Azərbaycanca

Cəbrayıllı jurnalistlərin yurd həsrəti

23.08.2014 | 15:08

4784_1Hazırda ermənilər tərəfindən işğal olunan hər bir rayonun sakinləri qəlbən narahat ömür yaşayırlar. Onlar öz ata-baba yurdlarına, şəhidlərin narahat ruhları dolaşan o müqəddəs yerlərə qayıdacaqları günün həsrətindədirlər. Hər rayonun işğal günü qeyd edildikcə, bu acı onları daha da ağrıdır. Çox təəssüf ki, 2014-cü ilin də 23- avqustunda Cəbrayıl və Füzuli sakinləri 21-ci dəfə bu ağrını yaşamaq məcburiyyətində qaldılar… El-obanın daha çox dərdini çəkən, tarixini yaşadan qələm adamlardır. Onların qələmindən süzülənlər tarixin yaddaşına hoparaq nəsillərdən nəsillərə ötürülür. Elə ona görə də Cəbrayılın ağır gününü bu torpağın böyütdüyü həmkarlarımızın dili ilə yad edirik.

 

 

“Övladlarımı Cəbrayıla apara bilmədiyimə görə əzab çəkirəm”

 

 

SEymur verdizade1973960_10203676561697504_7425487379452355828_oJurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə bizimlə söhbətində dedi ki, övladlarına Cəbrayılı ancaq xəritədə və internetdə göstərə bilir: “Mən də istərdim ki, yay tətilini övladlarımla öz yurdum Cəbrayılda keçirim. Övladlarımı Cəbrayıla apara bilmədiyimə görə əzab çəkirəm”.

 
JAM sədri həyatının ən gözəl, qayğısız çağlarının Cəbrayılla bağlı olduğunu qeyd etdi. O bildirdi ki, hər dəfə Qarabağın işğalından söhbət düşəndə övladları ona “Kəndimiz niyə işğal olundu?” sualnı verirlər: “Avqustun 23-ü Füzuli və Cəbrayıl rayonlarının işğalının 21–ci ildönümüdür. Artıq bir neçə gündür ki, bizim evdə bu istiqamətdə müzakirələr gedir. Mən də ruslardan, ermənilərdən danışıb, övladlarıma nəsə izah etməyə çalışıram. Amma hər dəfə də görürəm ki, mənim cavabım onları qane etmir”.

 
S.Verdizadə deyir ki, Cəbrayılın, eləcə də digər işğal olunmuş rayonların gələcək sakinlərinin, doğma ellərindən kənarda dünyaya gəlmələri onu narahat edir.

 
Onun fikrincə, analar öz övladlarını əlləri ilə cəbhəyə yola salıb, arxanca su atdığı gün torpaqlarımız işğaldan azad olunacaq.

 

 

“Ermənilərin Xocalıda törətdiyi vəhşilikdən sonra insanlarda bir qəzəb əmələ gəlmişdir”

 
Orxan Eli994684_768979076450666_1422446528_nDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli Cəbrayıl rayonu işğal olunan zaman 1-ci sinfi təzəcə bitiribmiş. Deyir ki, kənddə həmin zaman uşaqlar öz aralarında adlandırdıqları “dava-dava” oynayırmışlar: “Çünki zaman bunu tələb edirdi. Müharibənin getdiyi bir vaxtda başqa nə oynaya bilərdik?! Bir halda ki, oyuncaqlarımız barıt, güllə idi”.

 
O, 1993-cü ilin isti avqustunu belə xatırlayır: “Yay tətilinin dadını çıxara bilmirdim. Hər gün eşitdiyim güllə səsi, ya da ki ağı idi. Demək olar ki, kəndimizə gündə bir şəhid gəlirdi. Uşaqlarla bərabər hərbi maşın görəndə öz-özümüzə “görəsən kimə gəlib?” deyə sual verərdik. Üstündən 5 dəqiqə keçməmiş hansısa həyətdə nalə səsləri ucalırdı. Hər gün eşitdiyimiz ağı və fəryadlara o qədər vərdiş etmişdik ki, bir gün eşitməyəndə sanki nəyisə gözləyirdik”.

