Azərbaycanca

Dağlıq Qarabağın işğalı və Fransanın mövqeyi

20.11.2013 | 13:20

1384939211_fransaDağlıq Qarabağın işğaldan qaytarılması prosesində  əsas vasitəçilərdən biri Fransadır. İlk olaraq qeyd edək ki, Fransa Cənubi Qafqazla bağlı siyasətində təxminən belə bir siyasi kurs yeridir – Paris Gürcüstanın beynəlxalq layihələrində iştirakına mane olmayacaq, Azərbaycandakı proseslərə birbaşa təsir edəcək, ənənəvi dostu olan Ermənistanla daha sıx əlaqələr quracaq.Cənubi Qafqaz siyasətində Fransanın xarici siyasəti o qədər də uğurlu deyil. Fransanın Cənubi Qafqazdakı əsas müttəfiqi olan Ermənistan Qərbin anti-Rusiya layihələrinə qoşulmaq niyyətində deyil. Bu baxımdan, Ermənistana yardım etməklə Fransa ABŞ və Böyük Britaniyanın maraqlarına qarşı çıxmış olur. Mahiyyət etibarilə Fransa Rusiyanın forpostu olan Ermənistanın təcrid olunma siyasətinə qarşı çıxmış olur. Fransa Ermənistan və İranla daha sıx əməkdaşlığa üstünlük verir. Ermənistanla həddən ziyadə əlaqə Fransaya Cənubi Qafqazda təsirini saxlamaq imkanı versə də, ABŞ və Böyük Britaniya ilə Parisin maraqları ciddi şəkildə toqquşur. Avropa ölkələrinin Cənubi Qafqaz uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoyur. Əgər Gürcüstan Almaniyanın təsir dairəsindədirsə, Fransa Ermənistanla buna oxşar əlaqələr qurmaq istəyir, eyni zamanda Gürcüstanı ABŞ, Azərbaycanı isə Türkiyənin nəzarətindən çıxarıb, öz təsir dairəsinə salmaq istəyir.

 Fransa Qərb dövlətlərindən biri olaraq erməni diasporunun güclü olduğu ölkə olmaqla yanaşı buranın xarici siyasətində ikili standartların olması aşkar özünü göstərir.

Ermənilərin fransızlarla əlaqəsi barədə XI əsrdən bəri məlumatların olduğunu “Jamanaq” (“Zaman”) qəzeti 7 may 1950-ci ildə yazmışdır. Erməni jurnalistlərinin fikrincə, 1673-cü ildə Fransanın Marsel şəhərində ilk dəfə erməni nəşriyyatı yaradılmışdır. Bu, Amsterdam şəhərindən köçürülüb gətirilən nəşriyyat olmuşdur.

Erməni yazarlarına görə, XVIII əsrdə ölkənin bəzi şəhərlərinə tədricən ermənilərin məskunlaşması başlanır. XIX əsrin əvvəllərində müxtəlif ölkələrdə yaşayan erməni tələbələrinin Fransaya təhsil almaq üçün axını güclənir. Həmin tələbələr ölkədə cərəyan edən ictimai-siyasi hərəkatda iştirak edərək Avropada mövcud olan təcrübəni qazanmaq imkanı əldə edirlər. Erməni mətbuatının yazdığına əsasən, 1849-cu ildə “Araradyan inqerutyun” (“Ararat yoldaşlığı”) təşkilatı yaradılır (bünövrəsini qoyanlar Q.Ağaton, N.Rusinyan, S.Osqan və digərləri). Sonrakı onilliklərdə adı çəkilən yoldaşlıq Fransada olan “Erməni evi”nin bütün fəaliyyətinə, eyni zamanda İngiltərə və ABŞ-da məskunlaşmış ermənilərin maneəsiz yaşamalarına öz müsbət təsirini göstərmişdir.

1960-cı illərin əvvəllərində Avropada ən çox erməni yaşayan dövlət Fransa olmuşdur ki, onun sayı o dövrdə 130 min nəfər təşkil etmişdir (Paris – ətrafı yaşayan məntəqələri ilə – 35000, Marsel – 20000, Leon – 9000 və s.). “Jamanaq” (“Zaman”) qəzetlərinin yazdıqlarına görə: “…ermənilər əsasən fəhlə kimi, sənaye sahəsində və kənd təsərrüfatında, sənətkarlıq işində, az hissəsi isə idarə işlərində işləyirlər…”

 Hələ 1983-cü ildə Fransada fransız dilində çap olunan dərs vəsaitlərinə daxil edilmiş xəritələrdə Kür-Araz ovalığı bütövlükdə – Kürlə Arazın qovuşduğu yerə qədər Ermənistan ərazisi kimi göstərildi.

