Mən mətbuatda və ictimaiyyətdə deputatların yaş həddi ilə bağlı
çoxsaylı yazılara, yaşlı nəslin nümayəndələrinin aşağılanması,
alçaldılması kimi təhqirlərə reaksiya vermək fikrində deyildim. Lakin bu
gün fəaliyyəti əsasən parlamentə yönəlmiş Modern.az saytının 4 noyabr
2019-cu il tarixli “Yaşlı deputatlar xanım köməkçilərə üstünlük
verirlər…” adlı məqaləsindən sonra dözə bilmədim, vücudum titrədi. Belə
ki, adı çəkilən yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və
bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və
şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır.
Yaşlı deputatlara qarşı olan məsələyə də münasibət bildirmək
istərdim. Əvvələn, seçkili orqanlara seçkilərdə iştirak etmək və
seçilmək hüququ ilə bağlı aşağı həddin müəyyən edilməsi prinsipi bütün
ölkələrdə mövcud olsa da, yuxarı yaş həddi ilə bağlı hər hansı bir
məhdudiyyət yoxdur. İkincisi, yaşlı deputatlar öz dairələrində gənclərin
namizədliyinə təsir edib hər hansı bir məhdudiyyət qoymaq hüququna
malik deyillər. Namizədliyin qeydiyyata alınmasını dairə seçki
komissiyaları apardığından, say məhdudiyyəti yoxdur. Mən Şamaxıda millət
vəkili seçilərkən, birinci seçkimdə 11 namizəd iştirak edirdi və ən
gənc namizədin 28 yaşı vardı. Jurnalistlər bilməlidir ki, yuxarı yaş
həddi seçkili orqanlara aid deyil. Üçüncüsü, ümumiyyətlə, yaşlı nəslin
nümayəndələrini seçkilərdə belə təzyiqlər, təhdidlər, təqiblər,
alçaldıcı yazılarla çəkindirmək bütün yaşlı nəslin nümayəndlərinə qarşı
olan bir hörmətsizlikdir, ağır təhqirdir.
Azərbaycan cəmiyyətində tarixlər boyu yaşlı nəslin nümayəndələrinə
xüsusi hörmət və ehtiram mövcud olmuşdur. Dünyanın hər yerində yaşlılara
böyük hörmət qoyulur. Sivil dövlətin amillərindən bir də yaşlı nəslin
nümayəndəsinə hörmətdir. Məsələn, qardaş Türkiyədə istər ictimaiyyətdə,
istər siyasətçilər arasında, istər restoranda, istər hava limanında,
istər xəstəxanada, hər yerdə mənə baba kimi müraciət edirlər. Baba sözü
isə Azərbaycan dilində ata deməkdir. Bu, hörmət və ehtiramdır. Hər bir
yaşlı deputatın xidmətləri, ləyaqəti, yaxşı işləri olub ki, deputat
seçilib və onları xalq seçib. Bu gün bu deputatların namizədliklərini
verib-verməmələri barədə onlara qarşı təhqiredici kampaniya təşkil
etmək, hörmətsizlik və təzyiq göstərmək bizim cəmiyyətimizə nə dərəcədə
yaraşan bir işdir? Axı seçki kampaniyası bir yarışdır. Bu yarışın
qalibini də ən azı 30,000-dən artıq seçici müəyyən edir. Möhtərəm
Prezident seçkili orqanlar barədə yaş həddi ilə bağlı belə bir ifadə
işlətməyib. Əksinə, cənab Prezident bu günlərdə yaşlı nəslin
nümayəndələrinə qarşı hər hansı kampaniyanın təşkil edilməsinə yol
verməyəcəyini bildirmişdir.
Mən eyni zamanda bildirmək istərdim ki, yaşlı deputatların seçkilərdə
iştirakına sədd qoymaq istəyən jurnalistlər bilməlidirlər ki, onlar
Azərbaycanda son 15 ildə keçirilən azad, ədalətli, şəffaf, demokratik
seçkilərə kölgə salan və bununla bağlı ölkəmizə qarşı şər və böhtan
kampaniyaları keçirən beynəlxalq təşkilatlara ölkəmizlə bağlı qarayaxma
kampaniyalarını davam etdirmək üçün əlavə imkanlar yaradırlar. Belə ki,
jurnalistlərin bu münasibəti Azərbaycanda yaşlı nəslin nümayəndələrinin
hüquqlarının məhdudlaşdırılması, onların seçki hüquqlarının pozulması
kimi iddialara yol açır və nəticə etibarilə beynəlxalq qurumlar
tərəfindən ölkədə seçkilərin qeyri-şəffaf və qeyri-demokratik
keçirilməsi kimi qiymətləndirilməsinə xidmət etmiş olur. Odur ki,
sağlam, çevik, kamil, müdrik yaşında olan insanların deputat seçilməsini
hər hansı bir jurnalist deyil, xalq və seçicilər müəyyən etməlidir.
