Azərbaycanca

“Çoxlu tələfat verən ermənilər 7 günlük matəm elan etmişdilər”

30.08.2014 | 17:20

İntiqam Memmedov“Müharibədə qalib gəlmək üçün həm vətənpərvər olmalı, həm də düşməndən qorxmamalısan, erməniyə böyük nifrətin olmalıdır”

 

 

Qarabağın daha bir dilbər guşəsi Qubadlının işğal günüdür. Erməni quldurlarına qarşı sonadək savaşmış rayonlardan biri idi Qubadlı. Bir neçə istiqamətdə ermənilərlə savaşan və yüzlərlə qəhrəman oğlunu şəhid verən Qubadlı da hərbi uğursuzluğumuzun qurbanı oldu. Həmsöhbətim Birinci Qarabağ müharibəsinin veteranı, II qrup əlil, Qubadlının müdafiəsində fəal iştirak etmiş İntiqam Məmmədovdur. İntiqam müəllim 1988-ci ildə münaqişə başlanandan düşmənlə təmas xəttində olub. Könüllü dəstələrin tərkibində sərhəddə keşik çəkib, sonra müharibədə işğalçılara qarşı döyüşüb. Qubadlı ermənilərə yaxın olduğundan erməni xislətinin nə olduğunu da öncədən bilirmiş İntiqam müəllim. Onunla Qubadlının müdafiəsindəki boşluqlardan, işğalın digər səbəblərindən danışdıq.

 

 

Münaqişə başlanan zaman İntiqam müəllim rayonda məsul vəzifədə çalışırmış: “Rayon icraiyyə komitəsində şöbə müdiri idim. Başqa rayonlardan çağırışla gələn gənc əsgərlərdə çəkingənlik hiss edirdim. Öz-özümə düşünürdüm ki, niyə biz özümüz döyüşə getməyək. O vaxt artıq bizdə əlahiddə batalyonlar yaranmağa başlayırdı. Onların ardınca da hərbi hissələr yaranırdı. Bu batalyonlar adla deyilirdi. Məsələn, Camalın batalyonu. Mən əvvəlcə ora getdim. Səhv etmirəmsə 5-ci batalyon idi. Orada bölük komandiri oldum. Bir aya yaxın çalışdım. Sonra 850 nömrəli hərbi hissə yarandı. Bizim batalyonları orada birləşdirdilər. Bu hərbi hissədə 5 batalyon birləşirdi. Komandiri isə Sovet ordusunda xidmət etmiş və polkovnik rütbəsinə çatmış Nüsrət Namazov idi. Bu şəxs mən deyərdim ki, müdafiə naziri kürsüsündə əyləşəcək bir adam idi. Həm vətənpərvər idi, həm mükəmməl hərbçi idi. Güclü komandir idi. Onunla bəlkə də bütün Ermənistanı almaq olardı. Mən bir neçə epizodu deyə bilərəm. Məsələn, Qafanla Gorusla həmsərhəd olan bir rayon idi. Əhalisi az idi, amma Ermənistanla 120 km sərhədi var idi. Belə bir ərazini qorumaq asan deyildi. Əsas ağırlıq da yerli Qubadlıların öz üzərinə düşürdü. Çünki könüllülər çox idi. Sonradan o məğlubiyyət də həmin könüllülərin ordudan sıxışdırılmasının hesabına oldu. Gedən könüllülərin yerini tutan gənclər özünü doğrultmadı. Çünki onların hərbi təcrübəsi və dünyagörüşü ilə könüllülərinki eyni deyildi. Təzə gələnlərin üzündən qorxaqlıq tökülürdü. Ola bilsin vətənpərvər olsalar da qorxaq idilər. Amma müharibədə döyüşüb qalib gəlmək üçün həm vətənpərvər olmalı, həm də düşməndən qorxmamalısan, erməniyə böyük nifrətin olmalıdır. Məsələn, məni müharibəyə aparan amillərdən biri erməniyə güclü nifrət etməyim olub”.

