Azərbaycanca

MÜSAHİBƏ

Snayperçi qadın hərbçimiz: “Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram…”

29.06.2015 | 12:07

snayper_qizlar_290615_004

Karabakhinfo.com Müdafiə Nazirliyinin saytına istinadən snayperçi qadın hərbçimiz Könül Məmmədli ilə müsahibəni təqdim edir. Könül Şakir qızı Məmmədli – 1982-ci ildə Sumqayıtda anadan olub. Ali təhsillidir. 2014-cü ildən hərbi xidmətdədir.

– Könül xanım deyirlər hərb sənəti məsuliyyətlidir. Məsuliyyətli yola qədəm qoymanızın səbəbi nədir?

– Sumqayıtda dünyaya göz açsam da, uşaqlığım cəbhə bölgəsindəki Qazax rayonunda keçib və daim atəş səsləri eşitmişəm. Uşaq olsam da qorxmurdum. Böyüyəndə “hərbçi olacam” deyirdim. Lakin ailəm müəllimə olmamı istəyirdi. Atamın arzusu ilə Azərbaycan Dillər Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra müəllimə kimi çalışmağa başladım. Sumqayıtda, Gədəbəyin ucqar dağ kəndlərində və Qobustanda ingilis dili dərslərini tədris etmişəm.

Amma həmişə forma geyinmək istəyində olmuşam. Kimdəsə forma görəndə ürəyim dağa dönürdü, lakin hərbçi ola bilmədiyim üçün üzülürdüm. Son illər ordu sıralarında qadınların xidmətə başlamasına şərait yaradıldı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yaratdığı bu imkandan mənim kimi xidmət etmək istəyən xeyli insan yararlandı.

Bildiyimiz kimi siz snayper kimi xidmət edirsiz. Bu sahə diqqət və məsuliyyət tələb edir. Qadın kimi bu sizi qorxutmur?
Səbr, dözüm və adaptasiya bacarığı – bütün bu göstəricilərə görə qadınlar daha üstündür. Yüksək özünümüdafiə instinktinə görə qadında pusquda qalmaq daha yaxşı alınır. Heç kim üçün sirr deyil ki, biz qadınların həddən artıq güclü müşahidə etmə bacarığı da var.

Müddətdən artıq həqiqi hərbi xidmət etmək istədyimi bildirdiyim zaman bir neçə ixtisas təklif olundu. Ali təhsilli olduğum, iki xarici dil bildiyim üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllimə kimi fəaliyyət göstərməyimi tövsiyə etdilər. Lakin snayper olmaq istədiyimi bildirdim və xidmətə başladım. Bu yolu seçərkən çətinliyi də, məsuliyyəti də göz önünə almışam. Heç bir qorxum yoxdur.

– Hansı təlimlərdə iştirak etmisiniz? Snayper kimi hansı uğurlarınız var?

– Qeyd edim ki, mənə SVD snayper tüfəngi təhkim olunub. Bu silah peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanıb. Tüfəngdən atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Silahımın taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələdəm. Keçirilən bir sıra təlimlərdə iştirak etmişəm. Təlimlər zamanı “əla” qiymət almışam. Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram.

– Bu yolda ən böyük dəstəkçiniz kimdir?

– Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb hərbçi olmaq arzusunda olduğumu dedim. İllər əvvəl hərbçi olmaq arzuma maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb mənə dəstək verdi.

– Bugünkü atışlardan nə deyə bilərsiniz?

– Bizim üçün çox önəmli gün idi. Atışlardan sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov bizi cəsarətli qəhrəmanlar kimi qiymətləndirdi. Biz də öz növbəmizdə xahiş etdik ki, cəbhə bölgəsinə göndərilək. Ön xətdə xidmət edərək həm döyüşçü yoldaşlarımıza dəstək olarıq, həm də təcrübəmizi artırarıq.

– Ordu sıralarında xidmət edən döyüşçü yoldaşlarınıza nə deyə bilərsiniz?

– Qeyd edim ki, respublikamızda istənilən sahədə inkişaf var. Lakin Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının daha çox olduğu diqqət mərkəzindədir. Bu hər bir döyüşçümüzə düşmən üzərində qələbə qazanmaq üçün əlavə stimul verir. Biz gənclər çox şanslıyıq ki, müasir və müstəqil ordumuzun sralarında xidmət edirik. Ümummilli liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin bir zamanlar qeyd etdiyi kimi, “Bu günümzün gəncləri özlərini xoşbəxt sanmalıdır ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub”.