Eyni zamanda qeyd etmək istərdim ki, son bir neçə gün əvvəl bəzi
internet portallarında çap edilmiş yazılarda deputat həmkarlarım da
təhqir edilmişlər. Bundan əlavə, yuxarıda adı çəkilən yazıda isə yaşlı
deputatlarla yanaşı, qadın ləyaqəti təhqir edilmiş, qadının təmiz adına
bir ləkə atılmış, əxlaqsızlıq edilmişdir. Bu, ləyaqətli köməkçi
xanımların həyat yoldaşlarına, qardaşlarına, atalarına, övladlarına
qarşı bir təhqirdir. Görəsən, jurnalist bu ləyaqətsiz əməllərinə onların
qarşısında necə bəraət qazandıra bilər? Mən bunları cinayət hesab
edirəm. Bax cinayət belə yaranır.
Hesab edirəm ki, adı çəkilən yazı Mətbuat Şurası tərəfindən müzakirə
edilməli, adı hallanan köməkçilərdən və onların ailələrindən mətbuat
vasitəsilə təcili üzr istənməli, yazının müəllifi və həmin yazını dərc
etmiş saytın rəhbərliyi cəzalandırılmalı, qəbul edilmiş qərar barədə
ictimaiyyət məlumatlandırılmalıdır.
Oktyabrın 24-də Şamaxının millət vəkili
Elxan Süleymanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Nəsimi böyük mütəfəkkir kimi” mövzusunda Şamaxının67 orta və tam orta məktəb
şagirdləriarasında keçirilmiş inşa müsabiqəsinin yekun tədbirində iştirak edib.Millət
vəkilinin təşəbbüsü və dəstəyi ilə keçirilmiş inşa müsabiqəsini Azərbaycanda Vətəndaş
Cəmiyyətininİnkişafına Yardım Assosiasiyası (AVCİYA) və 1905.az portalı təşkil
edib.
11-12 oktyabr 2019-cu il
tarixdə Şamaxıda keçirilmiş inşa müsabiqəsində Göylər 1 saylı tam orta məktəbin
IX sinif şagirdi Qəniyeva Nərmin İskəndər qızı I yerə, Çuxuryurd kənd tam orta
məktəbin X sinif şagirdi Abdurahmanova Arzu İslam qızı və Göylər kənd 1 saylı
tam orta məktəbin IX sinif şagirdi Kərimova Nəzrin Müşfiq qızı II yerə, Məlhəm
kənd tam orta məktəbin VIII sinif şagirdi Hidayətov Nuran Aqil oğlu, Şamaxı şəhər
9 nömrəli tam orta məktəbin X sinif
şagirdi Abbasova Gültəkin Nemət qızı və Çuxuryurd kənd tam orta məktəbin VIII
sinif şagirdi Əfəndiyeva Vüsalə Vüqar qızı isə III yerə layiq görülüb.
Aktyor
Səfa Mehdinin aparıcılığı ilə keçən tədbirdə filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy,
inşa müsabiqəsinin münsiflər heyətinin rəhbəri,filologiya
elmləri doktoru, professor Asif Hacılı,
Çuxuryurd kənd tam orta məktəbinin direktoru Fuad Nəsirov, Şamaxı rayon Təhsil
şöbəsinin müdiri Namiq Nağıyev, Şəhriyar
qəsəbəsi tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı muəllimi Nişanə
Əyyubova çıxış ediblər. Yerli sakin, Nəsimi
yaradıcılığının bilicisi Fərəc Əliyev böyük mütəfəkkirin şeirlərindən nümunələr
söyləyib.
