Azərbaycanca

XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

27.01.2020 | 12:22


Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

AVCİYA seçkilərlə bağlı Gəncə və Mingəçevirdə seminar keçirdi

27.01.2020 | 12:19

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə növbədənkənar seçkiləri ilə əlaqədar növbəti seminarları Gəncə və Mingəçevirdə keçirib. Tədbirlərin keçrilməsində məqsəd seçki öncəsi regionlarda müşahidəçilərin maarifləndirilməsi və əhalinin seçki fəallığının artırılmasına dəstək verməkdən ibarətdir.

Hər iki seminarda tədbir iştirakçılarına parlament seçkilərinə aid beynəlxalq təcrübə, 1995-ci ildən başlayaraq ölkəmizdə keçirilən parlament seçkiləri, seçkilər ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, seçki administratsiyasının fəaliyyəti, seçki şikayətləri və s. haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirlərdə AVCİYA Seçki qərargahının rəhbəri, t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlı geniş məruzə ilə çıxış edərək Milli Məclisə bu il növbədənkənar seçkilərin keçirilməsini zərururi edən səbəblər, assosiasiyanın  ölkədə keçirilmiş parlament seçkiləri ilə bağlı gördüyü işlər barədə məlumat verib. Daha sonra o, müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Bundan əlavə məruzəçi seminar iştirakçılarına AVCİYA-nın bu günlərdə seçkilərlə bağlı nəşr etdiyi 2 kitab haqqında, seçki öncəsi ictimaiyyətə təqdim olunacaq Aralıq Hesabat barədə də ətraflı məlumat verib.

Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, deputatlığa namizədlərin təblığat kampaniyası ilə bağlı fikir mübadiləsi aparılmışdır.

AVCİYA Seçki Qərargahı

AVCİYA seçkiöncəsi media monitorinqin nəticələrini açıqladı 22.01.2020

22.01.2020 | 15:03

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin ölkə üzrə  monitoriniqi çərçivəsində fəaliyyətini davam etdirir.

Yazılı və elektron kütləvi informasiya vasitələrinin AVCİYA tərəfindən aparılmış monitorinqi cari ilin yanvar ayının ilk 3 həftəsini (1-21 yanvar 2020) əhatə edir. Monitorinqə “Azərbaycan”, “Xalq qəzeti”,“Yeni Müsavat”, “Xalq cəbhəsi”, “Şərq”, “Bakı xəbər”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Bakinskiy raboçiy” (rus dilində), “Nedelya” (rus dilində) qəzetləri, Minval.az (rus dilində),  1news.az (rus dilində), Zerkalo.az (rus dilində), Kaspiy.az (rus dilində) saytları və AZƏRTAC, APA, Trend, Səs (rus dilində) informasiya agentlikləri daxil edilib. Monitorinqdə adı sadalanan KİV-lərdə seçki ilə bağlı xəbərlərin həcmi və təsnifatı yer alıb.

Diaqram 1.

Monitorinqə cəlb etdiyimiz yazılı və elektron KİV-lərdə 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanin həcmi (1-21 YANVAR 2020)

1-ci diaqramdan göründüyü kimi monitorinq müddətində (1-21 yanvar 2020) seçki ilə bağlı informasiyaların ən çox getdiyi KİV-lər arasında liderlik “Azərbaycan” qəzetinə (167 xəbər) məxsusdur, sonrakı yerləri müvafiq olaraq Trend  (91 xəbər) və AZƏRTAC (87 xəbər) informasiya agentlikləri tutur. Seçki ilə bağlı ən az informasiya isə  “Bakinskiy raboçiy” (4 xəbər), “Nedelya” (3 xəbər) və “525-ci qəzet”də (7 xəbər) gedib.

Diaqram 2.

9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanın təsnifatı

(1-21 YANVAR 2020)

2-ci diaqramda seçki ilə bağlı informasiyanın təsnifatı əks olunub. Monitorinqə cəlb etdiyimiz yazılı və elektron mediada parlament seçkiləri ilə bağlı 472 xəbər, MSK-nın 193 sənədi (Mərkəzi Seçki Komissiyasının qərarları), təbliğat xarakterli 71 material və 30 analitik yazı gedib.

AVCİYA Seçki Qərargahı

Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə nazirini qəbul edib

21.01.2020 | 12:16


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində yanvarın 21-də general-polkovnik Zakir Həsənovla Gürcüstan Parlamentinin sədri cənab Arçil Talakvadze arasında görüş keçirilib.
Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, qarşılıqlı etimad üzərində qurulduğunun bildirildiyi görüşdə dövlət başçılarının mütəmadi işgüzar görüşləri və səfərlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildiriblər.
Görüşdə həmçinin terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.