Azərbaycanca

MÜSAHİBƏ

Elxan Süleymanov: “İlk dəfədir ki, hazırlanacaq məruzənin adında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı faktı əks etdirilir”

11.03.2015 | 11:43
zdv
“İnanmaq istərdim ki, cənab Robert Volter məruzəsində Azərbaycan torpaqlarının işğalı və əsir götürülmüş soydaşlarımızın hüquqlarının təmin edilməsi məsələsini gündəmə gətirəcək”

Bakı – APA. Avropa ŞurasıParlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi Robert Volter martın 12-13 tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq. AŞPA-da belə bir sənədin hazırlanması uğrunda mübarizənin təfərrüatları və bu məruzədən olan gözləntilərlə bağlı suallarımızı məruzənin təşəbbüskarı, eyni adlı qətnamə layihəsinin müəllifi Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya cavablandırır.

 

– Məruzənin adında münaqişə deyil, məhz işğal faktının vurğulanmasına necə nail oldunuz?

 

– Öncə qeyd edim ki, məruzənin təsdiq edilmiş adı Azərbaycanın mövqeyinə uyğun olmaqla bərabər, həm də problemin mahiyyətini obyektiv və dolğun şəkildə ehtiva edir. Ermənistan nümayəndə heyəti və onlara qəyyumluq edən anti-Azərbaycan qüvvələri və erməni lobbiləri məruzənin adının dəyişdirilməsini istəyirdilər. Onlar bunun üçün bütün mövcud resurslarını işə salaraq, bizim işimizə maneələr yaratmağa çalışırdılar. Lakin biz bütün bu maneələrə baxmayaraq 01 oktyabr 2014-cü il tarixində AŞPA-da məhz bu adla  qətnamə layihəsi üzrə məruzəçi təyin edilməsinə nail olduq.

 

Məsələ burasındadır ki, bizim üçün məruzənin adında baş vermiş hadisələrin mahiyyətinin dəqiqliklə göstərilməsi çox böyük əhəmiyyət kəsb edirdi, bu prinsipial məsələ idi. Digər tərəfdən, Ermənistan tərəfi çox gözəl başa düşürdü ki, hadisələrin belə gedişatı onların cinayətkar mahiyyətini dünya ictimaiyyətinə tam çılpaqlığı ilə açacaqdır. Odur ki, onlar və onlara qəyyumluq edən anti-Azərbaycan qüvvələr məruzənin adının ümumi formada qeyri-müəyyən ifadələrlə göstərilməsi üçün dövlət səviyyəsində bütün diplomatik imkanları işə salmışdı. Ermənistanın Avropa ölkələrindəki səfirliklərinin nümayəndələri bu ölkələrin rəsmiləri ilə görüşlər keçirərək, deputatlara göstəriş vermələrini faktiki olaraq tələb edirdilər.

 

Lakin biz başa düşürdük ki, məruzənin adının “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” kimi təsdiq edilməsi bizim üçün prinsipial əhəmiyyət daşıyır və onun adının dəyişdirilməsi Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Çünki, bu münaqişə deyil, Ermənistanın silahlı təcavüzlə torpaqlarımızı işğalıdır.

 

Onu da bildirim ki, biz bu qətnamə layihəsinin müzakirəsi prosesində Avropalı deputatların bizim problemimizdən tam məlumatlı olmadıqlarını gördük. Lakin bu prosesdə apardığımız müzakirələr zamanı onlar da məsələdən agah oldular və bir çox Avropalı deputatlar məruzənin adında Azərbaycan torpaqlarının işğal olunması faktının ifadə edilməsini dəstəklədilər.

 

Düşünürəm ki, hər kəs, eləcə də beynəlxalq təşkilatlar Azərbaycanın işğal edilmiş ərazilərinə münasibətdə bütün sənədlərdə və çıxışlarda “münaqişə” ifadəsini işlətməkdən çəkinməli, birmənalı olaraq işğal faktını vurğulamalıdırlar və biz öz tərəfimizdən bu istiqamətdə yekdil ideoloji mübarizə aparmalıyıq.

