Azərbaycanca

Dağlıq Qarabağ probleminin həllinə dair təkliflər

26.11.2012 | 19:28

1353943715_minsk-qrupu1991-ci ilin sonuna kimi həm Azərbaycan, həm də Ermənistan SSRİ-nin tərkibinə daxil idi və ona görə Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin daxili problemi sayılırdı. Həmin ilin sonunda hər iki dövlət öz müstəqilliyini elan etdi və 1992-ci il yanvarın 30-31 də hər iki dövlət ATƏT-in, martın 2-də isə BMT-nin üzvü oldular. Ona görə Dağlıq Qarabağ münaqişəsi də ölkələrarası münaqişəyə çevrildi.

1992-ci il martın 24-də ATƏT-in Nazirlər Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupu yaradıldı. Xatırladaq ki, Minsk Qrubu 12 dövlətdən ibarətdir.

Münaqişənin həllində iştirak edən Rusiya ilk vaxtlar bölgəyə sülhyaratma qüvvələri kimi Rusiya qüvvələrinin gətirilməsinə çalışırdı. 1994-cü ilin dekabrında Budapeştdə ATƏT-ə üzv olan ölkələrin sammitində qərara alındı ki, DQ zonasına ATƏT-in sülhməramlı qüvvələri gətirilə bilər. Bu qüvvələr neytral dövlətlərin hərbi qüvvələrindən təşkil oluna bilərdi.

1996-cı ilin dekabrında ATƏT-ə üzv olan ölkələrin sammitində DQ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyü Ermənistandan başqa ATƏT-in digər üzv ölkələri tərəfindən tanındı. Bu o demək idi ki, DQ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıydı.

Hazırda ATƏT-in Minsk qrupunun 3 həmsədri vardır: ABŞ, Rusiya və Fransa.

Həmsədrlər tərəfindən 1997-ci ilin iyununda DQ münaqişəsinin həlli ilə bağlı ilk təklif Azərbaycan və Ermənistana təqdim edildi. İlk təklif problemin paket həllini nəzərdə tuturdu. Bu təklifə görə DQ-nin hansı statusa malik olması, işğal olunmuş rayonların azad olunması eyni vaxtda həll olunmalıydı. Ermənilər tələb edirdilər ki, Qarabağa status verilsin, yəni onun müstəqilliyi tanınsın, Qarabağın müstəqilliyinə zəmanət verilsin. Bu qərarın həyata keçməsi ilə, Qarabağ ətrafında işğal olunmuş rayonların azad edilməsi eyni vaxtda baş verilməliydi. Təbii ki, Azərbaycan tərəfi bununla razı olmadı.

Azərbaycan tərəfi  bildirdi ki, DQ-a muxtariyyət statusu veriləcək, amma Azərbaycanın tərkibində. Özü də əvvəlcə, DQ ətrafındakı işğal olunmuş rayonlar azad edilməli, qaçqınlar yerinə qaytarılmalı, sonra isə muxtariyyət məsələsi  həll olunmalıdır. Yəni, problem mərhələ-mərhələ həll olunmalıdır. Həmsədrlərin verdiyi ikinci təklif də “Mərhələli plan” adlanırdı. Bu təklif 1997-ci ilin sentyabrında verildi. Bu təklifə də Ermənistan tərəfi razı olmadı.

1999-cu ilin noyabrında münaqişənin həllinə dair üçüncü bir təklif irəli sürüldü. Bu təklif “Ümumi dövlət” təklifi adlanırdı. Bu təklifə görə Azərbaycan və Dağlıq Qarabağ bərabər hüquqlu dövlətlər kimi birləşib bir ümumi dövləti yaradırlar. Yəni, DQ müstəqil bir dövlət kimi tanınmalı idi. Bu təklif də Azərbaycan tərəfindən qəbul olunmadı.

