Azərbaycanca

Dağlıq Qarabağ münaqişəsi virtual savaşda

10.10.2012 | 12:53

1349855588_internet-marketing-strategy-traffic1Azərbaycanda bu sahədə 50-ə yaxın sayt fəaliyyət göstərsə də, onlardan 4-5-i işlək vəziyyətdədir.

Bir müddət əvvəl Azərbaycanın coğrafi adlarını özündə əks etdirən erməni saytlarında Qarabağ faciələrini dünyaya ermənilərin deyil, azərbaycanlıların törətdiyi hadisə kimi çatdırılması barədə məlumat vermişdik. Faktdır ki, ermənilər təkcə bu vasitə ilə deyil, eləcə də kütləvi informasiya vasitələrinin istənilən növü ilə daim yalan məlumatlar yaymaqdadırlar. Təkcə Dağlıq Qarabağla bağlı ermənilər tərəfindən yaradılmış minlərlə sayt fəaliyyət göstərir və onlar bu saytlarda yerləşdirdikləri saxta materiallarla öz məqsədlərinə nail olmağa, özlərini fağır, yazıq xalq
kimi qələmə verməyə çalışırlar. Bunun nəticəsidir ki, bu gün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmur, əksinə, açıq və ya qapalı şəkildə təcavüzkar Ermənistanın tərəfini saxlayırlar. Maraqlıdır, bəs bizdə Dağlıq Qarabağla bağlı fəaliyyət göstərən internet saytlarının mövcud vəziyyəti necədir? Qeyd edək ki, son illər istər ayrı-ayrı şəxslər, istərsə də bəzi qurumlar tərəfindən bu yöndə müəyyən addımlar atılır. Amma təəssüf ki, belə saytların bir çoxunun sonrakı taleyi qeyri-müəyyən olaraq yarımçıq qalır. Bu qənaətə Qarabağla bağlı saytların fəaliyyətini araşdırarkən gəldik. Statistik göstəricilərə görə, hazırda Azərbaycanda Dağlıq Qarabağla bağlı 50-ə yaxın sayt olsa da, bunlardan 4-5 -i işlək vəziyyətdədir. İşlək vəziyyətdə olanların isə təəssüf ki, keyfiyyəti ürəkaçan deyil. Sözügedən internet resursların çoxusunda ya məlumatlar yenilənmir, ya da xəbərlər təkrarlanır ki, bu da istifadəçini saytdan uzaqlaşdırır. Düzdür, bu saytların fəaliyyətini ətraflı araşdırmaq üçün onları bir-bir incələmək lazım gəlir. Amma ilk baxışdan da birmənalı fikir söyləmək çətin deyil.

Məqsəd eynidir – Qarabağ həqiqətlərini olduğu kimi çatdırmaq.

