Azərbaycanca

MÜƏLLİFLƏR

Yerevanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübüt etdi

18.03.2015 | 16:16

zdv

Bu gün, 18.03.2015-ci il tarixində Avronest PA-nın Yerevanda keçirilən 4-cü sessiyası öz işini başa vurur. İlk növbədə vurğulamaq lazımdır ki, sessiyada üzvlərin 50 faizinin iştirak etməsi qəbul edilən qərarların legitimliyini sual altına salır. Belə ki, sessiyada 6 Şərq Tərəfdaşlığı ölkəsindən yalnız Ukrayna, Gürcüstan və Ermənistan iştirak etmişdir. Azərbaycan nümayəndə heyəti ilə yanaşı Moldova nümayəndə heyəti də demək olar ki sessiyaya qatılmayıb. Moldovanı yalnız bir deputat təmsil etmişdir, Gürcüstan və Ukrayna nümayəndə heyətləri isə Yerevana tam tərkiblə getməmişlər. Sessiya zamanı 4 məruzə – Siyasi Komitədə “2014-2020-ci illər Avropa Qonşuluq Aləti vasitəsilə Aİ ilə Şərqi Avropa tərəfdaşı ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsi”, İqtisadi Komitədə “Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında infrastruktur əməkdaşlığı: şose, dəmiryol və hava nəqliyyatı sahəsində birgə layihələrə dair”, Enerji Komitəsində “Şərq Tərəfdaşlığı çərçivəsində enerjinin səmərəliliyi və bərpa edilə bilən enerji mənbələri sahəsində əməkdaşlıqda problemlər, potensial və yeni iştiraka dair”, Sosial və Mədəniyyət Komitəsində “Şərq Tərəfdaşlığı müstəvisində mədəniyyət və mədəniyyətlərarası dialoq” mövzusunda məruzələr qəbul edilmişdir. Ermənistan nümayəndə heyətinin etirazına baxmayaraq, Siyasi Komitənin məruzəsində Azərbaycan nümayəndə heyətinin 2 düzəlişi nəzərə alınmışdır. Bundan əlavə sessiyada 2 qətnamə də qəbul edilmişdir. Ermənistan üçün bu plenar sessiyanın əsas məqsədi qondarma erməni “soyqırım”ının 100 illiyi haqqında qətnamə qəbul etmək idi. Onlar sessiyanın Yerevanda keçirilməsindən sui istifadə edərək qondarma “soyqırım” qətnaməsini irəli sürmüş və bu qətnaməni qəbul etdirmək üçün siyasi alver vasitələrinə əl atmışlar. Belə ki, ermənilər Assambleya iştirakçılarına, xüsusən Ukraynalı deputatlara bildirmişlər ki, onlar Ukraynanın ərazi bütovlüyünün tanınması ilə bağlı qətnaməyə yalnız qondarma “soyqırım”ın tanınması müqabilində səs verə bilərlər. Bundan əlavə erməni nümayəndə heyəti etirazlara baxmayaraq bu qətnamə layihəsini prosedur qaydaları pozaraq – öncədən Avronest PA üzvlərinə göndərmədən, müzakirə imkanı yaratmadan birbaşa səsverməyə çıxarmışlar. Beləcə, fitnəkar ermənilər qondarma erməni soyqırımının 100 illiyinə dair qətnamə layihəsinin qəbul edilməsinə müvəffəq olmuşlar. Bu qətnamə layihəsi barədə tərəfimdən ictimaiyyət üçün geniş məlumat açıqlanacaqdır. Bununla yanaşı sessiyada Ukraynada olan vəziyyətlə bağlı təcili qətnamə də qəbul edilmişdir. Bu qətnamə layihəsində Ukrayna ərazisi bütövlüyünün Rusiya tərəfindən pozulması faktı, münaqişənin sülh yolu ilə həllinə və Ukraynanın ərazi bütövlüyünün təmin edilməsinə çağırışlar yer almışdır. Bu sessiya zamanı soyqırım tanıtımı ilə yanaşı ermənilərin ikinci əsas məqsədi Azərbaycana böhtanların atılması və Dağlıq Qarabağın təbliği idi. Onlar sessiya ərzində öz xislətlərinə sadiq qalaraq, insan hüquqları və demokratiya bəhanəsilə Azərbaycana hücumlar etmiş, Azərbaycanın işğalçı olduğunu sübüt etmək istəmişlər. Bununla yanaşı, AP və digər milli nümayəndə heyətlərinin yerləşdirildiyi oteldə turizm agentliyi tərəfindən paylanılan vərəqələrdə Ermənistanın bir hissəsi kimi təqdim edilən Dağlıq Qarabağa 3 günlük turistik səfərlər təklif edilmişdir. Ermənistanda insan hüquqlarının pozulması və ölüm hallarına, Ermənistanın Rusiya ilə Gömrük İttifaqı Sazişini imzalaması faktına baxmayaraq, Avronest PA onu hələ də tənqid etmir. Əksinə, bu gün Ukrayna ərazi bütövlüyünü tanıyan Avronest PA 23 ildir torpaqları Erməni işğalı altında olan və ərazi bütövlüyü beynəlxalq sənədlərlə, habelə bütün dünya ölkələri tərəfindən tanınan Azərbaycanın çağırışlarına məhəl qoymur, Avronest PA-nın münaqişə həll edən qurum olmadığını vurğulayır, 110 il əvvəl Azərbaycanlıları soyqırıma məruz qoymuş ermənilərin qondarma soyqırımını tanıyır. Sonda vurğulamaq istərdim ki, Yerevanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübüt etdi. Avronest PA sadəcə Şərq Ölkələrinin Aİ-yə üzvlük imkanlarının olmamasına bəraət qazandırmaq üçün istifadə edilən siyasi vasitəsidir.

