Azərbaycanca

Cənubi Qafqaz qanlı qırğınlar dövrünə necə qədəm qoydu? – I hissə

08.02.2014 | 14:01

1392014347_270120141640Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yaqub Mahmudovun “KarabakhİNFO.com”  beynəlxalq e-jurnalına müsahibəsi:

Yaqub müəllim, İrəvan xanlığı, indiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpaqları olması bəllidir. Bu gün ermənilər hər yerdə Qərbi Azərbaycan torpaqlarının özlərinki olduğun deyirlər. Bu nə həqiqətə uyğundur?

 

İrəvan xanlığının (1747-1828) tarixi Azərbaycan xalqının minillər boyunca ya­rat­dığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. İrəvan xanlığı XVIII əsrin ortalarında Nadir şah imperiyasının sü­qu­tun­dan sonra meydana gəlmiş Azərbaycan dövlətlərindən – xanlıq­ların­dan biri idi.  Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın  keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi – aborigen sahibləri Azərbaycan türk­ləri idi. İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azər­bay­can xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerləriskitlərsaklarhunlar, çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü (1918-ci ildə Qərbi Azərbaycanda — keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldıqdan sonra Göyçə gölünün adı 1930-cu ildə  ermənilər tərəfindən dəyişdirilib “Sevan” adlandırılmışdır.) ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar.

Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan «Kitabi-Dədə Qorqud» dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda cərəyan etmişdir. Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478) tapşırığı ilə yazılmış Oğuznamədə – Əbu Bəkr Tehraninin «Kitabi-Diyarbəkriyyə»sində  oğuz türklərinin soy kökündə duran Oğuz xaqanın məhz burada – Göyçə dəni­zi ətrafındakı torpaqlarda yaşadığı, dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərmiş, burada da dünyalarını dəyişmiş, dəfn olunmuşlar. İrəvan xanlığının ərazisi, ayrı-ayrı işğalçı imperiyaların hökmranlıq dövr­ləri istisna edilməklə, ən qədim zamanlardan başlayaraq, həmişə Azər­baycan dövlətlərinin tərkibində olmuşdur. Bu torpaqlar həm də Azərbaycan-türk tayfalarının elliklə və ən sıx  şəkildə yaşadığı regionlardan biri idi.

Rusların Azərbaycana yürüşünə qədər tarixi vəziyyət nə yerdə idi?

 

XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xan­lı­ğı­ əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrə­van (Çuxur­səd) bölgəsinə köçü­rül­məsinə qədər burada ermənilərə məx­­­sus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni kato­li­kos­­luğunun yerləşdiyi Üç­kilsə (Va­lar­şabad – “Valarşabad” toponimi Arşakilər (Arsaklılar) sülaləsindən olan Sanatürkün (Sanatrukun) oğlu Valar şahın (194-216) adı ilə bağlıdır. Uzun tarixi dövr ərzində “Valarşabad” kimi işlənmiş bu toponim erməni ədəbiyyatında təhrif olunaraq “Vağarşabad” formasına salınmışdır. Valarşabadın əsası Valar şah tərəfindən qoyulmuşdu) kəndi belə 1443-cü ildən baş­la­ya­raq ermənilər tərəfindən  müxtəlif vasi­tə­lər­lə hissə-hissə Azərbaycan türk­lərindən alınmışdı.

 

Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət ida­rə­çi­liyi tarixində mühüm rol oynamış məşhur Qacarlar sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbay­ca­nın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tər­kib hissəsi idi. İrəvan xanlığı öz inkişaf xüsusiyyətlərinə görə, həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi.

İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan xalqına məxsus çox­saylı yaşayış məksənləri – kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr – qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olun­muşdu. Bölgədəki bütün yer adları – toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti, hətta erməni mənbələri də təsdiq edir. Xan­lı­ğın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu qəbiris­tan­lar­da Azərbaycan xalqına məxsus külli miqdarda qoç hey­kəl­ləri, qəbirüstü abidələr vardı. Bü­tün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi…

Lakin XIX əsrin əvvəllərində Cənubi Qafqazın tarixində qanlı faciələr dövrü başlandı. Regionu ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı. Çox çəkmədən Cənubi Qafqaz Rusiya imperiyasının Qacarlar İranı və Osmanlı dövlətinə qarşı apardığı qanlı mü­ha­ri­­bələr meydanına çevrildi.