Hər birimiz yaxşı başa düşürük ki, qarşımızda dayanan ən mühüm vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına kimi düşməndən azad etməkdir. Müqəddəs vəzifəmizi unutmamalıyıq…

Fərhad Cabbarov: “1905-ci il hadisələri 1918-ci il soyqırımının bir növ proloqu idi”

31.03.2015 | 17:04

IMG_0232

Müsahibimiz Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

-Fərhad müəllim, 1905-ci il hadisələrinin tədqiq olunma səviyyəsindən razısınızmı?

– Deməzdim ki, çox razıyam. Çünki bizim tarixşünaslıq elmimiz əsasən 1918-ci il soyqırımının öyrənilməsinə yönəldilib. Halbuki 1905-ci il hadisələri 1918-ci il soyqırımının bir növ proloqu idi. Və 1918-ci ildə baş verən hadisələrin kökünü əslində elə 1905-ci il hadisələrində axtarmaq lazımdır. Amma eyni zamanda demək olar ki, son illərdə 1905-ci il hadisələrinin öyrənilməsində də irəliyə doğru müəyyən addımlar atılıb. Çox az da olsa, bəzi dissertasiyalar yazılıb və müdafiə olunub. Ermənilərin törətdikləri qırğından bəhs olunanda 1905-ci il hadisələrinə də toxunulur. Sadəcə olaraq bu hadisələrin öyrənilməsi, sənədlərlə araşdırılması hələlik məhdud saydadır. Bunun bir səbəbi onunla bağlıdır ki, 1905-ci il hadisələrinin araşdırılmasına sovet tarixşünaslığında 1905-ci il inqilabı prizmasından baxılırdı. Həmin inqilab araşdırılarkən vurğulanırdı ki, 1905-ci ildə çar hökuməti ermənilərlə azərbaycanlıları bir-biriləri ilə vuruşdurub. Tarixçilərimiz həmin dövrü öyrənərkən, əsasən iki əsərə istinad ediblər: bunlardan biri, Mir Möhsün Nəvvabın erməni-müsəlman qırğınına həsr olunmuş kitabıdır, digəri isə Məmməd Səid Ordubadinin “Qanlı illər” əsəri. Həm də sonuncu kitab bədii əsərdir. Mir Möhsün Nəvvabın əsəri isə bəzi tarixi faktları gündəmə gətirsə də, ədəbi-bədii üslubda yazılmış kitabdır. Ciddi monoqrafik araşdırma isə bizdə yoxdur. Güman etmək olar ki, arxivlərin açılması, sənədlərin araşdırılması sayəsində bu işdə böyük irəliləyiş olacaq. 1905-ci il hadisələri ilə bağlı bizim hələ də bilmədiyimiz bir çox məqamlar var.

– 1905-ci il hadisələrindən danışarkən bir məqam diqqəti cəlb edir. Bakıda qırğınlar üç, İrəvanda dörd dəfə olub və s. Bunun əsas səbəbləri nə idi?

