Azərbaycanca

“Cəbrayıl işğal olunmasaydı, indi hər il Azərbaycan iqtisadiyyatına milyonlarla manat gəlir gətirərdi”

23.08.2014 | 11:23

tapdiq-nesirovBu gün Azərbaycanın Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 21 il ötür. Cəbrayıl rayonu 1993–cü il avqustun 23-də erməni qəsbkarları tərəfindən işğal olunub. Rayonun işğalı ilə bağlı Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov “KarbakhİNFO.com” beynəlxalq elekton jurnalına müsahibə verib. Məlumat üçün qeyd edək ki, müsahibimizin özü də əslən bu rayondandır.

 

 

Tapdıq müəllim, Cəbrayıl rayonunun tarixi illər öncəyə söykənir…
Cəbrayıl ölkənin cənubunda, Kiçik Qafqaz dağlarının cənub-qərbində, Araz çayının sol sahilində yerləşir və İranla həmsərhəddir. Əfsanəyə görə, kəndin əsasını VII-IX əsrlərdə yaşamış və hökmdar Sultan Əhmədin yaxın qohumu olmuş Cəbrayıl Ata qoyubdur. Yerli ziyarətgahdan Araz çayına qədər olan ərazi Cəbrayılın varislərinə məxsus olubdur.
Bildirim ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilibdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılıbdır.

 
Məlumata görə, Cəbrayıl rayonu işğala qədər iqtisadi cəhətdən digər rayonlardən öndə idi…

 
Bəli, Cəbrayıl iqtisadi cəhətdən inkişaf etmişdir. Rayon işğal olunmasaydı, indi hər il Azərbaycan iqtisadiyyatına milyonlarla manat gəlir gətirərdi. Sovet dövründə Cəbrayıl rayonunda üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən sayılırdı. 1992-ci ildə rayonda 60 min ton üzümçülük, 252 ton barama, 22 min ton taxıl ət, süd, yun istesal olunub. İpəkçilik qısa müddət ərzində kənd camaatına xeyli gəlir gətirirdi. Üzümçülük də tək kənd camaatına deyil, digər bölgələrin əhalisidə gəlir gətirirdi. Gecə-gündüz tonlarla Cəbrayılın şərab zavodlarına üzüm daşınırdı. Evlərdə süfrələrin bəzəyi olan hər növ üzüm olardı. Torpaq işğal olunmasaydı, indi o üzüm sərvəti qalsa idi, Cəbrayıl, o cümlədən Azərbaycanın iri üzümçülük təəsərrüfatları ən zəngin təəsərrüfatlardan olardı.

 
Tapdıq müəllim, yaranızı təzələmək istəməzdik. Amm istərdik ki, çətin də olsa Cəbrayılın işğal olunması barədə məlumat verəsiniz.

 
1988-ci ildən etibarən erməni silahlı qüvvələri Azərbaycan torpaqlarına göz dikməyə başladılar. O zamandan etibarən Cəbrayıl əhalisi torpağın yağı düşmənə təslim olmaması üçün əlindən gələni edirdi. Hətta cəbrayıllılar ermənilər tərəfindən işğal olunan iki kəndi azad etmişdilər. Rayon əhalisinin apardığı mübarizəyə rəğmən doğma yurdumuz erməni qəsbkarları tərəfindən işğal olundu.

 
Cəbrayılın işğalı zamanı rayona nə qədər ziyan dəyib?

 
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli tarixi memarlıq abidələri, zəngin meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Sahəsi 104980 hektar olan Cəbrayıl rayonu bu günkü tarixdə erməni işğalçıları tərəfindən zəbt olunub. Cəbrayıl rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çoxdur. İqtisadiyyata dəyən zərər aqrar və istesal sahəsindəki ziyanla bitmir. Aparılan hesablamalara görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb. Təkcə şəxsi evlər yox, dəyərinin hesablanması mümkün olmayan mədəni tarixi abidələr də işğal altındadır. Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

 
Cəbrayıldan ayrı düşən cəbrayıllılar uzaqdanda olsa doğma torpağa baxarkən hansı hissləri keçirirlər?

 

 

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması barədə ölkə başçısı dəfələrlə əmr verib. Göstərilən hər bir qayğı və nəvazişə baxmayaraq insan öz torpağının həsrətini çəkir. Necə ki, insan qonaq gedəndə evimə tez dönərdim hissilə yaşayırsa, biz cəbrayıllılar da o arzu ilə yaşayırıq. Hər bir cəbrayıllı tək Cəbrayılın deyil, Qarabağın işğaldan azad olunması istəyi alışıb yanır. İnşallah bizim istəyimiz gerçək olar.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

23.08.2014 11:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*