Azərbaycanca

Dağlıq Qarabağ problemi və türkdilli dövlətlərin mövqeyi

10.04.2014 | 16:15

1397132124_imagesQarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.

 

 1985-ci ilin dekabrında ABŞ-dakı daşnak partiyası və erməni milli komitəsi Böyük Ermənistan yaratmaq və Qarabağla Naxçıvanı, habelə Gürcüstanın Axalkalaki bölgəsini Ermənistana birləşdirməyi strateji məqsəd elan etdi. O vaxtdan Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın iddiaları daha aşkar xarakter almışdır.

Ermənistan beynəlxalq hüquq normalarını və BMT nizamnaməsini kobudcasına pozaraq, yuxarı Qarabağ üstündə respublikamıza qarşı elan olunmamış müharibəyə başladı, sərhədlərimizdə, hətta vətənimizin daxili ərazilərində günahsız qocaların, qadınların və məsum körpələrin qanı töküldü. “Böyük Ermənistan” yaratmaq məqsədini qarşıya qoyan təcavüzkar Yerevan Azərbaycanın xeyli hissəsini işğal etdi. 330 min nəfərdən çox əhalisi olan Naxçıvanı blokadaya aldı. Ermənistan parlamenti isə daha da irəli gedərək, 1989-cu il dekabr ayının 1-də Dağlıq Qarabağın Azərbaycan tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. 1990-cı ildə isə Dağlıq Qarabağdan Ermənistan parlamentinə 12 nəfər deputat seçildi.

Yuxarıda sadalananları qeyd etməkdə məqsədimiz Ermənistanın təcavüzkarlığının gedişini açmaqla yanaşı, onun beynəlxalq tərəflərini şərh etməkdi. Azərbaycana qarşı təcavüzkarlığını pərdələmək üçün Ermənistan münaqişənin kökləri barədə yanlış təsəvvür yaratmağa çalışırdı. Çox təssüf ki, uzun müddət bu münaqişə türk dövlətlərində birmənalı şəkildə qəbul edilmirdi. Baxmayaraq ki, antitürk, eləcə də, antiazərbaycan siyasəti Ermənistanın xarici siyasətinin rəsmi baş xəttinə və dövlət ideologiyasına çevrildi. Sovet hakimiyyəti illərində Ermənistanda yaşayan azərbaycanlıların məskunlaşdığı şəhər, qəsəbə və kəndlərin tarixi adları dəyişdirildi, məscidlər, qəbiristanlıqlar yerlə-yeksan edildi və xəritədən silindi. Əsrin əvvəllərində əhalisinin yarıdan çoxu azərbaycanlılar olan Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmadı. Bir hissəsi 1918-1920-ci illərdə, ikinci hissəsi 1948-1952-ci illərdə qovulan azərbaycanlıların sonuncu 205 min nəfəri 1988-ci ildə bir neçə gün ərzində Ermənistandan vəhşicəsinə qovuldu. Nəticədə Ermənistan vətəndaşlarının 99 faizi ermənilərdən ibarət olan vahid millətli respublikaya çevrildi. Buna görə də Ermənistanın hərəkətlərinə regional hadisə kimi baxıla bilməz. Belə hərəkətlər bütün dünya birliyini düşündürməlidir.

Bəzi türk dövlətlərinin siyasətçiləri bunu o cürə əsaslandırırlar ki, guya türkdilli dövlətlərin hər birinin özünün bu gün sosial-iqtisadi və xarici siyasəti ilə bağlı çoxlu problemləri var. Onların iqtisadi sahədə uğurları olduğu kimi, çətinlikləri də var. Yalnız və yalnız türkdilli dövlətlər iqtisadi, siyasi və mənəvi cəhətdən öz imkanlarını bu gün birləşdirərlərsə, həm bu problemləri aradan qaldırmaq asan olar, həm də beynəlxalq məsələlərdə, Türk dünyası üçün ümumi problemlərdə bu ölkələr bir-birinə dəstək verərlərsə, deməli bir çox məsələlərdə onların mövqeləri möhkəmlənə bilər.

Lakin bu izah  yetərli sayıla bilməz. “Böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalıb.  XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi və yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırım tarixinin faciəli və qanlı səhifələridir.

Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycana deyil, Türkiyəyə və bütün türk dünyasına qarşı yönəldiyindən Azərbaycan qədər, Türk dövlətlərinin də xarici siyasətinin prioriteti olmalıdır. Türk dövlətləri içində Dağlıq Qarabağ məsələsində Türkiyənin fəaliyyətin xüsusilə qeyd etmək olar. Cənubi Qafqazda, xüsusilə Azərbaycanda maraqları olan Rusiya, İran, ABŞ və Qərbi Avropa dövlətlərindən fərqli olaraq, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, beynəlxalq hüquq normalarına müvafiq həllinin tərəfdarıdır və öz regional  siyasətini həmin istiqamətdə qurur. Ümumiyyətlə, Türkiyə Dağlıq Qarabağ münaqişəsində digər “güc mərkəzləri”nə nisbətən həmişə  birtərəfli, düzgün siyasi mövqe nümayiş etdirir. Türkiyənin Azərbaycanda strateji maraqları Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərir. Lakin Türkiyə münaqşənin həllində vasitəçi rolu oynamadığından bir qədər kənarda qalmaq məcburiyyətindədir.

