Azərbaycanca

“…Bütün Qarabağı verib bir Şuşanı alardım”

22.10.2012 | 13:18

1350893836_mg_5426İlqar Rəsul:Ağdamı yenidən tikmək üçün mənə bir şans versəydilər, hər tərəfə ağ atlar düzərdim”


Qarabağdan olan tanınmış insanlarla müsahibələrimiz davam edir. Bugünkü müsahibimiz əslən ağdamlı, orda böyüyüb, öz diliylə desək, orda adam olan İlqar Rəsuldur. Qeyd edək ki, İlqar Rəsul Azadlıq radiosunun əməkdaşıdır. O həm də jurnalist olmağa hazırlaşanlar üçün canlı məktəbdir.

 

-İlqar bəy, bir az özünüzdən, ailənizdən danışın.

-Adətən təsirli olsun deyə fəhlə ailəsində anadan olmuşam deyirlər (gülür). Amma mən ziyalı ailəsində anadan olmuşam. Atam jurnalist olub, anam şərqşünaslığı“...Bütün Qarabağı verib bir Şuşanı alardım”
bitirib, Ağdam Mərkəzi Kitabxanasının direktoru olub. Atam Xalq Nəzarət Komitəsinin sədri işləyib. Orta məktəbi bitirən kimi texnikuma daxil oldum, sonra əsgərlik, əsgərlikdən gələndən sonra bir müddət zavodda mühəndis işlədim. Bizdə bir ət kombinatı var idi, oranın sahibiylə münasibətlərimiz yaxşı idi, anam həmişə deyirdi ki, gedin orda işləyin. Hamı orda işləyirdi, ordan onlara ət verirdilər, o əti satıb instituta girirdilər. Mən düşündüm ki, o necə olar get işlə, yat, dur, ye, iç sonra öl. Belə maraqlı olmaz. Mən belə istəmirdim, yaddaqalan, maraqlı bir ömür yaşamaq istəyirdim.

Sonra yavaş-yavaş vəziyyət qarışdı. Mən bir müddət Yekaterinburqda yaşamışam, ora gedib gəlirdim. Elə ordan da Bakıya gəldim, artıq Ağdama getməyə qoymadılar, orda vəziyyət gərginləşmişdi. Camaat bilirdi ki, Qarabağ gedəcək, yəni vəzifədəkilər oyun oynayırdı, xəyanət edənlər də var idi.

-Deyirsiniz ki, camaat bilirdi Qarabağ gedəcək. Bəs indi insanlar bu mövzuda necədirlər? Soyuqqanlıdırlarmı?

-Mən hesab etmirəm ki, kimsə Qarabağ dərdi çəkib ürəyi partlamalıdı, yəni hamımız işləməli nəyəsə qadir olduğumuzu göstərməliyik, vaxtı çatanda  nəsə etməliyik. Övlad yetişdirməliyik – hər çətinliyə hazır olan vətəndaş.

– Qəribədir ildə bir dəfə işğal olunmuş rayonların camaatı bir yerə yığışırlar. O cümlədən ağdamlılar…

– Hə. Hər il Ağdamın işğalı günü Şəhidlər Xiyabanına yığışırıq. Orda dost-tanışımızı, kimsə qohumunu, qapı qonşusunu tapır, kimisi ilk məhəbbətini. Baxırsan ki, ilk məhəbbətinin yanında duran oğlu sənlə bir boydadı. Bir də görürsən bu il gələn növbəti il gəlmir dünyasını dəyişib, yaxud 10 il əvvəl qucağında nəvəsiylə gələn adam indi qocalıb, nəvəsinin əlindən tutub gəlir.

-Hər il  gələnlərin sayı azalır, ya çoxalır?

-Hə. Yetəri qədər çox olur, azalmır.

“...Bütün Qarabağı verib bir Şuşanı alardım”
-Qaçqın olmaq… Bu necə təsir edir insana? Düşüncələrinizə, yaşayışınıza təsiri olurmu?