 

 

Dağlıq Qarabağ problemi elmi tədqiqatlarda

18.03.2015 | 10:11

300px-AZ-qa-location-en.svg

Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün digər məsələlərlə yanaşı bu problemə aid yazılmış əsərlərin obyektiv təhlilinə də ciddi ehtiyac var. Dağlıq Qarabağ probleminə aid Azərbaycan alimləri ilə yanaşı digər ölkə tədqiqatşıları da çoxlu sayda kitab və məqalələr yazmışlar. Bu məqalədə əsas diqqət Azərbaycan tədqiqatçılarının əsərlərinin təhlilinə verilmişdir.

Davamı

Avronest PA Yerevan sessiyası erməni deputatların təxribatı ilə başladı

17.03.2015 | 10:36

1417600683_elxan-suleymanov111

Dünən, 16 mart 2015-ci il tarixində Avronest PA-nın 4-cü sessiyası öz işinə başladı. Sessiya işğalçı Ermənistanın paytaxtı Yerevanda keçirilir. Azərbaycan nümayəndə heyəti bu sessiyada iştirak etməkdən imtina edib. Odur ki, sessiya Azərbaycanlı millət vəkillərinin iştirakı olmadan keçirilir. Onu da qeyd etməliyəm ki, Azərbaycan nümayəndə heyəti sessiyada iştirak etmək üçün Yerevana getməkdən imtina etsə də, bütün daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəliş və təkliflərini vermişdir. Sessiya ərəfəsində Yaşıllar qrupu, daha sonra isə Ermənistan nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinin Yerevan iclasında iştirak etməməsini bəhanə gətirərək, onun irəli sürdüyü bütün düzəlişlərini ləğv etməyi təklif etmişdi. Biz vaxtında Avronest PA həmsədrlərinə, Büro üzvlərinə, Assambleyanın Avropa Parlamentindən olan üzvlərinə, həmməruzəçilərə məktublar ünvanlayaraq, Azərbaycan nümayəndə heyətinin düzəlişlərinin ləğv edilməsinin prosedur qaydalara zidd olmasını və, ümumiyyətlə, bu təklifin Avronest PA-nın özünə qarşı təxribat olduğunu diqqətə çatdırmışdıq. Bununla belə, bazar ertəsi, 16 martda erməni deputatlar çıxış edərək, Azərbaycana qarşı bir sıra hücumlar etmişlər. Onlar Dağlıq Qarabağın tanınmasını, eləcə də Azərbaycana qarşı qərəzli, həqiqətdən uzaq ittihamlar səsləndirmişlər. Lakin Avropalı deputatlar bu çıxışlara məhəl qoymamışlar və nəticədə ermənilərin təklifləri rədd edilmişdir. Beləliklə, Azərbaycan nümayəndə heyəti Yerevanda olmasa da, Ermənistan tərəfinin bizim irəli sürdüyümüz düzəlişlərin ləğv edilməsi istiqamətində səyləri boşa çıxdı. Belə ki, biz Avronest PA-nın dörd məruzəsinə irəli sürdüyümüz düzəlişlərin plenar iclasda qəbul edilməsi hüququnu qorunmasına nail olduq. Azərbaycan nümayəndə heyəti üzvlərinin irəli sürdüyü və ya Avropa Parlamenti üzvləri ilə birgə imzaladığı bütün düzəlişlər artıq səsvermə siyahılarındadır. Xüsusilə bildirmək istərdim ki, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın sessiyasının Yerevanda keçirilməsinə öz etirazını bildirərkən dəfələrlə vurğulamışdı ki, Ermənistan tərəfi bu beynəlxalq tədbirdən qondarma erməni soyqırımının 100 illiyinin təbliğatı vasitəsi kimi istifadə edəcək və bu əsassız iddiaları qabardaraq, özünün son 110 il ərzində Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərini ört-basdır etməyə çalışacaq. Doğrudan da, sessiyanın ilk günü göstərdi ki, biz öz proqnozlarımızda yanılmamışıq. Belə ki, Ermənistan tərəfi özlərinin təxribat xarakterli tarixi “ənənələrinə” sadiqlik nümayiş etdirmişlər və qondarma erməni soyqırımının 100 illiyinə dair qətnamə layihəsi irəli sürmüşlər. Qətnamə layihəsində 1915-ci ildə Osmanlı dövləti ərazisində ermənilərə qarşı soyqırım cinayəti həyata keçirildiyi iddia edilir və Türkiyəyə öz tarixi ilə barışması barədə çağırış edilir. Prosedur qaydalarına əsasən bu qətnamə layihəsi sessiya ərzində müzakirə edilməlidir və onun qəbul olunmasını istisna etmək olmaz. Beləliklə, Avronest PA öz sessiyasını Yerevanda keçirməklə özünü Ermənistanın sərsəm soyqırım iddialarının təbliğatı maşınına çevirməsi təsdiqini tapdı. Düşünürəm ki, sessiya zamanı Ermənistan tərəfinin yeni təxribatlarının şahidi olacağıq.

