərqli düşünə bilərik, azərbaycanlı qardaşlarımız buna baxıb, Türkiyə siyasətini dəyişir deməsin, bir az əvvəl dediyim kimi, Azərbaycan Dağlıq Qarabağ, Xocalı Soyqırımı Türkiyə Cümhuriyyəti dövlətinin dəyişməz siyasətləridir. Türk qardaşlarımızı qəlbən  salamlayıram, hamısını Allaha əmanət edirəm”

 

 

Cihangir Refik Yılmaz

 

“KarabakhİNFO.com”

28.11.2013 17:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*