Azərbaycanca

“Dağlıq Qarabağı üçüncü tərəf kimi prosesə qoşmaq istəyirlər”

16.07.2014 | 10:48
14Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova “Media forum” saytının suallarını cavablandırıb.

– Son günlər cəbhə xəttində vəziyyət xeyli gərginləşib, Ermənistan ordusu atəşkəsi tez-tez pozur. Belə bir durumda Azərbaycanın Ermənistanla danışıqlardan imtina etməsi gündəmə gələ bilərmi?
– Dünyada və bölgədə təcavüzkarlıq siyasəti yürüdən bir neçə ölkə var. Həmin dövlətlərdən biri, bəlkə də birincisi Ermənistandır. Ermənistan beynəlxalq hüququ, onun normalarını tamamilə saymır, kobud şəkildə pozur. Ermənistan Azərbaycanın ərazilərini işğal edib, orada oturub, məskunlaşma aparır və işğal faktını beynəlxalq aləmə tanıtmağa çalışır. Biz isə beynəlxalq ictimaiyyətin mövqeyini və ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyərək sülh prosesində iştirak edirik. Sülh də hər kəsdən çox Azərbaycana lazımdır.
Ermənistan təcavüzkarlıq siyasəti həyata keçirir və müharibənin nəticələrini tanıtmağa çalışır, amma yenə də sülhdən danışır. Təsəvvür edin ki, belə bir vəziyyətdə Azərbaycan sülh danışıqlarından çıxır və müharibəyə başladığını elan edir. Hesab edirəm ki, bu, düzgün mövqe olmazdı. Ona görə də Azərbaycan sülh danışıqları prosesində iştirakdan imtina etdiyini heç vaxt söyləmir və söyləmək niyyətində də deyil. Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları ilə həllinə çalışanlar bu yolun səmərəsiz və nəticəsiz olduğunu açıq formada etiraf etməyənədək Azərbaycanın bu siyasəti davam edəcək. Sülh danışıqlarının nəticə vermədiyini və münaqişənin danışıqlarla həllinin mümkün olmadığını vasitəçilər söyləməlidir.
Burada başqa bir məqam da var: Ermənistan cəbhə xəttində insidentlərin dairəsini daha da genişləndirərək əndazədən çıxardığı təqdirdə indiki siyasətin hansısa bir formada dəyişməsindən və yeni yanaşmadan söhbət gedə bilər. Dünyanın müxtəlif münaqişə bölgələrində, o cümlədən İsrail-Fələstin münasibətlərində belə hallar olur.
Hazırda cəbhə xəttində insidentlər var. Belə hallar əvvəllər də olub, bundan sonra da olacaq. Biz insidentlərin dəyərləndirilməsinə, aradan qaldırılmasına, beynəlxalq ictimaiyyətin bunlara qiymət verməsinə çalışırıq. Hesab edirəm ki, sülh danışıqlarından imtina etməyimiz düzgün yanaşma olmaz. Sülh danışıqlarından imtina edib nə edəcəyik? Müharibəmi edəcəyik? Sülh danışıqlarından çıxmağımız yalnız Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti tamamilə dəyişəndə, yeni konkret yanaşma ortaya qoyulanda mümkün ola bilər. Əks halda sülh danışıqlarından çıxmağımızı bəyan etməklə beynəlxalq qınağı öz üzərimizə yönəltmiş olarıq. Bu da Ermənistanın, ermənilərin maraqlarına xidmət edər.
– Dağlıq Qarabağ münaqişəsi alovlanandan bəri beynəlxalq aləmdə xeyli proses baş verib, dünyanın siyasi xəritəsi dəyişib, yeni dövlətlər yaranıb, Rusiya-Çeçenistan, Kosovo, Əfqanıstan, İraq, Rusiya-Gürcüstan müharibələri olub, bəziləri başa çatıb. Amma dünyada baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə heç bir təsiri olmayıb, problem olduğu kimi qalıb. Beynəlxalq aləmi qismən tərpədən, səfərbər edən son hadisələr Ukraynada yaşanır. Rusiyanın Ukrayna ərazisi olan Krımı işğal etməsi Dağlıq Qarabağ münaqişəsi üçün yeni situasiya yaradıbmı?  
– Hər halda yeni situasiya yaranıb, dünya yeni vəziyyətlə üz-üzə qalıb. Əslində bu situasiya yeni yaranmayıb, əvvəllər də mövcud olub, amma bu vəziyyət dünyaya hökm edən bəzi dairələri o qədər də maraqlandırmırdı. Çünki bu situasiyanı özləri, öz maraqları üçün təhlükə saymırdılar. Amma bu gün belə bir vəziyyətlə üz-üzə qalıblar və həmin dairələr bu təhlükəni hiss edirlər, görürlər. Ona görə də “Dağlıq Qarabağ və buna oxşar münaqişələr həll olunmalıdır” bəyanatlarını indi daha tez-tez səsləndirirlər. ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyası zamanı da münaqişələrin həllinə çağırışlar oldu. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr, xüsusən də ABŞ Ukrayna hadisələri ilə bağlı ortaya konkret mövqe qoydu, Helsinki Yekun Aktının prinsiplərinin kobud şəkildə pozulması haqda qətnamə ilə çıxış etdi.