Osmanlı dövləti və Qacarlar İranı ilə sərhəddə yerləşən İrəvan xan­lığı­nın ələ keçirilməsi Rusiya imperiyasının işğalçılıq planlarının mühüm tərkib his­sə­si idi.

1804-1813-cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda ge­dən Bi­rin­­ci Rusiya-İran müharibəsi zamanı İrəvan xanlığı iki dəfə (2 iyul-3 sentyabr 1804-cü il; 3 oktyabr-30 noyabr 1808-ci il) Rusiya qoşun­larının güclü hücum­larına məruz qaldı. Lakin İrəvan xanlığı Rusiyaya təslim ol­ma­dı və öz müs­tə­qil­liyini qoruyub saxlaya bildi. Xanlığın əhalisi müdrik və cəsur dövlət xadim­lə­ri olan Məhəmməd Hüseyn xan Qacarın (1784-1805) və Hüseyinqulu xan Qa­carın (1806-1827) başçılığı ilə doğma vətəninin müdafiəsinə qalxaraq, çar qoşun­­la­rı­na qəh­­rə­man­lıq­la mü­qa­vimət göstərdi. Böyük itkilər verən Rusiya im­pe­­riyasının hakim dairələri İrəvan xanlığını ələ keçirmək üçün şirniklən­di­rici vasi­tələrə əl atdı. Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinin baş ko­­­man­danı general Qudoviç İrəvan sərdarının (Hüseynqulu xan Qacar – red.) qardaşı Həsən xan Qacara qalanı könüllü təslim edəcəyi halda onu sərbəst bura­xaraq, İrəvan qalası və şəhəri istisna olmaqla, bütün xanlığın hakimi təyin olunacağına Rusiya imperatoru adından vəd verdi. Həsən xan Qacar Rusiya imperatoru adından verilən bu təklifi rədd etdi.

Çar Rusiyası Azər­bay­can torpaqlarının işğalında ermənilərin köməyin­dən, er­məni xə­ya­­­­­nə­tindən dövlət sə­viy­yə­sin­də istifadə edirdi. Məsələn, çarın hə­min döv­rdə verilmiş bir fər­ma­nına bununla bağlı ayrıca bənd daxil edil­miş­di: “…Hər cür nəva­zişlə erməniləri öz tərəfinizə çəkməyi xüsusi olaraq, sizin ix­ti­ya­­­­rınıza bu­raxıram”.

 

Bütün bunlara baxmayaraq, Birinci Rusiya-İran müharibəsi zamanı Rusiya imperiyası İrəvan və Naxçıvan xan­lıq­larını işğal edə bilmədi. Hər iki xanlığın yerli əhalisi olan Azər­­baycan və­tən­pərvərləri doğma yurdun azadlığı uğrunda işğalçılara qarşı qəhrəmanlıq mü­ba­ri­zə­si aparıb və qələbə çaldılar.

 

İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkməyən I Nikolay İrəvan və Sərdarabad qalalarını ələ keçirməyin hərbi-strateji əhəmiyyətini nəzərə alır, bunu tez-tez general Yermolova xatırladırdı. Rusiya im­peratoru 1826-cı il okt­yab­rın 21-də Yermolova yazırdı: “Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli mü­­na­sibətlər qurmaqla ələ keçirmək mümkündürsə, bu imkanı əldən verməyin”.

 

İkinci Rusiya-İran müharibəsi (1826-1828) zamanı İrəvan xanlığı­nın işğa­lı­na xüsusi önəm verən çar I Ni­ko­lay (1825-1855) Yermolova gön­dərdiyi 1826-cı il 1 avqust tarixli fərmanında işğalçı generala xüsusi olaraq tapşırırdı: Təcili olaraq İrəvan Sər­darı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab göz­ləyirəm: “Allahın köməkliyi ilə Sərdar daha yoxdur və İrəvan vilayəti ta­ma­mi­lə tutulub”. Siz və 15 min nəfər­lik rus ordusu qələbə qazanmaq üçün kifa­yət­dir.

