Azərbaycanca

Dəhşət – “Ermənilər meyidlərin və yaralıların üstünə benzin töküb yandırdılar”

21.02.2013 | 16:51

1361451117_logoXocalı sakini Qədim Abbasov: “Əsirlərdən kimin metal dişi var idisə, mismarın ucu ilə çəkib çıxarırdılar”   Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşır. Bu faciənin şahidləri üçün həmin gecəni xatırlamaq çox çətindir. Lakin 1992-ci ilin 26 fevralında erməni-rus hərbiçiləri tərəfindən baş vermiş bu soyqırım unudulmamalıdır. Dünya birliyinə erməni faşizminin etdiyi cinayətlər çatdırılmalıdır. Bunu da ən düzgün elə Xocalı faciəsinin şahidləri deyə bilər. Bu baxımdan “KarabakhİNFO.com” silsilə şəklində Xocalı soyqırımı şahidlərinin müsahibələrini təqdim edir. Müsahibmiz Xocalının işğalı günü oranı ən son tərk edənlərdən biri və 48 gün əsirlik həyatı yaşayan Qədim Abbasovdur.   

 

–          Qədim müəllim, ermənilərin rus qoşunları ilə birgə Xocalıda belə faciə törətməsi gözlənilirdimi?  

 

–   Biz erməni işğalçılarının Xocalıya nə vaxtsa hücum edəcəyini gözləyirdik. Həmin vaxt Xocalı tək qalmışdı. Bütün kommunikasiya vasitələri, eləcə də yollar  bağlanmışdı. Qaz, işıq, su yox idi. Hər tərəfi elə bağlamışdılar ki, xocalıların heç yerə ümidi qalmasın. Fevralın 25-də gecə saat 23:00 radələrində erməni quldurları hər tərəfdən Xocalıya hücum etdilər. Xocalıda olan müsibət bəlkə də dünyanın heç yerində olmayıb. 4 saata yaxın hər tərəfdən Xocalını atəşə tutdular. Gecənin o qaranlığında güllələrin işığında yerdə iynə tapa bilərdin. Gecə saat 01:05 radələrində artıq poçt da cavab vermirdi. Hamımız poçtun qabağında Xocalı şəhərinin o zamankı icra başçısı Elman Məmmədovun başına yığışmışdıq. Hər yerdən  əlac kəsiləndən sonra Elman müəllim dedi ki, kim nə cür bacarırsa özünü müdafiə etsin. Ona görə də qız-gəlinlər Aqil Quliyevin dəstəsi ilə Əsgəran, digər dəstə isə Tətik dağına, Dəhraza sarı getdi.  

 

 –       Həmin gecə Milli Ordu Xocalının müdafiəsinə qalxmadı?  

 

 –       Milli Ordunun nəyi var idi? Mən çiynimdə quş tüfəngi ilə gəzirdim. Həmin zaman Xocalıda ancaq sadə əhali qalmışdı. Hərbiçilərdənsə Aqilin və bir də aeroportda Əlif Hacıyevin dəstəsi qalmışdı. Təxminən ümumi 120 nəfərə yaxın hərbçi olardılar. 120 nəfər hər tərəfdən hücum edən tankın qabağında nə edə bilərdi? Əlif Hacıyev 2 saat aeroportun qabağını kəsmişdi. Saat ikiyə yaxın məcbur olub aeroportdan çıxdı. Ondan sonra  gəlib ki, Aqilin cənazəsini çıxarmağa kömək etsin. Amma özü də orada həlak olur. Mənim qızım da onların içində idi. Hamısı şəhid olmuşdu.     

 

   –     Bəs, siz hansı yolla Xocalıdan çıxdınız?

 

1361517874_logo1–    Biz meşə ilə Tətik dağına tərəf getdik. Meşədə Dəhraz kəndinə çatmamış ermənilər bizi atəşə tutdular. Onda mən ayağımdan və qarnımdan yaralandım. Belə olanda mən həyat yoldaşımgilə dedim ki, getsinlər. Fikirləşdim ki, heç olmasa onlar ermənin əlinə düşməsinlər. Amma qardamış və qardaşımın oğlu mənimlə qaldı. Onlar məni sürüyə-sürüyə apardılar. Amma Dəhrazda biz tutulduq. Ermənilər bizi üç gün Dəhrazda saxladılar. Elə vəziyyətdə idim ki, ayağımda corab da qalmamışdı. Orada bizimlə bərabər əsir götürülən 18 nəfər Xocalı sakini var idi. Sonra bizi maşınla Xocalıya gətirdilər. Xocalının qurtaracağında yanacaqdoldurma məntəqəsi var idi. Biz Xocalıya çatdanda ermənilər orada Xocalı sakinlərinin meyitlərini, yaralıları 3 tərəfdə koma kimi yığmışdılar. Hərəsində də 15-20 nəfər olardı. Onların arasında qoca, qadın, uşaq da var idi. Hansı sağ idisə əl-ayağnı bağlamışdılar. Onların üstünə benzin töküb yandırdılar. Sağ qalanların çığırtısı və bağırtısı ərşə qalxmışdı. Bizim üstümüzə çadır örtmüşdülər. Maşını saxlayıb çadırı açıb bizə bu faciəli mənzərəni göstərdilər. Yarım saat sonra bizi apardılar Xocalının çıxacağına. Orada ermənilər süfrə açıb yeyib-içirdilər. Hamını maşından yerə salıb sıraya düzdülər ki, güllələsinlər. Bu anda bir ağ “Niva” maşını gəldi. Oradan bir nəfə düşüb göyə güllə atıb qoymadı ki, bizi öldürsünlər. Bundan sonra bizi maşına mindirib Xankəndinə apardılar. O zaman Dəsmal zavodu deyilən bir yer tikmişdilər. Sonradan məlum oldu ki, bura türməymiş. Otaqların şüşəsiz pəncərələrinə türmə barmaqlıqları vurulmuşdu. Bütün günü qar içəri vururdu. Bizim üstümzü-başımızı axtarıb aparıb ora saldılar. Həmin gündən bizə işgəncə verməyə başladılar.  

