Yaqub müəllim, faktlar nə deyir erməni yalanlarına qarşı?
Tarixi həqiqət belədir ki, 1805-ci ildə Rusiya ilə Azərbaycan dövləti olan Qarabağ xanlığı arasında Kürəkçay sazişi adlanan saziş bağlanmışdı. Sazişin adı belədir: “Traktat mejdu Karabaxskim xanom i Rossiyskoy imperiey o perexode xanstva pod vlastğ Rossii ot 14 maə 1805 qoda”. Həmin sazişə görə, Qarabağ xanlığı Rusiyanın himayəsini qəbul edir, Rusiya isə Qarabağ xanlığına daxil olan torpaqların İbrahimxəlil xana, daha doğrusu, Azərbaycana məxsus olduğunu və gələcəkdə də Qarabağ xanının varislərinə məxsus olaraq qalacağını təsdiq edirdi. Erməni tarixçiləri isə real tarixi və Kürəkçay müqaviləsini saxtalaşdıraraq Qarabağ xanlığı ərazisinin guya ermənilərə məxsus olduğunu və Kürəkçay müqaviləsinin də guya ermənilərlə Rusiya arasında bağlandığını iddia edirlər. Halbuki ermənilərin İran və Türkiyədən Azərbaycana, o cümlədən Qarabağ xanlığının ərazisinə köçürülməsinə Kürəkçay sazişinin imzalandığı 1805-ci ildən çox sonra – 1828-ci ildə başlanmışdı. Və Qarabağ erməniləri 1978-ci ildə özlərinin İrandan bura, yəni Qarabağa köçürülməsinin 150 illiyini bayram etmiş, bu münasibətlə Dağlıq Qarabağda – Ağdərə rayonunun Marquşevan kəndində bir xatirə abidəsi də inşa etmişdilər. 1988-ci ildə erməni separatçı-terrorçu dəstələri “tarixi həqiqətin izini itirmək” məqsədilə ermənilərin Qarabağa gəlmə etnos olduğunu təsdiq edən bu abidəni dağıtmışlar. Hazırda həmin abidənin qalıqları Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisindədir.
Digər bir fakt: XIX əsrin əvvəlində Rusiya imperiyası Cənubi Qafqazı işğal etməyə başlayanda burada heç bir erməni dövləti yox idi. Cənubi Qafqazda Azərbaycan xanlıqları hökmranlıq edirdi. Regionda Azərbaycan xanlıqlarından başqa bir də gürcü çarlığı vardı. O zaman indiki Ermənistan Respublikasının yerləşdiyi ərazidə iki Azərbaycan dövləti vardı: İrəvan və Naxçıvan xanlıqları. Və 1826-1828-ci illər Rusiya – İran müharibəsi başa çatdıqdan sonra, Türkmənçay müqaviləsinə (1828) əsasən, Azərbaycanın məhz həmin iki xanlığı – İrəvan xanlığı və Naxçıvan xanlığı Rusiya imperiyasına qatıldı. Bu tarixi fakt 1828-ci il Türkmənçay müqaviləsinin bütün mətnində və məzmununda da öz əksini tapmışdır. Konkret olaraq müqavilənin 3-cü maddəsində məhz İrəvan xanlığının və Naxçıvan xanlığının Rusiya imperiyasına ilhaq olunduğu qeyd edilir.
Müqavilənin nə bu maddəsində, nə də digər maddələrində – heç yerdə “Ermənistan” sözü yoxdur. Və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda “Ermənistan” adlanan ərazi və ya dövlət yox idi. Erməni “tarixçiləri” bütün bu real tarixi faktları saxtalaşdıraraq, İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını bütün dünyaya guya “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi təqdim edirlər. Buna xüsusi niyyətlə düşünülmüş saxtakarlıqdan başqa nə ad vermək olar?!
Daha bir fakt: erməni alimləri tarix elmini akademik səviyyədə saxtalaşdırırlar. Məsələn, erməni tarixçisi akademik S.P.Ağayan böyük Azərbaycan mütəfəkkiri A.A.Bakıxanova həsr etdiyi əsərdə XVIII əsr Şimali Azərbaycan xanlıqlarının xəritəsini vermişdir.
Lakin erməni akademiki həmin xəritəyə saxtakarlıq edərək, Şimali Azərbaycan xanlıqlarından birinin – məhz İrəvan xanlığının ərazisini daxil etməmişdir.
Ağayan öz əsərində, özü də həmin xəritənin altında verdiyi qeyddə yazır ki, göstərilən xəritəni guya P.İ.Kovalyevskinin “Qafqazın Rusiya tərəfindən işğalı” əsərindən olduğu kimi götürüb öz əsərinə daxil etmişdir. Bununla Ağayan oxuculara yalan satır, həm də peşəkar saxtakar olduğunu sübut edir. Çünki, P.İ.Kovalyevskinin əsərindəki xəritədə Şimali Azərbaycan xanlıqlarının hamısının əraziləri, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının əraziləri də, öz əksini tapmışdır.
Göründüyü kimi, erməni akademiki öz xalqına “xidmət etmək üçün” tarixi həqiqəti təhrif etməklə yanaşı, rus alimi P.İ.Kovalyevskinin xəritəsini saxtalaşdırmaqdan da çəkinməmişdir…
Sizin rəhbər olduğunuz Tarix İnstitutunun hansı fəaliyyəti var erməni yalanlarına qarşı?
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun müəlliflər heyəti tərəfindən hazırlanmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı bütün bu saxtakarlıqları ifşa etmək, dünyaya elmi həqiqəti, daha doğrusu, real tarixi olduğu kimi çatdırmaq məqsədilə yazılmışdır.
Beləliklə, kollektiv tədqiqat əsəri olan həmin kitab daha bir erməni saxtakarlığının üstünü açır. Təkzibolunmaz ilk mənbələr, o cümlədən çoxsaylı arxiv sənədləri əsasında yazılmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı sübut edir ki, bu gün Ermənistan Respublikası adlanan dövlətin yerləşdiyi ərazi yaxın keçmişə qədər, bütün tarix boyu həmişə Azərbaycan torpağı olmuşdur. XIX əsrin əvvəllərində həmin ərazidə iki Azərbaycan dövləti – İrəvan və Naxçıvan xanlıqları yerləşirdi. Yalnız 1828-ci ildə Rusiya orduları tərəfindən bu iki Azərbaycan xanlığı işğal olunduqdan sonra, ermənilər Türkiyədən və İrandan Şimali Azərbaycana köçürülüb gətirildilər. Və bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu gətirilmə etnosdur. Bu etnosun yaşadığı “Ermənistan Respublikası” adlanan ərazi isə Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır.
Aqşin Məsimzadə
“KarabakhİNFO.com”