Azərbaycanca

Çinar ağaclari niyə kökündən partladılır?

22.08.2014 | 13:52

cinarƏsrarəngiz təbiətə malik olan Qarabağ həm biomüxtəliflik baxımdan, həm də canlı təbiət abidələrinin zənginliyi etibarı ilə digər bölgələrdən seçilir. Təəssüf ki, indi onların çoxu erməni işğalçılarının tapdağı altındadır. Bəs zəbt edilmiş torpaqlarımızda hansı təbiət abidələri var idi və onların indiki vəziyyəti nə yerdədir? Əlbəttə, bu kimi suallara KİV-də dəfələrlə cavab axtarışı olub. Araşdırmalar göstərir ki, Azərbaycanın bu regionunda mövcud olan ağac növlərinin əksəriyyəti çoxyaşlı və ya uzunömürlü ağaclar olub, xüsusi rejimli mühafizə tədbirləri tələb edir. Bu ağacların bir çoxu relikt və endemik bitkilər idi. Belə təbiət abidələri arasında nadir və nəsli kəsilməkdə olan ağaclar da az deyildi. Qarabağın florasında geniş yer tutan şərq çinarı, giləmeyvəli qaraçöhrə, adi palıd, qızılı palıd, adi şabalıd, söyüdyarpaq armud, Hirkan palıdı, dağdağan, saqqızağacı, azat, ardıc, vələs, fıstıq, göyrüş, adi qoz, qarağac kimi çoxyaşlı ağaclardan bir çoxu nadir növ olduğuna görə Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.

 

 

1982-ci ildə Azərbaycan KP MK və Nazirlər Sovetinin qərarı ilə (16.03.82, N162) 18 cinsdən ibarət 1927 çoxyaşlı ağac, ümumi sahəsi 13208 hektar olan 31 meşəlik və 980 hektar olan 2 kolluq qeydə alınaraq pasportlaşdırılıb və onların dövlət təbiət abidəsi kimi qorunması tövsiyə edilib. Bizim hesablamamıza görə, onların arasında 6 cins üzrə (çinar, dağdağan, saqqızağacı, qovaq, armud, azat) 298 ədəd ağac var ki, bunun da 248-ni yalnız çinarlar təşkil edir. Nadir meşəliklərdən Ayı fındığı (Kəlbəcər rayonu), Araz palıdı (Zəngilan rayonu), Azat meşəliyi (Xocavənd rayonu), Pirkal meşəliyi (Xocalı rayonu), Ardıc meşəliyi (Laçın rayonu), şərq çinarı meşəliyi (Ağdərə rayonu) qarışıq ağaclardan ibarət olub, arealı məhdud idi və relikt hesab edilirdilər. Bu meşəliklərdəki ağacların orta yaşı 100-1000 il, hündürlüyü 12-34 m, diametri 24-120 sm idi. Burda palıd, vələs, cökə, fındıq, fıstıq, qara çöhrə, şabalıd və s. yaşlı və nəhəng ağaclar vardı ki, onlar da SSRİ-nin nadir bitkiləri sırasına daxil edilmişdir.

 

 

Qarabağın canlı təbiət abidələri çoxyaşlı ağac və meşəliklərlə məhdudlaşmır. Yerli floraya mənsub nəsli kəsilməkdə olan nadir ot, kol və ağac cinslərindən ibarət onlarla bitki növlərinin adı Qırmızı Kitaba daxil edilib. Onlardan Qafqaz qaş səhləbi (Xankəndi), təkdənli buğda (Şuşa), qırmızı tubulqa (Şuşa), Qarabağ dağ laləsi (Əsgəran), sağsağan gülxətmisi (Hadrut), gözəl təkəsaqqalı (Xocavənd), adi meşəgilası (Ağdərə), Kuznetsov əsməsi (Cəbrayıl), adi şabalıd (Xankəndi), paradoksal süsən (Zəngilan), ağacvarı fındıq (Kəlbəcər), məxməri kərməşov (Hadrut), gözəl telegiya (Kəlbəcər), Qafqaz xədicəgülü (Şuşa), Araz palıdı (Zəngilan) və s. göstərmək olar. Qarabağın təbiət abidələri sırasında hazırda erməni işğalçılarının əsarəti altında qalan və taleyi tam bəlli olmayan 2 dövlət qoruğu (Bəsitçay, Qaragöl ) və 4dövlət yasaqlıqları (Qubadlı, Laçın, Daşaltı, Araz) da var idi.

