Azərbaycanca

MÜSAHİBƏ

Avroparlamentin deputatı: “Biz səylərimizi səfərbər etməsək, Qarabağ münaqişəsi daha 30 il də davam edə bilər”

13.12.2017 | 15:13

“Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bir faciə və beynəlxalq ictimaiyyətin uğursuzluğudur”

Avropa Parlamenti BMT-nin qətnamələrini tanıyır və öz tərəfdaşlarını bu qətnamələri icra etməyə çağırır 

Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Vəcid Xanın müsahibəsi.

– Avropa və Azərbaycan parlamentləri arasındakı bugünkü əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Avropa və Azərbaycan parlamentləri arasında dialoqun bərpa olunmasını alqışlayıram. Biz həm Azərbaycan, həm də Avropanın digər regionları üçün müsbət nəticələr vermək potensialına malik bu əməkdaşlıqdan çox razıyıq. Hesab edirəm ki, yaratdığımız bu qarşılıqlı dialoq şəraitində əməkdaşlığımızı inkişaf etdirməliyik. Avropa İttifaqı ilə Azərbaycan eyni dəyərlərə malikdir və bu dəyərlər də onları bir-birinə yaxınlaşdırır.

Azərbaycanda çox sayda qaçqın və məcburi köçkünün olduğundan və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin ağır psixoloji nəticələrindən xəbərdarıq. Avropa Parlamenti BMT-nin qətnamələrini tanıyır və öz tərəfdaşlarını bu qətnamələri icra etməyə çağırır. Avropa Parlamenti tərəfdaş ölkələrin sülh və rifah məsələlərini həmişə gündəliklərində saxlamasına çalışır.

– Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyən BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinə Ermənistan tərəfindən riayət edilmir. Buna münasibətiniz necədir?

– BMT-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamələrinin həyata keçirilməməsi məyusluq doğuran haldır. Bu faktı qəbul etmək çox çətindir. Halbuki, bu qətnamələrə riayət olunması sülhün bərqərar edilməsi deməkdir. Avropa Parlamentinin məsul şəxsləri hər iki tərəflə – həm Azərbaycan, həm də Ermənistan rəsmiləri ilə görüşüb danışıqlar aparmalı, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün öz töhfələrini verməlidirlər. Biz də Avropa Parlamentinin üzvləri olaraq, öz növbəmizdə, bu görüşlərin və danışıqların keçirilməsi üçün lazımi şəraitin yaradılmasına çalışmalıyıq. Artıq sözdən konkret tədbirlərə keçməyin vaxtı çatıb. Biz səylərimizi səfərbər etməsək, bu münaqişə bundan sonra daha 30 il də davam edə bilər. Qaçqın və məcburi köçkün düşmüş insanlar öz evlərinə qayıtmaq istəyirlər. Bütün insanlar öz evlərinə getmək istəyir. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bir faciə və beynəlxalq ictimaiyyətin uğursuzluğudur.

– Sizcə İslamofobiyanın yayılmaması üçün hansı tədbirlər görülməlidir?

– İsamofobiya bəşəriyyəti silkələyən təhlükələrdəndir. Ona görə də hamımız bu fenomenlə mübarizə aparmaq üçün səfərbər olmalıyıq. Belə bir dövrdə ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdə separatçı yazıları yolverilməzdir, çünki onu milyonlarla insan izləyir. Əksinə, biz çıxışlarımıza insanlarda bir-birinə məhəbbət aşılayan, nifrət kimi mənfi hisslərə tamamilə yad elementlər daxil etməli, tolerantlığı aşılamalıyıq. Biz tarixdən dərs almalıyıq. Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələr, onların nəticələri bizim üçün bir dərsdir. Biz təhlükəsiz və sülhməramlı cəmiyyət uğrunda əlimizdən gələni əsirgəməməli, bu yoldakı maneələri birgə araşdırmalı, onların həlli naminə səylərimizi birləşdirməliyik.

“Report”un Qərbi Avropa bürosu

Məmmədyarov: “Həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır”

17.11.2017 | 12:31

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə görüşdən sonra  sualları cavablandırıb.

– Cənab nazir, həmsədrlərlə görüşün yekununu necə qiymətləndirirsiniz?

– Mən danışıqların məzmunundan çox razı qaldım. Danışıqlar kifayət qədər konstruktiv və substantiv keçdi. Münaqişənin həllinə dair konkret məsələləri müzakirə etdik. Təfsilata varmayacağam, çünki bu görüşlərimizi ATƏT Xarici İşlər Nazirlərinin dekabrın əvvəllərində nəzərdə tutulmuş Vyana toplantısı çərçivəsində davam etdirmək barədə qərara gəlmişik. Prinsip etibarı ilə ideyalar var. Həmsədrlər bir qədər də irəli getmək üçün bu ideyalar üzərində işləməyi öz üzərlərinə götürüblər. Mənə həmişə sual verirlər ki, biz hansı plan üzrə işləyirik? Cavab verirəm ki, 2004-cü ildən Praqa prosesindən başlayaraq təklif olunan bütün ideyalar masa üzərindədir. Təbii ki, onların bir hissəsi həmsədrlərin dediyi 6 bəndən ibarət təkliflərdir. Siz onlara baxa bilərsiniz. Biz bu gün detallar üzərində işlədik. Deyə bilmərəm ki, hədsiz optimistəm. Həmsədrlərlə görüş göstərdi ki, biz, yəni Azərbaycan və həmsədrlər il yarımdan çox müddətdir ki, yerində addımlayan danışıqlar prosesini irəli aparmaqda qətiyyətlidir.