– Bakıda bu qırğınlar fevralda, avqustda və oktyabrda olub. Həmin hadisələrdən danışmazdan əvvəl, onun köklərini araşdırmaq lazımdır. 1905-ci ildə yalnız Qafqazda deyil, bütün Rusiyada baş verən hadisələrə nəzər salmalıyıq. 1904-cü ildə Rusiya ilə Yaponiya arasında müharibə başlayır, 1905-ci ilin əvvəllərində Rusiyada inqilab baş verir. Sözsüz ki, bu təlatümlü hadisələr bölgələrdə də özünü biruzə verir. Ermənilər Qafqazda həm hökumətə, həm də türk-müsəlman əhaliyə qarşı çıxan bir qüvvə idi, mütəşəkkil siyasi və terror təşkilatları var idi. Fevral ayında başlanan hadisələr zamanı ermənilər müsəlman əhalini qırmaq və regionda qeyri-sabit vəziyyət yaratmaq istəyirdilər. Fevral ayında azərbaycanlılar onların qarşısını ala bildilər. Avqust ayındakı qırğınların əsas yükü isə Bakının neft rayonlarına düşdü. Ermənilər neft rayonlarında yanğınlar törətməklə, həm Bakı neft sənayesinin inkişafını ləngitmək, həm də Rusiyanın iqtisadi bazasına zərbə vurmaq istəyirdilər. Ermənilərin Rusiyaya qarşı bu siyasəti indiki prizmadan baxdıqda qəribə görünə bilər, hərçənd bunun da izahı var. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Rusiya hökuməti erməni siyasətində bir qədər dəyişiklik etmişdi. Onların separatçılıq meyllərinin, Rusiya ərazisində muxtar erməni dövlətinin yaradılması ideyalarından narahat olub, onları bir qədər sıxışdırmağa başlamışdı. Hətta erməni kilsəsinin əmlakı da müsadirə olundu. Bu isə ermənilərin Rusiya hökumətinə qarşı açıq müharibəyə başlamasına səbəb oldu. Oktyabrdakı hadisələr də təxribat nəticəsində baş vermişdi. Ermənilərin Bakıda törətdikləri hadisələri izləsək, görərik ki, bütün bunlar təxribat nəticəsində baş verib. Hansısa hadisəni ortaya atıb, əhalini qızışdırır, sonrakı mərhələdə isə ondan öz məqsədləri üçün istifadə edirdilər. Məsələn, fevral hadisələri nədən başladı? Ağarza Babayev adlı bir azərbaycanlı erməni kilsəsi yaxınlığında öldürüldü. Bizdə belə bir fikir var ki, bu ölüm faktı 1905-ci il qırğınlarının başlanğıcı oldu. Bir adamın ölümü ilə bu hadisələrin başlanacağı qeyri-real idi. Əslində fevralın 6-da Bakının müxtəlif yerlərində bir neçə azərbaycanlı öldürülmüşdü. Üstəlik bu amansızlıqla öldürülən azərbaycanlıların meyitləri də ermənilər tərəfindən təhqir olunmuşdu. Azərbaycan əhalisini qəzəbləndirən bu oldu. Azərbaycanlıların sərt reaksiyasının gördükdə isə ermənilər geri çəkilmək məcburiyyətində qaldılar. Oxşar ssenari İrəvanda, Naxçıvanda və Şuşada da müşahidə edilirdi. Bu qırğınlar azərbaycanlıların siyasi cəhətdən də təşkilatlanmasına səbəb oldu. 1918-ci ildə ermənilər Şamaxıya daxil olanda deyirdilər ki, biz 1905-ci il hadisələrinə görə sizdən intiqam alırıq. Yəni 1905-ci ildə azərbaycanlılar onları yerlərində oturtdular, qırğınların, təxribatların qarşısını mərdliklə aldılar. Həm ziyalılar, həm zəngin azərbaycanlılar, həm də sadə xalq birləşərək, ermənilərə layiqincə cavab verə bildi.

– 1905-ci il hadisələri zamanı Rusiyanın siyasətindən danışdınız. Doğrudanmı, Rusiyanın bu hadisələr zamanı mövqeyi azərbaycanlıların mövqeyinə uyğun idi? Hərçənd həmin dövrdə Qafqaz canişini Vorontsov-Daşkov çara məktubunda erməni kilsəsinin əmlakını geri qaytarmağı təklif edirdi…