 

 

Meşəçilik üzrə görkəmli alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü İbrahim Səfərovun 1981-ci ildə respublika səviyyəsində tədqiq etdiyi şərq çinarlarını xarakterizə edərkən Qarabağ bölgəsi üçün səciyyəvi olan çinar ağaclarına xüsusi diqqət yetirirb. Onun tərtib etdiyi cədvəldə təsvir olunan 40 çinar ağacından 12-si Qarabağ və işğal edilmiş digər ərazilərlə bağlıdır. Bu çinarlar bütün parametrlərinə görə digər regionlardakı çinarlardan xeyli üstün idi: Onların yaşı 500-2000, hündürlüyü 30-50 m, gövdəsinin diametri isə 2,5-28 metrə bərabər olmuşdur. Qarabağ və ətraf bölgələrdə çoxyaşlı ağacların təbii komponentləri təbiət abidəsi kimi həmişə diqqəti cəlb edib. Akademik Validə Tutayukun apardığı tədqiqatlar (1968) Cəbrayıl çinarlarının daha qədim tarixə malik olduğunu sübut edir. Onun fikrincə, yaşları 3000 ilə çatan Azərbaycanın ən qocaman iki çinarı məhz bu rayondadır. Onlardan birinin yaşı 2020, digərininki 2800-3000 ilə yaxındır. Zəngin canlı təbiət abidələrinə malik olan Qarabağın təbiəti Ermənistanın bu əraziyə iddialarından sonra tənəzzülə uğrayıb.

 

 

Qarabağın zəbt olunmuş ərazisindəki çoxyaşlı ağaclar yüksək oduncaq əhəmiyyətinə malik olduğu üçün işğalçılar tərəfindən qırılaraq daşınır. Z.A.Novruzovun ehtiyat və keyfiyyətinə, sənaye əhəmiyyətinə görə 13 cins üzrə məyyənləşdirdiyi 20-dən çox ağac arasında Qarabağ florasında özünə geniş yer tapan şərq çinarı (1000 ildən çox yaşayır), azat (500 ildən çox), adi göyrüş (200-dən çox), qarağac (300-dən çox), palıd (500-1000 yaş), vələs (200-300 il), fıstıq (300-500 il) və s. var idi. Ona görə də qiymətli oduncaq xammalı olan bu ağacların nəzarətsiz qalmış ərazidən kəsilib aparılması şübhə doğurmur. Vəziyyətdən bəhrələnən ermənilər nəinki tək-tək və qrup halında bitən canlı təbiət abidələrini, həmçinin meşələri amansızcasına qıraraq, bitki örtüyünü məhv edirlər. BMT-nin Aqrar Komissiyasının 8 saylı bülletenində göstərildiyinə görə, Ermənistanda odun daşınması 1989-cu ildə 58,0 min kubmetr, 1996-cı ildə (Azərbaycanın Qarabağ hissəsini işğal etdikdən sonra) isə 3,5 dəfə bundan çox olub. Ermənistanda oduncaq ehtiyatının birdən-birə artması nəzarətsiz qalmış ərazilərdəki meşələrin qırılıb daşınmasıyla əlaqədardır. İşğalçıların bu cür yaramaz fəaliyyəti Azərbaycan mütəxəssisləri və alimləri tərəfindən dəfələrlə rəsmi şəkildə beynəlxalq tədbirlərdə qeyd olunub.

 

 

