Azərbaycanca

XƏBƏR

Amerikalı professor: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhü və sabitliyi ciddi təhlükə altında qoyur

21.04.2017 | 10:55

kristofer_qann_180417

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhü və sabitliyi ciddi təhlükə altında qoyur.

Bunu Trend-ə Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda iştirak edən ABŞ-ın Koastal Kaliforniya (“Coastal California”) Universitetinin professoru Kristofer Qann deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tədqiq edir: “Azərbaycana gəlməyimin səbəblərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığım tədqiqatdır”.

K.Qann bildirib ki, Avropanı tərk edib Ermənistana gələn erməni terroristləri də Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhü və sabitliyi təhlükə altında qoyur və “soyuq müharibə” bitəndən bu günə qədər davam edir. Bu münaqişə artıq həll edilməlidir. Münaqişənin bu günə qədər həllini tapmaması bir faciədir”.

Professor vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bu məsələ tezliklə həllini tapmalıdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı qətnamələrinə gəlincə isə, K.Qann bildirib ki, bu qətnamələrin indiyə kimi yerinə yetirilməməsi inanılmazdır:

“BMT-nin dünyada bir sıra münaqişələrlə bağlı qətnamələrinin yerinə yetirilməsinin nümunələri mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin yerinə yetirilməsi istiqamətində bu günə qədər fəal işin aparılmamasının səbəblərindən biri də həm Qərbdə, həm də BMT-də mövcud olan ikiüzlülük və ikili standartlardır”.

K.Qann əlavə edib ki, Azərbaycan bu regionda ən qüdrətli və sabitliyin, əmin-amanlığın təmin olunmasında əsas dövlətdir.

 

Trend.az

Azay Quliyev: ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir

18.04.2017 | 14:54

azay_guliyev_230217

ATƏT Parlament Assambleyası Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir.

Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.

A.Quliyev qeyd edib ki, ATƏT PA-da münaqişələrlə bağlı mühüm sənədlər qəbul olunub: “Lakin biz düşünürük ki, bununla bağlı konkret addımlar, qərarlar lazımdır. ATƏT PA ATƏT-in bu istiqamətdə fəaliyyətini təftiş etməli, Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir”.

O əlavə edib ki, həmsədrlərdən münaqişənin niyə hələ də həll olunmamasını, niyə hələ də təmas xəttində mülki insanların, Azərbaycan əsgərlərinin həlak olduqlarını soruşmaq lazımdır:

“Ona görə də mən məsələ qoydum ki, Minsk qrupunun həmsədrlərindən biri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsun və hesabat versin. Biz həm də ATƏT-in Minsk qrupu ölkələrinin parlament üzvlərinin görüşünün keçirilməsini planlaşdırırıq və bu toplantıda münaqişənin nizamlanmasını müzakirə edəcəyik”.

 

Trend.az

Nazir: Azərbaycanın pozulmuş ərazi bütövlüyünü mümkün bütün vasitələrlə bərpa etmək hüququ var

13.04.2017 | 11:12

mammadyarov_iclas_120417

Onilliklərdir ki davam edən danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə saxlayır.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Şərq Tərəfdaşlığının gələcəyi böyük ölçüdə münaqişələrdən əziyyət çəkən regionlarda davamlı təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasından asılıdır: “Biz düşünürük ki, Avropa İttifaqının vaxtında və fəal rolu regionumuzda sabitlik və inkişaf baxımından əhəmiyyətlidir. Azərbaycan münaqişənin danışıqlar yolu və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yol xəritəsi üzrə həllində maraqlıdır. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub. Eyni zamanda, onilliklərdir ki, davam edən danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə saxlayır.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan hökuməti Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının birgəyaşayışına bütün növ zəmanət verməyə hazırdır. Azərbaycanın münaqişənin həll edilməsi istiqamətində cəhdlərinin əksinə olaraq, Ermənistan işğal edilmiş ərazilərin demoqrafik xüsusiyyətlərini dəyişdirmək üçün məqsədli siyasət yürüdür, həmçinin işğal edilmiş ərazilərdə qanunsuz “seçkilər” və “referendum” keçirir. İşğal edilmiş ərazilərdə keçirilmiş ən son qanunsuz “referendum” Azərbaycan Respublikasının Konstitusiyasının əleyhinə yönəlmiş daha bir təxribat xarakterli addımdır. Bu qanunsuz fəaliyyət beynəlxalq birlik tərəfindən rədd edilib.

2016-cı il aprel hadisələri və 25 fevral 2017-ci ildə təmas xəttində baş verən ən son təxribatlar “nə hərb, nə sülh” vəziyyətinin həssaslığını sübut etdi”.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olub və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirib: “Biz “suverenlik, müstəqillik və dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizlik nizamı üçün əsas elemetlərdir və bu prinsiplər Avropa İttifaqının daxilində və kənarda olan bütün dövlətlərə şamil edilir” bəndinin də əks olunduğu 2016-cı ildə qəbul edilmiş Avropa İttifaqı Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasına sadiqliyini alqışlayırıq.