– Deməzdim ki, bu siyasət azərbaycanlılara meylli idi. Lakin Qafqazın əvvəlki baş rəisi Qolisının vaxtında ermənilərin fəaliyyətini bir qədər məhdudlaşdırdılar. Lakin Rusiya hökumətinin bunu azərbaycanlılara görə etdiyini demək olmaz. Vorontsov-Daşkovun gəlişindən sonra bu siyasət niyə dəyişdi? Rusiya hökuməti və Qafqaz administrasiyası ermənilərin burada daha inqilabçı ünsür olmasını başa düşürdü. Bütün təxribat və terror aktları ermənilərin əli ilə törədilirdi. Onları özlərinə yaxınlaşdırmaqla, ermənilərin inqilabi fəaliyyətlərinə, terror aktlarına son qoymaq istəyirdilər. Ona görə də Vorontsov-Daşkov kilsə əmlakını geri qaytarmağı, erməni məktəblərini yenidən kilsəyə tabe etdirməyi təklif edirdi. 1905-1906-cı il hadisələrində çar hökuməti ermənilərə yenidən öz müttəfiqi kimi baxdığından, qırğınlar get-gedə səngiməyə başladı. Bildiyiniz kimi, Rusiya Osmanlı dövlətinə qarşı daim düşmən münasibəti bəsləyib. 20-ci əsrin əvvəllərində baş verən hadisələr göstərirdi ki, bu iki ölkə arasında yaxın gələcəkdə hərbi toqquşma olacaq. Rusiya hökuməti bu toqquşma zamanı ermənilərdən istifadə edəcəkdi. Vorontsov-Daşkovun məktublarından da görünür ki, osmanlılarla gələcək müharibədə Rusiya ermənilərə öz müttəfiqi kimi baxırdı. Elə müharibə başlayanda da ermənilər ərazisində yaşadıqları Osmanlı dövlətinə xəyanət edərək, Rusiyanın tərəfini tutdular. Bu 1905-1906-cı illərdə Vorontsov-Daşkovun əsasını qoyduğu kursun davamı idi. Hərçənd bu siyasət Rusiyanın siyasi dairələrində birmənalı qarşılanmırdı. Dövlət Dumasının bəzi deputatları canişinin bu siyasətini tənqid edirdilər. Bildirirdilər ki, Vorontsov-Daşkov bölgədə ermənipərəst siyasət yürüdür. Sadəcə olaraq, çar Vorontsov-Daşkova etibar etdiyindən, onun mövqeyi çox güclü idi. Onun ermənilərlə daha da yaxınlaşmaq kursu II Nikolayla razılaşdırılmışdı.

– 1905-ci il hadisələrində “Difai”nin rolunu necə dəyərləndirirsiniz?

– “Difai” ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğında azərbaycanlıları müdafiə etmək üçün yaradılan üç təşkilatdan biri və birincisidir. Çox maraqlıdır ki, qırğınlar başa çatdıqdan sonra da 1907, 1908-ci illərdə polis sənədlərində “Difai”nin adı çəkilir. Bundan belə nəticəyə gəlmək olar ki, qırğınlar başa çatsa da, çar hökuməti və ermənilərin azərbaycanlılara qarşı müəyyən mənfi münasibəti qaldığından “Difai” fəaliyyətini dayandırmamışdı. Əhməd bəy Ağayevin yaratdığı bu təşkilat əslində öz proqramında bir sıra sosial, iqtisadi, siyasi məsələləri də qoymuşdu. Amma əsas məqsəd azərbaycanlıları müdafiə etmək idi. Onlar müəyyən dairələrdən silah əldə edir və onu dinc azərbaycanlılara paylayırdılar ki, ermənilərdən müdafiə olunsunlar. “Difai” öz taktikasında terrordan da istifadə edirdi. Erməni və rus müəllifləri bu amildən “Difai”yə qarşı mənfi çalar kimi istifadə edirlər. Amma “Difai”nin terroru qırğın və terrora cavab idi. Məsələn, “Difai” Şuşa qubernatoru Qaloşapovun ölümünə onun azərbaycanlılara qarşı münasibətinə görə qərar vermişdi. Ermənilər azərbaycanlıları öldürəndə buna göz yumulur, azərbaycanlılar cavab verdikdə isə cəzalandırılırdılar. Həm də fərdi şəxslər deyil, kütləvi əhali, bütöv kəndin camaatı cəzalandırılırdı. “Difai” həm də milli şüurun oyanmasında böyük rol oynamışdı. “İrşad” qəzetində “Difai” partiyasının proqramı dərc edilmişdi. Yəni onun müəyyən siyasi platforması da var idi. Partiyanın proqramında torpağın kəndlilərə paylanması kimi sosial məsələlər də qoyulmuşdu. Halbuki partiya üzvlərinin əksəriyyəti bəylər, iri torpaq sahibləri idi. Görünür, onlar əhalinin daha geniş təbəqələrini öz sıralarına cəlb etmək istəyirdilər.

– 1905-ci il qırğınlarını erməni və azərbaycanlı əhalisinin ilk açıq qarşıdurması saymaq olarmı?