 

– Bildiyimiz qədər Siz AŞPA-ya bundan əlavə bir neçə başqa qətnamə layihəsi, o cümlədən Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə,  Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihələrini də təqdim etmisiz. Bəs bu layihələrin aqibəti necə oldu?

 

– Bəli, mənim təşəbbüsümlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi 2014-cü il iyunun 18-i AŞPA-nın saytında dərc edildi. Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı. Lakin AŞPA-nın Baş Katibi cənab Savitski erməni maraqlarını üstün tutaraq, qətnamə layihəsinə qarşı saxta prosedur etirazı qaldırdı və müxtəlif vasitələrlə layihənin qarşısını aldı. Bundan sonra Katiblik reallıqdan tam uzaq olan və amorf xarakterli qətnamə layihəsi təklif etdi. Mən isə Savitski ilə görüşdən sonra yeni bir layihə təklif etdim. Beləliklə, mənim müəllifliyimlə ilkin variant kimi təqdim edilmiş Ermənistana sanksiyaların tətbiq edilməsin tələb edən qətnamə layihəsinə müxtəlif adlarla yeni 2 layihə də əlavə olundu. Qeyd edim ki, gərgin mübarizə nəticəsində Büronun qərarı ilə hər üç qətnamə layihəsi əsasında “Azərbaycanın Dağlıq Qaraba və digər işğal edilmiş ərazilərdə gərginliyin artması” adlı məruzə hazırlanması üçün Siyasi Məsələlər Komitəsinin təyin etdiyi məruzəçiyə göndərildi və ondan hər üç qətnamə layihəsinin müddəalarını öz məruzəsində əks etdirməsi tövsiyyə edildi.

 

AŞPA-nın 2015-ci ilin yanvar sessiyasında təqdim etdiyim və Avropa Şurasının 24 üzv dövlətini təmsil edən 46 deputat tərəfindən imzalanmış  Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsininin AŞPASədarət Komitəsinin 5 mart 2015-ci il tarixli iclasında “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində gərginliyin artmasına dair” hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə edilib. Bu isə o deməkdir ki, cənab Volter öz məruzəsində əsir götürülmüş Azərbaycanlıların hüquqlarının təmin olunması məsələsinə də ətraflı işıqlandıracaq.
– Hazırlanacaq məruzədən gözləntiləriniz nədən ibarətdir?

 

– Öncə qeyd edim ki, bu məruzənin əsas əhəmiyyəti odur ki, bu sənəd AŞPA-da son 10 il ərzində işğal edilmiş ərazilərə dair hazırlanan ilk məruzədir və ilk dəfədir ki, hazırlanacaq məruzənin adında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal edilməsi faktı əks etdirilir. Məruzə belə adlanan halda artıq işğalçı tərəfin beynəlxalq-hüquqi məsuliyyətdən boyun qaçırması daha da müşkül məsələyə çevrilir.

 

Nəzərə alsaq ki, işğalçı Ermənistan dövləti bu qətnamə layihəsinin qarşısınının alınması üçün başda prezident olmaqla və bütün hökümət səviyyəsində mübarizə aparmış, rəsmi müraciətlər edilmiş, lobbiçilik işi görmüşdür, məruzənin hazırlanması zamanı da müxtəlif vasitələrlə məruzəçiyə təzyiqlər edilməsinə  əl atılacağı istisna deyil.

 

Amma məruzəçi Robert Volter Avropanın tanınmış, nüfuzlu, prinsipiallığı ilə seçilən siyasətçilərindəndir. Odur ki, inanmaq istərdim ki, cənab Robert Volter bu təzyiqlərə baxmayaraq, ədalətsizliyə yol verməyəcək və öz məruzəsində Azərbaycan torpaqlarının işğalı məsələsini, habelə əsir götürülmüş soydaşlarımızın hüquqlarının təmin edilməsi məsələsini gündəmə gətirəcək.