    Türkiyənin Azərbaycanda strateji maraqlarının təmin edilməsinin Dağlıq Qarabağ münaqişəsinə təsir edən müsbət tərəflərini aşağıdakı şəkildə göstərmək olar:

1.Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri  Azərbaycan dövlətinin regionda siyasi mövqeyinin möhkəmlənməsinə səbəb olur;

2. Azərbaycanın  NATO ilə inteqrasiyasına Türkiyə ilə münasibətləri müsbət təsir edir. İki dövlət arasında hərbi sahədəki əlaqələr Azərbaycan ordusunun güclənməsinə xidmət edir ki, bu da gələcəkdə Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda başlaya biləcək müharibədə Azərbaycan ordusunun qələbəsinə ümid verir;

3. Türkiyənin Azərbaycanın enerji sektorunda və digər iqtisadi sahələrdəki   strateji maraqlarının təmin edilməsi bu dövlətin Azərbaycana olan siyasi diqqətini artırır;

4. Türkiyənin ABŞ və Qərbi Avropa ilə hərbi-siyasi əməlkdaşlığı və NATO-da iştirakı Rusiya və İranın Azərbaycana təzyqilərini neytrallaşdırır. Bu amil Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya və İranın birtərəfli siyasətinin dərinləşməsinin qarşısını alır;

 5. ABŞ-ın xüsusi maraq kəsb etdiyi Azərbaycanın enerji layihələrinin Türkiyə ərazisindən keçməsi və bu layihələrin reallaşmasında Türkiyəyə arxalanması Türkiyənin regiondakı nüfuzunu artırır və bu amil Ermənistanın regionda  işğalçılıq siyasətinin qarşısını kəsir;

6. Türkiyənin Ermənistanla rəsmi əlaqələrinin qurulmaması, əlaqələrin qurulmasında Türkiyənin Ermənistan önündə Azərbaycan torpaqlarının işğalından çəkinməsi şərtini qoyması Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə dair mövcud qeyri- ədalətli mövqeyini dəyişə bilər;

7. Cənubi Qafqazın mühüm iqtisadi layihələrindən Ermənistanın kənarlaşdırılmasında Azərbaycanla Türkiyənin vahid siyasəti Ermənistanın Azərbaycana qarşı  işğalçılıq siyasətindən  əl çəkməsinə müsbət təsir edə bilər.

Sadalanan fikirlərdən belə bir nəticə ortaya çıxır ki, Türkiyənin Azərbaycandakı strateji maraqlarının təmin edilməsi uğrunda həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həllinə həm müsbət, həm də mənfi təsir edir. Mənfi təsirlərə baxmayaraq, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini özünün Azərbaycanda və bütövlükdə Cənubi Qafqazdakı strateji maraqlarının yüksək səviyyədə təmin edilməsi üçün mühüm şərt hesab edir və bu istiqamətdə pozitiv siyasət həyata keçirir.  Azərbaycan dövlətinə isə Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi və beynəlxalq siyasəti sərf edir.

Bütün bunlar Türkiyə dövlətin rəsmi xarici siyasətinin əsas priotet məqsədi kimi götürülüb. Lakin son zamanlar Sürix protokollar adlı sənədələrin imzalanması məsələsi gündəmə gəlib. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin əks olundğu bəndlərin sənəddə əks edilməsi Türk hakim partiyasının xarici siyasət priotetlərini təhülkə altına qoyur. Türkiyə ilə Ermənistan arasında 2009-cu ilin 10-da imzalanmış protokollar dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını və türkü narahat etməkdədir. Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qalmaqda davam etdiyi, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün kimi yaşadığı bir vaxtda bu məsələnin gündəmə çıxması təbii ki, bizi narahat etməyə bilməz. Ermənistan diasporu və lobbisi uzun illərdir ki, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq üçün nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların rəsmi Ankaraya təzyiq göstərməsinə çalışır. Lakin Türkiyə dövlətinin sərhədlərin açılması üçün irəli sürdüyü əsas şərtlərdən biri Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı olub. Buna baxmayaraq, biz, ümid edirik ki, Türkiyə hökumətinin münaqişə həll edilməyincə protokolların ratifikasiya olunmayacağı barədə bəyanatları sonadək öz qüvvəsində qalacaq.

Unutmaq lazım deyil ki, Azərbaycan Türkiyə üçün Mərkəzi Asiyaya açar rolunu oynayır, Qafqazın siyasi, geosiyasi baxımdan dünyadakı mövqeyi iki ölkənin qarşılıqlı maraqlarını şərtləndirən amillərdəndir. Regionda beynəlxalq əhəmiyyətli layihələrin reallaşması Azərbaycan və Türkiyənin iştirakı olmadan mümkün deyil.