Əslində belə vəziyyətlərdə gözlər birbaşa ABŞ-a, onun rəhbərliyinə dikilir, hamı düşünür ki, əgər hər hansı vəziyyətlə bağlı konkret radikal addım atılmalıdırsa, ABŞ öndə olmalıdır, liderlik etməlidir. Hesab edirəm ki, ATƏT Parlament Assambleyasının sessiyasında təqdim olunan qətnamə yalnız konqresmen Bencamin Kardinin mövqeyi deyildi, ABŞ-ın siyasəti idi. ABŞ və Avropa Ukrayna hökumətinin arxasında durur və yaranmış vəziyyətdən çıxış yolu tapılmasında maraqlı kimi görünürlər. Əslində bu vəziyyətin və çıxış yolu axtarılmasının Dağlıq Qarabağ münaqişəsinə, aparılan sülh danışıqlarına təsiri var. Bunun nəticəsidir ki, “münaqişə tez bir zamanda həll olunmalıdır” bəyanatları indi intensiv formada səsləndirilir.
Hesab edirəm ki, biz həm danışıqlar prosesində yaranmış vəziyyətdən yararlanmalıyıq, həm beynəlxalq aləmdə yeni sənədlərin qəbulu prosesini yeni presedent kimi qəbul etməliyik, həm də konkret mövqe ortaya qoymalıyıq. Ya danışıqlar səmərə verməlidir, ya da danışmaq xətrinə aparılan danışıqların səmərəsiz olduğu vasitəçilər tərəfindən bəyan olunmalıdır. Amma danışıqları səmərəsiz olduğunu ilk bəyan edən Azərbaycan olmamalıdır. Çünki məhz həmin dairələr Azərbaycanın indiyədək konkret addım atmasına imkan verməyiblər. Onlar həmişə deyiblər ki, münaqişə sülh danışıqları ilə həll olunmalıdır və bunun üçün çalışdıqlarını söyləyiblər. Əgər problemi indiyədək həll edə bilməyiblərsə, bu gün də bunu bacarmırlarsa, onda bunu açıq formada bəyan etməlidirlər. Onlar vəziyyətdən çıxmaq üçün ya səlahiyyətlərinin dəyişdirilməsini tələb etməlidirilər, ya da vasitəçilik missiyasından imtina etməlidirlər. Çünki Minsk qrupu hazırkı səlahiyyəti və mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında olmadığını ortaya qoyub.
İndi isə yeni situasiya dünya siyasətinə yeni diktələr edir. Bu da münaqişə vəziyyətində olan ölkələr tərəfindən nəzərə alınır. Təbii ki, yeni vəziyyətin diktələrini Azərbaycan və Ermənistan fərqli kontekstlərdən nəzərə alır. Artıq ermənilər də dərk edirlər ki, bunun sonu yaxşı olmayacaq. Ona görə də işğal altındakı rayonlardan yeddisinin Azərbaycana qaytarılması məsələsi gündəmə gəlib. Bu, təsadüfi, elə-belə deyil. Ola bilər ki, Azərbaycanın yeddi rayonun qaytarılması müqabilində münaqişənin birdəfəlik həlli ilə barışıb-barışmadığını yoxlamaq üçün belə fikirləri ortaya atırlar. Amma bu boş söhbətdir, heç vaxt həyata keçməyəcək cəhddir. Azərbaycanın mövqeyi qəti və birmənalıdır: sülh danışıqları yalnız müharibənin yenidən başlanmasının qarşısını almağa xidmət etməməlidir, beynəlxalq hüquq əsasında münaqişənin tam şəkildə həllinə yönəlməlidir. Minsk qrupunun həmsədrləri xüsusən də ABŞ Helsinki Yekun Aktının prinsiplərini tez-tez vurğulayırlar. Ermənilər bu prinsipləri pozublar. Azərbaycana münasibətdə Helsinki Yekun Aktının prinsipləri tam şəkildə bərpa olunmalıdır.
– Deyirsiniz ki, Azərbaycanın indiyədək konkret addımlar atmasına imkan verməyiblər. Yəqin söhbət danışıqların alternativi olan müharibədən gedir. Hansısa mərhələdə Azərbaycanın belə bir niyyəti olubmu?