Tədbirdəçıxış edən millət vəkili Elxan Süleymanov2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə böyük töhfə kimi dəyərləndirib. Millət vəkili inşa müsabiqəsinin qaliblərini bir-bir səhnəyə dəvət edərək şəxsən diplom, “Şamaxı ensiklopediyası” kitabları və pul mükafatları ilətəltif edib, onlara öz tövsiyələrini çatdırıb. Müsabiqədə I yerə layiq görülmüş Göylər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Qəniyeva Nərminin Azərbaycan dili və ədəbiyyatı muəllimi Xoşqədəm İsrafilovaxüsusi diplom, xatirə hədiyyələri və pul mükafatına layiq görülüb. Görüşün sonunda xatirə fotoşəkli çəkdirilib.
AŞPA-ya Üzv Dövlətlərin
Milli Parlamentlərinin Sədrlərinə
AŞPA-nın bütün üzvlərinə
Bakı,
4 iyul 2019-cu il
AÇIQ MƏKTUB
Hörmətli həmkarlar,
AŞPA-nın 2019-cu il
yay sessiyası zamanı 2287 (2019)saylı
“Parlament Assambleyasının mandatlar və səsvermə ilə bağlı qərarverici
prosesinin gücləndirilməsi” Qətnaməsi qəbul edildi. Bu qətnamənin ehtiva etdiyi
müddəaların vacibliyini nəzərə alaraq, həmin müddəalarla bağlı aşağıdakıları
qeyd etməyi vacib hesab edirəm.
Belə ki, qətnamənin
2-ci bəndində Assambleyanın “öz prosedur və mexanizmlərinin ardıcıllığını,
müvafiqliyini, effektivliyini və legitimliyini konstruktiv şəkildə təhlil etmək
niyyətində” olduğu vurğulanır. Sənəddə həmçinin “Avropa Şurasının fundamental dəyərləri
olan demokratiya, hüququn aliliyi və insan hüquqlarını qətiyyətlə dəstəkləmək məqsədilə
iş aparatının və prosedurlarının nəzərdən keçirilməsinin” vacib olduğu halda,
Assambleyanın “təcrübələrini dəyişməyi və qaydalarına düzəliş etməyi zəruri”
hesab edə biləcəyi diqqətə çatdırılır.
Assambleya Avropa
Şurası Nazirlər Komitəsinin 17 may 2019-cu ildə Helsinkidə qəbul etdiyi
“Avropada demokratik təhlükəsizlik üçün bölüşdürülmüş məsuliyyət – hüquqlar və
öhdəliklər, prinsiplər, standartlar və dəyərlərə hörmətin təmin olunması” qərarını
xatırladır (bənd 4). Sənəddə eyni zamanda “üzv dövlətin öz hüquqi öhdəliklərini
pozduğu və ya Avropa Şurası tərəfindən dəstəklənən fundamental prinsip və dəyərlərə
riayət etmədiyi hallarda təşkilatın daha effektiv reaksiya vermək bacarığını
möhkəmləndirmək məqsədilə” Parlament Assambleyası, Nazirlər Komitəsi və Baş
Katib tərəfindən təşəbbüs göstərilə biləcək birgə reaksiya proseduru
hazırlanması ilə bağlı “Parlament Assambleyasının rolu və missiyası: gələcək
üçün əsas çağırışlar” adlı 2277 (2019) saylı Qətnamənin və 2153 (2019) saylı
Tövsiyənin mümkün qədər tez zamanda işə salınmasının qətiyyətlə dəstəkləndiyi
bildirilir.
Qətnamədə üzv dövlətlərin Avropa Şurası Nizamnaməsinə
uyğun olaraq təşkilatın məşvərət orqanları olan Parlament Assambleyasında və
Nazirlər Komitəsində bərabər əsasla iştirak etmək hüququna və öhdəliyinə malik olduğu
qeyd edilir. Bundan əlavə, bütün parlament nümayəndə heyətlərinin Prosedur
Qaydaları altında eyni hüquqlardan yararlandığı və bərabər şəkildə hamıya tətbiq
olunan prosedurlara müvafiq şəkildə eyni öhdəliklər daşıdığı xatırladılır (bənd
8).
