Azərbaycanca

Cənubi Qafqazda “dondurulmuş münaqişələr”

16.11.2013 | 15:44

1384601408_anar-images_1Dünyada münaqişə ocaqları kifayət qədərdir. Xüsusilə dondurulmuş və hələ də nizamlanmamış münaqişələr mövcuddur. Məsələn, Balkan yarımadası, Yaxın Şərq regionu, Dnestryanı münaqişə, Kosova, Rusiya və Yaponiya arasında hələ də mövcud olan Kuril adaları problemi, Hindistan və Pakistan arasında Kəşmir problemi, hətta bu siyahını Efiopiya və Eritreya arasında bu gündə mövcud olan sərhəd problemlərinə qədər uzatmaq olar.  Qafqaz regionu da  həmçinin bu baxımdan siyasi düyün nöqtələrindən biri hesab olunur. Xüsusilə Qafqazın cənubu etnik müxtəlifliyin  və kompaktlığın daha çox yayıldığı areal olduğu üçün burada münaqişələrin də sayı kifayət qədərdir. Rusiya politoloqu Sergey Markedonov qeyd edir ki, sovet dönəminin sonu və postsovet tarixində “Qafqaz” və “münaqişə” anlayışları assosiasiyalaşdırılmış oldu. ХХ əsrin 80-cı illərinin sonlarından başlayaraq Qafqaz Avrasiya qitəsinin daha kəskin etno-siyasi münaqişələri və müharibələrinin baş verdiyi bir regionuna çevrilmişdir. Postsovet məkanındakı 8 silahlı etno-siyasi və mülki münaqişələrdən 6-sı Qafqaz regionunda baş vermişdir. (Маркедонов С.М. Сепаратизм на Большом Кавказе в постсоветский период: предпосылки, итоги, перспективы // Актуальные проблемы Европы. – 2009. – №3.)

 Bunlar Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan problemi, Gürcüstan-Osetiya və Gürcüstan-Abxaziya münaqişəsi, Gürcüstanda vətəndaş müharibəsi, Rusiya daxilində Osetiya-İnquşetiya və rus-çeçen münaqişələridir. Nəticədə, Qafqaz regionu postsovet məkanında separatist qurumların bir növ dayaq nöqtəsinə çevrilmişdir

Tarixə ekskurs etsək görərik ki, Cənubi Qafqazda vəziyyətin bu qədər drammatik formaya keçməsinin səbəbləri var. Əvvəla qeyd edək ki, Cənubi Qafqazda çar Rusiyasının dövlət maraqlarının olması və “parçala, hökm sür!” siyasətini həyata keçirməsi bu barədə dəqiq fikir yürütməyə əsas verir. Çünki Qafqaz xalqlarının döyüşkən ruhunu zəiflətmək üçün yalnız “parçala və hökm sür!” siyasəti işə yaraya bilərdi. Və bu əsnada işə yarayan ən ideal variant “erməni məsələsi” idi. “Erməni məsələsi” dedikdə təbii ki, ermənilərin məzlum və türklərin təzyiqinə məruz qalan millət olmalarını əsas gətirməklə  onları Cənubi Qafqaza köçürmək və burada bir erməni dövlətinin yaradılmasına və Rusiyaya ən vacib sosial bazanın formalaşmasına nail olmaq idi. Bir müddət sonra çar Rusiyasının qurduğu plan və ermənilərə göstərdiyi maddi və mənəvi dəstək öz bəhrəsini verdi.

1918-ci il aprelin 22-də Cənubi Qafqazda  yeni idarəetmə qurumu- Zaqafqaziya seymi yaradıldı. Azərbaycanlı, gürcü və erməni deputatlar paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan etdilər. Lakin seymin ömrü qısa oldu və cəmi bir aydan sonra dağıldı. Belə ki, mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirildi. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu əsas gətirərək federasiyadan çıxdıqlarını elan etdilər. Azərbaycan heyəti buna etiraz etmir və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunur. Federasiyanın belə qısa müddət mövcud olmasının əsas səbəbi o idi ki, erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları var idi. Mayın 26-da Gürcüstan, iki gün sonra isə Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.