Xüsusi olaraq qeyd etmək vacibdir ki, işğalçılar yaşlı ağacların gövdə və budaqlarını qırıb daşıdıqdan sonra dinamitlə kökünü də partladırlar. Məsələn, Cəbrayıl şəhərindəki 500 yaşlı çinar ağacı dinamitlə kökündən partladılaraq, yerlə-yeksan edilib. Belə bir hadisəni Ağdam rayonunun Təzəkənd kəndində məcburi köçkün kimi məskunlaşmış Şurabad kəndinin sakinləri 2002-ci ilin yayında binoklla müşahidə ediblər. Onların bizə söylədiklərinə görə, həmin çinar ağacının 300-400 yaşı varmış. Fikrimizcə, çinarın kökündən məhv edilməsinin bir neçə səbəbi ola bilər: Təbaşir dövründən miras qalmış relikt bitki kimi etnoqrafiya baxımından milli maraq kəsb etməsi. Azərbaycan xalqının ağacı (qoruyucusu) olduğu üçün; milli qürur, heysiyyat, müqəddəslik, xoşbəxtlik, qələbə, uzunömürlük və s. mənasında; Köklərinin güclü sutoplayıcılıq xüsusiyyətlərinə görə; yanlara və dərinə gedən köklər suyun səthə çıxmasına səbəb olur. Odur ki, yaşlı çinar ağaclarının həndəvərində və ya altında mütləq kəhriz, yaxud bulaq olur. Nəzərə alsaq ki, Azərbaycan su ehtiyatına görə həm Ermənistandan, həm də Gürcüstandan geri qalır və respublikadakı mövcud suların 72 faizi kənardan gəlir, onda bu faktın daha inandırıcı olduğu şübhə doğurmaz. Zənnimizcə, burada işğalçı ermənilərin məqsədi gec-tez torpaqları azad olunacaq Azərbaycanı təbii su ehtiyatlarından məhrum etməkdir.

 

 

Qeyd etmək lazımdır ki, haqqında danışılan Şərq çinarı nadir və unikal növ kimi Beynəlxalq Qırmızı Kitaba və YUNESKO-nun siyahısına daxil edilib. Apardığımız araşdırmalar göstərir ki, 1982-ci ildə hökumətin müvafiq qərarla tərtib etdiyi dövlət təbiət abidələrinin siyahısı heç də çoxyaşlı ağacların və digər təbiət abidələrinin hamısını əks etdirmir. Məsələn, Cəbrayıl rayonu ərazisində 100-dən artıq yaşı olan 30-dan çox şərq çinarı, 7 dağdağan, 5 palıd, onlarla armud və qarağac olduğu halda, cəmi 13 şərq çinarı və 1 ədəd söyüdyarpaq armud həmin siyahıya daxil edilib. Digər rayonlarımızda da vəziyyət bu cürdür. Bəzi nadir növlərin, o cümlədən Şuşa vələsi, sivirmeyvəli vələs, dağ badamı və maral fındığının ilk dəfə olaraq Qarabağda təsvir edilməsi, bu bölgənin unikal təbiət abidələrilə zənginliyi, endemik və relikt növlərin üstünlük təşkil etməsi, bir çox bitki növlərinin dünyada az yayılması və sayının xeyli azalması, adlarının milli, regional və beynəlxalq qırmızı kitablarda əks olunması onların daha da aşkarlanıb üzə çıxarılmasını və qorunmasını tələb edir. Hazırda işğal olunmuş Azərbaycan torpaqlarındakı bu nəcib təbiət abidələrinin tamamilə məhv edilməsinin qarşısını almaq üçün mümkün vasitələrdən istifadə edilməlidir.

 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

 

 

1. İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəzin I hesabatı. Bakı: Ekologiya və Təbii Sərvəylər Nazirliyi, 2002, 100 s.

 

 

2. Tutayuq V.X. Azərbaycanın yaşıllaşdırılması. Bakı: Gənclik, 1968, 80 s.

 

 

3. Новрузова З.А. Строение и свойства древесины главнейших лесных пород Азербайджана. Баку: Академии Наук Азербайджанской ССР, 1985, 208 с.

 

 

4. Махмудов Ю.М. Живые народные памятники Карабаха / Материалы V Международной научной конференции «Экология и безопасность жизнедеятельности», Сумгаит: СГУ, 2004, с. 95-96

 

 

5. “Olaylar” qəzeti, 2004

 

 

6. Novruzoglu R., Oguz Y. Karabakh uncontrolled zone… Baku: Ozan, 2002, 252 p.

 

 

7. “Olaylar” qəzeti, 2004

 

 

8. Сафаров И.С. Платань восточный, орех грецкий и их значение в озеленение и лесонасаждениях. Баку: Азербайджанское Государственное Издателство, 1981, 60 с.

 

 

Yusif Dirili

 
“KarabakhİNFO.com”

 

 

22.08.2014 13:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*