 

–   Orada sizə qarşı əsasən hansı işgəncə metodlarından istifadə edirdilər?  

 

–  Hər gün üç-dörd erməni dığası içkili şəkildə içəri girib dəyənək, bel sapı və avtomatın qundağı ilə başlayırdı bizi döyməyə. Onlardan Edik, Venikis və Aram adlı erməni bizi daha çox döyürdü. Hər gecə işgəncə çəkirdik. Bizi qorxudurdular ki, növbətçilərə onların bu işgəncəsini deməyək. Mən bir həftə idi ki, ayağa qalxa bilmirdim. Qollarımı, ayaqlarımı bağlayıb götürüb vururdular döşəməyə. Arxaya da çevrilmirdim. Çünki bilirdim ki, vurub belimi sındırmaq istəyirdilər. Kimin metal dişi var idisə, mismarın ucu ilə çəkib çıxarırdılar. Bizim aramızda Qənaət adlı bir kişi var idi. Onu dəmir barmaqlığa elə vurmuşdular ki, üzündə barmaqlığın möhür  kimi yeri qalmışdı. Kim yaralı idisə onun yarasına vurub daha da əziyyət verirdilər. Aqil Quliyevin dəstəsindən bir nəfər hərbçi də orda əsir düşmüşdü. 8 yerdən yaralanmışdı. Onu orada yaralarına döyə-döyə öldürdülər. 68 nəfərin üçünü döyə-döyə öldürdülər. Amma qalanını yarımcan dəyişdirdilər. Dəyişməyə bir həftə qalmış bizi döyməyi saxladılar. Gözləyirdlər ki, üzümüz başımız sağalsın və bizdə işgəncə əlaməti görünməsin.  

 

–    Sizə işgəncə verəndə nə deyirdilər?

 

–   Deyirdilər ki, guya biz onlara çox əzab vermişik. Həqiqətdə isə belə bir şey olmayıb. Bizim ermənilərlə get-gəlimiz, dostluq əlaqəmiz var idi. Amma saqqalılar Xankəndinə gələndən sonra münasibət dəyişdi. Onlar tamamilə millətin fikrini çevirdilər. Bizə deyirdilər ki, Dağlıq Qarabağ onlarındır. Biz ora yiyə çıxa bilmərik. Bizə psixoloji təzyiq göstərirdilər. Bizə deyirdlər ki, Kürə qədər alıblar. Buradan qaçsaq da Azərbaycan torpaqlarına çata bilmərik. Elə bilirdilər ki, biz də onlara inanırıq. Mənim qardaşım oğlunu neçə dəfə aparıb döyürdülər. Özündən gedirdi, yenidən başına su töküb ayıldırdılar. O da deyirdi ki, Qarabağ bizimdir.   –   Şahidlərdən bir çoxu deyir ki, ermənilər bəzən gəlib bir neçə əsiri götürüb aparırmışlar. Sonradan həmin əsirlər bir daha geri qayıtmırmış. Siz əsirlikdə olanda da belə hal baş verdimi?   –   Bəli, bizdə də belə olurdu. Gəlib bir neçə əsiri gecəykən aparırdılar. Deyirdilər ki, dəyişməyə aparırlar. Daha bilmirdik öldürməyə, yoxsa dəyişməyə aparırdılar. Onlardan sonra heç bir məlumatımız olmurdu.   –   Əsirlikdən necə xilas ola bildiniz?   –  O vaxt hər şeyi pulla həll etmək olurdu. Ermənilər hələ meyidə 30 min manat istəyirdilər. Bizim əsirlikdən xilas olmamızda Milli Qəhrəman Allahverdi Bağırovun rolu oldu. Qardışım 350 min manat verib tək məni almışdı. Aprel ayının 12-də mənimlə bərabər 10 nəfəri dəyişdilər.   –   Qardaşınız və onun oğlunu nə vaxt buraxdılar?   –   Qardaşımı bizdən əvvəl guya dəyişməyə aparmışdılar. Demə, öldürməyə aparırmışlar. O qədər döymüşdülər ki, ölümcül vəziyyətdə aparıb sərhədə atmışdılar. Həmin zaman əmim oğlu onu görüb aparmışdı xəstəxanaya. Mən əsirlikdən buraxılandan sonra xəstəxanaya onun yanına getdim. Məni görəndə tanımadı. Ermənilər gözünü, dırnaqlarını çıxarmışdılar. Armaturla o qədər döymüşdülər ki, əti içəridən doğranmışdı. 8 ay xəstəxanada yatdı ki, bir təhər özünə gəlsin. Amma heç çox da yaşamadı, öldü. Onun oğlunu isə 4-5 ay sonra dəyişdilər.    

 

Fuad Hüseynov  

“KarabakhİNFO.com “

21.02.2013 16:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*