Azərbaycanca

Dağlıq Qarabağda müharibə ehtimalı varmı?

19.02.2013 | 17:35

1361280456_mharibDünən Ermənistanda kütləvi saxtakarlıqla müşahidə olunan seçkilər keçirildi. Əvvəlcədən hazırlanmış seçki şousu ilkin olaraq Qarabağ mübaribəsi, eləcə də Xocalı soyqırımının iştirakçısı olmuş Serj Sərkisiyanın xeyrinə nəticələndi. Sarkisiyan bu saxta nəticəni daimi “qulluğunda hazır” olduğu Rusiyanın hesabına əldə edib.

Rusiya son zamanlar Ermənistanla hərbi əməkdaşlığını daha da dərinləşdirməklə sanki Azərbaycana hədə-qorxu gəlir. Bunu son günlər mediada Dağlıq Qarbağda yeni müharibənin başlanması ilə bağlı yayılan məlumatlardan görmək olur. Belə ki, bir neçə gün öncə Azərbaycan Müdafiə Nazirliyindəki yüksək rütbəli qaynaqlar APA 1361280666_elman-nsirlivasitəsilə Qarabağda vəziyyətin kritik dərəcədə gərginləşdiyini, hətta fevralın 20-də müharibənin başlaya biləcəyini göstərən məlumatlar sızdırıb. Orada deyilir ki, son günlər Ermənistan ordusunun təmas xətti boyu Azərbaycan ordusunun mövqelərinə həmlələri artıb. Mənbə onu da qeyd edib ki, son günlər Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qazax və Tovuz istiqamətində istehkam işlərinə, ön xətdəki qazıntılara ətraf kəndlərdən mülki texnikalar cəlb olunur. Azərbaycan tərəfi də öz növbəsində bununla bağlı ATƏT-in nümayəndəsini məlumatlandırıb. Əks təqdirdə, cəbhə xəttinə hərbi məqsədlər üçün cəlb olunan texnikaların da məhv ediləcəyi barədə qarşı tərəfə xəbərdarlıq edilib. Məlumata görə, Azərbaycan tərəfi cəbhədə təxribatlar zamanı öldürülmüş, lakin Ermənistan ordusunun rəhbərliyi tərəfindən mediadan gizlədilən hərbçilərin adını, onların harada, nə zaman öldürülməsi, hansı hərbi hissənin əsgəri olması barədə məlumatları açıqlamağa hazırlaşır. Fevralın sonlarında belə bir hesabatın açıqlanması gözlənilir. Hərbi mənbələrdən APA-ya daxil olan digər məlumata görə, hazırda cəbhənin mərkəzində təxribat cəhdləri ilə yanaşı, Xocalı aeroportunda da işlər intensivləşib. Aeroportdakı avadanlıqların, o cümlədən rabitə və radiolokasiya sistemlərinin sınaqları keçirilir: “Müxtəlif  kanallardan əldə olunan məlumatlara görə, fevralın 20-si ərəfəsində Xocalı hava limanına uçuş planlaşdırılır. Bütün hallarda bu təxribat cəhdlərinin də qarşısı alınacaq”.    Ekspertlər isə Qarabağda müharibə riskini və Xocalı aeroportuna uçuşların hərbi əməliyyatların başlanmasına səbəb ola biləcəyini real saymırlar. Amma sərhədyanı insidentlərin intensivləşməsi də istisna olunmur. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli “KarabakhİNFO.com”a açıqlamasında bildirdi ki, Rusiya tərəfdən intensiv danışıqlar prosesinə dəstək sanki tükənib. Onun sözlərinə görə, bunun əksinə olaraq Rusiya ilə Ermənistanın hərbi sahədə əməkdaşlığı daha da intensivləşib: “Paralel olaraq Rusiyanın Xəzərdə hərbi donanması güclənib. Həmçinin keçən ildən başlayaraq Rusiyanın Dağıstandakı hərbi kontingenti daha da güclənməkdədir. Bir çox hallarda Rusiya bunu İran ətrafında yaranmış vəziyyətin müharibəyə transformasiya mümkünlyü ilə əlaqələndirir.Amma hər halda onu da nəzərdən qaçırmaq olmaz ki, Rusiyanın Ermənistanı indiki şəkildə müdafiəsi və hərbi texnika ilə təzhiz etməsi müharibə versiyasını xeyli aktuallaşdırıb. Ona görə də Ermənistanın istənilən halda provaksiyaya getməsi, xüsusilə bu provakasiyanın Xocalı aeroportunun işə salınması ilə reallaşdırması ehtimalı böyükdür. Belə olan halda Azərbaycan hökumətinin həmin vəziyyətdə adekvat addımlar atacağı ilə bağlı və beynəlxalq hüququn imkan verəcəyi səviyyədə addımlar atacağı bəllidir. Bu da sözün həqiqi mənasında sülhün nəzarətdən çıxacağına gətirib çıxara bilər”. Amma institut direktoru hesab etmir ki, regionda böyük müharibə başlayacaq: “Hər halda Ermənistan tərəfinin Rusiyanın dəstəyi ilə regionda provakasiya etməsi ehtimalı var. Ona görə də ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədirləri, BMT-nin Təhlükəsizlik Şurası və digər nifuzlu qurumlar bu situasiyaya düzgün qiymət verib lazımi ölçü götürməldir”. E.Nəsirli Xocalı aeroportunun açılmasının müharibəyə rəvac verəcəyinə inanmır: “Sarkisiyan bu yaxınlarda seçiciləri ilə görüşündə demişdi ki, Xocalı aeroportu mütləq açılacaq. Amma Rusiya mətbuatı məlumat yaymışdı ki, müdafiə naziri Sergey Şoyqu indiki vəziyyətdə aeroportun açılmasının təhlükəli olduğunu qeyd edib. Ona görə də mən belə hesab etmirəm ki, indiki halda regionda təzədən Qarabağ uğrunda böyük bir müharibə başlansın. Məncə, burada söhbət sərhədyanı ərazilərdə ciddi hərbi insidentlərdən gedə bilər. Amma onun müharibəyə transformasiyası Qərbin, ABŞ-ın maraqlarına zidd ola bilər”.       Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin sədri, polkovnik Mehdi Mehdiyevin fikrincə isə, istənilən halda Azərbaycan və ya Ermənistan kəşfiyyatının ölçü götürməsi təbiidir: “Onsuz da müharibə qurtarmayıb. Hərbi əməliyyatlar hansısa formada özünü biruzə verir. Ermənistanın bir nömrəli güvəndiyi ölkə Rusiyadır. Ona görə də Rusiya ona bütün sahələrdə dəstək verir. Bildiyimiz kimi hər hansı hadisədə Azərbaycan sərt mövqe bildirəndə dərhal Rusiya Ermənistanda olan bazalarını gücləndirir. Hətta ehtimal var ki yaxın zamanlarda Rusiya Ermənistandakı bazalarını genişləndirsin”.  Polkovnik yaxın günlərdə müharibənin olacağını real saymır: “Çünki Rusiya Azərbaycana qarşı Ermənistan tərəfdən müharibəyə başlaya bilməz. İşğal altında bizim torpaqlarımızdır. Ona qalsa biz müharibəyə başlamalıyıq. Rusiya ilə Ermənsitanın hərbi əməkdaşlıq müqaviləsində vurğulanır ki, Ermənistan torpaqlarına təcavüz olunsa, Rusiya hər hansı müdaxilə edə bilər. Ona görə, Ermənistanın əlində elə bir əsas yoxdur ki, əks hücum eləsin”. Onun fikrincə, müharibə haqqında deyilənlər sözdən kənara getməyəcək: “Rusiyanın mövqeyinin sərtləşməsi Qəbələ RLS-lə bağlıdır. Bu RLS-in əlindən çıxması Rusiyanı qıcıqlandırır. Ermənistan onların hərbi müttəfiqi olduğundan müəyyən hədələyici ifadələr işlədilir. Hər halda hər bir ifadə ciddi diqqətdən keçirilməlidir. Qabaqlayıcı tədbirlər görülməlidir. Eyni zamanda nə qədər bizim ordumuz güclü, qüdrətli olsa da düşməni zəif görmək olmaz”.  Hərbi ekspertə görə, Ermənistan Xocalı aeroportunun açılmasından çox böyük ehtiyat edir: “Ermənistan əmin olsa idi oradan uçan təyyarə vurulumayacaq, onu çoxdan açardı. Beynəlxalq ictimaiyyət hamısı Azərbaycanın mövqeyini dəstəkləyir. Həmin ərazinin Azərbaycana məxsus olduğunu tanıdıqları üçün bir qədər ehtiyat edirlər”.   Hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovsa bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin başında Moskva dayanır: “Əgər Rusiya istəsə bunu bir neçə günə həll edər. Amma Rusiya bunu istəmir. Ona görə də bu məsələ bu qədər uzanır”. O indi müharibə ab-havası görünmədiyini qeyd etdi: “Müharibənin olması üçün də zəmin yoxdur. Bu sadəcə Rusiyanın öz vassalı Ermənistan vasitəsilə Azərbaycana təzyiqdir.  Bu təzyiq vasitəsi isə heç bir uğura məhkum deyil. Ona görə də Azərbaycan körpə uşaq deyil ki, onu hədə-qorxu gəlsinlər. Düzdü, Rusiya lazım olanda Azərbaycan faktorundan yaralanır, bəzən də öz maraqları üçün fəndlərdən istifadə edir. Artıq o fəndlərin də zamanı keçib. Azərbaycan bunları çox sakit qarşılamalıdır. Rusiyanın Ermənistan vasitəsilə həyata keçirmək istədiyi təxribatların heç bir əsası yoxdur. Hələ Ermənistanın öz daxilində Sarksiyanın prezident seçildıkdən sonrakı vəziyyətini düşünmək lazımdır”.   Ü.Cəfərovun fikrincə, Rusiya  istəsəydi müharibə amilindən istifadə edərdilər: Amma özləri də bilir ki, müharibə onların xeyrinə olmayacaq. Texnikanın sərhəd güclənməsi isə  Azərbaycan əsgərlərinə psixoloji təsir göstərmk üçün atılan addımlardır. Əgər bütün dünya güclərinin Rusiyaya təsiri olarsa, Azərbaycanın özünün də imkanları daha da genişlənərsə ərazilərimiz işğaldan azad olunacaq. İnşallah ümid edirəm ki, yaxın bir neçə ildə Rusiya özü də məcbur olub Ermənistanı Azərbaycanın işğal altında olan ərazilərini boşaltmağa vadar edəcək”.   

 

Fuad Hüseynzadə

 

KarabakhİNFO.com       

19.02.2013 17:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*