Qarabağla bağlı kifayət qədər sayt var: “karabakh-doc.”, “azerall.info”, “karabakh.co.uk”, “karabakh.org”, “karabakh.gen.az”, “khojaly.org”, “khojaly.org.az”, “khojaly.net”, “khojaly.tripod.com”, “azerigenocide.org”, “shusha.aznet.org”, “qarabag.iatp.az”, “karabakh.bravepages.com”, “karabakh-az.org”, “azerbaijanfoundation.org”, “azadqarabag.a zerall.info” və s. Bu saytların hamısı 1 və ya 2 dildədir. Böyük əksəriyyəti ingiliscədir. Hamısında Qarabağda yaşanan faciələr qabardılıb. Yalnız bu ilin əvvəlində yaradılmış “garabagh.net” saytı 7 dildə (Azərbaycan dilindən başqa ingilis, alman, rus, türk, fransız, ispan dillərində) fəaliyyət göstərir və çoxlu sayda bölmədən ibarətdir. Saytın texniki imkanları da yaxşıdır. Qısası, bütün məlumatların bir mərkəzdən idarə olunması gərəkirsə, o zaman bu saytın imkanlarından yararlanmaq olar. Sayt rəhbərliyinin virtual Qarabağla bağlı maraqlı təklifləri də var. Məsələn, qeyd olunur ki, Qarabağ probleminin dünyada obyektiv tanınmasında dünya azərbaycanlılarının birgə fəaliyyətini istiqamətləndirən virtual “Qarabağ evi”, Qarabağın sosial şəbəkəsi yaradıla bilər. Bundan başqa, saytda dünyanın ali məktəb tələbələri üçün “Virtual Qarabağ tələbə forumu”, sosial şəbəkələrdə xarici vətəndaşlardan ibarət Azərbaycanın dostları qrupları, Qarabağ kəndlərinin haqqında internet resursun yaradılması və s. nəzərdə tutulur.
Artıq 5 aydır ki, hazırlıqları gedən, 1 aydır isə informasiya məkanına qədəm qoyan “karabakhinfo.com” elektron jurnalının da yaradılmasında əsas məqsəd Qarabağ haqqında olan bütün məlumatları Azərbaycanla yanaşı dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. E-jurnal Azərbacaynda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının (AVCİYA) layihəsidir. Layihənin ideya müəllifi və rəhbəri AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovdur. Saytın redaktoru Zaur Qəriboğlu “karabakhinfo.com” e-jurnalının ilkin mərhələ üçün üç – azərbaycan, ingilis və erməni dillərində fəaliyyətə gəstərdiyini deyir: “Perespektivdə jurnalın təkmilləşdirilərək qonşu ölkələrin də dilində xəbərlər yaymaq haqqında düşünürük. Bizim məqsədimiz saytın IP-ni qaldırıb, bizim oxucu auditoriyamız çoxdur, demək deyil. Bu xəbər saytı deyil, elektron jurnaldır. Məqsədimiz Azərbaycan həqiqətlərini hər kəsin öz dilində ona çatdırmaqdır. Bu elektron jurnalın həm də hər kəs üçün lazımlı, ensklopedik jurnal olması arzusundayıq. Hələlik yeni başlamışıq. İlkin göstəricilər, jurnala olan maraq qaneedicidir. Gələcəkdə bundan da yaxşı olacağını düşünürük. Əsas odur ki, bizi bazar yox, dərdimizi, acımızı dünyaya çatdırmaq düşündürür. İnternet resurs beynəlxalq aləmdə və ölkəmizdə Azərbaycan – Ermənistan münaqişəsi ilə maraqlanan auditoriya üçün nəzərdə tutulub ki, bu da jurnaldakı materiallardan əsaslı sənədlər və faktlarla vasitə kimi istifadə etməyə şərait yaradır.”

“Saytlar daim yeni materiallarla zənginləşməlidir”.

Milli İnternet Forumunun sədri Osman Gündüz də son bir- iki ildə bu sahədə xeyli irəliləyişlərin hiss olunduğunu deyir: “Son illər ixtisaslaşmağa yaxın internet resursları yaradılıb. Həm resurslar artır, həm də onlardakı materiallar zənginləşir. Əvvəllər müdafiə məqsədli yazılar daha çox idisə, indi peşəkar, mövqeli, tutarlı, sistemli, ardıcıl yazılar daha çox diqqət çəkir. Amma yenə də problem problemliyində qalır. Əsas problem isə bəzən bu resursların bir-birini təkrarlamasıdır. Ümumiyyətlə, bu mövzu həmişə gündəmdə olmalıdır, saytlar daim yeni materiallarla zənginləşməlidir”. O. Gündüzün sözlərinə görə, uğur əldə etmək üçün bu işlə bu sahədə mütəxəssisləşmiş, peşəkarlaşmış adamlar məşğul olmalıdır: “Bilirsiniz, artıq həvəskar adamların zamanı keçdi. İndi bunu analitik institutlar, bu sahə ilə birbaşa məşğul olan müəyyən
qurumlar etməlidir”.
Ekspert saytların vaxtlı-vaxtında yenilənməməsinə də aydınlıq gətirdi: “Saytlar ayrı-ayrı şəxslər tərəfindən yaradılır. Yarandığı gün hansı vəziyyətdə olursa, bir neçə vaxtdan sonra da elə həmin vəziyyətdə qalır. Orada gedən informasiyalar yenilənmir. Belə olduğu təqdirdə, bu cür saytların yaradılması Qarabağ haqqında informasiyaların dünya ictimaiyyətinə çatdırılmasında heç bir rol oynamır”.

Naibə Qurbanova.

 

 

10.10.2012 12:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*