 

Sonda bir məsələyə də toxunmağı vacib hesab edirəm. Bu Ukraynada baş verən hadisələr fonunda ABŞ, Avropa Birliyi və digər güc mərkəzləri ilə yanaşı Avropa Şurasının da bu ölkəyə göstərdiyi dəstəklə bağlıdır. Azərbaycan tərəfi Ukraynaya səviyyəsində bizim ölkəyə də dəstək göstərilməsini haqlı olaraq tələb edir. Biz bu istiqamətdə dəfələrlə ciddi səylər göstərmişik və AŞPA-da Azərbaycana qarşı yürüdülən ayrıseçkiliyin, ikistandartlığın aradan qaldırılmasını tələb etmişik. Ümid edirəm ki, cənab Volterin hazırlayacağı məruzə bu ayrıseçkiliyin aradan qaldırlmasına yardım edəcək, Azərbaycan ərazilərini 23 ildən artıq müddət ərzində işğal altında saxlayan və işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş Ermənistan dövlətinə qarşı AŞPA-da, daha sonra isə digər beynəlxalq təşkilatlar çərçivəsində, sanksiyaların tətbiq edilməsi istiqamətində real addım olacaq.

Vəli Əlibəyov: “Qərb siyasətçiləri artıq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul etməyə başlayıblar”

05.03.2015 | 19:03

h8adrm7k0cdmg07i00hnsrsam5aşpa

AŞPA Sədarət Komitəsinin Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qəbul etdiyi qərara münasibət bildirmək üçün Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyova müraciət etdik. V.Əlibəyov, qəbul olunan qərarın mühümlüyünü qeyd edərək dedi: “Əminliklə demək olar ki, son zamanlar Azərbaycan tərəfi bir çox beynəlxalq qurumlarda, əsasən də, AŞPA-da, Ermənistan tərəfini ciddi məğlubiyyətə uğradır, darmadağın edir. Uzun müddət aparılan işlər nəticəsində artıq qərb siyasətçiləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul etməyə başlayıblar. Orada oturanların böyük əksəriyyəti, o cümlədən də, erməni deputatlar, artıq alışıblar ki, əgər Elxan Süleymanov və ya başqa deputatımız işğal faktı ilə bağlı təşəbbüslə çıxış edirlərsə, bu təşəbbüs Azərbaycanın haqq səsini eşidib işğala öz etirazlarını bildirən AŞPA deputatlarının əksəriyyətinin dəstəyini qazanacaq. Son qətnamə layihəsi də buna bariz bir misaldır. Əsas diqqəti ona yönəltmək lazımdır ki, son zamanlar qəbul edilən qətnamə layihələrinin adlarında birbaşa olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi faktı da öz əksini tapıb. Misal kimi, bir müddət əvvəl yenə də millət vəkili Elxan Süleymanovun hazırlayıb təqdim etdiyi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” qətnamə layihəsinə əsasən məruzə hazırlayacaq məruzəçinin təyin edilməsini göstərmək olar. Və ya, Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair”  müzakirələri və məruzəçinin təyin edilməsi faktı. Beynəlxalq ictimaiyyət artıq işğal faktını qəbul etməyə məcbur edilib. Beynəlxalq arenada diplomatik qələbə bizdədir. Diplomatik qələbə isə gec-tez ümumi qələbəyə gətirib çıxaracaq”.

AŞPA-da müzakirənin əsirlikdə olan soydaşlarımızın taleyinə necə təsir edəcəyinə münasibət bildirən V.Əlibəyov qeyd etdi ki, hansısa real nəticənin olacağına inanmır: “Beynəlxalq təşkilatlar, o cümlədən, AŞPA-nın qəbul etdiyi qərarların demək olar ki, əksəriyyəti, boş cızmaqaradan başqa bir şey deyil. Bu təşkilatlar öz nüfuzlarını elə itiriblər ki, hətta Ermənistan kimi cırtdan bir dövlət onlara məhəl qoymur. Bu dəfə də, təəssüf ki, belə olacağını proqnozlaşdırıram. Lakin buna baxmayaraq, bu qələbədir, və torpaqlarımızın qaytarılması prosesinə ciddi bir tövhədir”.