– Lavrovun Bakıya və İrəvana səfəri olacaq. Bu səfər sırf Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdırmı?

– Rusiyanın xarici işlər naziri Sergey Lavrov ayın 19-da Bakıya rəsmi səfər edəcək, 20-də isə İrəvana gedəcək. Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlər, o cümlədən Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq. Lavrovun səfəri zamanı müzakirə olunacaq çox məsələ var. Əlbəttə ki, əsas müzakirə olunacaq məsələ Qarabağ münaqişəsinin həlli yollarıdır. Rusiyalı həmsədr İqor Popov da mənə bildirdi ki, bu gün həmsədrlərlə keçirilən görüş barədə tam şəkildə Lavrova məruzə olunacaq.

– Bugünkü görüşdə prezidentlərin növbəti görüşünün keçirilməsi müzakirə olundumu? Bu istiqamətdə hansısa konkret təkliflər varmı?

– Həmsədrlərlə belə qərara gəlmişik ki, Vyanada 2+3 formatında görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünü müzakirə edək. Vyana görüşündən sonra prezidentlərə görüşmək təklifi verəcəyik. Bu gün həmsədrlərlə müzakirə olunmuş məsələləri Ermənistan tərəfi də müzakirə etdikdən sonra prezidentlərə görüşün keçirilməsinin mümkün olub-olmamasını təklif edəcəyik.

– Moskva səfəri ərəfəsində Bakıda demişdiniz ki, danışıqlar xətrinə danışıqlar aparmaq olmaz. Prosesi ölü nöqtədən tərpətmək lazımdır. Sizcə proses ölü nöqtədən tərpədilibmi? Bugünkü danışıqlar hansısa irəliləyişə ümid yaradırmı?

– Mən danışıqlarda hansısa irəliləyişin olduğunu deməyə şad olardım. Lakin bu irəliləyişə maneə olan məqamları özünün təhlil aparsanız, tapa bilərsiniz. Ümid həmişə var və bu ümid kifayət qədər ciddidir. Bu gün hiss etdim ki, həmsədrlər işə olduqca ciddi yanaşırlar. Açıq mətnlə dedilər ki, biz turist deyilik, bizə ciddi danışıqlar lazımdı, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Çünki nə qədər bəhanə gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuzluğa qədər davam edəcək? Xeyr! Bu real deyil. Alternativ hamıya məlumdur. Bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşma baş versin. Azərbaycan kifayət qədər iqtisadi cəhətdən inkişaf etmiş və iri geostrateji layihələr həyata keçirən ölkədir. Lakin boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, ən azından bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır. Məsələ burasındadır ki, hamı hansı yolla getmək lazım olduğunu çox gözəl bilir. Çünki plan məlumdur və mətbuatda yayılıb. Bu hamıya məlum olan məsələdir. Hamı münaqişənin həlli yolunu çox gözəl bilir, amma yekun addımı atmaqdan qorxurlar. Çünki bu addım siyasi addımdır.

– Amerikalı keçmiş həmsədr Metyu Brayza ABŞ-ın Minsk qrupunda həmsədrlikdən çəkilə, bununla da Minsk qrupunun formatının dəyişə biləcəyi barədə fikirlər səsləndirib. Sizcə, bu məlumat nə dərəcədə həqiqətə uyğundur?

– ABŞ-ın həmsədrlikdən çəkiləcəyinə və həmsədrlik formatının dəyişəcəyinə inanmıram. Çünki amerikalı həmsədr öz vəzifəsinə çox ciddi yanaşır. Bir ara da belə söhbətlər vardı. ABŞ Dövlət Departamentində bəzi vəzifələrin ixtisara salınması barədə müzakirələr gedirdi. Ancaq bugünkü görüşə amerikalı həmsədr tək deyil, öz köməkçisi ilə gəlmişdi. Bu, onu göstərir ki, ABŞ tərəfi işə ciddi yanaşır.

APA

Moskva müxbiri Fərid Əkbərov

Fərhad Cabbarov: “1905-ci il hadisələri 1918-ci il soyqırımının bir növ proloqu idi”

31.03.2015 | 17:04

IMG_0232Müsahibimiz Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

-Fərhad müəllim, 1905-ci il hadisələrinin tədqiq olunma səviyyəsindən razısınızmı?

– Deməzdim ki, çox razıyam. Çünki bizim tarixşünaslıq elmimiz əsasən 1918-ci il soyqırımının öyrənilməsinə yönəldilib. Halbuki 1905-ci il hadisələri 1918-ci il soyqırımının bir növ proloqu idi. Və 1918-ci ildə baş verən hadisələrin kökünü əslində elə 1905-ci il hadisələrində axtarmaq lazımdır. Amma eyni zamanda demək olar ki, son illərdə 1905-ci il hadisələrinin öyrənilməsində də irəliyə doğru müəyyən addımlar atılıb.

Davamı