– Bəli, bu ilk açıq və silahlı qarşıdurmadır. Əslində ermənilər və azərbaycanlılar arasında o vaxta kimi də müəyyən qarşıdurmalar olub. Hətta məşhur senator Kuzminiskinin təftişində yazılıb ki, məişət zəminində toqquşmalar olur. Kuzminiski bitərəf adam olduğundan, duyulur ki, bu qarşıdurmaları əsasən ermənilər başlayıblar. Məsələn yazır ki, 1904-cü ildə qar əriyəndən sonra altından meyitlər çıxırdı və deyirdilər ki, bunu ermənilər ediblər. Yəni belə hadisələr ara-sıra olurdu, 1905-ci ilin fevralındakı hadisə isə bir növ azərbaycanlıların səbr kasasını daşırdı. Maraqlıdır, arxivlərdə o dövrün şahidlərinin ifadələri var. Onların hamısı bildirir ki, erməni komitələri (daşnaklar) hələ 1904-cü ildən deyirdilər ki, Bakıda azərbaycanlıların qırğınlarını törədəcəklər. Çünki onlar ermənilərlə birlikdə hökumətə qarşı çıxış etmirlər. Yəni azərbaycanlılar eserlər, bolşeviklər, menşeviklər, sosial demokratlar və daşnaklardan fərqli olaraq hökumətə qarşı çıxmırdı. Buna görə də qırğın törədib, azərbaycanlıları cəzalandırmaq istəyirdilər. Bu ilk qarşıdurma nəticə etibarilə azərbaycanlıların qələbəsi ilə yekunlaşdı. Biz bunu qəbul etməliyik. 1905-ci il hadisələri zamanı elə faktlar var ki, biz onunla öyünə bilərik. Bizim insanlarımız ermənilərə elə cavab veriblər ki, onlar geri çəkilməyə məcbur olublar. 1905-ci il qırğını adlandırdığımız hadisədə ermənilər yalnız azərbaycanlılara qarşı deyil, bütün müsəlmanlara qarşı çıxırdılar. Bu hadisələr ərəfəsində ermənilər təxribat edərək broşür buraxmış və Məhəmməd peyğəmbərin karikaturasını çəkmişdilər. Bu böyük narazılığa səbəb oldu. Hətta Əlimərdan bəy Topçubaşov bu broşürü hökumət dairələrinə də çatdırmışdı. Məsələnin necə çözüldüyü barəsində məlumat olmasa da, fakt göstərir ki, ermənilər hətta bu yolla da azərbaycanlıları təxribata sövq edirdilər. Bu gün də bəzi Avropa ölkələrində bu tendensiyanı, müsəlmanları təxribata çəkmək cəhdini müşahidə edirik.

– Maraqlı söhbət üçün minnətdaram!

Gündüz Nəsibov

1905.az

TBMM Xarici işlər komissiyasının sədri: “Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla, bölgədə sülhün bərqərar olmasını əngəlləyir”

27.03.2015 | 12:38

99c4cf9ce25cd6711d3c911e4859356e

Türkiyə Böyük Millət Məclisi(TBMM) xarici işlər  komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının  İstanbul millət vəkili Əhməd Berat Çonkarın APA-ya müsahibəsi

– ABŞ Konqresinin 44 üzvü “erməni soyqırımı” ilə bağlı qanun layihəsini yenidən gündəmə gətirib. Ənənəvi 24 aprel mesajında prezident Barak Obamanın “soyqırım” deməsi üçün erməni lobbisi bu il daha çox çalışır. Komissiyanız bu məsələ ilə bağlı hansı işlər görür?

– Biz bu işlərlə sadəcə 24 aprel yaxınlaşdığına görə deyil, illərdən bəri sistemli və ardıcıl şəkildə məşğul oluruq. Hal-hazırda TBMM sədri ABŞ-da səfərdədir və keçirdiyi yüksək səviyyəli görüşlərdə məsələni obyektiv şəkildə izah edir. Məclis sədrimizin bu işdə marağı olan başqa ölkələrə səfərləri zamanı da məsələ bütün gerçəkliyi ilə  həmin ölkələrin liderlərinə çatdırılacaq. Mən və komissiyamızın üzvləri xarici ölkələrə səfərlərimizdə, habelə xarici ölkələrdən qonaqlar gələndə, bu məsələni tarixi həqiqətlər prizmasından onlara başa salırıq. İkitərəfli münasibətlər çərçivəsində fəaliyyətimizdən başqa üzv olduğumuz beynəlxalq təşkilatlarda da bu məsələ ətrafındakı həqiqətlərin çatdırılması sistemli şəkildə çalışırıq.