Elxan Süleymanov: “Azərbaycan nümayəndə heyəti Avronest PA-nın Yerevanda keçirilən sessiyasında iştirakdan imtina edib”

16.03.2015 | 11:24

1417600683_elxan-suleymanov111

Bu gün, 16 mart 2015-ci il tarixdə, Avronest PA-nın 4-cü sessiyası öz işinə başlayıb. Mart ayının 18-dək davam edəcək sessiya işğalçı dövlətin paytaxtı Yerevanda keçirilir. Sessiya çərçivəsində plenar iclasla bərabər, Büronun və  4 daimi komitənin iclası keçirilməli, müvafiq məruzələr üzrə irəli sürülmüş düzəlişlər səsverməyə çıxarılmalı, məruzələr yenidən müzakirə olunaraq qətnamə edilməli və Avronest PA-nın cari ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə ünvanladığı  ismarışlar qəbul edilməlidir.

Azərbaycan nümayəndə heyəti 2011-2014-cü illər ərzində davamlı şəkildə Büro iclaslarında işğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməyənədək Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti şəkildə öz etirazını bildirmişdir. Bizim bu etirazlara baxmayaraq Avronest PA-nın plenar sessiyasının Yerevanda keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan nümayəndə heyəti isə haqlı olaraq öz tələblərində israrlılıq nümayiş etdirmiş və Avronest PA-nın Yerevanda keçirilən sessiyasında iştirakdan imtina etmişdir.

Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən sessiyada iştirak etməkdən imtina etsə də, daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəlişlərini irəli sürüb. Bu düzəlişlərin bir çoxu Avronest PA-nın Avropa Parlamentindən olan bir neçə üzvü tərəfindən dəstəklənmişdir və onlar həmin düzəlişləri bizimlə birgə irəli sürmüşlər. Qeyd olunan bu düzəlişlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və bu ərazilərin dərhal qeyd-şərtsiz işğaldan azad edilməsi çağırışları, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələbi və s. öz əksini tapmışdır.

Məlumdur ki, Avronest PA-nın dördüncü sessiyası Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olmasından keçən müddət ərzində keçirilən ilk sessiyadır. Digər tərəfdən, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi birliyinə üzv olması Şərq Tərəfdaşlığı proqramının, o cümlədən Avronest PA-nın məqsədləri ilə ziddiyyət təşkil edir. Odur ki, belə bir vəziyyətdə Avronest PA-nın sessiyasının Yerevanda keçirilməsi ciddi narahatlıq doğurmaya bilməz.

Maraqlıdır ki, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olmasından keçən müddət ərzində Avronest PA-da yaranmış vəziyyət müzakirə edilmədi. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar sessiyasının Ermənistanda keçirilməsi, bu dövlətin qeyd edilən qurumlara daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi kimi dəyərləndirilməlidir. Digər tərəfdən, sessiyanın Yerevanda keçirilməsi Ermənistan tərəfinə qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı təbliğat üçün əlavə imkanlar yaradır və faktiki olaraq bu beynəlxalq tədbirin Ermənistana qondarma erməni soyqırımının təbliğat vasitəsinə çevriləcəyi şübhə doğurmur. Maraqlıdır ki, sərsəm erməni soyqırımına faktiki dəstək verən bu qurum nəzərə almır ki, bu qondarma iddiaların 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər hələ 1905-ci ildən başlayaraq, azərbaycanlılara qarşı soyqırım cinayətləri törətməyə başlamışdır və artıq 110 ildir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətləri davam edir.

