Azərbaycanca

“Bütün dünyanın Xocalıdan danışması üçün çox sözümüz var”

26.02.2014 | 10:43

1393396956_hevva-memmedovaBütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Bəs ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu və digər məsələlərlə bağlı keçmiş deputat, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, tarix elmləri doktoru Həvva Məmmədovaya müraciət etdik.

 

– Ümumiyyətlə, 1982-ci ildən sonrakı dövr Dağlıq Qarabağın, orada yaşayan azərbaycanlılar üçün sükut dövrü idi. Heç kəs nə baş verdiyini bilmirdi. Azərbaycanlılar nəinki yüksək vəzifələrə, heç adi vəzifələrdə də təyin edilmirdilər. Ev növbəsində uzun illər gözləməli olurdular, Xankəndində 10 erməni daimi pasport qeydiyyatına alınanda, 1 azərbaycanlı daimi qeydiyyata alına bilmirdi, hüquq mühafizə orqanlarında azərbaycanlıların sayı məqsədli şəkildə azaldılırdı. 1988-ci ilin əvvəllərində  bütün iş yerləri, fabrik, zavodlar azərbaycanlıların üzünə bağlanmışdı. Səsini qaldıranları da şər ataraq həbs edirdilər. Fakt olaraq qeyd edim ki, 1985-ci ildə 3 azərbaycanlını bir erməni qadınını qətlə yetirməkdə günahlandırdılar və ömürlük həbs elədilər. Lakin sonralar məlum oldu ki, qadını öz ailə üzvlərindən biri öldürüb. Vaxtilə hüquq-mühafizə orqanlarında çalışan Azərbaycanın Milli Qəhrəmanı, çox hörmətli insan Əlif  Hacıyevin ermənilər tərəfindən şər atılaraq həbs olunması digər bir faktdır. Beləliklə, bu məsələlər daha da siyasiləşərək azərbaycanlılara qarşı çevrilirdi. Dağlıq Qarabağda, Xankəndində yaşayan köklü azərbaycanlılar, 1918-ci il Erməni-müsəlman davasını görmüş insanlar deyirdilər ki, vaxt gələcək ermənilər yenə də bizə qarşı belə qanlı olaylar törədəcək. Təəssüflər olsun ki, biz bu deyilənləri qulaqardına vururduq, məhəl qoymurduq. XX əsrdə itirdiklərimizi sanki unutmuşduq.

– Xocalı soyqırımı olmaya bilərdimi?

 

– Bu sual çox adamı düşündürür. Əlbəttə, bu faciə baş verməyə bilərdi.  XX əsrin əvvələrində, 1905-1907, 1918-1920-ci illərdə Xocalının əhalisi soyqırıma məruz qalmışdır. Şəhər tamamilə yandırılıb, demək olar ki, məhv edilmişdi. Amma buna baxmayaraq, insanlar öz torpaqlarından çıxmamışdılar. Sonradan sağ qalan sakinlər Xocalını yenidən bərpa etmişdilər.

 Xocalı 1988-1992-ci illərdə mühasirə vəziyyətində oldu. Bu müddətdə Xocalının yeganə nəqliyyatı hava nəqliyyatı idi. Xocalı faciəsinə 4 ay qalmış o nəqliyyat da kəsildi. Ermənilər dəfələrlə hava nəqliyyatı vasitəsilə səpdikləri vərəqələrdə Xocalı sakinlərini qorxuzurdular ki, Xocalını vaxtında tərk edin, burada məhv ediləcəksiniz. Amma bir nəfər də olsun yerini tərk etmədi. Xocalının o vaxtkı rəhbərləri bununla bağlı Bakıya gəlib Mərkəzi Komitəyə müraciət etmiş, müxtəlif yerlərə vəziyyət barədə məlumat vermişdilər. Bütün bunlar hamısı cavabsız qalmışdı. Ümumiyyətlə, bu gün Xocalı faciəsilə bağlı cavabsız suallar çoxdur. Niyə Xocalı faciəsi baş verdi? Nədən ermənilər buna çox güclü hazırlaşırdılar? Ölənlərin siyahısına baxsanız orada 2 aylıq körpə uşaqdan 85 yaşlı qocaya qədər adlar görərsiniz. Bu da ondan ibarətdir ki, Xocalı sakinləri bir an da olsun öz evlərini tərk etmədilər. Bu o deməkdir ki, əhali son ana qədər döyüşüb. Buna görə də, Xocalı qəhrəman şəhərdir.