– Yəqin ki, bu məsələni gündəmdə saxlamağa çalışanların indiyədək istədikləri kimi hay-küy qopara bilməmələrinin əsas səbəblərindən biri sizin sistemli və ardıcıl çalışmalarınız olub…

– Biz bu işləri Türkiyə Xarici İşlər Nazirliyi ilə birlikdə həyata keçiririk. Bu işdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyi düşünənlər Türkiyənin heç bir reaksiya göstərə bilməyəcəyinə inanaraq çox yanılıblar. Türkiyə bu məsələdə öz haqlı mövqeyini soyuqqanlı şəkildə dünyaya çatdırır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Biz özümüzə son dərəcə güvənirik. Yadınızdadırsa, hələ 2005-ci ildə o vaxtkı baş nazirimiz Rəcəp Tayyib Ərdoğan Ermənistan prezidentinə məktub yazaraq bu işin obyektiv şəkildə araşdırılmasını tarixçilərdən ibarət komissiyanın öhdəsinə buraxmağı təklif edib və komissiyanın hazırlayacağı hesabatın Türkiyə tərəfindən qeyd-şərtsiz qəbul ediləcəyini vurğulayıb. Təəssüf ki, o gündən bəri Ermənistan bu təklifə cavab verməyərək, Türkiyəyə qarşı subyektiv mövqeyindən əl çəkməyib. Bölgədə sülh və əmin- amanlıq olmasını istəyən Türkiyə başqa məsələlərdə olduğu kimi, bu məsələdə də özünə güvənir. Biz ölkələrin siyasi qurumlarının tarixi məsələlərlə bağlı qərar qəbul etməsinin əleyhinəyik. Biz Osmanlı imperiyasının varisi olan ölkəyik, Osmanlı imperiyasının ən çox önəm verdiyi arxiv işi olub. Arxivlərimizin hamısı açıqdır, hər kəs gəlib bu sahədə istədiyi materialla tanış ola bilər. Biz qonşularımızla sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Bunun yolu əsli-astarı olmayan tarixi iddialarla Türkiyəyə qarşı təzyiq göstərməkdən yox, tarixi hadisələrin araşdırlmasını elm adamlarının öhdəsinə buraxaraq, daha pozitiv düşüncələr təməlində gələcək inşa etməkdən keçir. Bu məsələdən Türkiyəyə qarşı istifadə etməyə çalışan ölkələrə daim xəbərdarlıq edib deyirik ki, haqsız və subyektiv mövqeyiniz ikitərəfli münasibətlərin zədələnməsinə yol açacaq. Bu yaxınlarda ABŞ Senatının Xarici işlər komitəsinin sədri Robert Corkeri qəbul edərkən bu məsələni də gündəmə gətirdim. Cənab Corker dedi ki, mən də bu məsələnin tarixçilər tərəfindən araşdırılmasının tərəfdarıyam, siyasi qurumlar bu məsələ barədə qərar qəbul etməməlidir. Komitə sədri “soyqırım” məsələsi ilə bağlı qanun layihəsinin senatın gündəliyinə salınmasına mane olacağını da deyib. Biz bu məsələdə səmimiyyətin, obyektivliyin və ədalətin hakim olmasını istəyirik və nəticədə mövqeyimizin qalib gələcəyinə əminik. Bölgə ölkələri arasında bunu anlamağa ən çox Ermənistanın ehtiyacı var. Çünki xeyli müddətdir Azərbaycan torpaqlarını işğal altında saxlamaqla, Ermənistan  bölgədə sülh, rifah və əmin-amanlığın bərqərar olmasını əngəlləyir. Əgər bölgə ölkələri olaraq gələcəyə pozitiv duyğularla baxırıqsa, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, Dağlıq Qarabağproblemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə həll edilməlidir.

– Yanvarın 15-də Ankarada Türkiyə və Azərbaycan prezidentləri türklərin Çanaqqalada imperialistlərə və işğalçılara qarşı tarixi qələbəsinin birlikdə qeyd ediləcəyini açıqladılar. Türkiyə bir çox dünya liderini 24 aprel mərasiminə dəvət edib. TBMM-in Xarici işlər komissiyası 24 aprel Çanaqqala mərasiminə necə hazırlaşır?

