Azərbaycanca

“ Dağlıq Qarabağ probleminin həllində “Qafqaz evi” ideyasının rolu”

03.03.2015 | 17:31

 

 

magerram_zulfugarly

Məhərrəm Zülfüqarlı

Tarix elmləri  üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

Qafqaz coğrafi rayonu Xəzər və Qara dəniz arasında dağ sisteminin əmələ gətirdiyi, Avropa ilə Asiya qitəsinin sərhəddində yerləşən bir ərazidir. Böyük Qafqaz sıra dağları bölgəni Şimali Qafqaz və Cənubi Qafqaza ayırır. Strateji cəhətdən əlverişli, müxtəlif millət və xalqların yaşadığı, füsünkar təbiətinə görə dünyanın əksər bölgələrindən fərqlənən Qafqazda kənar qüvvələrin təhriki ilə tarixən müxtəlif milli münaqişələr baş vermişdir. XX əsrin əvvəllərində olduğu kimi, müasir dövrdə də Qafqazda strateji maraqları olan dövlətlər tərəfindən etnik münaqişələrin qızışdırılması regionda sülhün bərpası üşün ciddi problemlər yaradır. Dağlıq Qarabağ, Abxaziya, cənubi Asetiya prolemlərinin həll olunmaması, şimali Qafqazda olan müharibə ocaqlarının hələ də qalması Qafqaz xalqlarının inkişafına ciddi təhlükələr yaradır. Milli münaqişələr milyonlarla insana faciələr yaşatmaqla yanaşı, iqtisadiyyata da böyük zərbə vurur.

 

Məsələn, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), eləcə də ona bitişik olan 7 rayonunun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları) əraziləri işğal edilmişdir. Bundan əlavə Azərbaycanın cəbhəyanı və Ermənistanla sərhədyanı rayonlarının da bir sıra yaşayış məntəqələri işğal olunmuş (Naxçıvan MR, Qazax, Tərtər, Ağcabədi, Gədəbəy) və ciddi zərər (Ağstafa, Beyləqan, Tovuz) vurulmuşdur. Hazırda Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının işğal olunmuş 2 kəndindən biri, Ağdam rayonunun işğal olunmuş 82 kəndindən 80, Füzuli rayonunun işğal olunmuş 76 kəndindən 54, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 7 kəndi  hələ də işğal altında qalmaqdadır.”Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycana küllü miqdarda maddi zərər vurulmuşdur. İşğal edilmiş Azərbaycan ərazilərində 900-dən artıq yaşayış məntəqəsi,ümumi sahəsi 9,1 mln kv metr olan 150 minə yaxın yaşayış evi və mənzil, 4366 sosial-mədəni təyinatlı obyekt, 7000 ictimai bina, 2389 sənaye və kənd təsərrüfatı obyekti,1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya-müalicə kompleksi, 798 səhiyyə müəssisəsi, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti və digərləri dağədılaraq məhv edilmişdir. İşğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin həcmi, ilkin araşdırmalara əsasən, 2011-ci ilin əvvəllərinə 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ dollarından artıq təşkil edir və işğal aradan qaldırılmayanadək ilbəil artacaq.Ermənistandan ata-baba yurdlarından zorla qovulmuş qaçqınların əmlakı, mal-qarası, bağ-bağçasının dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində toplanmış sənədlər əsasında təxmini hesablanaraq müəyyən olunmuşdur ki, qaçqın əhaliyə dəyən maddi ziyan 2,5 milyard ABŞ dolları təşkil edir.

 

Kolxaozlarda azərbaycanlılara məxsus olan 43.789 baş iribuynuzlu, 454.660 baş xırdabuynuzlu mal-qara, çoxsaylı ev quşları və donuzları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1.381 yardımçı təsərrüfatı tikintiləri, 2.169 avtomaşın,1.976 traktor, 3.132 kənd təsərrüfatı texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qalmışdır. Bunların hamısının dəyəri təxmini hesablamalara uyğun olaraq, 17,5 milyard ABŞ dolları təşkil edir.Regional münaqişələr iqtisadiyata zərbə vurmaqla yanaşı  tarixi abidələrin məhvinə də səbəb olur. Azərbaycannın qədim ərazisi olan Dağlıq Qarabağ və ona bitişik rayonların işğalı nəticəsində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri məhv edilmişdir. Bundan başqa işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğalçılar tərəfindən dağıdılmışdır.(4) Qafqazda olan münaqişələrin həll edilməməsi təkcə region ölkələrinin deyil, həmçinin qonşu ölkələri, o cümlədən Avropa Şurası və  Avropa Birliyini də narahat edir. Avropa Birliyinin cənubi Qafqaz Respublikalarına yaxın qonşuluq statusu verməsi, onlarla şərq tərəfdaşlıq layihəsini həyata keçirməsində də əsas məqsədlərdən biri bu münaqişələrin tezliklə həll edilməsinə dəstək verməkdən ibarətdir.