Ermənistanın öz müstəqilliyini elan etməsi isə sırf Azərbaycan torpaqlarının hesabına baş tutdu. Çünki həmin vaxt ermənilərin özlərinə siyasi mərkəz olaraq seçdikləri Gümrü türk qoşunları tərəfindən tutulduğu üçün milli hökumətimiz İrəvanı ermənilərə müvəqqəti güzəştə getməyə məcbur oldu. Doğrudur sonrakı hadisələr, xüsusilə Ermənistanın digər Azərbaycan ərazilərinə iddiaları göstərdi ki, bu addım cümhuriyyət hökumətinin böyük səhvi idi. Lakin bu güzəştdən başqa heç bir diplomatik çıxış yolu da qalmamışdı. Beləliklə əraziləri və sərhədləri müəyyən olunmuş bu üç dövlət sovet hakimiyyəti tərkibinə qatıldıqdan sonra da problemlər nəinki səngimədi, əksinə yeni münaqişə ocaqları yarandı. Ermənilərin iddiaları susmadı və nəticədə bolşeviklərin diktəsi ilə Zəngəzur, Dərələyəz, Göyçə mahalları və Qazax bölgəsinin çoxsaylı kəndləri ermənilərə güzəştə gedildi. 100 minlərlə azərbaycanlı tarixi torpaqlarından Azərbaycan SSR-in müxtəlif aran rayonlarına sürgün edildi. Bundan başqa Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmaqla daha bir münaqişə ocağının əsası qoyuldu. Bu da öz növbəsində bu muxtar qurumun və ətrafındakı rayonların Azərbaycandan qoparılması məqsədini güdürdü. Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Acarıstan və Axıska türklərinin didərgin düşməsinə səbəb olan Mesxetiya problemi  və digər siyasi düyün nöqtələri yarandı. Bütün bu siyasət öz növbəsində sovet hökuməti tərəfindən həssas region olan Qafqazı idarə etmək üçün yaradılan məxfi planların tərkib hissəsindən başqa bir şey deyildi. Nəticəsə “Parçala, hökm sür!”siyasəti bu dəfə də uğurlu alındı. Bölgə sanki həlli çətin olan münaqişələrin sınaq meydanına çevrildi.

            Qarabağ problemi

 

 1921-ci il, 5 iyul tarixdə Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi: “Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı və yuxarı Qarabağ arasında iqtisadi əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin qorunub saxlanılması zərurəti əsas götürülərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın və ona geniş regional muxtariyyət verilsin”. 1923-cü il, 7 iyun tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “İnzibati mərkəzi Xankəndi (1923-cü ilin sentyabrında şəhərin adı dəyişdirildi və bolşevik lideri S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı) olmaqla, Dağlıq Qarabağda muxtar vilayətin yaradılması” haqqında fərmanı qəbul edildi. Bunun əvəzində Ermənistanda yığcam halda yaşayan üç yüz min azərbaycanlıya isə Sovet hökuməti və Ermənistan SSR tərəfindən hətta mədəni muxtariyyət belə verilmədi. 1987-ci il, 18 noyabr tarixində Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə bəyanatı. Bu bəyanat milli ədavət hissinin daha da alovlanmasında və münaqişənin kəskinləşməsində həlledici rol oynadı. Noyabr-dekabr – İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi. 1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması başladı. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi. Fevral ayında təcavüzün ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürüldü. 1988-ci ilin 27-29 noyabrında Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü. Dekabr ayında Ermənistan SSR-də 220.000 – dən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı. 1 dekabrda isə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi və  başlandı. Nəticədə böyük dövlətlərin Ermənistana hərbi cəhətdən dəstək verdikləri bu qeyri-bərabər müharibədə Azərbaycan torpaqlarının 20 faizi işğal edildi. Ermənistanın işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmasına dair BMT-nin 822, 853, 874, 884 saylı qətnamələrinə baxmayaraq nəticə hələ də yoxdur. Təəssüf ki, Dağlıq Qarabağ probleminin nizama salınmasında öz üzərinə vasitəçilik missiyasını götürən beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistana lazımi təzyiq göstərib onu sülh danışıqlarında konstruktiv mövqe tutmağa məcbur etmir, özünütəyinetmə ilə manipulyasiya etməməyə çağırmırlar. Problem ondadır ki, Qarabağ probleminin nizama salınmaması Qafqaz regionundakı digər analoji münaqişələrə mənfi təsir göstərir, çünki bu münaqişələrin əksəriyyəti millətlərarası və etniklərarası xarakter daşıyır.