-Bizim rayonumuzdakılar onsuzda şəhərli kimi yaşayırdılar, elə indi də yaşayışları yaxşıdı. Ümumi götürəndə yaşayışları pis deyil, yəni, məişət səviyyəsində. Amma başqa tərəfdən baxsaq onlar yurdundan didərgin düşmüş adamlardı, necə ola bilərlər. Kimsə özünü indi yaxşı hiss edə bilər, amma nə vaxtsa başa düşəcək ki, yanılıb. Torpaq adamın materialıdı, hərənin materialı öz kəndində, öz rayonundakı torpaqdı. Burada torpaqdı, sözsüz, amma torpaqsız adam yarımçıqdı. Bir az oturub dərindən düşünəndə görürsən doğurdan da yoxdu o torpaq. Hərdən internetdən baxıram bizim həyət-o bəy evi, ağ daşdan tikilmişdi. O ev yoxdu, yalnız pilləkənləri qalıb. Çox qəribə qeyri-adi hissdi. Qaçqın olmaq qəhrəman olmaqdan maraqlıymış. Qaçqın olmaq adamı daha çox yaradıcı edir. Qaçqın olmağın bir pis cəhəti də var ki, qəbirstanlıqda əzizlərini ziyarət edə bilmirsən. Mənim qardaşımın, anamın qəbri Bakıdadı. Təsəvvür edək ki, torpaqlarımız geri alındı, bayramlarda bilməyəcəyik ziyarətə hansının üstünə gedək. Əvvəl, tutaq ki, ordakıları ziyarət etdik, sonra min qatara gəl Bakıya.

– Belə bir söz var; qarabağlı olmaq. Artıq heç kəs qarabağlı kimi doğulmur. Doğulduğun yerin insana təsiri böyükdü?“...Bütün Qarabağı verib bir Şuşanı alardım”

– Mən oğluma başa salmışam ki, sən qarabağlısan. Bilirsiniz, bizim rayonda Qarabağ xanları dəfn olunmuşdu. Bu istər-istəməz insanlara da təsir edirdi. Haralı olmaq səni eqoist edə bilir, torpağını daha çox sevən edə bilir. Yəni Ağdamda da belə idi. Hamı bəy, xan evləri tikir, o cür yaşamağa çalışırdı. Amma indi bu belə deyil. İndi uşaqlar sarayda doğulsalar belə, yenə də qaçqındılar. Ağıllı vətəndaş ola bilər, amma travmalıdı, o öz torpağında qaçıb-oynamayıb. Qaçqın həyatını ancaq yaşayan bilər. Hətta uşaqların təməli belə utancaqlıqla qoyulur, darısqal kiçik bir otaqda doğulan, böyüyən uşağın psixologiyası necə olacaq?

Bir dəfə rəhmətlik Famil Mehdi xəstəxanadaydı, onu ziyarətə getmişdim. Yay idi, tələbə idim. Dedi, qrup yoldaşların hanı? Dedim, hamısı rayonlarına gedib. Dedi, bəs sən niyə getmirsən? Dedim, hara gedim, rayonum var? Sonra kefi pozuldu, ağladı, pis oldu.

– Qaçqın düşən vaxt hamı bacardığı qədər bir şeylər gətirməyə çalışdı, kimisi bunu bacardı, kimisi yox. Sizin Ağdamdan gətirdiyiniz və gətirmədiyiniz nə oldu?

–  Kimi dindirirdin deyirdi var-dövlətim qaldı orda, amma taxta sandığını da gətirən var idi. Anamgil bir çarpayı, bir “servant”, bir də kilim gətirmişdi, bütün mebelimiz qalmışdı, hətta pianomuz da. Həyətimizdə tut ağacı var idi, qonşular həmişə o tutu çırpıb yığar, bəhməz bişirər, bizə də 2 balon verərdilər. Bu dəfə araya işğal düşdü, qonşu bəhməzimizi verə bilmədi. Odur ki, anamdan soruşanda ki, Ağdamda nəyin qalıb deyərdi, iki balon bəhməzim. Hətta həmin qonşumuzla Bakıda rastlaşanda da bəhməzi neylədiyini soruşub. O, da deyib ki, basdırıb.