 

Son illər beynəlxalq təşkilatların vasitəçiliyi ilə Qafqazda olan mövcud problemlərin həlli ilə bağlı danışıqlar aparılır, vəziyyətdən çıxış yolları müzakirə edilir. Avropa Birliyi ölkələri 150 min çeçen vətəndaşına “savaş qaçqınları” statusunda sığınacaq vermişdir. Bununla yanaşı, İnquşetiya, Dağıstan, Kabarda-Balkardan olan şəxslərə “antiterror əməliyyatlarının qurbanları” hüququ verilməklə onların qaçqın kimi yerləşdirilməsinə nail olunmuşdur. İndiki məqamda Almaniya, Fransa, ABŞ, Belçika, İsveç, Avstriya, Türkiyə və digər dövlətlərdə yaşayan çərkəz əsilli diaspor təşkilatları da yürüdülən Quzey Qafqaz siyasətinə səfərbər olunmuşlar. Üç milyonluq çərkəz diasporu 1850-1864-cü illərdə yaşanılan “Qafqaz savaşı”na görə öz yurdlarından hələ də didərgin düşdüklərini, tarixi torpaqlarına dönmək iddiasında olduqlarını, bu topluma qarşı həmin tarixdə törədilən soyqırımın tanıdılması kimi şərtlər irəli sürməyə3 из 6başlayıblar. Onlar indiki Krasnodar vilayətinin və Qara dəniz sahillərinin əzəli sakinləri olduqlarını tarixi həqiqət kimi təqdim etməklə, bu ərazilərə geri dönmək üçün səfərbərdirlər. “Qafqaz savaşı”nın 150 illik tarixi günlərində çərkəzlərin tarxi əraziləri olmuş  Soçi şəhərində 2014-cü ildə keçirilən Qış Olimpiya Oyunlarının dayandırılması, ya da çərkəzlərin öz tarixi torpaqlarına dönməsi üçün müvafiq qərarın olması kimi şərtlər irəli sürülmüşdür.Firimizcə,  Qafqazda olan mövcud problemlərin həllində “Qafqaz evi” ideyasının reallaşdırılması mühüm rol oynaya bilər. “Qafqaz evi” ideyası hazırki Avropa birliyi modelinə uyğun olsa da bu ideyanın irəli sürüldüyü tarix daha qədimdir.

 

Azərbaycanın görkəmli mütəffəkirləri cənubi Qafqaz problemlərinin həlli ilə bağlı keçən əsrdə öz dəyərləri məsləhətlərini müxtəlif əsərlərdə vermiş və bu dəyərli fikirlər müasir dövrdə də aktuallığını itirməmişdir. Məsələn, Üzeyir Hacıbəyovun  “Biz hamımız Qafqazlı balasıyıq” adlı məqaləsi bu qəbildə olan məqalələrdəndir. Müəllif müasir dövrdə tez – tez səslənən “Ümum qafqaz evi” və digər ideyaların məhz əsrin əvvələrində mövcud olduğunu öz fikirləri ilə təsdiq edir. O, yazır: “Daha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri  qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəsi altında nurlanmağa qeyrət edək… Biz hamımız Qafqaz balasıyıq! Qafqaz haqqında qəlbimizdə bəslədiyimiz məhəbbət təbiidir ki, gərək, bizi, bir -birimizə mərbut etsin. Qərəz və tərəfgirlikdən… ədavət kimi dəni hisslərdən özümüzü təmizləyək. Bəsirət gözü ilə halımıza bir nəzər salaq! Hamımız Qafqaz balalarıyıq, zərurət və ehtiyaclarımız birdir. İstiqbalımızın rifah və səadətini təmin edəcək qüvvə hamımızın himmət və qeyrətinə bağlıdır. Yalqız əldən səs çıxmaz… Biz hamımız Qafqaz balasıyıq. Birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, hamımızı təhdid edir, nicatımız ittifaqdadır. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək! Bundan belə bizim “lozunq” virdi – zəbanımız bu olmalıdır ki, birimizin səadət və xoşbəxtliyi hamımız səadət və xoşbəxtliyinə bağlıdır.