 Tarixdə belə faciələr çox baş verib. Amma bütün müharibələrdə qadınlar, qocalar, körpələrə aman verilirdi. Ermənistan prezidenti Serj Sərkisiyan xarici agentliklərə verdiyi müsahibələrində deyib ki, son ana qədər xocalılılar fikirləşirdilər ki, onlar qadınlara, uşaqlara əl qaldırmayacaqlar. Bildirib ki, ancaq o sterotipi sındıraraq, azərbaycanlıların gözlərini qorxudmaq üçün onlar heç kimə aman verməyiblər.

 Ermənilər Xocalı faciəsinə çox güclü hazırlaşmışdılar. Xocalı faciəsində Serj Sərkisiyanın, Robert Koçaryanın, Oqanyan Seyran Muşeqoviçin, Çitçyan Valeriy İsayeviç və digərlərinin əli var. Xocalı faciəsində dünyanın 32 ölkəsindən  47 jurnalist iştirak edirdi. Bu jurnalistlər arasında çox qeyrətlisi, insan faciəsinə göz yuma bilməyən jurnalistlər də oldu. Həmin jurnalistlərədn biri də Amerika Birləşmiş Ştatlarından olan Tomas Qoltsdır. Tomas həmin faciələri öz gözləri ilə görmüş və o faciələri lentə almışdır. Amerikaya getdikdən sonra “Xocalı faciəsi” adlı bir film də hazırlamışdır. Mən 2009-cu ildə Amerikada olarkən Xocalı ilə bağlı tədbirdə həmin filmə baxdım. Tomas özü tədbirdə ağlayaraq çıxış etdi. O dedi ki, Xocalı faciəsi ömrünü 20 il geri atıb, hələ də bu faciənin stressindən çıxa bilməyib. Türk qanına susayan ermənilər heç zaman belə faciələr törətməkdən doymayıblar. İmkan düşdükcə onlar belə faciəni hər an törədəcəklər. Ona görə də, Xocalı faciəsini törədənlər beynəlxalq məhkəməyə verilməlidir ki, bir də belə hadisələr baş verməsin.

–  Sizcə, Xocalı faciəsini bu gün dünyaya tam çatdıra bilmişikmi?

 

–  Xocalı faciəsinin bu gün dünyaya çatdırılması üçün hamımız öz qarşımıza məqsədlər qoymalıyıq. Bu ondan irəli gəlir ki, ermənilər bu gün Xocalı faciəsini özününküləşdimək istəyirlər. Onlar tariximizi, ədəbiyyatımızı, incəsənətimizi, mətbəximizi öz adlarına çıxmaqda yorulmaq bilmirlər. Həyasızcasına bütün erməni diasporu saytlarda saxta məlumatlar yerləşdirib xəritələr çap etdirməklə bu gün Azərbaycan torpqlarına sahib durmağa çalışırlar. Çox keçməyəcək ki, dünya özü erməniləri yaşadıqları ölkələrdən qovub çıxaracaq.  Erməniləri o ölkələrdən sürgün edəcəklər. ABŞ-da ən dəhşətli cinayəti ermənilər törədirlər. Bu gün biz öz problemlırini türk dünyası ilə birləşdirib faciələrimizi beynəlxalq aləmə çatrdırmalıyıq. Tək Xocalı soyqırımı yetər ki, bu faciənin dərinliklərini açaq və dünyaya çatdıraq. Hesab edirəm ki, biz, buna nail olacağıq.

– Demək olarmı ki, ermənilər Xocalı soyqırımı, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsində təbliğat işində bizdən irəlidədirlər?

– Heç kim kimsəyə diqtə edə bilməz ki, sən bu işləri gör. Gərək bu istək insanların özlərinin içindən gəlsin. Ermənilər uşaqları bələkdə olandan bu işlərə hazırlayırlar. Bağçada uşaqlara düşmənlərinin türk olduğunu deyirlər. Amma biz bunu etməmişik. Hansı birimiz evdə belə işlər aparırıq? XX əsrin tarixi bizim gözümüzün qarşısındadır. Erməni gedib xarici ölkələrdə insalara yalvarır ki, o belə faciəyə düçar olub. Biz isə oturmuşuq burada deyirik ki, kimsə gəlib bizim dərdimizə ağlasın. Tamamilə təbliğatın formasını dəyişmək lazımdır. Bizim facilərimizlə bağlı kitablarımız müxtəlif dillərdə çap olunmalıdır. Bu gün bütün iş adamları özlərinin planlarında Azərbaycanın təbliğatına, həqiqətlərin yayılmasına yer ayırsalar yaxşı olardı. Tək gedib çıxış etmək deyil, bir Xocalı ailəsini, 5 əsirlikdən qayıtmış qadını aparıb onların gözü qarşısında danışdırmaq lazımdır. Əgər erməninin başına bu gəlsəydi bəlkə də aparıb ABŞ prezidentinə çatdırardılar. Onlar təbliğatın çox incə məqamlarını bilirlər. Biz də belə yollarla getməliyik. Xaricdən gələn qonaqları Xocalı sakinləri ilə görüşdürməliyik. Faktlarla çıxış edilməlidir. Bu gün Xocalıdan olan yaşlı insanlar çox az qalıb. Stressdən o insanlar aza qala o faciəni unudalar! Artıq bu dərd onları məhv edib. Ona görə də, təbliğatımızda özümüzün vətəndaşlıq borcumuzu ortaya qoymalıyıq. Hər şeyi dövlətdən ummaq düzgün deyil. Elə şeylər var ki, onu sizlər, bizlər deməliyik.