– İki qardaş ölkənin prezidentlərinin Ankarada açıqladıqları bu qərar son dərəcə yerinə düşdü. Birinci dünya müharibəsində Osmanlı imperiyası bir neçə cəbhədə vuruşarkən imperialistlərin təhrik ilə bölücülük fəaliyyətinə cəhd edib ölkəmizi parçalamağa çalışanlara Çanaqqala zəfərimiz ən yaxşı dərsdir. Əlbəttə ki, mərasimin Çanaqqala zəfərinin ruhuna yaraşan şəkildə keçməsi üçün biz də əlimizdən gələn hər şeyi  edəcəyik. Osmanlı imperiyasının son dönəmlərində ölkəmizin  müxtəlif bölgələrində çox acı hadisələr yaşanıb. İmperialistlərin təhriki ilə cərəyan etmiş proseslərdə ermənilər kimi türklər də çox acı çəkib. Çanaqqala zəfərimizin 100 illiyinin birgə qeyd edilməsi ermənilər qədər türklərin də çəkdiyi acıları birlikdə yaşamağın və acıları geridə qoyaraq, pozitiv duyğu və düşüncələrlə gələcəyə irəliləməyin ən doğru ünvanı olacaq. İmperialistlərin təhriki ilə daşnak terrorçuları tərəfindən qətlə yetirilmiş 100 minlərlə türkü necə unutmaq olar? 100 il əvvəl yaşanmış acı hadisələr hamımıza aiddir, ancaq erməni diasporu kimi biz də hər şeyi 100 il əvvəl yaşanmış ağrı-acılara indeksləşdirsək, pozitiv duyğu və düşüncələr təməlində gələcəyi necə inşa edə bilərik? 24 apreldə Çanaqqala zəfərimizin 100-cü ilini birlikdə keçirməyimiz bölgədə və dünyada sülhün bərqərar olmasına xidmət edəcəkdir.

– Türkiyənin dəfələrlə xoş niyyətli addımlar atmasına və pozitiv təşəbbüslər göstərməsinə baxmayaraq, erməni diasporu və Ermənistan rəhbərliyi öz neqativ düşüncələrindən əl çəkməyib. Çanaqqaladan veriləcək sülhsevər mesajları Ermənistan rəhbərliyinin qəbul edəcəyinə inanmaq olarmı?

– Çanaqqalada savaşan tərəflər sonra dost oldular. Bunu 18 martda orada keçirilmiş mərasimlərə xaricdən gələn qonaqların siyahısına baxan hər kəs görə bilər. Bu gün bölgədəki vəziyyəti təhlil edərkən görürük ki, sülhsevər mesajları qəbul etmək  Ermənistanın da faydasına olacaq. Türkiyə Cümhuriyyəti Osmanlı imperiyasının varisidir və 100 il əvvəl yaşanmış ağrı-acılar təkcə ermənilərə yox, eyni dərəcədə biz türklərə aiddir. Biz bunu müştərək ağrı-acımız hesab edirik. Ancaq Ermənistan Türkiyəyə qarşı neqativ düşüncələrindən əl çəkməsə, işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxıb bölgədə sülh, əmin-amanlıq və rifah yaradılmasına xidmət etməsə, tarix bunun da qiymətini obyektiv şəkildə verəcək. Bir daha təkrar edirəm ki, erməni diasporunun və Ermənistanın ittihamlarına qarşı Türkiyənin sağlam, obyektiv və güclü mövqeyi mövqe dəyişməyəcək.

 

Yohannes Han: “Dağlıq Qarabağ münaqişəsində hazırkı “status-kvo” qəbuledilməzdir, siyasi həllə ehtiyac var”

13.03.2015 | 16:05
d1910b26caf410f63395fd4122583531
“Azərbaycanın assosiativ sazişlə bağlı mövqeyini diqqətə almışıq”

Bakı. Məlahət Nəcəfova – APA.Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarıYohannes Hanın (Joannes Han)APA-ya müsahibəsi

Avropa İttifaqı qonşuluq siyasətinə dair müzakirələr keçirir. Yeni Avropa Qonşuluq Siyasətində Azərbaycanla bağlı hər hansı dəyişiklik olacaqmı?

