Azərbaycanca

Dağlıq Qarabağda narkotiklərin qeyri-qanuni dövriyyəsi davam edir

25.04.2014 | 14:28

1398421488_marixuana-ess“Beynəlxalq qurumlar maraqları ucbatından Dağlıq Qarabağda narkotik ticarətin və terrorçuluğun qarşısını almağa cəhd göstərmir”

 Narkomaniya problemi bütün dünya dövlətlərində olduğu kimi Azərbaycanı da narahat edir. Hökumət tərəfindən problemin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülür. Nəzərə almalıyıq ki, işğal nəticəsində Azərbaycanın 20 faiz torpağı itirilib, 132 kilometrlik sərhədi tamamilə nəzarətsiz qalıb.

Narahatedici məqam isə ermənilərin işğal etdiyi ərazilərimizdən narkotik maddələrin tranziti kimi istifadə edilməsidi. Eyni zamanda bu ərazilərdə narkomafiyanın əkin sahələri və laboratoriyaları var. Azərbaycan hüquq-mühafizə orqanları ölkə daxilində narkotika satıcısı və istifadəçiləri ilə mübarizə aparsa da, işğal altında olan ərazilərdə bu tədbirləri həyata keçirə bilmir.

Aparılan təhlillər sübut edir ki, Əfqanıstanda və Dağlıq Qarabağda istehsal olunan, kustar üsulla kiçik laboratoriyalarda tərkibi kimyəviləşdirilərək heroinə çevrilən narkotiklər sonradan Ermənistan və Gürcüstan vasitəsilə Avropaya çıxarılır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov mediaya bildirib ki, işğal olunan Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur: “Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 kilometrlik sərhədi nəzarət olunmayan əraziyə çevrilib. Hazırda ölkə ərazisindən narkotiklərin daşınması üzrə 3 beynəlxalq marşrut keçir. Bu marşrutlar Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycandı. Lakin beynəlxalq marşruta daxil edilməyən daha bir marşrut var ki, bu da Əfqanıstan-İran-Dağlıq Qarabağdı. Bu marşrut BMT-nin hesabatlarına daxil edilmir. Dağlıq Qarabağ həm narkotik vasitələrin tranziti, həm də terrorçu qruplaşmalar hazırlayan düşərgələrin yerləşdiyi əsas ərazilərdən biridir. Beynəlxalq qurumlar maraqları naminə ərazidə narkotik ticarətin və terrorçuluğun qarşısını almağa cəhd göstərmir. Onlar Dağlıq Qarabağda narkotik ticarətin və terrorçuluğun artdığını yaxşı bilirlər. Həmin təşkilatlar bir çox ölkədə narkotik vasitələrin ticarətinə və bu maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə apara bilir, tranzit marşrutlarının ünvanlarını hər il öz hesabatlarına daxil edirlər. Lakin Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar olaraq heç bir addım atmırlar. Mövcud vəziyyət bir daha sübut edir ki, problemin qalması beynəlxalq təşkilatlardakı mafiya qruplarının maraqlarına xidmət edir”.
Beynəlxalq təşkilatlar Azərbaycanın qaldırdığı həyəcan siqnalına, təəssüf ki, o qədər də həssaslıqla yanaşmır, ermənilərin və onlarla iş birliyində olan müəyyən dövlətlərin transmilli cinayətkar qruplaşmasına qarşı ciddi tədbirlər görmür. Faktlar onu göstərir ki, Azərbaycanın işğal olunan, beynəlxalq nəzarətdən kənarda qalan ərazilərində ermənilər qeyri-insani fəaliyyətlə məşğuldu. Onların bu əməlləri Dağlıq Qarabağı bütün dünya üçün təhlükə ocağına çevirib. Heç bir dövlət qondarma Dağlıq Qarabağ Respublikasını müstəqil dövlət kimi tanımır.