Qətnamədə üzvlərin
Assambleyanın və onun orqanlarının fəaliyyətlərində iştirakçılıq və təmsilçilik
hüquqlarının Assambleya tərəfindən geri götürülə və ya dayandırıla bilməsinin
Assambleyanın Prosedur Qaydalarında yer almadığı bildirilir. Lakin Avropa
Şurası daxilində hüquqi uzlaşmanı təmin etmək, o cümlədən üzv dövlətlərin təşkilatın
hər iki məşvərət orqanında təmsil olunmaq və iştirak etmək hüququna və öhdəliyinə
riayət olunduğunu təmin etmək məqsədilə Prosedur Qaydalarının 10-cu Qaydasını
aşağıdakı kimi tamamlamaq qərarı verir: “Mandatların sual altına qoyulması və onlara
yenidən baxılması kontekstində üzvlərin Assambleyada və onun orqanlarında səs
vermək, çıxış etmək və təmsil olunmaq hüquqları dayandırıla və ya geri götürülə
bilməz” (bənd 10).
Nəhayət, sonda “Assambleya
hesab edir ki, substantiv əsaslarla milli nümayəndə heyətinin fərdi üzvlərinin
mandatlarının sual altına qoyulması üçün prosedurun təqdim edilməsinə nəzərən
Prosedur Qaydalarının tamamlanması məsələsini gələcəkdə nəzərdən keçirməyə dəyər”
(bənd 11). Ehtimal etmək olar ki, Assambleya milli nümayəndə heyətlərinin fərdi
üzvlərinə mandatların onların təmsil etdiyi milli parlamentlər tərəfindən
verildiyini anlayır. Odur ki, fərdi üzvlərin mandatlarının sual altına alınması
ilə bağlı məsələnin Prosedur Qaydalarında yer almadığına işarə edərək bu məsələyə
gələcəkdə baxılacağını bildirir.
Beləliklə, Avropa
Şurasının 70 illiyi qeyd edilən ərəfədə AŞPA-nın mandatlar və səsvermə ilə
bağlı qərarverici prosesin təkmilləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində
səylər göstərməsi ilk baxışda çox müsbət bir addım təəssüratı yaradır. Doğrudanmı AŞPA bu qətnaməni qəbul edərkən
yalnız “Avropa Şurasının fundamental dəyərləri olan demokratiya, hüququn
aliliyi və insan hüquqlarını qətiyyətlə dəstəkləmək məqsədilə iş aparatının və
prosedurlarının nəzərdən keçirilməsini” təşkilatın 70 illik yubiley ilində
obyektiv zərurət kimi gündəmə gətirib?!
Məgər indiyədək Assambleya Avropa Şurasının Nizamnaməsində ehtiva
edilmiş dəyərlərə əməl etmirdimi?! Əgər belədirsə, onda bu qurumun üzv ölkələrdə
demokratiya, hüququn aliliyi və insan hüquqlarının təmin edilməsi kimi dəyərləri
dəstəklədiyi barədə bəyanatlarını və qərarlarını necə dəyərləndirək? AŞPA çərçivəsində
indiyədək üzv dövlətlərlə bağlı qəbul edilmiş qərarlar nə dərəcədə təşkilatın bəyan
edilmiş dəyərləri ilə uzlaşır və onları obyektiv hesab etmək olarmı?! AŞPA-da
üzv ölkələrin bərabər hüquqlara malik olmasına əməl edilirmi, yoxsa onlar
ayrıseçkiliyə və qərəzliliyə məruz qalırlarmı? Assambleyanın Prosedur
Qaydalarında fərdi üzvlərin mandatlarının sual altına alınması və cəzalandırılması
ilə bağlı heç bir müddəa olmadığı halda hansı qondarma əsaslarla AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və
İnstitusion Məsələlər Komitəsi Azərbaycanla əməkdaşlıq etmiş fərdi üzvlərin
cəzalandırılması barədə qərar qəbul etdi?
Assambleya rəhbərlərinin üzv dövlətlərin nümayəndə
heyətlərinin bu qurumda və onun orqanlarının fəaliyyətlərində iştirakçılıq və təmsilçilik
hüquqlarının Assambleya tərəfindən geri götürülməsi və ya dayandırılması barədə
Avropa Şurası Nizamnaməsində və Assambleyanın Prosedur Qaydalarında hər hansı
müddəanın yer almamasından indiyədək xəbəri yox idimi? Onda AŞPA hansı əsaslarla
hər hansı bir üzv dövlətə qarşı sanksiyalar tətbiq edir və bu cəhdlərə səy göstərir?