Danışıqlar gizli aparıldığından onun detalları açıqlanmırdı. Amma ayrı-ayrı bəyanatlara əsasən tərəflərin mövqeyi belə ortaya aşağıdakı kimi verilir:

 

Azərbaycan təklif edir: Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ona Azərbaycan tərkibində dünya praktikasında mövcud olan ən yüksək muxtariyyət verilə bilər. Məsələn, Alan modeli timsalında. Bunun üçün əvvəlcə işğal olunmuş ərazilər azad edilməlidir, qaçqınlar yerinə qayıtmalıdır. Sonra  Qarabağın statusuna baxılmalıdır. Azərbaycan razıdır ki, etibarın yaradılması üçün Qarabağa sülhyaratma qüvvələri gətirilsin. Amma bu qüvvələr Minsk qrupunun həmsədr ölkələrindən ola bilməz. İlk mərhələdə işğal olunmuş rayonların hamısı deyil, bir hissəsi azad edilsin. Qarabağın öz parlamenti olsun, öz polis qüvvələri olsun. Erməni dilində yazmaq oxumaq səlahiyyəti verilsin. Qarabağa gedən yollar açılsın.

 

Ermənistan isə təklif edir ki, Qarabağ müstəqil dövlətdir. O, ya müstəqil olmalı ya da Ermənistana birləşdirilməlidir. Azərbaycan buna razı olarsa işğal olunmuş rayonları azad edə bilər. Özü də bütün rayonları yox. Onlar tələb edirlər ki, Ermənistanla Qarabağ arasında olan Laçın və Kəlbəcər rayonları da Ermənistanın işğalı altında qalmalıdır.

 

Ermənilər mərhələli plandan aşağıdakını qəbul edirlər: Deyirlər ilk mərhələdə biz ətraf rayonları azad edərik, Azərbaycan da DQ-də yerli əhalinin referendum keçirməsinə razı olsun. Azərbaycan bunu qəbul etmir. Çünki indi Qarabağda yaşayanlar yalnız ermənilərdir. Onların referendumunun nəticəsi elə əvvəldən də məlumdur. İkincisi, Konstitusiyaya görə referendum respublika miqyasında keçirilə bilər, vilayət miqyasında yox.

 

İndi vəziyyət nə yerdədir? Deyilməsə də, indi münaqişənin həllinə başlıca maneə Rusiyadır. Rusiya istəmir ki, Cənubi Qafqaz Avropaya, NATO-ya çox yaxınlaşsın. İstəmir ki, burada Amerikanın təsiri güclənsin. Əslində, Qarabağ məsələsi həll olunsa şübhə yoxdur ki, Rusiya Qafqazı itirəcək. Azərbaycan və Gürcüstan artıq daha çox Avropaya inteqrasiya olunub. Ermənistan da əslində bunu istəyir, amma Rusiya buna imkan vermir. Orada Rusiyanın hərbi bazaları var, Ermənistanın bütün sənaye müəssisələri, bankları və s. Rusiya tərəfindən satın alınıb. Yəni, hər şey Rusiyanın əlindədir və Rusiya Ermənistan istədiyi kimi idarə edir və ona başqa cür düşünməyə imkan  vermir.

 

Hazırda Azərbaycan sürətlə inkişaf edir. Son 5 ildə Azərbaycanın büdcəsi 4 dəfə artıb. İndi Azərbaycanın tək hərbi büdcəsi Ermənistanın bütün büdcəsini ötüb keçib. Yaxın 5 ildə yenə Azərbaycan büdcəsi 4 dəfə artsa Azərbaycan çox güclü olacaq. Ermənistan beynəlxalq layihələrdə də iştirak edə bilmir, çünki Azərbaycan buna imkan vermir. Ermənistan iqtisadi baxımdan getdikcə daha çətin vəziyyətə düşür. Azərbaycanla və Türkiyə ilə əlaqələri qurmasa vəziyyəti çox pis olacaq.

 

Dağlıq Qarabağ probleminin həllinə dair təkliflər

 

 

 

Nəsrin Süleymanlı

 

“KarabakhİNFO.com”

 

 

26.11.2012 19:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*