1987-ci ilin yazında Fransanın erməni elitasının təşəbbüsü ilə Avropa parlamentinin yaz sessiyasında «erməni məsələsi»nə dair müzakirələr keçirilir. 1987-ci il noyabr ayının 18-də ermənipərəst Qorbaçovun erməni məsləhətçilərindən biri, iqtisadi məsələlər üzrə köməkçisi A.Aqanbekyan Fransada «Humanite» qəzetinə verdiyi müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsinin labüdlüyünü söyləyir.

Azərbaycan Respublikasının müstəqillik elan etməsindən sonra burada nəşr edilən “Lö Mond”, “Fiqaro”, “Parziyen” kimi mətbuatla yanaşı “Antenn-2” və “TV -1” kanalları ölkəmizin məruz qaldığı işğalçı müharibənin əksini sübut etməyə cəhd edirdilər. Bu isə ictimai rəyin diqqətini ermənilərin “əzilən” xalq olmasına yönəldirdi.

Bunun bariz nümunəsi olaraq SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) önündə ermənilərin Qarabağın məhz onlara “ aid olmasına” dair keçirdikləri mitinqin hökumət tərəfindən də rəsmən dəstəklənməsində görə bilərik. Buna baxmayaraq Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur. 16 mart 1992-ci ildə Fransa Azərbaycanda, 20 oktyabr 1994-cü ildə isə Azərbaycan Fransada öz səfirliyini açmışdır.

1994-cü il dekabrın 6-da ATƏT-in Budapeştdə keçirilən sammitində qərara alındı ki, sülh prosesində vasitəçilik üçün həmsədrlik institutu yaradılsın. ABŞ, Fransa və Rusiya isə həmsədrlər təyin edildilər. Sammitin qərarı əsasında 1995-ci ilin martında ATƏT-in o vaxtkı fəaliyyətdə olan sədri Minsk Qrupu həmsədrlərinin mandatını müəyyən edib. Bu mandata əsasən Minsk Qrupu həmsədrlərinin əsas məqsədləri məsələnin həlli üçün müvafiq zəmin formalaşdırmaq, tərəflərin müharibənin başa çatmasına dair yekun razılığı əldə etməsinə səy göstərmək və bununla da Minsk Konfransının çağırılmasına imkan yaratmaq, sülh prosesini dəstəkləyərək ATƏT-in çoxmillətli qüvvələrinin münaqişə bölgəsində yerləşdirilməsini təmin etməkdir. Əgər bu məqsədlərə çatmaq mümkün olsa 1992-ci ildə başlayan Minsk prosesi də uğurla yekunlaşmalıdır. Minsk Qrupuna həmsədrlik edən dövlətlər isə məlum olduğu kimi, öz diplomatlarını vasitəçilik vəzifəsinə təyin edirlər. 1996-cı ildə Lissabon sammitindən sonra ATƏT-in Minsk qrupunun həmsədrliyi uğrunda ciddi mübarizə müşahidə edilməyə başlandı.  Bu dövrdə Minsk qrupunun həmsədrləri Rusiya və Finlandiya idi ki, onların da mövqeyi əksər hallarda eyni idi. Gərgin müzakirələrdən sonra Finlandiyanın həmsədrliyi Fransa ilə əvəz olundu. Artıq neçə illərdir  ki, üç ölkəni təmsil edən həmsədr-diplomatların regiona vaxtaşırı ezamiyyətləri baş verir. Minsk prosesi ATƏT büdcəsindən maliyyələşir və bu il üçün xərclər 953 min avrodur.

4 Avropa Birliyi (AB) öz vasitəçilik rolunu Minsk Qrupu çərçivəsində ilk növbədə Fransaya həvalə edib (Fransa öz növbəsində iddia edir ki, əgər onun səlahiyyətləri 27 dövlətin konsensusu ilə qərar qəbul edən AB-yə ötürülərsə, bu, onun danışıqlar aparmaq imkanlarına xələl gətirəcək). Gözlənilir ki, AB bu prosesdə öz iştirakını daha da gücləndirəcək və sülh sazişi imzalandıqdan sonra bölgədə sülhü qorumağa köməklik edəcək. Digər əsas iştirakçılardan olan Türkiyənin hər iki dövlətə təzyiq etmək imkanı olsa da, Azərbaycana qarşı həddindən çox yaxınlıq göstərdiyindən, Türkiyə vasitəçilik edə bilmir. İranın Azərbaycan və ABŞ-la münasibətləri xeyli zəif olduğundan bu dövlətin rolu ikinci dərəcəlidir. İranda siyasi vəziyyətin dəyişməsi Dağlıq Qarabağ məsələsinə güclü və eyni zamanda ya mənfi, ya da müsbət təsir göstərə bilər, lakin hazırda İran bu münaqişənin “yatmış nəhəngidir”.

Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Rəsmi Parisin Minsk qrupunda olması məsələsində də bu amil əsas götürülmüşdür. Fransanın Ermənistana  yaxın münasibəti və bununla parelel olaraq Türkiyəyə dair mövqeyi Azərbaycanda onun bu gün həmsədrlikdən çıxarılmasına dair ictimai dairələrdə fikir formaşaldırıb. Hökumət rəsmləri hesab edirlər ki, Fransanın Dağlıq Qarabağ məsələsinin həlli ilə məşğul olan vasitəçilər missiyasında olması bu ölkənin ermənipərəst olduğunu ört-basdır etmədisə, Minsk qrupundan kənarlaşdırılması da bu mövqedən çəkindirməyə xidmət etməyəcəkdir. Danışıqlar getdiyi müddətdə vasitəçilərin məsələyə obyektiv yanaşması üçün lazım olan bütün addımları atmışıq və bunu davam etdiririk. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, biz dostlarımızın sıralarını genişləndirməliyik. Bizə düşmən olan dövlətləri neytrallaşdırmağa çalışmalıyıq və bu imkanlardan Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə etməliyik.

Cənubi Qafqaz üzrə amerikalı analitik, Vaşinqtondakı Ceymstaun Fondunun (Jamestown Foundation) tədqiqatçısı Vladimir Sokor (Vladimir Socor) bu fikirdədir ki, uydurma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanunun qəbulu Fransanın Dağlıq Qarabağ məsələsinin həllində vasitəçilik missiyasını şübhə altına salır.

Artıq Azərbaycanda açıq formada fikirlər səslənir ki, Fransa həmsədr olmaq üçün mənəvi haqqını itirib və onu Dağlıq Qarabağ məsələsinin həllində obyektiv mövqe sərgiləyəcəyi inandırıcı görünmür. Məsələ Türkiyə səviyyəsində də çox açıq qoyulur. Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu bildirir ki, Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdən getməsinin vaxtı çatıb: “Əgər Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə maraqlanan iki millət varsa, bunlar ruslar və türklərdir.  Bu prosesdə Türkiyə iştirak etmir,  Fransa iştirak edir”. Ə.Davudoğlu qeyd edib ki, bununla belə, Fransa Prezidenti Nikola Sarkozi İrəvana gedib, orada iki gün, amma Bakıda cəmi iki saat qalır və bununla da rəsmi Paris özünün qərəzliliyini nümayiş etdirir: “Ya Türkiyə həmsədrlər arasında yer almalıdır, ya da Fransa orada olmamalıdır. Bu, rəsmi Ankaranın mövqeyidir”

Fransanın yeni prezidenti Fransua Olland Dağlıq Qarabağ müharibəsinin tənzimlənməsində Azərbaycana tərəfə reverans etdi. Həm Azərbaycan, həm də Fransa rəsmiləri tərəfindən verilən bəyanatlardan aydın başa düşülür ki, Fransa Azərbaycan münasibətlərinin ən prioritet məsələsi Dağlıq Qarabağ tənzimlənməsidir.

Prezident Fransua Olland Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinin onun səlahiyyətində olduğunu və prosesin yekunlaşması üçün əlindən gələn hər şeyi edəcəyini bəyan etdi. İndi Fransada Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə eyni vaxtda iki nazirlik – həm Avropa Məsələləri üzrə Nazirlik (nazir Bernar Klazenev), və XİN (nazir Loran Fabius) məşğuldur.

 Fransanın Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması üçün məsələyə ATƏT-in zirvə toplantısında baxılmalıdır. Həmsədr ölkədən bu statusun alınması üçün konsensus olmalıdır. Üzv ölkədən hansısa məsələnin əleyhinə çıxarsa, onda qərar qəbul olunmur. Beynəlxalq hüquq qaydalarına görə də Azərbaycanın Fransanı Minsk Qrupundan rəsmi şəkildə çıxarmağa səlahiyyəti yoxdur. Fransanı boykot etmək imkanı var.

Baxmayaraq ki, “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, Dağlıq Qarabağ suveren Azərbaycanın bir hissəsidir. Bizim bu məsələdə siyasətimiz dəyişməyib”.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye rəsmi olaraq elan edir, amma real faktların göz önündə olması məsələdə onların qeyri səmimi olduğu görünür.

Azərbaycanda rəsmi dairələrin Fransanın vasitəçi kimi qalmasına narazılığını bildirən Yeni Azərbaycan Partiyasının rəsmilərinin mövqeyi aydın görünür. Onlar hesab edirlər ki, Türkiyəyə qarşı olan hər bir addım ya birbaşa, ya da dolayısı yolla Azərbaycana da qarşıdır. Qondarma “erməni soyqırımı” ilə əlaqədar Fransada qəbul olunan qanun birbaşa Azərbaycanın maraqlarına toxunur. Belə bir cəfəng və hüquqi əsası olmayan qanunun ortaya çıxması Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsi deməkdir.

Zaur Əliyev

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru

“KarabakhİNFO.com”

20.11.2013 13:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*