 
Onun sözlərinə görə, ermənilərin Xocalıda törətdiyi vəhşilikdən sonra insanlarda qorxu hissi ilə yanaşı, bir qəzəb də əmələ gəlmişdir: “İllərlə erməni ilə qonşu olan, bir süfrə başında çörək yeyənlər belə, nə qədər qəddar bir düşmənlə dost olduqlarını dərk edəndə dəhşətə gəlirdilər”, deyə o əlavə etdi.

 
Həmkarımız bildirdi ki, öz doğma evlərindən qaçqın düşən günü böyükləri sanki əzizini itirmiş insanlara bənzəyirmişlər: “1993-cü il avqust ayının 23-də Cəbrayıl da işğal olundu. Artıq biz də qaçqın düşdük. Həmişə qaçqının necə olduğunu fikirləşsək də, özümüzü qaçqın kimi təsəvvür etməsək də, taleyin oyununa tuş gəlmişdik. Yadıma gəlir, bizim evdən ən son atam çıxdı. Girən olmasın deyə evin qapılarını mismarladı. Birdəfəlik getmədiyimizi, azğın erməniləri yerlərinə oturdandan sonra qayıdacağımızı dedi. İndi həmin vaxtdan 21 il keçib. Amma o vaxt çıxandan sonra bir daha geriyə qayıtmamışıq”.

 
“Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər cəbrayıllı həlak olub”

 
ZAur Ehmed10253821_697004757024521_7260225409295435216_nMüstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd Cəbrayılın Hacılı kəndindəndir. Z.Əhməd “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına bildirdi ki, ata yurdu Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması alnımızdakı 21 illik damğadır: “Qəribədir, 21 ildir, elimizə, obamıza gedə bilmir, yeddi-arxa dönənimizin qəbrini ziyarət edə bilmirik, amma bircə cümlə ilə yurdumuzu itirməyimizin 21 illiyini anırıq. O da bir neçə sadə cümlə ilə…”

 
O bildirdi ki, sonuncu dəfə on yaşı olanda kəndlərində olub: “Ağlım kəsəndən bəri hər yay tətilində kəndə, baba-nənəmin yanına gedərdim. Hələ uşaq vaxtından hər şeylə maraqlanan, sorğu-sualı sevən birisi olduğum üçün camaatın baş-beynini aparardım. Bura haradır, kimin evidir, o ağacı kim əkib, bu bu-laqdan necə su çıxır və s. kimi suallarla kənddəki qohum-əqrabamı bezdirirdim. Nə yaxşı ki, soruşmuşam, nə yaxşı, onlar da ərinməyib cavab veriblər… Hər kəsə öz vətəni, öz el-obası əzizdir”.

 
Z.Əhməd hər il yay fəslində dost-tanışının kəndə gedəndə içindəki sızıltının onu incitdiyini vurğuladı: “Deyirəm ki, camaatın kəndi, yurdu-yuvası, el-obası var, amma mənimkini ancaq xəritədə görmək olur. Bəziləri “torpaqlarınızı qoruya bilmədiniz”,- deyib adamı dəli olmaq həddinə çatdırırlar. Bilənlər bilir, bilməyənlər üçün deyim: “Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər cəbrayıllı həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını də-yişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın şəxs Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Bu qədər qəhrəmanı olan bir rayonun döyüşsüz düşmənə təhvil verildiyini demək Allahsızlıqdır. Bəli, fakt odur ki, 21 ildir, Cəbrayılsızıq. 21 ildir doğma yurdumuza gedə bilmirik. Və ən nəhayət, 21 ildir ki, məğlub, köçkün, yurdsuz damğasını alnımızda daşıyırıq. Alnımızdan bu damğanı özümüz silməliyik”.

 

 

Fuad Hüseynzadə

 
“KarabakhİNFO.com”

 

 

23.08.2014 15:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*