 

Azərbaycan vtənpərvərlərinə başçılıq edən İrəvan sərdarı Hüseynqulu xan Qacar və qardaşı, Aslanlar başı titulunu daşıyan Həsən xan Qacar 1827-ci ildə Rusiya işğalçılarına qarşı İrəvanı (27 aprel-23 iyun; 24 sentyabr-1 oktyabr) və Sər­darabad qalasını (16 – 17 aprel; 14 – 20 sentyabr) dörd dəfə qəhrəmancasına müdafiə etdi. Çar generalı Ben­kendorfun İrəvan qalasını təslim etmək tələbini rədd edən Həsən xan Qa­car işğalçılara sərt və birmənalı cavab verdi “qalanı təs­lim et­mək­dənsə onun dağıntıları altında ölməyim yax­şıdı”. Lakin xəyanət öz işini gördü. Ermənilər İrəvan qalasını mü­ha­si­rədə sax­layan Paskeviçlə əla­qə­yə girdilər və azər­­bay­can­lı­la­rın qalanın hansı his­sə­sində yer­ləşdikləri, top atəş­ləri­ni hara is­ti­qa­mət­lən­dirmək lazım ol­duğu barədə işğalçılara məlumat verdilər.

 

Erməni xəyanətindən istifadə edərək, İrəvan qalasını ələ keçirən və xanlığı işğal edən rus qoşunlarının baş ko­mandanı Paskeviç bu “qələbəyə görə” qraf titulu, 2-ci dərəcəli Ge­or­gi or­deni, 1 milyon rubl məbləğində pul mükafatı və İrəvan qalasının ələ keçirilməsinə görə, “Eri­vanski” titulu aldı. İrəvan qala­sı­nın alınması Sankt-Peterburqda bayram edildi və bu münasibətlə  xüsusi rəs­mi keçid düzənləndi. Bundan əlavə, İrəvan qalasının alınması münasibətilə xüsusi medallar təsis olundu.

İşğalçı Rusiya qo­şun­la­rının İrəvanda tö­rət­dikləri dağın­tı­lar­ və şəhərə vurduqları zərərlə bağlı V.Potto bu hadisənin canlı şahidinin dediklərini ol­du­ğu kimi qələmə alaraq yazırdı: “Qalanın cənub-şərq kün­cü­nə çatarkən, divar və bürclərin da­ğın­tısı məni heyrətə saldı. Mənə elə gəlir ki, rus mü­hasirə artil­leri­ya­sının dörd gün­də et­diyini çərxi-fələk dörd əsrdə belə edə bil­məz­di”.

Türkmənçay və Gülüstan müqavilələrindən sonra nə baş verdi?

 

Rusiya müstəmləkəçiləri İrana və Türkiyəyə qalib gəldikdən sonra, Tür­k­­­­mən­çay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, Cənubi Qaf­qaz­da Qa­carlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian – isti­nadgah məntəqəsi yaratmaq məqsədilə həmin döv­lət­lərin ərazisində ya­şa­yan erməniləri kütləvi surətdə Şimali Azər­bay­can tor­paqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gür­cüstan Respublikasının məhz azər­bay­can­lı­lar yaşayan bölgələrinə kö­çü­rdü. İrəvan və Naxçıvan xan­lıq­larını işğal etmiş general Paskeviç İrandan köçü­rülən ermənilərin hansı Azərbaycan tor­paq­larına istiqamətləndirilməsi barədə konkret göstəriş də vermişdi: köçürülən erməniləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamət­lən­dirmək lazımdır ki, həmin əra­zi­lər­də xristian əhalinin sayı mümkün qədər artırılsın. Beləliklə, 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ər­zin­də İrandan Şimali Azərbaycana – İrəvan, Naxçıvan və Qarabağ xan­lıq­la­rının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min nəfər erməni kö­çü­rüldü. Bundan bir az sonra Şimali Azərbaycan torpaq­la­rına Os­man­lı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi.

Ermənilərin İrandan və Türkiyədən Şimali Azərbaycan torpaqlarına kö­çürülüb gətirilməsi inkarolunmaz tarixi faktdır. Bunu çoxsaylı arxiv ma­te­ri­alları, xüsusilə ermənilərin köçürülməsi prosesini tənzimləyən rəsmi dövlət sə­nədləri – təlimatlar çox aydın sübut edir.  