 

 

İ.Məmmədov deyir ki, onda erməniyə nifrət uşaq vaxtlarından yaranıb. Ermənilərin xalqımızın başına açdığı zülmləri ilk olaraq nənəsindən eşidib: “Yaşıdlarımız arasında belə bir ifadə vardı. Biri özünü pis aparanda deyirdilər, “ermənilik eləmə”, “özünü erməni kimi aparma”. Düşünürdüm ki, niyə belə deyirlər. Deməli, erməni xisləti, xarakteri nədisə pis bir şeydi. Rəhmətlik nənəmin erməni-müsəlman davaları haqqında danışdıqlarından da anlayırdıq ki, erməni ilə bizim aramızda ədavət var. Özü də onlar bizə türk deyirdilər. Sonradan bildik ki, bunların yaddaşında bir türk obrazı var. Onlara dərsini vermiş türk”.

 

 

Döyüşçü dostları onu ön cəbhəyə buraxmaq istəməsəslər də, İntiqam müəllim gənc əsgərlərə, digər döyüşçülərə nümunə üçün daim ən qaynar nöqtələrə, ən çətin tapşırıqlara özü gedirmiş.
Bölgədə igidliyi ilə ad çıxarmış “Qaranquş” kəşfiyyat dəstəsinin əsgərləri hətta qonşu Füzulidəki hissələrimizə də köməyə gedirmiş. Sonralar bu dəstə kəşfiyyat bölüyü adlanır, baş leytenant İntiqam Məmmədov da bu bölüyə komandir təyin olunur.
İntiqam müəllim deyir ki, uğursuzluğumuzun əsas səbəblərindən biri hərbi hissələrdə, silahlı dəstələrdə peşəkar kadrların azlığı idi. Polkovnik Nüsrət Namazovun fəalliyyətini misal çəkən İ.Məmmədov bu peşəkar hərbçinin erməni mövqelərinə vurduğu zərbələri xatırlayır: “Rayonun polis rəisi Nadir Hüseynova Qafanın, Gorusun polis rəisləri ratsiya ilə söhbətdə demişdi ki, gəlin, sülh bağlayaq, biz qonşu rayonuq, bir-birimizə atəş açmayaq. Mənim də iştirak etdiyim müşavirədə Namazov özündən çıxdı, ermənilərin ünvanına söyüş söydü, dedi ki, onlara çatdır ki, bizim sizinlə söhbətimiz yalnız qradla ola bilər! Ordan əsəbi halda çıxdı, mənə “İntiqam, uşaqları götür, Yazı düzünə çıxırıq”. Yazı düzünə çıxdıq. Orda qrad batareyası (bölüyü) vardı, ona Qiyas adlı hərbçi rəhbərlik edirdi. Namazov əmr verdi ki, qrad qurğularınn yönünü çevir Gorusa. Gorusa doğru dalbadal atəş açdı. O zaman Moskva telekanalları xəbər verdilər ki, həmin atəş zamanı çoxlu tələfat olduğuna görə, 7 gün matəm elan olunub. Bir müddət sonra Namazov yenə Yazı düzündən Gorusu bombaladı, ermənilər bu dəfə 3 gün matəm elan etdilər. Bu cür əməlliyyatlardan sonra Surət Hüseynov Namazovu korpusa çağırdı. Polkovnik o gedən geri qayıtmadı. Qubadlı müdafiə rayonu o cür hərbçini itirdi. Onun yerinə gələn şəxsin isə nə əsgərlər arasında nüfuzu, nə hərbçi ritorikası vardı. Təsəvvür edin ki, xəritə üzərində belə işləyə bilmirdi. Ratsiya ilə Qiyasa deyirdi ki, “Qiyas oğlum, xahiş edirəm, bura bir-iki qrad at”. Yarım saatdan sonra Qiyasın maşını gəlib. Sürücü soruşub ki, Qiyas deyir ki, bura yəni hara? Bax belə… Təsəvvür edin ki, Namazov kimi komandiri kim əvəz etmişdi. Namazovu bir də işğala 1 ay qalmış qaytardılar. Onda da artıq gec idi. Namazov belə heç nə edə bilməzdi”.