Digər tərəfdən, Azərbaycan nümayəndə heyətinin ardıcıl səylərinə baxmayaraq, Avronest PA-nın nə komitə iclaslarında, nə də plenar sessiyalarında indiyədək Ermənistanın Azərbaycan ərazilərini 23 ildən artıq müddət ərzində işğal altında saxlaması faktının müzakirə edilməsi mümkün olmamışdır. Biz hər dəfə bu məsələni gündəmə gətirdikdə və işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi tələbi ilə çıxış etdikdə, Avronest PA-nın Dağlıq Qarabağ problemini həll edə biləcək təşkilat olmadığı barədə bəyanatla üzləşmişik. Lakin Yerevan sessiyasında Krım yarımadasının Rusiyaya birləşdirilməsi və Ukraynanın cənub-şərq hissəsində baş verən silahlı toqquşmalar fonunda Rusiya ilə bağlı sərt qətnamə layihəsinin müzakirəsi nəzərdə tutulur. Sual olunur: Nə üçün əraziləri uzun müddət ərzində işğal altında olan Azərbaycana da Ukrayna səviyyəsində dəstək nümayiş etdirilmir? Nə üçün işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi barədə sənədlərin qəbul edilməsi tələbi ilə çıxış etdikdə müxtəlif mexanizmlər vasitəsilə bizim cəhdlərimizin qarşısı qəti şəkildə alınır?

Beləliklə, biz bir daha digər beynəlxalq təşkilatlarda olduğu kimi Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar siyasəti həyata keçirilməsinin şahidi oluruq.

Qeyd etmək lazımdır ki, 25-26 fevral tarixlərdə Avropa Parlamentinin Avronest PA-da nümayəndə heyəti Yerevanda keçiriləcək plenar sessiyasında səsverməyə qoyulacaq komitələr üzrə məruzələrə irəli sürülmüş düzəlişlərin vəziyyətinə dair müzakirələr aparıb. Həmin müzakirələr zamanı Yaşıllar qrupu təklif edib ki, Yerevan iclaslarında iştirak etmədikləri üçün Azərbaycan nümayəndə heyətinin bütün düzəlişləri avtomatik ləğv edilsin. Biz bu məlumatı əldə etdikdən sonra dərhal həmsədrlərə, qurumun Avropa Parlamentindən olan üzvlərinə, nəmməruzəçilərə və bizimlə birgə düzəlişlər irəli sürmüş AP üzvlərinə məktublar ünvanladıq. Onların diqqətinə çatdırdıq ki, Avronest PA-nın Prosedur Qaydalarında, eləcə də qurumun bütün digər sənədlərində hər hansı nümayəndə heyətinin plenar sessiyada iştirak etməməsinə görə onun irəli sürdüyü düzəlişlərin avtomatik ləğv edilməsini və ya digər formada cəzalandırılmasını nəzərdə tutan hüquqi əsaslar yoxdur. Odur ki, işğalçı dövlətin paytaxtı Yerevana getməkdən imtina etdiyinə görə Azərbaycan nümayəndə heyətinin düzəlişlərinin ləğv edilməsi çağırışları Avropa Parlamentinin son bir neçə il ərzində Azərbaycana ünvanladığı mənfi ismarışlarını gücləndirmək planlarının tərkib hissəsi kimi qiymətləndiriləcək.

Nəhayət, vurğulamaq istərdim ki, Yerevanda keçirilən sessiya zamanı Azərbaycan nümayəndə heyətinin müstəqil və ya AP üzvləri ilə birgə irəli sürdüyü düzəlişlərin qəbul edilməsi şansı azdır. Çünki öz-özlüyündə plenar sessiyanın işğalçılıq siyasəti həyata keçirən və Aİ-nin məqsədlərinə zidd siyasi qərarlar qəbul edən dövlətin paytaxtında keçirilməsi ondan xəbər verir ki, Avronest PA, digər beynəlxalq qurumlar kimi Ermənistanı beynəlxalq sanksiyalardan sığortalamaq məqsədilə bu dövləti öz çətiri altına almışdır. Bu isə növbəti dəfə Avronest PA-nın öz prinsip və məqsədlərini pozan mahiyyətsiz bir qurum olmasından xəbər verir.