 Dağlıq Qarabağ Azərbaycana məxsus olduğu üçün, beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşır ki, Azərbaycan mövcud problemin qarşısını almaq məqsədi ilə  mübarizə aparmır… Azərbaycan bu barədə beynəlxalq təşkilatlara dəfələrlə məlumat versə də, nəticəsi olmayıb. ABŞ Dövlət Departamenti 2005-ci ildə Azərbaycan hökumətinin məhz Dağlıq Qarabağda qeyri-qanuni narkotik maddələrin tranziti və kultivasiyası ilə bağlı məlumat xarakterli narahatlığını ifadə etmişdi. 2005-2006-cı illərdə bu məsələlərə çox böyük diqqət var idi. Hətta ABŞ Azərbaycan hökumətinin reaksiyasına dərhal cavab verərək Dağlıq Qarabağda monitorinqin aparılması ilə bağlı qərar vermişdi. Amma sonrakı illərdə ABŞ-ın Dövlət Departamentinin hesabatında bu məsələlərə yer ayrılmadı. Əsas fikir respublikanın daxilindəki narkosituasiyaya yönəldildi. Bu da digər tərəfdən beynəlxalq donor institutlarının marağını bu məsələdə azaltmış oldu. Nə qədər ki, maraq azalır, narkoişbazlar işğal olunan ərazilərdə çirkin əməllərini həyata keçirməkdə davam edəcəklər.
 

“Dağlıq Qarbağda narkotik vasitələr becərilir”

Bu və digər problemlərin aradan qaldırılması istiqamətində Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisi də ciddi araşdırma və tədqiqatlar aparır. Təşkilatın rəhbəri Məzahir Əfəndiyev bizimlə söhbətində bildirdi ki, Dağlıq Qarabağ işğal altında olduğu üçün qonşu dövlətlər tərəfindən olan müxtəlif qüvvələr burada qeyri-qanuni fəaliyyətlər göstərir: “Bu fəaliyyətlərin tərkib hissəsi narkotiklərin qeyri-qanuni dövriyyəsidi. Son 15 ildə müşahidə etmişik ki, Əfqanıstanda istehsal olunan narkotik maddələrin əsas bazarı bilavasitə Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlər və Avropa ölkələridi. Narkomafiya çalışır ki, daha çox mənfəət əldə etsin. Bunun üçün də qeyri-qanuni fəaliyyətə əl atır. Narkomafiyanın inkişafı üçün əsasən nəzarətsiz, münaqişə ocaqları hədəf seçilir. Nəticədə daha çox mənfəət əldə edilir. İstər beynəlxalq narkomafiya, istərsə də narkomafiyanın terrorist quruplaşmalarının fəaliyyətini “dəstəkləyən” ölkələr mövcud vəziyyətə göz yumaraq fəaliyyətə şərait yaradırlar. Dağlıq Qarabağ da belə məkanlardan biridi”.

Onun sözlərinə görə, Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyini dəstəkləməsi terrorizmi, narkomafiyanı dəstəkləməsi kimi xarakterizə olunmalıdı: “Biz mütəmadi olaraq bu məsələlərin işıqlandırılmasına nail olmuşuq. İstər Azərbaycanın ali hakimiyyəti, istər hüquq-mühafizə orqanları beynəlxalq tədbirlərdə bu kimi məsələlərə diqqəti cəlb ediblər. Təəssüfedici məqam ondan ibarətdir ki, bu günə qədər bu məsələləri qabaradaraq məlumat kimi bəyan etmişik.

Dəfələrlə qeyd etmişəm ki, mövcud problemləri qabardaraq problemi həll etməliyik. Əlimizdə olan fakt, qeyri-rəsmi məlumatlarla beynəlxalq ictimaiyyətə onu çatdırmalıyıq ki, bu ərazilərdə narkotikanın qeyri-qanuni tədavülü həyata keçirilir. Yaranan vəziyyət tək narkotika alverçilərinin varlanmasına xidmət etmir. Digər tərəfdən də Avropada, MDB-də yaşayan insanların səhhətinə və dövlətçiliyə zərbələrini də ortaya qoymalıyıq”.

M.Əfəndiyev bu məsələləri gündəmə gətirərkən faktlardan istifadə olunmasının vacibliyini vurğuladı: “Milli Təhlükəsizlik Nazirliyinin apardığı təhlillər və digər istintaq sənədləri sübut edir ki, Əfqanıstanda istehsal olunan narkotiklər Dağlıq Qarabağ ərazisindən keçirilərək Ermənistan və Gürcüstan vasitəsilə Avropaya çıxarılır. Həmçinin bu ərazilərdə münbit torpaqlar olduğu üçün narkotik vasitələr becərilir. Eyni zamanda məlumatlar səslənir ki, Əfqanıstanda və Dağlıq Qarabağda kultivasiya olunan narkotiklər kustar üsulla kiçik laboratoriyalarda tərkibi kimyəviləşdirilib heroinə çevrilməklə bazara çıxarılır. Həmin şəraitdə hazırlanan narkotiklər təkibinə görə çox aşağı səviyyəli maddayə çevirilir. Nəticə narkotika istifadəçiləri virusa yoluxur, sağalmaz xəstəliyə düçar olur. Məlumatların daha geniş formada beynəlxalq ictimaiyyətə çatdırılmasına ehtiyac var”.