 

 

İntiqam müəllim deyir ki, Qubadlının işğal olunmasının bir səbəbi də yerli şəraiti tanıyan könüllülərin ordudan tərxis olunması oldu: “Könüllülər tədricən sıxışdırıldı. Mən özüm döyüşlərin birində başdan travma-kontuziya aldım, tərxis olundum. Könüllüləri ordudan tərxis etmək olmazdı. Onlar bölgəni yaxşı tanıyır, gənc əsgərlərə də cəsarət hissi aşılayırdılar”. Qubadlı işğal olunan ərəfədə rayonun əsas yüksəkliyi də bizdə olub. Ermənilər yalnız Laçın tərəfdə olan yüksəkliklərə nəzarət edirmişlər: “Qızartı, Susuzdağ deyirdilər, o yüksəkliklər onlarda idi. Biz o yüksəkliklərdə bir neçə dəfə itki vermişik. Ermənilər orada demək olar ki, böyük bir sahəni minalaşmışdılar. Bir dəfə bir taborumuz döyüşə gedəndə 16 nəfər minaya düşmüşdü”.

 

 

Keçmiş döyüşçü deyir ki, gənc əsgərlərin çoxu döyüş bölgəsinə təlim görmədən gətirilirdi ki, bu da hərbu uğursuzluğa gətirib çıxarırdı: “Könüllülər təcrübəli idi, an azı Sovet ordusunda 2 il xidmət keçmiş, silahla davranmağı öyrənmişdilər: 1992-ci ilin oktyabr ayı idi. Bizimkilər xeyli irəliləmişdi. Milli qəhrəman Əliyar Əliyev o döyüşdə vurulmuşdu. O zaman ordu əsasən gənc əsgərlərn ibarət idi. Könüllülərin çoxunda hərbçi peşəkarlığı olmasa da, vətən sevgisi vardı, erməniyə nifrət vardı”. Baş leytenant deyir ki, məğlubiyyətimizin bir səbəbi də beyinlərdə yaranmış “hərə öz rayonun qorusun fikri” idi: “Bu, olduqca yanlış fikirdi. Rayon davası deyildi e, bu. Ermənilər tərəfdə Livandan, Suriyadan gəlmiş ermənilər, snayperlər döyüşürdü. Ruslar xristian təəssübkeşliyi ilə ermənilərə yardım edirdi, onlar tərəfdə döyüşürdü. O zaman “Komsomolskaya pravda” qəzetindən özüm oxumuşdum, rus snayperçi zabit deyirdi ki, “Mən özüm 29 dənə “dovşan” vurdum. (Bizi belə adlandırırdı-İ.M) Deyirdi ki, qaçanda vurmuşam. Sonra da biz də şayiə yayılırdı ki, özümüzünkülər arxadan vurub. Belə şey olmayıb, ola da bilməz! Çünki döyüş, səngər başqa mühitdi. Orda çiyin-çiyinə döyüşən, canını bir-birinə əmanət edən əsgər bir-birini vurmaz.”.

 

 

“Ermənlərin silah-sursatı bizimkindən çox idi”

 

 

İ.Məmmədovun bölüyü ən çətin tapşırıqlara gedirmiş. Belə tapşırqların birində İntiqam Məmmədovun dəstəsi tələyə düşür, ciddi itki verir: “Tapşırıq gəldi ki, Qızartıya kəşfiyyata gedin. 11 nəfərlə getdik. Qızartıya çıxdıq. Orda ermənilərin postu vardı. Gözləyirdik ki, ora çatanda döyüş olacaq. Döyüş olsaydı da, biz itki verəcəkdik. Çünki onlar dağın başında oturmuşdular. Çatdıq ki, postu qoyub gediblər, heç kim yoxdu. Amma ərzaqları bol idi. Yaxşı silahları vardı. Bizdə 30 patron tutan avtomatlar idi, onlarda 5-45 ölçülü 45 güllə tutan maqazinlər idi. Özümüzküləri atıb, onlarınkını götürdük. Bir dənə qrantamyotumuz vardı, 3 dənə də mərmi. Amma erməni postunda qrantamyot mərmiləri çox idi. Onların silah-sursatı bizimkindən çox idi. Görünür, ruslar onları silah-sursatla təmin edirdi. Bizim ratsiyalar da köhnə model idi. Ancaq onlardakılar daha modern idi”.