Göründüyü kimi,
suallar çoxdur. Lakin bu sualların cavabı yalnız AŞPA-da qərarların qəbul edilməsi
praktikasına nəzər saldıqda aydın olur. Həmin praktikaya nəzər saldıqda,
yuxarıda qısa şərhini verdiyimiz “Parlament Assambleyasının mandatlar və səsvermə
ilə bağlı qərarverici prosesinin gücləndirilməsi” adlı qətnamənin qəbul edilməsinin
səbəbləri və onu şərtləndirən amillər tam aydın olur.
Qeyd etməliyəm ki, Azərbaycan uzun illər ərzində AŞPA-da
müxtəlif məsələlərlə bağlı qərəzli münasibətlərə və ayrıseçkiliyə məruz
qalmışdır. Belə ki, mütəmadi olaraq bu qurumun üzvü olan dövlətlərdən yalnız
Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürülmüş, sənədlər
qəbul edilmişdir. Hətta Azərbaycana qarşı təzyiqləri gücləndirmək məqsədilə AŞPA-da siyasi məhbus məsələsi
ətrafında paradoksal bir vəziyyət yaranmışdı: “siyasi məhbus” anlayışının meyarlarının
müəyyənləşdirilməsi və Azərbaycanda siyasi məhbusların izlənilməsi eyni bir
deputata – Kristof Ştrasserə həvalə edilmişdi. Belə bir qərarın qəbul edilməsi
Avropa Şurası strukturlarında Azərbaycana münasibətdə qərəzli mövqeyin və ikili
standartların mövcudluğunun bariz nümunəsi idi.
Ştrasserin siyasi məhbusların müəyyənləşdirilməsi məruzəsi
AŞPA-nın 2012-ci ilin oktyabr sessiyasında gərgin müzakirələrdən sonra 89 səs
lehinə, 89 səs əleyhinə olmaqla prosedur qaydalarının mükəmməl olmaması
səbəbindən hüquqi baxımdan qəbul edilmiş sayıldı. Bu səsvermə AŞPA-nın məsələ
ilə bağlı etibarlılığını sarsıtdı və Assambleyada ciddi parçalanma olduğunu
sübut etdi. Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair sırf
anti-Azərbaycan xarakteri daşıyan qərəzli məruzəsi isə 2013-cü ilin yanvar
sessiyasında ciddi səs fərqi ilə rədd edildi – Assambleya üzvlərinin böyük
əksəriyyəti bu qərəzli məruzənin əksinə səs verdi.
Anti-Azərbaycan qüvvələr
Ştrasserin məruzəsinin qəbul edilməməsindən qəzəblənərək müxtəlif bəhanələrlə və
vasitələrlə Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə
çalışırdılar. Həmin qüvvələr Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər
ərazilərində gərginliyin artmasına dair məruzənin hazırlanmasına nail
olunmasını, Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum
edilməsinə dair 2085 (2016) saylı qətnamənin qəbul edilməsinin Azərbaycan
hakimiyyətinin AŞPA üzvlərini ələ alması nəticəsində mümkün olduğu barədə fikir
formalaşdırmağa başladılar. Azərbaycanın qeyd edilən uğurlarının əldə edilməsində
xüsusi aktivlik ilə seçildiyimizə görə mənə (Elxan Süleymanov) və həmkarım
Müslüm Məmmədova qarşı korrupsiya ittihamları irəli sürüldü.
Azərbaycana qarşı məkrli
planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni
dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının
qeyri-mümkünlüyünə əmin olan anti-Azərbaycan qüvvələr yeni strategiya seçdilər.
Bu strategiyanın əsasında Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla bağlı məsələlərin
müzakirəsində müstəqil mövqe nümayiş etdirən AŞPA üzvlərinə sanksiyaların tədbiq
edilməsi və cəzalandırılması dayanmalı idi. Bunun üçün həmin qüvvələr tərəfindən
AŞPA katibliyinin dəstəyi ilə Ştrasserin məruzəsinin əleyhinə səs vermiş üzvlərin
Azərbaycanla korrupsiya xarakterli işbirliyində olmaları barədə iddialar irəli sürüldü, AŞPA-da
korrupsiyaların olması barədə Avropa Sabitlik Təşəbbüsü adlanan QHT tərəfindən
bir neçə hesabat hazırlandı. Beləliklə, AŞPA-da korrupsiya iddialarının
araşdırılması məsələsi gündəliyə gətirildi və Müstəqil Kənar İstintaq Orqanının
yaradılması barədə qərar qəbul edildi. Qeyd edilməlidir ki, AŞPA-da korrupsiya
iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılmasının arxasında
siyasi məhbus məsələsinin yenidən gündəliyə qaytarılması vasitəsilə Azərbaycanı
siyasi poliqona çevirmək istəyi dayanırdı.