 Neçə il keçməsindən asılı olmayaraq, biz bu faciəni bu gün olmuş kimi qeyd etməliyik.

 

– Sizcə, təbliğatı hansı yeni formalarda aparmaq olar?

– Bizim təbliğatımızdan çox şey asılıdır. Bu gün Xocalı faciəsi ilə bağlı internet vasitəsilə hər hansı bir məsələni orta qoya bilirikmi? Biz Xocalı faciəsinin dünyaya çatdırılmasında səfərbər ola bilmişikmi? Hər bir Azərbaycan vətəndaşı öz qarşısına qoyduğu məqsədə nail olubmu? Bu gün biz, Xocalı faciəsi ilə bağlı fundamental əsərlər ortaya qoya bilirikmi? Hər bir Azərbaycan vətəndaşının bu gün qarşısında duran ən böyük məqsədlər bundan ibarət olmalıdır. Bu faciəni yaşayan bir insan kimi bizim də üzərimizə çox böyük məsuliyyət düşür. Bu məsuliyyət o faciə zamanı sağ qalan insanların başına gələn müsibətləri dünyaya yaymaqdan ibarətdir. Faciələrimizi dünyaya çatdırmaq üçün biz  gecə-gündüz çalışmalıyıq.

 Xocalı ailəsindən yazan adamlar əsrlikdə olanlar haqda danışırdılar, amma konkret ad çəkmirdilər. Belə insanlar öz adlarını heç kimə demirdilər. Mən onlardan çox xahiş etdim və dedim ki, vaxtı çatanda beynəlxalq təşkilatlar sizə çox böyük diqqət ayıracaqlar. Sizin öz adınızla yazılar getməlidir. 2009-cu ildə “Xocalı soyqırımı” kitabını ingiliscə yazdım. O kitabın Amerikada təqdimatı keçirildi. Orada əsirlikdə qalmış insanların taleyindən bəhs olunur. Bizim qadınlar Azərbaycan mentalitetinə sığmayan facilər yaşayıblar. Onlar bizim gələcək tariximizdir. O adamlara hər cür qayğı göstərilməlidir.

Bilirsiniz ki, Xocalıya ermənilər gecə dörd istiqamətdə hücum ediblər. İnsanlar çılpaq, əliyalın meşəyə üz tutublar. Xocalıdan olan bir qadınla söhbətimizdə dedi ki, ermənilər həyat yoldaşı, iki qızı, qayınatası və qayınanasını o müdhiş gecədə güllələyiblər. Erməni ona yaxınlaşıb, nə qədər pulu və qızılı varsa, hamısını istəyib. Beş addımlıqda isə həyat yoldaşı ağzından qan gələrək can verirmiş. Qadın da bütün qızıllarını boynundan çıxarıb, yoldaşının ağzına qoyub. Erməni deyib niyə belə etdin? Qadın da deyib ki,  o almışdı, ona da verdim. Get oradan götür. Qadını erməni boynundan necə vurubsa, üç gün sonra ayılanda özünü yaralı qızı ilə suyun içində görüb. Mən yazan vaxta qədər o qadın heç kimə bu faciəni danışmamışdı. Beynəlxalq qurumlar belə insanlarla maraqlanmalıdırlar. Çünki bu insanlar analoqu olmayan faciə yaşayıblar. Nə zaman bütün dünya Xocalıdan danışacaqsa, biz onda rahatlıq tapacağıq. Bütün dünyanın Xocalıdan danışması üçün yazılası, deyiləsi çox sözümüz var.

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

26.02.2014 10:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*