– Müzakirələrin məqsədi regiondakı tərəfdaşlarımız, o cümlədən Azərbaycanla əlaqələrimizin tam potensialına nail olmaqdır. Biz qonşuluq siyasətimizi dəyişən şəraitlərə, istəklərə və çağırışlara uyğunlaşdırmalıyıq. Əmin olmaq istəyirik ki, yeni Avropa Qonşuluq Siyasəti gələcəkdə Azərbaycanın və Avropa İttifaqının ortaq stabilliyi, təhlükəsizliyi və tərəqqisinin inkişafını daha effektiv şəkildə dəstəkləyə bilər. Nəticədə effektli Avropa Qonşuluq Siyasətinin Avropa İttifaqı və üzv ölkələrin bütün mexanizmlərindən istifadə etməklə bütöv Avropa İttifaqı siyasətinə daha sıx inteqrasiyası mümkündür.

– Azərbaycan Avropa İttifaqı üçün nə deməkdir və bu ölkə niyə “Şərq Tərəfdaşlığı” proqramında bu qədər vacibdir?

– Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Azərbaycan Avropa İttifaqının şərq ölkələri ilə münasibətləri çərçivəsində qurulmuş “Şərq Tərəfdaşlığı” proqramının əsas üzvlərindən biridir. 2009-cu ildən bəri biz “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bütün sahələrdə sıx əlaqələr şəbəkəsi qurmuşuq və mobillik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi kimi sahələrdə sektoral əməkdaşlığımızı əhəmiyyətli dərəcədə gücləndirmişik.

– Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq üzrə hüquqi sənədin imzalanmasına hazırlığını ifadə edib və bildirib ki, Azərbaycan assosiativ sazişdə maraqlı deyil. Avropa İttifaqının bununla bağlı mövqeyi necədir?

– Biz Azərbaycanın mövqeyini diqqətə almışıq və Azərbaycan tərəfindən təklif gözləyirik. Avropa İttifaqı 1999-cu ildə imzalanmış mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsindən kənarda Azərbaycanla əlaqələrini yeniləmək və dərinləşdirmək istəyir.

– Azərbaycan Avropa İttifaqının həll olunmamış münaqişələrlə bağlı selektiv mövqeyini tənqid edir. Biz bunu Krım məsələsinə münasibətdə də gördük. Azərbaycan hesab edir ki, işğalçı ölkə ilə ərazisi işğala məruz qalmış ölkəyə münasibət eyni olmamalıdır.

Avropa İttifaqı münaqişələrin beynəlxalq hüquq və müvafiq format çərçivəsində danışıqlara uyğun sülh yolu ilə həllini dəstəkləyir. Avropa İttifaqı Ukraynaya məxsus Krımın 21 mart 2014-cü ildə Rusiya tərəfindən ilhaqını tanımır. Nə Avropa İttifaqı, nə də Ermənistan da daxil olmaqla başqa ölkə Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Cənubi Qafqazda stabilliyi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmadan əldə etmək mümkün deyil. “Status-kvo” qəbuledilməzdir və siyasi həllə ehtiyac var. Ərazidə zorakılıq və qisasa qisas fəaliyyətlər, qarşılıqlı ritorikalar sülhə yardım etmir. Avropa İttifaqı tərəfləri davamlı şəkildə fəaliyyətlərində və sözlərində təmkinli olmağa çağırır. Bu, Minsk qrupu tərəfindən aparılan sülh prosesində inkişafa nail olunması üçün əlverişli mühitin yaranmasına imkan verəcək.

– Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanla Avropa İttifaqı arasında azad viza rejiminin bir neçə ildən sonra tətbiq oluna biləcəyini açıqlayıb. Bu barədə Avropa İttifaqının mövqeyi necədir?

– Azərbaycanla Avropa İttifaqı arasında Viza sadələşdirilməsi və Readmissiya razılaşması 2014-cü il sentyabrın 1-dən qüvvəyə minib. Biz həmçinin 2013-cü ilin dekabrından Avropa İttifaqına üzv ölkələrlə Azərbaycan arasında mobillik üzrə tərəfdaşlığa başlamışıq. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsində təcrübələri nəzərə almaqla mobillik sahəsində əməkdaşlığı daha necə inkişaf etdirə biləcəyimizin yollarını axtarır.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrindən bəzilərinin Avrasiya İttifaqına da qoşulmasına münasibəti necədir?

– Regional inteqrasiyanın digər növləri ilə bağlı “Şərq Tərəfdaşlığı” üzvləri təbii olaraq öz yollarını seçməkdə azaddırlar, çünki bu mövcud beynəlxalq öhdəliklərə uyğundur.