Doğrudan da, İstintaq Orqanının üzvləri hesabatı
hazırlayarkən öz mandatlarını Azərbaycanla məhdudlaşdırmışdılar. Belə ki,
İstintaq Orqanının 2018-ci ildə qəbul edilmiş hesabatının yalnız bir səhifəsi
(219 səhifədən) digər üzv dövlətlərə, qalan 218 səhifə isə Azərbaycanla bağlı məsələlərə
həsr edilmişdi.
Hesabatda heç bir dəlil və sübut göstərilməsə də, 2008-ci ildən 2017-ci ilədək dövr ərzində
Azərbaycan üzrə həmməruzəçi və seçki missiyalarının rəhbərləri olmuş AŞPA üzvləri,
Azərbaycanla əməkdaşlıq etmiş komitə sədrləri və siyasi qrupların rəhbərləri
korrupsiya iddialarında şübhəli bilindilər, onlara qarşı Assambleyanın Davranış
Kodeksini pozmaları haqqında iddialar irəli sürüldü və fəaliyyətlərinin
dondurulması ilə təhdid edildilər. Hətta AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar
və İnstitusion Məsələlər Komitəsi Azərbaycanla əməkdaşlıq etmiş 14 nəfər deputatın Avropa Şurası və
Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum
edilməsi barədə qərar qəbul etdi.
Qeyd edilməlidir ki, AŞPA-da bir neçə üzv dövlətlə
bağlı vaxtaşırı ayrıseçkiliyə yol verilməsi açıq-aşkar görünürdü. Lakin bu
qurum beynəlxalq vəziyyətdə, o cümlədən üzv dövlətlərarası münasibətlərdə heç
bir ciddi dəyişiklik olmadan “Parlament Assambleyasının mandatlar və səsvermə
ilə bağlı qərarverici prosesinin gücləndirilməsi” adlı qətnamə qəbul edir və həmin
qətnamədə bildirir ki, bundan sonra “… üzvlərin
Assambleyada və onun orqanlarında səs vermək, çıxış etmək və təmsil olunmaq
hüquqları dayandırıla və ya geri götürülə bilməz”.
Bu qərarı qəbul etməklə AŞPA etiraf etmiş oldu ki,
Assambleyada indiyədək qəbul edilmiş qərarlar (ən azı onların böyük əksəriyyəti)
heç də Avropa Şurasının dəyərlərinə xidmət etməmiş və onlar qəbul edilərkən bu
təşkilatın Nizamnaməsinə əməl edilməmişdir, başqa sözlə, qəbul edilmiş qərarlar
korporativ məqsədlərə xidmət etmişdir.
Sual olunur: bu de-fakto etirafın kökündə nə
dayanır? Avropa Şurası rəhbərlərinin son 2 il ərzində təşkilatın maliyyə vəziyyəti
ilə bağlı fikirlərinə diqqət yetirdikdə aydın olur ki, təşkilat ciddi maliyyə
problemi ilə üzləşmişdir. Doğrudan da, Assambleyanın Rusiya Federasiyası nümayəndə
heyətinin mandatının ratifikasiya edilməsini ehtiva edən 2292 (2019) saylı Qətnaməsinin
13.2 bəndində “təcili şəkildə Avropa Şurasının büdcəsinə üzvlük haqqının” ödənilməsi
barədə çağırış edilməsi xüsusilə diqqəti çəkir. Görünür, hazırda AŞPA-da maliyyə
probleminin həlli Assambleya üçün prioritet və daha fundamental məsələyə
çevrilmişdir.
