Azərbaycanca

XƏBƏR

Məmmədyarov: “Həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır”

17.11.2017 | 12:31

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə görüşdən sonra  sualları cavablandırıb.

– Cənab nazir, həmsədrlərlə görüşün yekununu necə qiymətləndirirsiniz?

– Mən danışıqların məzmunundan çox razı qaldım. Danışıqlar kifayət qədər konstruktiv və substantiv keçdi. Münaqişənin həllinə dair konkret məsələləri müzakirə etdik. Təfsilata varmayacağam, çünki bu görüşlərimizi ATƏT Xarici İşlər Nazirlərinin dekabrın əvvəllərində nəzərdə tutulmuş Vyana toplantısı çərçivəsində davam etdirmək barədə qərara gəlmişik. Prinsip etibarı ilə ideyalar var. Həmsədrlər bir qədər də irəli getmək üçün bu ideyalar üzərində işləməyi öz üzərlərinə götürüblər. Mənə həmişə sual verirlər ki, biz hansı plan üzrə işləyirik? Cavab verirəm ki, 2004-cü ildən Praqa prosesindən başlayaraq təklif olunan bütün ideyalar masa üzərindədir. Təbii ki, onların bir hissəsi həmsədrlərin dediyi 6 bəndən ibarət təkliflərdir. Siz onlara baxa bilərsiniz. Biz bu gün detallar üzərində işlədik. Deyə bilmərəm ki, hədsiz optimistəm. Həmsədrlərlə görüş göstərdi ki, biz, yəni Azərbaycan və həmsədrlər il yarımdan çox müddətdir ki, yerində addımlayan danışıqlar prosesini irəli aparmaqda qətiyyətlidir.

– Lavrovun Bakıya və İrəvana səfəri olacaq. Bu səfər sırf Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdırmı?

– Rusiyanın xarici işlər naziri Sergey Lavrov ayın 19-da Bakıya rəsmi səfər edəcək, 20-də isə İrəvana gedəcək. Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlər, o cümlədən Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq. Lavrovun səfəri zamanı müzakirə olunacaq çox məsələ var. Əlbəttə ki, əsas müzakirə olunacaq məsələ Qarabağ münaqişəsinin həlli yollarıdır. Rusiyalı həmsədr İqor Popov da mənə bildirdi ki, bu gün həmsədrlərlə keçirilən görüş barədə tam şəkildə Lavrova məruzə olunacaq.

– Bugünkü görüşdə prezidentlərin növbəti görüşünün keçirilməsi müzakirə olundumu? Bu istiqamətdə hansısa konkret təkliflər varmı?

– Həmsədrlərlə belə qərara gəlmişik ki, Vyanada 2+3 formatında görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünü müzakirə edək. Vyana görüşündən sonra prezidentlərə görüşmək təklifi verəcəyik. Bu gün həmsədrlərlə müzakirə olunmuş məsələləri Ermənistan tərəfi də müzakirə etdikdən sonra prezidentlərə görüşün keçirilməsinin mümkün olub-olmamasını təklif edəcəyik.

– Moskva səfəri ərəfəsində Bakıda demişdiniz ki, danışıqlar xətrinə danışıqlar aparmaq olmaz. Prosesi ölü nöqtədən tərpətmək lazımdır. Sizcə proses ölü nöqtədən tərpədilibmi? Bugünkü danışıqlar hansısa irəliləyişə ümid yaradırmı?

– Mən danışıqlarda hansısa irəliləyişin olduğunu deməyə şad olardım. Lakin bu irəliləyişə maneə olan məqamları özünün təhlil aparsanız, tapa bilərsiniz. Ümid həmişə var və bu ümid kifayət qədər ciddidir. Bu gün hiss etdim ki, həmsədrlər işə olduqca ciddi yanaşırlar. Açıq mətnlə dedilər ki, biz turist deyilik, bizə ciddi danışıqlar lazımdı, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Çünki nə qədər bəhanə gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuzluğa qədər davam edəcək? Xeyr! Bu real deyil. Alternativ hamıya məlumdur. Bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşma baş versin. Azərbaycan kifayət qədər iqtisadi cəhətdən inkişaf etmiş və iri geostrateji layihələr həyata keçirən ölkədir. Lakin boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, ən azından bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır. Məsələ burasındadır ki, hamı hansı yolla getmək lazım olduğunu çox gözəl bilir. Çünki plan məlumdur və mətbuatda yayılıb. Bu hamıya məlum olan məsələdir. Hamı münaqişənin həlli yolunu çox gözəl bilir, amma yekun addımı atmaqdan qorxurlar. Çünki bu addım siyasi addımdır.

– Amerikalı keçmiş həmsədr Metyu Brayza ABŞ-ın Minsk qrupunda həmsədrlikdən çəkilə, bununla da Minsk qrupunun formatının dəyişə biləcəyi barədə fikirlər səsləndirib. Sizcə, bu məlumat nə dərəcədə həqiqətə uyğundur?

– ABŞ-ın həmsədrlikdən çəkiləcəyinə və həmsədrlik formatının dəyişəcəyinə inanmıram. Çünki amerikalı həmsədr öz vəzifəsinə çox ciddi yanaşır. Bir ara da belə söhbətlər vardı. ABŞ Dövlət Departamentində bəzi vəzifələrin ixtisara salınması barədə müzakirələr gedirdi. Ancaq bugünkü görüşə amerikalı həmsədr tək deyil, öz köməkçisi ilə gəlmişdi. Bu, onu göstərir ki, ABŞ tərəfi işə ciddi yanaşır.

APA

Moskva müxbiri Fərid Əkbərov

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

17.11.2017 | 12:04

Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.

Keçən əsrin axırlarında dünyanın altıdabirini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu.

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümummilli Liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub

17.11.2017 | 11:49

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Cocuq Mərcanlıda tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başa çatıb

16.11.2017 | 17:09

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başa çatıb.

Davamı