Fevral ayında Azərbaycan Prezidentinin Brüsselə səfəri yeni ikitərəfli sənəd üzrə rəsmi danışıqlar prosesinin başlanması ilə ikitərəfli münasibətlərdə yeni səhifə açdı.

Azərbaycan bu yeni və uzaqgörən sənədin əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına yol açacağına inanaraq, danışıqlar prosesinə daxil olur və inanırıq ki, bu, dəyişkən siyasi və təhlükəsizlik mühiti fonunda tərəflərin ehtiyac və prioritetlərini qarşılayacaq.

Sədr dövlət olaraq Polşanın təqdim etdiyi konsepsiya sənədində də əks olunduğu kimi, uzlaşma (connectivity) məsələsinə xüsusi diqqət yeriməklə, sektorlar üzrə əməkdaşlıq həqiqətən də qarşılıqlı maraqlarımıza əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyimizin inkişafında vacib rol oynayır.

Enerji sahəsində strateji əməkdaşlıq əlaqələrimizin özülü olmaqda davam edir. Cənub Qaz Dəhlizi istehsalçı, tranzit ölkələri və istehlakçıların maraqları arasında düzgün tarazlığı ilə enerji təhlükəsizliyi və şaxələndirilməsi üzrə unikal layihədir. Cənub Qaz Dəhlizi layihəsinin vaxtında yerinə yetirilməsinə qəti siyasi dəstək Azərbaycan tərəfindən təşkil edilən və CQD ölkələri, tərəfdaş dövlətlər və Avropa Komissiyasının yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III Görüşündə bir daha bəyan edilib.

Biz ümumi maraqlarımıza uyğun gələn digər sahələr, o cümlədən uzlaşma, ətraf mühit, təhsil, turizm, mədəniyyət və mobillik, həmçinin insanlararası təmaslar, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində də dialoqu inkişaf etdirmək niyyətindəyik.

Asiya və Avropa arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan hər zaman regional və trans-regional uzlaşma təşəbbüslərinin fəal iştirakçısı və reallaşmasında aparıcı rol oynayan dövlət olub. Bu gün Azərbaycan coğrafi qovşaq adlandırılan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin təşviqi üçün üç mühüm layihənin yerinə yetirilməsinə qoşulub.

Strateji Bakı-Tbilisi-Qars (BTQ) layihəsi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmiryol xəttinin istifadəyə verilməsi regional ticarəti asanlaşdıracaq və Şərq və Qərb arasında fasiləsiz dəmiryolu xəttinə çıxışı mümkün edəcək. Biz layihənin bu il başa çatdırılmasını gözləyirik. Asiya və Avropa arasında daşımaların qiymət və vaxt baxımından effektliyini artırmaqla, BTQ hazırkı yollara güclü alternativdir.

2016-cı ildə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, daha sonra Azərbaycan və Gürcüstanı keçməklə Avropaya istiqamətlənən konteyner qatarını istifadəyə verdik. Bu sınaq qatarı sübut etdi ki, bu yol tranzit müddətini 30-35 gündən 15 günədək azalda bilər.

Azərbaycan həmçinin digər önəmli layihənin, illik 25 milyon ton yük potensialı olan və Xəzər dənizində ən böyük və çoxməqsədli limanın-yeni Bakı Beynəlxalq Dəniz Limanınin (Ələt) tikintisinə başlayıb. Avropa, Rusiya və İranın dəmiryolları qovşağında və Bakı hava limanının yaxınlığında yerləşən Ələt limanı regional mərkəzə kəsintisiz əlaqə və hava yükdaşıması, həmçinin digər Xəzər dənizi limanlarına səmərəli dəmiryol çıxışı əldə etməyə imkan yaradacaq.

“TEN-T-in inkişafı” (Trans European Transport Network-TEN-T(Trans Avropa Nəqliyyat Şəbəkəsi)) üzrə keçən il Rotterdamda qəbul edilmiş Nazirlər Bəyanatı nəqliyyat dialoqunu irəlilətmək üçün dolğun platforma təqdim edir. Biz Şərq-Qərb dəhlizinin Azərbaycan hissəsi, yol və dəmiryol xətlərinin TEN-T mərkəzi şəbəkəsinə, həmçinin Şimal-Cənub dəhlizinin TNT-T hərtərəfli şəbəkələrinə daxil edilməsini alqışlayırıq.

Çini Avropa ilə birləşdirən Trans Xəzər Beynəlxalq Tranzit Xətti kimi regional layihələrə Mərkəzi Asiya dövlətləri və Türkiyə də daxil olmaqla, daha geniş iştirak nəzərdən keçirilməlidir. Bu həmçinin Avropa İttifaqının trans Avropa şəbəkələrinin daha sonra Şərqə genişləndirilməsi məqsədi daşıyan Avropa İttifaqının uzlaşma (connectivity) gündəliyinə də uyğun olacaq”.