Bu gün Azərbaycan torpaqlarının işğalı məsələsi bizim üçün tale yüklü bir məsələdir. Azərbaycan 20 illik müstəqilliyinin bütün imkanlarını qərb istiqamətində ortaya qoyub, heç kimin düşünmədiyi layihələri həyata keçirib. Postsovet məkanında heç bir ölkə bunu etməyib. Amma əvəzində, Azərbaycan nə görür, nə alır, nə təklif edilir? Çox təəssüf ki, bütün bunların əvəzində biz gözlədiyimizi görə bilmirik. Yəni Azərbaycana olan laqeyd münasibəti biz heç cür başa düşə bilmirik. 907-ci düzəlişdən başlayaraq “Min illiyin çağrışı”, “Cekson Venik” düzəlişində Azərbaycanla bağlı silah məsələləri və bir sıra başqa məsələlərdə münasibət açıq görünür.

Bunun üçün isə mütləq türk dövlətləri Ermənistanın təcavüzkar siyasətin tanımalı və onunla bütün əlaqələri kəsməlidirlər. Ona görə ki, bu dövlətlər Azərbaycanın bir çox problemlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin beynəlxalq miqyasda müdafiəçisi qismində ən yaxından iştirak etməlidirlər. Bunlar təbii ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan dövlətləridir.

Təsadüfü deyil ki, Türkdilli Xalqların I Qurultayı da 1926-cı ildə Bakıda keçirilib. Yəni, Bakı və Azərbaycan hər zaman türkçülüyün mərkəzi hesab olunub. Bu təşəbbüs XXI əsrin əvəllərində yenidən Azərbaycana keçib və Bakı şəhəri yenə də hər zaman olduğu kimi Türkçülük Mərkəzinə çevrilib. Bu gün  türkdilli dövlətlərin Bakı şəhərində Parlament Assambleyasının yaradılması və bu dövlətlərin Parlament sədrlərinin burada iştirak etməsi və eyni zamanda Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının Zirvə toplantısının keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan çəkinmədən türk dünyasının birliyi yönümündə inamlı addımlarını atır. Bunu artıq Türk Birliyinin yaradılmasının başlanğıcı kimi də qiymətləndirmək olar.

Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısının  Naxçıvan Bəyannaməsində bu məsələ açıq olaraq göstərilir. Bəyannamənin 22-ci maddəsində deyilir:

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri ilə bağlı narahatlıqlarını təsdiq etdilər, sabitlik və regional əməkdaşlıq üçün maneələrdən biri olan qeyd olunan münaqişənin ərazi bütövlüyü, Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığı və beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd etdilər; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş olacağına əmin olduqlarını bir daha təsdiq etdilər.

Azərbaycan Respublikasının Prezidetni cənab İlham Əliyev haqlı olaraq qeyd edir ki, “Azərbaycan və Türkiyə xalqlarının birliyi bütün türk dünyasının uğurunun rəhnidir və onun möhkəmlənməsində vacib elementə çevrilib”. Prezidentin digər bəyanatı da vacibdir: “Azərbaycan Dağlıq Qarabağın və onun ətrafında olan yeddi rayonun işğalı ilə heç zaman barışmayacaq və öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar predmeti olmayıb, olmayacaq da”.

Son olaraq qeyd etmək lazımdır ki, türkdilli dövlətlərin bir birləri ilə münasibətlərin yaхınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə ancaq öz müsbət təsirini verə bilər və verəcək.

Aynur Tağıyeva,

AMEA-nın əməkdaşı.

 

“KarabakhİNFO.com”

ƏDƏBİYYAT:

  1.  M.Исмаилов “События вокруг HKAO в кривом зеркале фальсификаторов”. Bakı, 1989.
  2. E.Əhmədov. “Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar”. Bakı, 1998.
  3. V.Arzumanlı. “Tarix siyasətin, siyasət tarixin dili ilə”. Bakı, 1999.
  4. A.Səmədov, A.İsayev. “Azərbaycanın qurtuluş tarixi”. Bakı, 2002.
  5. Türkiyənin Azərbaycanda strateji maraqları- referat.firststeps.az/d_word_kurs_sosio_268.doc
  6. Türkiyə-Azərbaycan əməkdaşlığı strateji aspektdə- www.baksam.com › 2010 › Yanvar › 30 –
  7. Azərbaycan və türk diasporları  təşkilatları koordinasiya şurasının illik toplantısı materialları, Bakı, Yurd, 2008,
  8. Naxçıvan bəyannaməsi dmfa.nakhchivan.az/page.php?lang=az&page=030057 –
  9. Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq  Qurultayı-materiallar, Bakı, Yurd, 2008,

 

10.04.2014 16:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*