Azərbaycanca

“Çingiz qorxmadan güllə yağışının altına girirdi” – DÖYÜŞ YOLDAŞI

29.08.2014 | 18:18

edalet3Qarabağ döyüşçüsü Ədalət Məhərrəmov Çingiz Mustafayevlə bağlı xatirələrini “KarabakhİNFO.com” e-jurnalına danışdı. Məlumat üçün bildirək ki, Qarabağ döyüşlərində Çingiz Mustafayevlə birlikdə müharibədə olublar.

 


Ədalət müəllim söhbətə qəhrəman jurnalistimizlə tanışlığından başladı: “Rəhmətlik Çingiz Mustafayevlə 1991-ci ilin noyabr ayında Qarakənd kəndində tanış olmuşduq. Çingiz o zaman orada çəkiliş aparırdı. Hava çox soyuq idi. Soyuqdan qorunmaq üçün Çingiz bizə isti corab, əlcək də verirdi. Həmin gecə biz Çingizlə birlikdə Ağdərə istiqamətinə yollandıq. Alazan atmaq üçün qustar üsulla hazırlanmış silahımız vardı. İlk alazanı Ağdamda biz atmışdıq.
Müsahibimiz ilk tanışlıqdan sonra Çingiz Mustafayevlə döyüş bölgəsində tez-tez rastlaşdığını deyir.
edalet2Ədalət Məhərrəmov Çingiz Mustafayevin yaralandığı günü ürək ağrısı ilə xatırlayır:

“Qarabağ uğrunda gedən döyüşlər zamanı mən rota komandiri idim. Qaraqayada postda dayanırdım. 1992-ci ilin iyul ayının 14-ü axşam Naxçıvanikə getdik. Mən kiçik qardaşım Səxavəti axtarırdım. Onun barəsində hərə bir söz deyirdi. Biri deyirdi burda yoxdu, biri deyirdi burdadı, biri deyirdi dağdadı. Orada da Çingizlə rastlaşdıq, bir az söhbət etdik. Artıq iyulun 15-i səhər idi. Hər kəs öz postunda idi. Mən hələ də qardaşımı axtarırdım, onun barəsində dəqiq məlumatı bilmək istəyirdim. Çingiz də yenə çəkiliş aparırdı”.
Qarabağ döyüşçüsü Ədalət Məhərrəmov qeyd edir ki, Çingiz atılan güllələrə baxmayaraq öz çəkilişlərini davam etdirirdi: “Çingizə dedim ki, ehtiyatlı ol, mərmi atırlar. Bizdən təxminən 20-25 metr aralıya mərmi düşdü. Elə sözümü təzəcə qurtarmışdım ki, sanki göydən mərmi yağmağa başladı. Hərə bir tərəfə çəkildi. Çingiz kadr çəkmək üçün kamerasını götürdü. Bir də gördük ki, Çingiz yaralanıb. Mərminin qəlpələri Çingizin ayağını və böyrəyinin üst tərəfini yaralamışdır. Yaralını hospitala çatdırmaq üçün zirehli maşının gəlməsini gözləyirdik. Çünki yolu keçmək mümkün deyil, dayanmadan atəş açılırdı. Çingizi zirehli maşınla Ağdama hospitala göndərdik. Onu hospitala yerləşdirib posta qayıtdıq. Ondan bir neçə gün sonra eşitdim ki, Çingiz rəhmətə gedib.

 

 

edalet1
Ədalət Məhərrəmov Çingiz Mustafayevin ölüm xəbərindən çox sarsıldığını deyir: “Çingizin ölüm xəbəri mənə çox pis təsir etdi. Çingiz çox vətənpərvər, cəsarətli oğlan idi. Onunla Gülablıda, Ağdərədə döyüşlərdə olmuşduq. Çingizin özünəməxsus yumorları vardı. Döyüşçülərə ürək-dirək verirdi, ruhlandırırdı. İndi danışmaq asandır. O zaman hər adamın işi deyildi, müharibə gedən yerdə çəkilişlər aparmaq. Çingiz qorxmadan güllə yağışının altına girirdi. Tək-tək operatorlar onun kimi çəkiliş aparırdı. Allah Çingizə rəhmət etsin!!!”
“KarabakhİNFO.com”

 

 

 

 

29.08.2014 18:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*