– Ananız necə, yenə istəyirdimi Ağdamı görsün?

– Anam son zamanlar çox danışırdı Ağdamdan, ora getməyimizi istəyirdi. İnsan necə son nəfəsində dinə, imana gələr, mənim anam da son vaxtlar öz torpağını istəyirdi. Əvvəllər qaçqınlardan ölən olanda dəmir qutunun içində dəfn edirdilər ki, geri qayıdanda aparmaq olsun. Artıq belə etmirlər. Anam, qardaşım rəhmətə gedəndə düşündüm ki, bizim də ziyarət etməyə qəbirimiz var.

– Bir çox hekayələriniz, yazılarınız var, niyə bir kitab çıxarmırsınız?

– Kitab dəbdi, hamı kitab çap edir. Tələbə vaxtı hamı şeir yazırdı, onu çap etdirirdi. Mən də yazırdım, amma atmışdım o şeirləri, çünki onlar şeir deyildi, elə belə əyləncə üçün idi. Həm də gərək kitabdan pul qazanasan. Bu bizim ölkədə mümkün deyil.

– Ədəbiyyatımızda Qarabağ mövzusu sizi qane edirmi?

– İndi Qarabağ mövzusunda yazırlar da, film də çəkirlər. Amma yazılanlar qlobal deyil. Biz bu cür filmlərlə, kitablarla dünyaya çıxa bilmərik. Mənə elə gəlir ki, müharibəni çəkmək lazım deyil. Müharibənin törətdiyi fəsadlar, məhv etdiyi insan talelərini yazmaq, çəkmək lazımdı. Müharibədə göydən yağan güllələri deyil, o güllənin dəydiyi hansısa insanın həyatını çəkmək lazımdı. Ad çəkmək fikrim yoxdu amma yazanlar var, bu mövzunu yaxşı işləyənlər var. Amma bu mövzuda dünyaya çıxacaq bir şey hələ ki etməmişik.

– Adətən qaçqın düşənlər həmişə öz evlərində olan nəyisə xatırlayır, misalçün bu bir əşya, ya da evin hansısa bir küncü ola bilər. Siz nəyi xatırlayırsınız?

– Bizim evdə pianino var idi, o yadımdadı. Həyətimizdə bir kəhriz var idi, həmişə onu xatırlayıram. Bir də görürdün ordan bir alma axır suyla bərabər. Sonra bir tut ağacımız var idi, onun altında oturub şəkil çəkərdim. Ən çox da məhəlləmiz yadımdadı. Hamı məhəllədə yığışardı, söhbət edərdi. Hətta mənim anam iş adamı idi, amma yenə də işini elə qurardı ki, həmin vaxt məhəlləyə düşə bilsin.

– Ağdamı necə görmək istəyirsiniz?

– Ağdamı yenidən tikmək üçün mənə bir şans versəydilər, hər tərəfə ağ atlar düzərdim. Təsəsvvür edin, ağ daşla tikilmiş şəhər və hər tərəf ağ atlarla dolu. Sözün əsl mənasında mənim Ağ şəhərim olardı.

– Bir jurnalist kimi belə bir şansınız olsa, sizə Qarabağa getmək imkanı versələr ilk hara gedərdiniz?

– Şuşaya gedərdim. Şuşa bizim üçün çox doğma idi, yayı orda keçirərdik. Biz kirayə ev tutub iki ay orda qalardıq. Anamın işi olsa da hər şənbə, bazar günləri gələrdi. Ümumiyyətlə, mən Şuşa kimi maraqlı ikinci bir yer tanımıram. Bütün Qarabağı verib bir Şuşanı alardım. Azərbaycanı Şuşasız təsəvvür etmirəm.

Söhbətləşdi: Elnarə Ağaoğlu.

                   Naibə Qurbanova.

 

22.10.2012 13:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*