Abxaziya münaqişəsi

 

 Abxaziya  Gürcüstanın şimal-qərbində yerləşən separatçı bölgədir.  1992-ci ildən etibarən gürcü-abxaz münaqişəsi nəticəsində Gürcüstanın nəzarətindən çıxmışdır. Abxaziya Rusiya, Nikaraqua. Venesuella, Nauru və Vanutu istisna olmaqla, bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın bir əyaləti kimi tanınır. Abxaziyanın və Cənubi Osetiyanın əraziləri hüquqi cəhətdən Gürcüstanın tərkibində olsada, hökumət tərəfindən nəzarət edilmir. Bu bölgələr həmçinin ABŞ prezidentinin administrasiyası və Avropa komissiyası tərəfindən Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirilir. Şimalda Rusiya ilə (Krasnodar vilayəti  və Qaraçay-Çərkəz Respublikası ilə) cənub-şərqdə və cənubda Gürcüstanın digər regionları olan Sameqrelo və Zemo Svaneti  ilə həmsərhəddir. Münaqişə öz həllini tapmadığından hələ də Gürcüstan üçün böyük ən böyük “baş ağrısı” olaraq qalır.

 Cənubi Osetiya münaqişəsi və 5 günlük müharibə

 

Cənubi Osetiya Cənubi Qafqazda  yerləşən  BMT, Avropa İttifaqı, ABŞ tərəfindən və eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstanın ərazisi kimi tanınan mübahisəli bölgədir. 2008-ci il 26 avqust tarixində Rusiya Federasiyası, sentyabrın 3-də isə Nikaraqua tərəfindən müstəqil dövlət kimi tanınmışdır. 2009-cu il 10 sentyabr tarixindən Venesuela tərəfindən müstəqil dövlət kimi tanınır. Cənubi Osetiya Rusiya, Nikaraqua və Venesuela istisna olmaqla, bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın əyaləti kimi tanınır. Paytaxtı Sxinvali şəhəridir. Cənubi Osetiya müstəqilliyini 1990-cı ildən elan edib. Gürcüstan höküməti isə osetinlərin müstəqillik istəyinə onların muxtariyyat hüququnu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab verib. Bu Cənubi Osetiya müharibəsinə səbəb oldu. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqillik əldə etsə də, onun müstəqilliyi heç bir dövlət tərəfindən tanınmırdı.

 2008-ci il 8 avqustda gürcü qoşunları öz ərazi bütövlüyünü bərpa etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Qısa müddət ərzində Sxinvali şəhərini ələ keçirən Gürcü ordusu tezliklə kapitulyasiya haqqında müqavilənin imzalanacağına ümid etdiyi vaxt Rusiya tərəfi Gürcüstanı işğalçılıqda günahlandıraraq tezliklə Sxinvali şəhərini tərk etməsi haqqında ultimatum göndərdi. Bunun ardınca Rusiya öz vətəndaşlarını qorumaq adı ilə Gürcüstana hücum edəcəyini bildirdi. Gürcüstan Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq Sxinvali şəhərini tərk etməyəcəyini bəyan etdi. Nəticədə elə həmin gün rus qoşunları Şimali və Cənubi Osetiyanı birləşdirən Rogun keçidi vasitəsilə öz vətəndaşlarını və sərhəddə yerləşdirilən rus sülhməramlılarını qorumaq adı ilə Cənubi Osetiyaya daxil oldu. Tezliklə Sxinvali şəhərini işğal edən ruslar Gürcüstanın dərinliklərinə doğru irəlilədilər. İşğal zamanı Rusiya tərəfdən 150 tank və zirehli texnika iştirak etmiş, Gürcüstan ərazilərini bombalamaq üçün Pskov şəhərinin diviziyası cəlb edilmişdir. Rus-Osetin qoşunları Sxinvali şəhərini azad etməklə yetinməyərək, hücumu davam etdirərək Gürcüstanın Qori şəhərini işğal etdilər. Gürcüstanın paytaxtı olan Tiflis şəhərinin 40 kilometrliyində yerləşən Qori şəhəri çox strateji bir yerdə yerləşir. Qori şəhərinin işğal edilməsi ilə Gürcüstan faktiki olaraq iki hissəyə bölündü. Belə olduqda, işğal altında olan Gürcüstanın şimal hissəsi Gürcüstan dövlətinin nəzarəti altından çıxdı. Rus dəniz qüvvələri də işğalı davam etdirərək Gürcüstanın Poti limanını və Kadori ərazilərini tutdu.

Beynəlxalq aləm Rusiyanın bu işğalçı hərəkatını birmənalı olaraq pislədi və Qərbin səyi ilə Rusiya prezidenti 12 avqust 2008-ci ildə işğalı dayandıraraq danışıqlara başlamağa qərar verdi. Münaqişənin həll edilməsi üçün qərb dövlətlərindən Fransanın prezidenti Sarkozi atəşkəs müqaviləsinin imzalanmasını təklif etdi. Uzun diplomatik danışıqlardan sonra Gürcüstan prezidenti Mixail Saakaşvili 15 avqust 2008-ci ildə atəşkəs müqaviləsini imzalamağa qərar verdi.