“… dünya ictimaiyyəti öz narahatlığını ifadə etməlidir”

 

Sədr beynəlxalq təşkilatlar qarşısında işğal altında olan ərazilərdə narkotik maddələrin qeyri-qanuni tədavülü ilə bağlı məsələlər qaldırıldıqda birmənalı münasibət gördüklərini deyir.  Onun sözlərinə görə beynəlxalq təşkilatlar iki ölkə arasında siyasi müstəvidə müzakirələr getdiyi üçün bu kimi problemlərin qabardılmasının danışıqlara xələl gətirdiyini bildirir: “Beynəlxalq təşkilatlar hazırda iki dövlət başçısı arasında Dağlıq Qarabağ məsələsinin həlli yolunda siyasi müstəvidə danışıqlar getdiyi üçün bu kimi texniki problemlərin ortaya atılmasının nəticə etibarilə danışıqlara xələl gətirdiyini deyirlər. Hesab edirəm ki, bu yanaşma ikili standartlardan çıxış edirBeynəlxalq təşkilatlar həqiqətən də qeyri-qanuni ticarətə qarşı mübarizə aparırlarsa, bu kimi məlumatlara da həssaslıq nümayiş etdirməlidirlər”. Onun fikrincə, ermənilərin və onlarla iş birliyində olan qonşu dövlətlərin transmilli cinayətkar qruplaşmalarına qarşı ciddi addımlar atılmalıdı. “Beynəlxalq ictimaiyyətə çatdıra bilərik ki, həqiqətən də Azərbaycan ərazilərində baş verən qeyri-qanuni halları özümüz qabardaraq mövcud problemin qarşısının alınması istiqamətində addım atmış oluruq”.

O bildirdi ki, dünya ictimaiyyəti Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərində narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısını almaqda Azərbaycan qədər maraqlı olmalıdı. M.Əfəndiyev qeyd etdi ki, nə qədər ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları Ermənistanın işğalı altındadır, həmin ərazilərdə Azərbaycan öz nəzarətini tam bərqərar etməyib, bu ərazilər nəzarətsiz hesab olunur. M.Əfəndiyev yaranan şəraitdə  heç şübhəsiz ki, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, eləcə də qeyri-qanuni tranziti, hətta istehsalının baş verəcəyini deyir: “Amma nəzərə alsaq ki, məhz həmin o qeyri-qanuni dövriyyədən əldə olunan gəlirlər separatizmin, terrorizmin daha da geniş miqyasda yayılmasına xidmət göstərir, tək Azərbaycan dövləti deyil, qonşu dövlətlər, eləcə də beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti narahatlığını ifadə edərək bu istiqamətdə daha ciddi tədbirlər həyata keçirməli və Azərbaycan dövləti qədər maraq nümayiş etdirməlidi”.

 M.Əfəndiyev xatırlatdı ki, hazırda beynəlxalq təşkilatlar hökumətin xüsusi məlumatları ilə yanaşı, QHT-lərin məlumatlarına daha çox üstünlük verirlər: “Təşkilat olaraq Avropa İttifaqı, Avropa Komissiyası ilə yaxından əməkdaşlıq edirik. Eləcə də BMT-nin bir çox layihələrində yaxından əməkdaşlıq göstəririk. Çalışırıq ki, Azərbaycan hökumətinin bu məlumatlarını artıq qeyri-hökumət təşkilatı müstəvisində onların diqqətinə çatdıraq”.

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

P.S. Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir

– See more at: http://karabakhinfo.com/arasdirma/2721-dagliq-qarabagda-narkotiklrin-qeyri-qanuni-dovriyysi-davam-edir.html#sthash.zVdBvAo6.dpuf

25.04.2014 14:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*