 

Bundan belə qafqazlılar, bunu özümüzə rəhbər edib, buna müvafiq iş görməliyik. “Qafqaz evi” ideyasının reallaşması üçün bu günə qədər bir sıra işlər həyata keçirilib. Rusiyada 1917-ci il fevral-burjua inqilabından sonra Ümümrusiya Müəssislər Məclisinin Qafqazdan olan deputatları Zaqafqaziya Seymində birləşdilər (23 fevral-26 may 1918-ci il), bu Qafqazın birliyi yolunda ilk tarixi təcrübə idi, 1918-ci il aprelin 22-də Zaqafqaziya müstəqil, federativ respublika elan olundu, aprelin 26-da isə yeni Zaqafqaziya hökuməti təşkil edildi. Zaqafqaziya Seymi dağıldıqdan sonra, onun yerində 1918-ci ilin mayında üç müstəqil respublika – Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları meydana gəldi. Bundan sonra Konfederasiya ideyası da irəli sürüldü. Cənubi Qafqaz Respublikalarının Konfederasiya ideyası Paris sülh konfransının iştirakçıları, xüsusilə, ABŞ prezidenti V.Vilson tərəfindən müsbət qarşılanmış,4 из 6Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğu real çıxış yolu kimi göstərilmişdi.  Lakin 1920- 1921- ci ilərdə  sovet Rusiyasının cənubi Qafqaz Respublikalarını işğal etməsi ilə bu ideyanı reallaşdırmaq mümkün olmadı. Sovet rejimi bu ideyada öz məqsədləri üçün istifadə edərək Azərbaycan, Gürcüstan və Ermənistan Sovet Respublikalarını bir ittifaqda birləşdirdilər.1922-ci il martın 12-də Səlahiyyətli konfrans İttifaq müqaviləsini qəbul etdi və Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqını (ZSSRFİ) yaratdı. İttifaq müqaviləsində deyilirdi ki, Səlahiyyətli konfrans xalqların öz müqəddəratını təyin etmək hüququnu əsas tutaraq razılığa gələn tərəflərdən hər birinin müstəqilliyini və suverenliyini tanıyaraq, müdafiə məqsədilə və təsərrüfat quruculuğu mənafeyi naminə öz qüvvələrini birləşdirməyin zəruriliyini dərk edərək, “Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları indən belə öz aralarında sıx hərbi, siyasi və iqtisadi İttifaqa daxil olduqlarını” təsdiqlədi. Müqavilədə göstərilirdi: “Respublikalar İttifaqı RSFSR ilə ittitaq müqaviləsi əsasında qarşılıqlı münasibətlər qurur ” Lakin bu müqavilədə göstərilənlər sonradan  hamısı kağız üzərində qaldı. Cənubi Qafqaz Respublikaları totalitar sovet rejimi tərəfindən mərkəzdən idarə etməklə müqavilədə  göstərilən müddəaların üstündən xətt çəkdi. 1922-ci il martın 12-də təsis edilmiş Zaqafqaziya Sovet Sosialist Respublikalarının Federativ İttifaqı (ZSSR Fİ), 1922-ci ilin dekabrından 1936-cı ilin dekabrınadək mövcud olmuş ZSFSR Qavqaz birliyinin məzmunca Sovet, formaca bolşevik qurumundan başqa bir şey deyildi.

 

