Azərbaycanca

Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq

15.11.2017 | 17:14

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində yem emalı müəssisəsinin təməli qoyulub.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı keçirilmiş tədbirdə nazirliyin, SEDA layihəsinin, yerli icra hakimiyyətinin nümayəndələri, həmçinin sahibkarlar iştirak ediblər.

Çıxış edən nazir müavini Sahib Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. O, qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir: “Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində icma əsaslı biznesyönümlü layihələrin, o cümlədən yem emalı müəssisəsinin inşası da kənddə məşğulluğun təmin olunmasında, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli olacaq”.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov isə Cocuq Mərcanlıda həyata keçirilən işlər barədə məlumat verib və yeni yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin inkişafına şərait yaradacağını diqqətə çatdırıb.

“Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsinin nümayəndəsi Timoti Madigan isə layihə çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycan regionlarının inkişafına töhfə olduğunu bildirib.

Tədbirdə diqqətə çatdırılıb ki, yem emalı müəssisəsinin fəaliyyəti nəticəsində gələcəkdə Cocuq Mərcanlıda təsərrüfatlar yemlə təmin olunacaq ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Layihə çərçivəsində yem emalı avadanlıqları üçün otaq və anbar inşa olunması nəzərdə tutulur. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılacaq.

Report.az

15.11.2017 17:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*