Bəs bu prosesləri kim
planlaşdırır və kim ona nəzarət edir? Qeyd edilməlidir ki, AŞPA-da korporativ
maraqlara xidmət edən bu proseslər qurumun Baş Katibi Voysix Savitskinin adı ilə
bağlıdır. Məhz Savitskinin aktiv fəaliyyəti nəticəsində AŞPA-da üzv dövlətlərlə
bağlı ayrıseçkilik və qərəzli münasibətlər gündəmdə yer almışdır. Məhz
Savitskinin fövqəl səyləri nəticəsində Avropa Şurasının Nizamnaməsinə zidd
olaraq Assambleyada korrupsiya iddialarını araşdırmaq üçün Müstəqil Kənar
İstintaq Orqanı təsis edilmiş, təşkilatın ciddi maliyyə problemləri ilə üzləşdiyi
bir vaxtda bu İstintaq Orqanının fəaliyyətinin təmin edilməsi üçün külli miqdarda
pul xərclənmişdir. Məhz Savitskinin tələbləri əsasında heç bir dəlil, sübut
olmadan Azərbaycan üzrə həmməruzəçi və seçki nümayəndə heyətlərinin rəhbərləri
olmuş, Azərbaycanla bağlı məsələlərdə obyektiv və müstəqil mövqe sərgiləmiş
AŞPA üzvləri, təşkilatın Nizamnaməsinə və Prosedur Qaydalarına zidd olmasına
baxmayaraq, korrupsiya iddialarında şübhəli bilinərək cəzalandırılmışdır.
Məhz Savitskinin fəaliyyəti
nəticəsində AŞPA faktiki olaraq demokratiya, hüququn aliliyi və insan hüquqları
kimi ümumAvropa dəyərlərinin deyil, müəyyən bir qrupun maraqlarının təminatçısı
olan təsisata çevrilmişdir. Faktiki olaraq hazırda Assambleyanın Sədarət Komitəsi
və Bürosu, həmçinin siyasi qruplar Savitski tərəfindən idarə edilir və onlar
Savitskinin iradəsindən kənar, müstəqil qərar qəbul etmək iqtidarında deyillər.
Ümumilikdə, AŞPA-da yaranmış vəziyyəti “mən varam – qurum var, mən yoxam –
qurum yoxdur” kimi xarakterizə etmək olar. Bu vəziyyət Assambleyada 2006-cı ildən
Savitski tərəfindən formalaşdırılmağa başlamış və hazırda öz pik səviyyəsinə
çatmışdır. Assambleyada 2 ildən sonra Baş Katib postuna seçkilər keçirilməlidir
və Savitski artıq bu postu tərk etməli olacaq. Bu səbəbdən onu Assambleyanın gələcəyi qəti şəkildə maraqlandırmır və
o, “mən varam – qurum var, mən yoxam – qurum yoxdur” prinsipinə əsaslanan
çirkli fəaliyyətini davam etdirir.
Bu gün məhz Savitskinin “parçala və idarə et”
prinsipinə əsaslanan fəaliyyəti nəticəsində Assambleyada inamsızlıq və
etimadsızlıq mühiti formalaşmışdır. Bunun göstəricisi kimi, Assambleyada 2287 (2019)
saylı qətnamə qəbul edildikdən dərhal sonra 7 üzv ölkənin nümayəndə heyətlərinin
etiraz əlaməti olaraq Assambleyanı tərk etməsini və öz milli parlamentlərinə
Assambleyada fəaliyyətlərinin dayandırılması barədə müraciət ünvanlamalarını göstərmək
yerinə düşər.
Savitskinin
destruktiv fəaliyyəti nəticəsində Assambleyanın fərdi üzvləri arasında siyasi
qruplara etimad itmişdir. Assambleyada Azad Demokratlar Qrupu siyasi
fraksiyasının Prosedur Qaydalarının Savitski tərəfindən cari ilin aprel ayında
dəyişdirilmiş yeni tələblərinə uyğun üzv toplaya bilməməsi səbəbindən 1 iyul
2019-cu ildən ləğv edilməsi qeyd edilənləri təsdiqləyir.
Bu proseslər artıq üzv dövlətlərin AŞPA-ya inam və
etimadını itirdiyini, AŞPA-nın isə faktiki olaraq özünü əhəmiyyətsiz bir quruma
çevirməkdə olduğunu sübut edir.
Hörmətlə,
Elxan
Süleymanov
Azərbaycan Respublikası Milli Məclisinin
üzvü
Azərbaycanın
AŞPA-da nümayəndə heyətinin keçmiş üzvü
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayır.
AZƏRTAC xəbər verir ki, mayın 24-dək davam edəcək təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf olunması, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.
Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunacaq.
Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.
Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.