 

 

“Milli qəhrəman qollarımda can verdi”

 

 

Qızartı yüksəkliyinə kəşfiyyat zamanı İ.Məmmədovun bölüyün dəstənin ən cəsuru qrantamyotçu, milli qəhrəman Aqil Məmmədovu itirir: “Qrantamyot ağır silahdı. Bölüyün qrantamyotu içimizin ən cantarağı Aqildə idi. Çox dəlisov adam idi, qorxmaz oğlan idi. Bir neçə mövqe irəliləyəndən sonra bizi 3 tərəfdən atəşə tutdular. İkisi aşağıdan, biri də yuxarıda. İki saat yarım dayanmadan bizi atəşə tutdular. Güllələr göydə bir-birinə çarpır, istiqamətini dəyişirdi. Olduqca əlverişsiz yerdəydik. Özümüz kolluğa, ağac dibinə verdik.
Geri çəkilməyə başladıq. Sahə tamamilə minalanmışdı. Ratsiya tutmur, yolu itirmişdik. Minaaxtaran aparat da işləmirdi. Qaranlı idi. Allah ümidinə meşə ilə gəlirdik. Qabaqda Mayıs gedirdi, sonra Aqil, sonra mən, sonra o biri uşaqlar. Avtomat da açıq idi. Rayonda da xəbər yayılmışdı ki, “Qaranquş”un uşaqları əsir düşüb. İki qardaşım da döyüşçü idi. İcra hakimiyyətindən atama zəng edib demişdilər ki, xəbərin var, uşaqlaırn qırılıb, get meyitlərini gətir. Ancaq biz mühasirədəydik. Sıra ilə gəlirdik. Birdən Aqil minaya düşdü. Elə bil gözümün önündə günəş doğdu! Dəhşətli bir səs. Elə bildim dünya qopdu. Huşumu itirmişdim, elə bilirdim ki, elə ölüm budur, ölmüşük. Aqilin fəryadına ayıldım. Aqilin ayağı kəsilmişdi, qəlpələr isə Qabilə dəymişdi. Qaçdıq Aqilin yanına. Əlimlə baxdım ki, ayağını mina aparıb. Qanı dayandırmaq üçün ayağını yuxarıdan sarıdıq.Yaralıları götürüb ərazidən çıxmaq istədik. 3 kilometr dağı aşağı düşməli idik. Meşənin qırağında çılpaq yer vardı. Bu zaman ermənilər projektorlarla ərazini işıqlandırdılar. Təzədən meşəyə girdik. Sonra yenidən durub ərazidən çıxmağa çalışdıq. Düşünürdük ki, hamımız burda öləcəyik, ya da əsir götürəcəklər. Səhərə yaxın gördüm ki, Aqil artıq can verir. Çoxlu qan itirmişrdi. Mayislə birgə yerə uzandıq, Aqili qucağımıza aldıq ki, üşüməsin. Kəsilmiş ayağından axan qan mənim çəkməmə dolmuşdu. Titrətmə tutanda hiss etdim ki, Aqil artıq can verir. Son sözü o oldu ki, mən ölürəm, siz bu ölüm tələsindən çıxın. Saat 11.00 radələridir. Qəfildən qatı duman gəldi. Dedi ki, uşaqlar bu Allahın lütfüdür. Meşədən çıxdıq. Suya çatanda bildik ki, təhlükəli zonadan çıxmışıq. Yaralıları tibbi hissəyə çatdırdıq”. Bu, İntiqam müəllim son əməliyyatı olur. Bir müddət orduda qalandan sonra tərxis olunan İ.Məmmədov rayon İcra hakimiyyətindəki işinə dönür, gənclərin fiziki hazırlığı, vətənpərvərlik tərbiyəsi ilə məşğul olur. Deyir ki, Qubadlı işğal olunana qədər rayonda gənclər arasında yarışlar keçirirmiş: “Bunu edirdik ki, camaat təşvişə düşməsin, rayonu tərk etməsin. Ancaq təəssüf ki, rayonu qoruya bilmədik”.

 

 

Elman Cəfərli

 

 

“KarabakhİNFO.com”

 

 

30.08.2014 17:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*