ABŞ və Avropa Birliyi müharibə boyunca Gürcüstanı dəstəklədiklərini bildirsələr də, faktiki olaraq Rusiya tərəfdən silahlı işğala məruz qaldığı halda ona lazımı yardımı göstərə bilmədilər. Münaqişənin başlandığı ilk gündən danışıqların aparılması təşəbbüsünü öz üzərinə götürən Avropa Birliyi münaqişənin yaranma səbəbləri ilə bağlı apardığı tədqiqatda Gürcüstanın günahkar olduğu qənaətinə gəlmişdir.

            Yeni işartılar

 

Cənubi Qafqazda “dondurulmuş münaqişələr” Samstxe-Cavaxetiya bölgəsi hazırda Gürcüstanda yeni etnik problemin yaranacağı ehtimalını artırır.  Vaxtilə əhalinin müəyyən hissəsini təşkil edən Axıska türklərinin yerinə ermənilərin məskunlaşması bölgədə etnik balansı pozmuş və Ermənistanın Gürcüstana ərazi iddialarının yenidən gündəmə gəlməsinə səbəb olmuşdur.

Cavaxetiyanın geosiyasi və geoiqtisadi сəhətdən əlverişli ərazidə yerləşməsi ermənilərin bu torpaqlarda muxtariyyat yaratmağa cəhd etmələrinin əsas səbəblərindən biridir. Çünki, Gürcüstanın cənub-qərbində yerləşən Samstxe-Cavaxeti rayonu Cənubi Qafqazda strateji əhəmiyyətli regionlarından biridir, şimal-qərbdə Acariya, cənubda Ermənistan (Bavra Gömrük məntəqəsi), cənub-qərbdə isə Türkiyə (Vale gömrük məntəqəsi) ilə həmsərhəddir.

Ermənilər Cavaxetiya ermənilərinə qarşı siyasi təqiblərə son qoyulması, Gürcüstanın bu bölgəsində erməni dilinə regional dil statusunun verilməsi, Gürcüstan hökumətinin erməni məktəblərinin gürcüləşdirilməsi istiqamətindəki fəaliyyətinin dayandırılması, Cavaxetiya problemi ilə məşğul olan bəzi erməni xadimlərin Gürcüstan ərazisinə keçməsinə qadağanın aradan qaldırılması və sair tələblər irəli sürürlər.

2002-ci ildə siyahıyaalmalar aparıldı və məlum oldu ki,  Gürcüstanda 248 min erməni yaşayır ki, bunlardan da 113 mini Samstxe-Cavaxetiya regionundadır. Bu regionda ermənilər ümumi əhalinin 54,6%-ni təşkil edir. Bölgədə ermənilərin demoqrafik üstünlüyü isə müsəlmanların (Axıska türklərinin və azərbaycanlıların) sıxışdırılması hesabına yaranmışdır. Belə ki, 1897-ci ildə Çar Rusiyasının apardığı siyahıyaalmaya əsasən Tiflis quberniyasının Axalçix uezdində ermənilər ümumi əhalinin 22%-ni təşkil edirdisə, 24317 nəfərlik məhsəti (Axıska- A.T.) türkləri (35,1%) və 12370 nəfərlik azərbaycanlılar (18%) birlikdə ümumi əhalinin 53%-ni təşkil etmişdir. 2002-ci il siyahıyaalmasına əsasən isə Samstxe-Cavaxetiyanın Axalçix rayonunda  sayları 16 879 nəfər olan ermənilər artıq ümumi əhalinin 36,6%-ni təşkil edirdi. Sovet imperiyasının Axıska türklərini sürgün etməsi regionda açıq şəkildə erməni say üstünlüyünə səbəb olmuşdur. Belə ki, Axıska türkləri 1944-cü ildə Stalinin göstərişilə  qatarlara doldurularaq Orta Asiyaya sürgün edilən Gürcüstanın tamhüquqlu sakinləridir. Onlar əsasən Özbəkistana, Qazaxıstana və Qırğızıstana yerləşdirilmişdir. Sovetlər Birliyinin son illərində digər türksoylu ölkə-Özbəkistanda düşən iğtişaşlar nəticəsində axıskalılar təqibə məruz qaldılar və nəticədə didərgin düşdülər. Azərbaycan 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki iğtişaşlardan qaçan Axıska türklərinin bir qismini qəbul etdi. 1999-cu ildə Gürcüstan Avropa Şurasına daxil olduqda bu ölkənin üzərinə Axıska türklərinin yerləşdirilməsi ilə bağlı öhdəlik qoyulmuşdu. Lakin müəyyən səbəblərdən hələ də Axıskalıların öz vətənlərinə dönüşü baş tutmamışdır. Səbəblərdən biri odur ki, Gürcüstan hökuməti türklərin kompakt vəziyyətdə deyil, dağınıq formada məskunlaşmasını istəyir.