Nazir qeyd edib ki, Avropa İttifaqı ilə dialoqun gücləndirilməsi Azərbaycanın prioritetləri sırasındadır: “Son illərdə Şərq Tərəfdaşlığının ikitərəfli və çoxtərəfli istiqamətləri avropalı tərəfdaşlarla təcrübələrin bölüşülməsi və ən yaxşı praktikanın mübadiləsində faydalı vasitə olduğunu sübut edib.

Aprel ayının sonunda Avropa İttifaqı ilə yeni ikitərəfli razılaşma üzrə danışıqlara başlayacağıq. Azərbaycan üçün ən mühüm element ondan ibarətdir ki, yeni Razılaşma kifayət qədər aydın şəkildə Avropa İttifaqının Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi və hörməti və bu mövqeyə uyğun fəaliyyətə sadiqliyi əks etdirir. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub”.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycanın, eləcə də Şərq Tərəfdaşlığının digər ölkələrinin ərazi bütövlüyünə hörmət yalnız bizim maraqlarımız üçün deyil, həmçinin Avropa İttifaqının da maraqlarına uyğundur və regionun inkişafı üçün önəmlidir.

Trend.az

ATƏT illik hesabatında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətinə dair detalları açıqlayıb

12.04.2017 | 11:48

atet

“Ötən il Dağlıq Qarabağda cəbhə xəttindəki gərginliyə və ümumilikdə danışıqlar prosesində irəliləyişin az olmasına baxmayaraq, ATƏT münaqişələrin sülh yolu ilə davamlı həllinə səy göstərməkdə davam edir”.

 

APA-nın məlumatına görə, bu barədə ATƏT-in 2016-cı il üçün illik hesabatında deyilir.

 

Bildirilir ki, ötən il münaqişələr ATƏT gündəliyində əsas mövzu olaraq qalıb və Dağlıq Qarabağ zonasında zorakılıq hallarının artması böhranların idarə olunmasının intensivləşməsini labüd edib. Hesabata əsasən, Almaniya sədrliyi ATƏT-in münaqişələrin həlli ilə bağlı formatlarının möhkəmlənməsi və bu münaqişələrdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bu və digər münaqişələrin həlli istiqamətində nəzərəçarpacaq səylər göstərib: “Almaniya sədrliyi ötən ilin aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən eskalasiyaya dərhal reaksiya verib, Daimi Şuranın xüsusi iclasının keçirilməsinə təşəbbüs göstərib və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və araşdırma mexanizmlərinin yaradılması ilə Vyana və Sankt-Peterburq razılaşmalarının həyata keçirilməsini təbliğ edib. Almaniya sədrliyi münaqişənin həlli ilə bağlı siyasi danışıqlar prosesinin bərpasına çağırıb”.
Hesabatda həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aprel hadisələri zamanı fəaliyyəti qeyd olunub. Bildirilib ki, o, aprel hadisələrindən sonra tərəflərin tələbi ilə təmas xəttində öldürülmüş əsgərlərin meyitlərinin axtarılması və qaytarılması məqsədi ilə 8 günlük səfər edib: “Monitorinq prosedurları tərəflərin axtarış dəstələrinin və öz mandatını icra edən Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin təhlükəsizliyini təmin etməyə yönəlib. Bu müddətdə ofis Almaniya sədrliyini, Minsk qrupu həmsədrlərini və Minsk qrupunu proses barədə məlumatlandırıb. 2016-cı il ərzində şəxsi nümayəndə və onun komandası mütəmadi əsasda tərəflərin yüksək ranqlı siyasətçiləri və hərbçiləri ilə görüşüb, sədrlik və Minsk qrupunu mütəmadi hesabatlarla təmin edib. ATƏT sədrinin şəxsi nümayəndəsi ATƏT sədrini iyunda Cənubi Qafqaza səfərində, habelə həmsədrləri aprel və oktyabr aylarında gerçəkləşən səfərlərdə müşayiət edib. Şəxsi nümayəndə eyni zamanda həmsədrlərin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə fevral, may, iyun və sentyabrda ayrılıqda baş tutmuş görüşlərində, iyul və dekabrda baş tutmuş birgə görüşlərində müşayiət edib, eləcə də prezidentlərin may və iyun görüşlərinin hazırlanmasında kömək edib. Həmsədrlərlə birlikdə o, Vaşinqton, Berlin, Moskva və Vyanada xarici işlər nazirlərinin brifinqlərində iştirak edib, Minsk qrupunun və ATƏT-in fəaliyyətdə olan sədrinin mütəmadi görüşlərinə qatılıb. Şəxsi nümayəndə həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BQXK daxil olmaqla, beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirib”.

 

Hesabata əsasən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baçler Ermənistan, Azərbaycan və Gürcüstana səfəri zamanı hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. O, görüşlərdə ATƏT-in öhdəlikləri və vəzifələrini qeyd edib, regionda sülhyaratma səylərinə dəstək ifadə edib.
Hesabatda həmçinin bildirilir ki, 2016-cı ildə Azərbaycanın ATƏT-ə yardımı 45 408 avro təşkil edib.

 

Apa.az