Azərbaycanca

XƏBƏR

Prezident İlham Əliyev: Düşmən təxribatına qurban olmuş günahsız övladlarımızın qanı yerdə qalmayacaq, erməni təcavüzünə son qoyulacaq

20.11.2017 | 12:03

Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu göndərib.

Məktubu Forumun açılış mərasimində Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov oxuyub.

Məktubda deyilir: “Hörmətli forum iştirakçıları, əziz uşaqlar! Sizi – Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı çatdırır, hər birinizə cansağlığı, xoşbəxtlik və gələcək həyatınızda nailiyyətlər arzulayıram.

Uşaqların taleyinə aid məsələlər hazırkı dünyada sabahını düşünən cəmiyyətin çox mühüm prioritetlərindədir”.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətimizin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim qayğı göstərilməlidir” sözləri bir an belə unudulmadan ölkəmizdə uşaq hüquqlarının ən etibarlı şəkildə qorunması üçün zəruri şərait yaradıb:

“Övladlarımızın yüksək mənəvi və sosial müdafiə mühitində böyüməsi, müasir standartlara uyğun, keyfiyyətli təhsillə, tibbi xidmətlərlə təmin edilməsi və xalqımızın milli dəyərlərə sadiq mənən zəngin övladları kimi formalaşması Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətinin başlıca prinsiplərindəndir.

Uğurla icra olunan çoxsaylı sosial yönümlü layihələr də bu amala xidmət göstərir. Uşaqların müdafiəsi ölkə Konstitusiyası ilə, qanunvericlik və normativ hüquqi aktlarla tənzimlənir”.

Daha sonra məktubda deyilir: “Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Bu ölkənin gündən-günə daha güclü və daha qüdrətli olması sizin gələcək xoşbəxt və firavan həyatınızın təminatıdır”.

Dövlət başçısı bildirib ki, Azərbaycan sürətli inkişaf yolundadır: “İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə etibar edəcək. Qətiyyətlə deyə bilərəm ki, siz istedadınızı və yaradıcılıq potensialınızı üzə çıxartmağınız üçün ölkəmizdə geniş imkanlara maliksiniz.

Dövlətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları kobud şəkildə pozulmuş qaçqın və məcburi köçkünlərimizin, onların uşaqlarının müdafiəsi naminə öz qüvvəsini səfərbər etmişdir.

Əminrəm ki, düşmən təxribatına qurban olmuş günahsız övladlarımızın qanı yerdə qalmayacaq və erməni təcavüzünə son qoyulacaq. Azərbaycanın haqq işi qalib gələcək və ədalət bərqərar olacaq.

Ümidvaram ki, forum çərçivəsində aparılacaq müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyyasətinin layiqincə həyata keçirilməsi işinə öz töhfəsini verəcək”.

Trend

“Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür

20.11.2017 | 11:58

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür.

Qarakənd faciəsindən 26 il ötür.

Hadisə 1991-ci il noyabrın 20-də baş verib.

Hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı – ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror

Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru

Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

Alı Mustafa oğlu Mustafayev – telejurnalist

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.

Faciədən 26 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.

Report.az

Ağdam Muğam Mərkəzinin inşası gələn ilin birinci yarısında başa çatdırılacaq

20.11.2017 | 11:51

Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Muğam Mərkəzi inşa edilir.

Ümumi sahəsi 1800, daxili sahəsi isə 1580 kvadratmetr olan mərkəzin binasında 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə, dərs otaqları yaradılacaq. Həyətdə 60 avtomobil üçün dayanacaq, həmçinin qazanxana, nasosxana, yanğın əleyhinə su anbarları tikiləcək.

Artıq binanın tikintisində dəmir-beton və hörgü işləri yekunlaşmaq üzrədir.

Muğam Mərkəzinin inşasının 2018-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur. Xalqımızın zəngin milli-mənəvi sərvəti olan muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək bu mühüm layihə ölkəmizdə musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verəcək.

AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə  atəşkəs rejimini 128 dəfə pozub

20.11.2017 | 11:48

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

Ermənistanın Noyemberyan rayonunun Voskevan və İcevan rayonunun Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.