Bununla isə Axıska türkləri razılaşmır. Onlar gürcülərin içərisində assimilyasiyaya uğrayacaqlarını düşünərək bu təklifi qəbul etmirlər. Bu səbəbdən Axıska problemi əslində hələ də həll olunmamış qalır.  Ermənilər buranı tarixi vətənləri hesab etsələr də, reallıq budur ki, regiona köçürüldükləri cəmi 150-170 il ərzində azlıqdan çoxluğa çevrilə bilmişlər. Samstxe-Cavaxetiyadakı ermənilərin separatçı çıxışları günü-gündən artmaqdadır. Onlar ilkin inzibati-bölgü baxımından Kvemo-Kartli regionuna daxil olan Çalk bələdiyyəsinin (əhalinin təxminən yarısı ermənilərdir) Cavaxetiyaya birləşdirilməsini tələb edirlər. Bundan sonra isə Samstxe-Cavaxetiyaya muxtariyyat verilməsini, erməni dilinə rəsmi dil, erməni apostol kilsəsinə isə statusun verilməsini tələb edirlər. Samstxe-Cavaxetiya bölgəsi Ermənistan Respublikası və Türkiyə ilə birbaşa sərhədə malikdir. Ermənistan üçün şimaldan bufer rolunu oynayır. Burdakı ermənilər siyasi cəhətdən “Vahid Cavakx” ictimai-siyasi hərəkatı ətrafında birləşiblər və həm Gürcüstan, həm də Ermənistan siyasi həyatına təsir edə biləcək siyasi qüvvəyə çevriliblər. Belə ki, onlar bu regiondan olan 5 erməninin Parlamentdə təmsil olunması ilə bağlı Ermənistan rəhbərliyi qarşısında tələblə çıxış edirlər. Onlar Gürcüstan siyasi xəttinə təsir etməyə çalışırlar. Belə ki, Gürcüstanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərdən biri olan “Repatriasiya barədə qanun”un tələblərini yerinə yetirərək Axıska türklərinin öz ana vətənlərinə geri dönmələrinə mane olmağa çalışırlar. Nəticə budur ki, erməni separatizmi öz təhlükəliliyi baxımından Gürcüstanın digər problemlərindən daha ağır görünməkdədir. Gürcüstan dövləti də yaxşı başa düşür ki, əgər erməni separatizmi start götürsə bu Gürcüstanın ilk növbədə iqtisadi baxımdan ağır problemlə qarşılaşması ilə nəticələnə bilər. Çünki böyük iqtisadi layihələrin marşrutu məhz həmin bölgənin ərazisindən keçməkdədir. Üstəlik Ermənistanla birbaşa sərhəd problemin təhlükə səviyyəsini artırır. 

 

Beləliklə Cənubi Qafqazda siyasi vəziyyəti analiz edərkən mütləq etno-separat qurumların yaratdığı siyasi aporiyalara diqqət yetirmək lazım gəlir. Çünki bu staretji regionun siyasi və iqtisadi planlarını incələyəndə süni yaradılmış münaqişələrin bu bölgəni nə qədər geri saldığının şahidi oluruq. Bunun da səbəblərindən ən başlıcası böyük dövlətlərin xüsusilə Rusiyanın bu regionda möhkəmlənmək istəyi və Azərbaycan və Gürcüstanı siyasi cəhətdən özündən asılı vəziyyətə salmağ cəhdidir. Rusiya Cənubi Qafqazda öz dominantlığını qoruyub saxlamaq üçün separatçı qurumlarla yanaşı işğalı və terroru rəsmi siyasətə çevirən Ermənistana birbaşa və ya bilavasitə yardım göstərir. Bununla da regionda Azərbaycanın və Gürcüstanın suveren dövlətçilik prinsipləri bu və ya başqa şəkildə zərbələr alır. “Oyuncaq dövlətlər” kartı hazırda Cənubi Qafqazla bağlı siyasətin əsas subyektini təşkil edir ki, bu da “dondurulmuş münaqişələr”in həlli yollarını daha da çətinləşdirir.

Anar TURAN

 

“KarabakhİNFO.com” 

16.11.2013 15:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*