Azərbaycanca

test

Azərbaycan-Ermənistan dövlət sərhədində  növbəti monitorinqin keçirilməsi planlaşdırılır

12.12.2017 | 11:05

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Oqnyen Joviç keçirəcəklər.

Ermənistan tərəfdən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Saymon Tiller aparacaqlar.

AZƏRTAC

Həmsədrlər yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşə bilərlər

13.12.2016 | 17:21

1ea3103e3e2af335f44102ec137065e2

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşə bilər.

 

APA-nın “Moskva-Baku” portalına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın ATƏT-də rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

 

Lukaşeviç xatırladıb ki, Hamburqda “2+3” formatında görüş baş tutmayıb.

 

Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində Dağlıq Qarabağa dair həmsədr ölkələrin bəyanata münasibət bildirən Lukaşeviç bəyanatın məzmunca mənalı olduğunu, danışıqlar prosesinin baza prinsipləri əks etdirdiyi söyləyib.

 

Lukaşeviçin qənaətinə görə, bəyanatda siyasi proses çərçivəsində müzakirə olunan yeni heç nə yoxdur. O, həmçinin Hamburqda “2+3” formatında görüşün baş tutmamasına görə Minsk qrupunun ünvanına səslənən iradlara da cavab verib.

 

“Fikrimcə, 2016-cı il göstərdi ki, Minsk qrupu münaqişənin əsas problemləri üzrə ümumi məxrəc istiqamətinə yönəlmək baxımından effektiv mexanizmdir. Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması prosesinin irəli aparılması üçün çətin məsələləri həll etməyə yardım edən həmsədr ölkələrin prezidentləri və xarici işlər nazirlərinin həyata keçirdiyi tədbirləri nəzərdə tuturam. Baxmayaraq ki, ATƏT çərçivəsində bəzən Rusiya, ABŞ və Fransanın mövqeləri tam əksinə olur, Minsk qrupu çərçivəsində həmsədr ölkələr  həmrəy hərəkət  edir. vasitəçilər “qızıl orta”nı tapıblar və bir-birini gözəl anlayırlar”, – deyə Lukaşeviç bildirib.

 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Apa.az

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür

17.05.2016 | 14:04

lachin

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür.

Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik bir diyardır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatları olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araza qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var.

1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardı. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb.

Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu.

Azərbaycanın bu füsunkar guşəsi 24 ildir ki Ermənistanın işğalı altındadır. 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə və 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini öz doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib. Təxmini hesablamalara görə, işğal nəticəsində rayona 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Laçın ərazisindəki 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları 24 ildir ki, ermənilər tərəfindən talan edilir. Nadir ağac növləri olan meşələr qırılaraq Ermənistana daşınır.

Laçın rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayda qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar, gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, bir tağlı və iki tağlı körpülərlə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır.

Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər erməni vəhşiliyinin qurbanına çevrilib. Rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə erməniləşdirilib. Laçının 74 min nəfərdən çox sakini isə 24 ildir ki, respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşayırlar.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik 610 ailəlik üç qəsəbə salınıb. Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də 552 ailəlik yeni qəsəbənin açılışında iştirak edib. Ərazidə 1500 ailəlik daha bir qəsəbənin tikilməsi nəzərdə tutulur.

Laçın rayonunun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Ötən dövr ərzində 13 min nəfərdən çox laçınlı məcburi köçkünün məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, 121 saylı Laçın Seçki Dairəsi, rayon polis şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, təhsil şöbəsi, Malıbəy obasında tibb məntəqəsi, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzləri, “Kapital bank” ASC-nin rayon filialı üçün inzibati binalar, mədəniyyət evi, xəstəxana, 5 ümumtəhsil məktəbi, 4 uşaq bağçası tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı, Gənclər parkı salınıb.

Taxtakörpü ərazisinə təbii qaz xətti çəkilib, 256 və 512 nömrə tutumlu iki elektron ATS quraşdırılıb, qəsəbədə və ərazidəki obalarda artezian quyuları qazılıb, modul tipli su təmizləyici qurğu quraşdırılıb. Ərazidə əkin və otlaq sahələrini suvarmaq üçün beton üzlüklü kanal çəkilib, təsərrüfat su kanalı şəbəkəsi yaradılıb.

Bütün bunlara baxmayaraq, laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Onlar 24 ildir ki, Laçın niskili, yurd həsrəti ilə yaşayırlar. Əli silah tutan hər bir laçınlı torpaqlarımızın yadelli işğalçılardan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazırdır.

AZƏRTAC