Azərbaycanca

XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri  snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 125 dəfə pozub

11.01.2018 | 15:33

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib

10.01.2018 | 15:33

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini deyib.

Qeyd edək ki, bu il Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin iqamətgahında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən ərazisi 99 908,86 km² olub, 13 983,1 km² ərazi isə mübahisəli kimi qəbul olunaraq Ermənistanla aparılacaq gələcək danışıqlar prosesində həlli nəzərdə tutulub.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Cümhuriyyətin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqlənib.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Azərbaycan Xalq Cümhuriyyəti milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə geniş təbrik nitqi söyləyib.

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə. Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H. Ağayev rəhbərlik edib.

Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal edilib.

APA

Prezident İlham Əliyevin sədrliyi ilə iclası keçirilib

10.01.2018 | 15:19

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 122 dəfə pozub

10.01.2018 | 10:57

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.