Cənubi Qafqazın sovet qoşunları tərəfindən işğalından sonra  “Qafqaz evi” ideyası həmin ölkələrin mühacirətdəki liderləri tərəfindən yenidən müzakirə obyekti olur. Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqaz nümayəndələri  1921-ci ildə Parisdə Qafqaz Şurasını yaratdılar. Bundan sonra Münhendə Azərbaycan Milli Mərkəzi Sədri M.Ə. Rəsulzadə, Gürcüstan Milli Siyasət Mərkəzi Sədri H. Jordaniya və Şimali Qafqaz Milli Mərkəz Komitəsi Sədri Əhməd Maqoman tərəfindən 1952-ci ilin dekabrında “Qafqaz Mərkəzi” adlı təşklilat yaradılmışdır. SSRİ dağıdıqdan sonra 1992-ci il sentyabrın 4-5-də  Qroznıda “Qafqaz evi” qurumu iştirakçılarının “Dəyirmi masa” görüşü keçirildi. “Qafqaz evi” ideyasının təbliğində bu görüşdə yaradılmış Ali Dini Şura mühüm rol oynayır. Məhz onun fəaliyyəti nəticəsində 1992-ci il oktyabrın 17-də Qroznıda, noyabrın 24-25-də isə Bakıda din xadimlərinin konfransları keçirilmişdi. 1993-cü il yanvarın 21-23-də Bakıda “Qadınlar “Qafqaz evi”ndə sülh uğrunda” Beynəlxalq qadınlar konfransı keçirilmişdi. Konfransda Ermənistan istisna olmaqla bütün Qafqaz ölkələri təmsil olunmuşdular. Beynəlxalq konfrans qadınların Qafqaz xalqlarına “Müraciəti” ilə başa çatmış, burada da Qafqazı bürümüş milli etnikmünaqişələrin aradan qaldırılması üçün başlıca yol kimi “ümumqafqaz evi”nin yaradılması ideyası təcəssüm olunmuşdu. Hazırda “Qafqaz evi” ideyasının reallaşması Gürcüstan-Azərbaycan münasibətlərinın müsbət istiqamətdə inkişafından asılıdır.

 

Bu sahədə “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında” Tibilisi bəyannaməsinin 1996-cı il martın 8-də Azərbaycan Respublikası Prezidenti H.Əliyev tərəfindən imzalanması da mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə digər məsələlər yanaşı “Qafqazın nadir təbiətinin qorunması, təbii fəlakət və silahlı münaqişələrin nəticələrinin aradan qaldırılması, beynəlxalq turizmin inkişafı sahəsində hərtərəfli əməkdaşlıq” da nəzərdə tutlmuşdur. “Qafqaz evi” ideyasının həyata keçirilməsi həmçinin Qafqaz Ümumi Bazarının yaradılmasını, onun Avropa Ümumi Bazarına inteqrasiyasını, tarixi “Böyük İpək yolunun” iki minillik fasilədən sonra yenidən bərpasını nəzərdə tutur. “Qafqaz evi” ideyasına dəstək verən aparıcı ölkələrdən biri Türkiyə Cümhuriyyətidir. Qafqaz evi ideyası Türkiyə tərəfdən ilk dəfə Süleyman Dəmirəl tərəfindən irəli sürülüb və dəfələrlə  müzakirə edilsə də konkret nəticə əldə olunmamışdı. Türkiyyə Cümhuriyyətinin hazırki prezidenti Rəcəb Tayyib Ərdoganın Azərbaycana müxtəlif səfərləri zamanı müzakirə olunan əsas məslələrdən biri də “Qafqaz evi” ideyası ilə bağlı olmuşdur. Türkiyyə rəsmilərinin fikrincə bu həm siyasət, həm iqtisadiyyat, həm də etika məsələsidir. Gələcəkdə bu ideya reallaşarsa, ittifaqa ilk növbədə Azərbaycan, Gürcüstan, Ermənistanla yanaşı Türkiyə ilə Rusiyanın da  qoşulması nəzərdə tutlur. Gələcəkdə bu ölkələrin sırasının daha da genişlənməsi mümkündür. Bundan başqa Türkiyə Qafqazda hərbi qüvvələr balansının qorunması üçün Moskva ilə ayrılıqda dialoq aparır ki, bu da gələcəkdə Qafqaz evinin yaradılmasında ən mühüm amillərdən biridir. Keçmiş diplomat Ramiz Abutalıbovun 2011-ci ildə Moskvada çapdan çıxmış “M.Ə.Rəsulzadə və Qafqaz konfederasiyası”  kitabı da “Qafqaz evi” ideyasının təbliğındə mühüm rol oynayır. Fikrimizcə “Qafqaz evi” ideyasının gələcəkdə reallaşması regiondan sülhün bərqəarar olmasına və regionun qərbə daha sıx inteqrasiyasına səbəb ola bilər.

 

Bu ideyanın reallaşması isə burada yaşayan xalqların iradəsi ilə yanaşı, regionda marağı olan böyük dövlətlərin də öz siyasətlərində köklü dəyişklik etməsindən, humanizm, sülüh prinsiplərini əsas götürmələrində çox asılıdır.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

03.03.2015 17:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*