 

Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni on­la­ra daimi vətən ya­rat­maq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni ge­ne­ral­ları öz məqsədlərini açıq bəyan etməkdən də çəkinmirdilər. Bu qanlı siya­sə­tin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən erməni mənşəli rus polkovniki Qazaros Lazaryan (La­zar­yev) İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraci­­ətlə deyirdi: “…Orada (yəni Şimali Azər­­­bay­can­da  red.) siz xristianların məskun­­laş­dı­rıl­dığı yeni vətən əldə edə­cək­siniz … İra­nın müxtəlif əya­lət­lərinə səpələnmiş xris­ti­an­ların (yəni ermənilərin – red.) bir yerə cəm­ləş­diyini gö­rə­­cəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tez­­lik­lə rus qoşunları İranı tərk edəcək, bun­­­dan sonra sizin köçməyiniz çətin­lə­şə­cək və biz sizin təh­lü­kə­siz köç­mə­­yi­ni­zə ca­vabdeh ol­ma­yacağıq. Azca itkiyə mə­ruz qa­lsanız da, qısa zamanda hər şe­yə nail olacaqsınız, özü də həmişəlik”. Daim köçəri həyat sür­məyə, yerdəyişmələrə adət etmiş er­mə­ni­lə­rə bu dəfə təlqin edilirdi ki, “İran çörəyi yeməkdənsə rus otu yemək daha yax­şı­dır”.

Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan tor­paq­la­rı­na köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi.

 Cənubi Qafqaz qanlı qırğınlar dövrünə necə qədəm qoydu? - I hissə

Ermənilərin İrandan Şimali Azərbaycan torpaqlarına köçürülməsi. 1828-ci il.

 

(Rus rəssamı V.İ.Maşkovun çəkdiyi şəkil).

 

 

Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gətirilməsindən sonra belə, İrəvan  böl­gə­si əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Yeri gəlmişkən, işğalçı general bu faktla hesab­laşm­a­ğa məcbur olmuş, cüzi azlıq təşkil edən gəlmə ermənilərə daha yaxşı şərait ya­rat­maq üçün can­fəşanlıq edən, regionda böyük əksəriyyət təşkil edən yerli Azərbaycan  türk­­lərinin haqqını kobudcasına tapdalayan İrəvan Müvəqqəti İdarəsinin üzvü, erməni arxiyepiskopu Nersesi vəzifəsindən kənar edib Bes­sarbiyaya sürgün etdirmiş, buna şərait yaradan İrəvan Müvəqqəti İdarəsinin rəisi general Krasovskini isə vəzifəsindən kənar edib Rusiyaya qaytarmışdı.

Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza kö­çü­rül­məsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araş­dır­dıq­dan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz  (yəni ruslar – red.) köçürüb gətirmişik”.

Çar Rusiyası XIX əsrin 20-30-cu illərindən başlayaraq, erməniləri Cə­nubi Qafqazdakı Azərbaycan torpaqlarına köçürüb gətirməklə bu regionun qədim tarixi dövrlərdən bəri davam edən ənənəvi etnik-siyasi və dini mən­zə­rə­sini zorla dəyişdirdi. Şimali Azərbaycanın İran və Türkiyə ilə sərhəd tor­paq­la­rında Cənubi Qafqaz üçün tamamilə yad olan yeni xristian etnosu yerləşdirdi.

“Erməni vilayəti”nin ərazidə yaradılmasından nə deyə bilərsiniz?

 

Rusiya müstəmləkəçiləri, çox çəkmədən, Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün inzibati-ərazi islahatları keçirməyə başladı. 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə  Azər­bay­­canın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların əra­zi­sin­də İran və Türkiyədən köçürülməkdə olan ermənilər üçün qondarma “Erməni vi­la­yəti” yaradıldı. Bununla Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, da­ha doğrusu, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni dövləti ya­rat­maq üçün ilk addım atıldı. Yeri gəlmişkən, 1828-ci ildə, özü də ermənilərin köçürülmə kampaniyası  başa çatdırıldıqdan sonra “Er­mə­ni vilayəti”ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türkləri ya­şa­yırdı.

Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüu­runu məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: “Erməni vi­la­yəti” ləğv edildi və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Ba­ya­zid, Güm­rü, Sürməli və s.  1849-cu ildə isə həmin Azərbaycan torpaq­la­rın­da yeni inzibati-ərazi vahidi – İrəvan quberniyası yaradıldı. İrəvan quber­ni­ya­sı­nın yara­dılması, əslində, Qərbi Azərbaycan əra­zisin­də ermənilər üçün dövlət yara­dıl­ması yolunda növbəti addım idi.  Bundan son­ra ermənilərin İran və Tür­ki­yə­dən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaq­la­rına kö­çürülməsi prosesi daha da sürətləndirildi.

Ermənilərin köçü­rül­mə­sindən sonra Cənubi Qafqaz qanlı qırğınlar dövrünə qədəm qoydu. Rusiya müs­təm­lə­kə­çiləri tərəfindən silahlandırılan və hərtərəfli müdafiə olunan er­mə­ni quldur dəstələri Azərbaycan xalqına qarşı, ümumiyyətlə Cənubi Qafqazın türk-müsəlman əha­li­sinə qarşı soyqırımlarına başladılar. Böyük dövlətlər özlərinin Cənubi Qaf­qaz­la bağlı geosiyasi plan­la­rı­nı həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə etdilər və bunun müqabilində onlara Şimali Azərbaycan torpaqlarında – keçmiş İrəvan və Nax­­çı­van xanlıqlarının ərazisində dövlət yaratmaqdan ötrü hər cür köməklik gös­tər­dilər.

Nəhayət, 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cüm­huriyyəti hökuməti, öz xalqının iradəsini nəzərə almadan, böyük döv­lət­lə­rin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv.km tor­paq­la birlikdə ermənilərə güzəştə getdi. Başqa sözlə, Vətən tor­pa­ğın­dan düş­mə­­nə pay verildi.

Və pay verilmiş  həmin Şimali Azərbaycan tor­pa­ğın­da – keçmiş İrə­van xanlığının ərazisində erməni dövləti yaradıldı.

29 may 1918-ci il! – Bu tarix Şimali Azərbaycan ərazisində, ümu­miy­yət­lə, Cənubi Qafqazda – tarixdə ilk dəfə erməni dövlətinin yaradıldığı gün­dür. Ha­mıya məlum olan tarixi faktdır ki,  bundan əvvəl heç zaman Cənubi Qaf­qaz ərazisində ümumiyyətlə erməni dövləti olmamışdır.

Çar Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan torpağında – İrə­van  və Naxçıvan xanlıqlarının  ərazisində erməni dövlətinin yaradılmasından dər­hal sonra Azərbaycan tarixinin amansızcasına saxtalaşdırılmasına baş­la­nıldı. Erməni mil­lət­çiləri öz havadarları olan Rusiya işğalçılarının yaxından iştirakı və köməyi  ilə saxta erməni tarixi yaratmağa başladılar. Bütün arxiv sənədləri, hətta Rusiya imperiyasının Azərbaycan xanlıqları, İran və Türkiyə ilə bağ­la­dığı müqavilələrin adları və mətnləri də saxtalaşdırıldı. Rusiya və Sovet İtti­fa­qı­nın ali rəh­bərliyində, dövlət və hökumət strukturlarında mü­hüm mövqelər ələ keçirmiş ermənilər öz məqsədlərinə asanlıqla nail oldular. Nəticədə XIX əsrin 20-30-cu illərindən başlayaraq, Rusiya tərəfindən Cənubi Qafqaza kütləvi su­rət­də kö­çü­rü­lüb gətirilmiş gəlmə ermənilər bu regionun “ən qədim yerli əha­lisi”, ata-baba torpaqları əllərindən alınıb ermənilərə paylanmış yerli azər­bay­can­lılar isə “gəl­mə”, “köçəri yırtıcılar” kimi qələmə verilməyə başlandı. Erməni millətçiləri bü­tün dünyaya Azərbaycan və azərbaycanlılar haqqında dayan­madan saxta və qəs­dən təhrif olunmuş informasiyalar yaydılar.

ardı var…

Aqşin Məsimzadə

 

“KarabakhİNFO.com”

 

 

08.02.2014 14:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*