– Addım atmaq səlahiyyəti başqa bir şəxsdə və qurumda olduğu üçün nə zamansa belə bir imkanın olub-olmaması fikrini söyləməkdən uzağam. Amma müharibə ritorikasının zərərli olduğunu bizim diqqətimizə çatdıranlar kimlərdir? Kimlər müxtəlif səviyyələrdə bunu bizə deyirlər? “Silah gücünə, döyüş yolu ilə işğal olunan ərazilərin dinc yolla, danışıqlarla qaytarılmayacağı həqiqətinə əsaslanaraq, bizim də öz ərazi bütövlüyümüzü, suverenyliyimizi müharibə yolu ilə bərpa etmək haqqımız, səlahiyyətimiz var” deyəndə “bu, müharibə ritorikasıdır və çox zərərlidir” cavabını eşidirik. Bunu söyləyənlər kimlərdir? “Azərbaycanın konkret addım atmasına imkan verməyiblər” deyəndə bunları nəzərdə tuturam. Amma Azərbaycanın nə zamansa müharibəyə başlamaq əmri verməsi və bizi bundan çəkindirdiklərinə dair əlimdə faktım yoxdur. Bunu demək səlahiyyətim də yoxdur.
Bizə deyirlər ki, gücə istinad etmək zərərlidir. Bunu söyləyənlər münaqişənin sülh yolu ilə həllini ortaya qoymalıdırlar. Əgər bunu edə bilmirlərsə, onda səlahiyyətlərini yerinə yetirə bilmədiklərini, onlara tapşırılan missiyanın öhdəsindən gəlmədiklərini bəyan eləməlidirlər. Biz onları ya öz işlərini yerinə yetirməyə, ya da ki açıq şəkildə danışmağa vadar etməliyik. Hazırkı siyasətimizin mahiyyəti bundan ibarətdir. Amma Azərbaycan həm də ordunun qabiliyyətini, hərbi qüdrətini, iqtisadi gücünü artırmalıdır. Çünki prezident İlham Əliyevin söylədiyi kimi, dünya güc qarşısında geri çəkilir. Azərbaycan da bölgədə ən güclü orduya, ən güclü imkanlara malik olan bir dövlət olmalıdır ki, onunla güc dilində danışmağın mümkünsüzlüyünə  qarşı tərəfi inandırsın.
– Ukrayna hadisələrindən sonra ABŞ Qarabağ münaqişəsinin həllini niyə istəyir?
– Necə ki Dağlıq Qarabağ münaqişəsinin başlanması maraqların mübarizəsinin nəticəsi idi, o cür də bu münaqişə ətrafındakı spekulyasiyalar maraqlar mübarizəsinin nəticəsidir. Fakt özü-özlüyündə hər şeyi deyir. Beynəlxalq güclər maraqlı olanda istənilən addımı atmağa qadir olduqlarını göstərirlər, necə ki, bu gün göstərməkdədirlər. Ona görə prosesin həm başlanması, həm uzanması, bəzi hallarda qısa müddətdə belə konfliktlərə son qoyulması maraqlar mübarizəsindən, onun mahiyyətindən doğur.
– ABŞ rəsmiləri yeddi rayonun Azərbaycana qaytarılmasına dair bəyanatlar verirlər, bunu təkidlə təkrarlayırlar. ABŞ bunu niyə indi açıq şəkildə bəyan edir? Azərbaycan bununla razı ola bilərmi? Bu təklifin pərdə arxası, açıqlanmayan tərəfləri də varmı?
– Yeddi rayon ona görə Azərbaycana qaytarılmalıdır ki, ora bizim torpaqlardır, Azərbaycanındır. Amma yeddi rayon arasında qalan Dağlıq Qarabağ da Azərbaycanındır axı. Yeddi rayon qaytarılacaq deyə Dağlıq Qarabağ, onun gələcəyi, statusu, hansı şəkildə fəaliyyətini davam etdirməsi bizim üçün maraqsız ola bilməz. Ona görə də yeddi rayonu kontekstdən çıxarıb danışıqlar prosesinin nəticəsi kimi təqdim edənlərə mövqeyimizi bəyan edirik ki, əlbəttə, yeddi rayon bizimdir, bizə qayıtmalıdır, amma Dağlıq Qarabağın bizdən ayrılması, müstəqil olması və ya Ermənistana birləşdirilməsi müqabilində yox. Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi olmalıdır. Ona görə mərhələli həll variantına üstünlük versək də, biz bu prinsiplərin hamısının bir yerdə razılaşdırılması prosesindəyik. Elə ola bilməz ki, yeddi rayonun qaytarılması məsələsi hər şeydən önə keçsin və biz də bu nəticəyə qane olaq, Dağlıq Qarabağın sonrakı taleyi ilə bağlı atılacaq addımlarda iştirakdan kənarda qalaq.
Dağlıq Qarabağı üçüncü tərəf kimi prosesə qoşmaq istəyirlər. Ermənistan daim buna maraqlıdır. Amma Azərbaycan qətiyyən buna yol verməyəcək. Azərbaycan torpaqları hesabına ikinci Ermənistan dövləti yaranmayacaq. Biz bunu söyləyirik və söyləməklə bütün məsuliyyətini hiss edirik. Lazım gələndə bunun üçün döyüşməyə, şəhid verməyə, qurban verməyə hazırıq.
Sualınızın ikinci hissəsinə gəlincə, konkret söyləyə bilmərəm ki, nə baş verib ki, birdən-birə yeddi rayonun qaytarılması məsələsini qoyurlar…

 

 

” KarabakhİNFO.com “

16.07.2014 10:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*