Azərbaycanca

Dağlıq Qarabağın işğalının ölkə iqtisadiyyatına təsiri

25.11.2014 | 13:17

iqtisadiyyatArtıq 26 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, eyni zamanda 20 mindən çox insanın təlafatı ilə yanaşı, ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurub. Hazırda da bu ziyanın miqdarı ildən-ilə artır.

 

Qeyd edək ki, münaqişə nəticəsində Azərbaycanın 10 iqtisadi rayonundan 2-si Ermənistan tərəfindən işğal olunub. Hazırda işğal altında olan Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonları vaxtilə Azərbaycan iqtisadiyyatında mühüm strateji əhəmiyyətə malik olub. Məhz bu iqtisadi rayonların ərazisindəki iqtisadi resurslar keçmiş SSRİ-də istehsal olunan ümumdaxili məhsulda xüsusi yer tuturdu.

 

 

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Yuxarı Qarabağ iqtisadi rayonunun başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıq və tütünçülük idi. Region həmçinin meyvə, kartof, bostan-tərəvəz məhsullarının becərilməsi üçün də əlverişli idi. Vaxtilə Yuxarı Qarabağ iqtisadi rayonunda barama saxlanması üçün geniş sahələrdə tut bağları salınmışdı.

 

 

İqtisadi rayon eyni zamanda üzümün məhsuldarlığına görə xüsusilə seçilirdi. İqtisadi rayonda heyvandarlıq, əsasən, ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdi. İqtisadi rayonun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanırdı. Şərabçılıq, konserv məhsullarının istehsalı, digər kənd təsərrüfatı məhsullarının emalı yeyinti sənayesinin əsas sahələri idi.

 

 

Bundan başqa Yuxarı Qarabağ iqtisadi rayonunun polimetal filizləri (Mehmanə yatağında), neft, təbii qaz, müxtəlif tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı) ilə zəngin olması burada sənayenin digər sahələri üçün geniş imkanların olduğunu deməyə əsas verir. Meşələrdə olan xammal ehtiyatları yerli ağac emalı müəssisələrini təmin etmək üçün olduqca əlverişlidir. Eyni zamanda Yuxarı Qarabağ iqtisadi rayonunda olan mineral bulaqların (Turşsu, Şırlan), iqlim – balneoloji şəraitin, geniş meşələrin olması buranın istirahət və müalicə əhəmiyyətini artırır ki, bu da turizmin inkişafı üçün də imkanlar yaradır.

 

 

Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli, Əsgəran rayonlarını və Xankəndi şəhərini əhatə etsə də, Ağdam və Füzuli rayonlarının az bir hissəsi erməni işğalından azad olunub. Ümumiyyətlə isə düşmən tərəfin başlatdığı münaqişə işğal edilmiş ərazilərin mövcud infrastrukturunun ermənilər tərəfindən məhv edilməsi ilə müşayiət olunub.

 

 

Azərbaycan Respublikası ərazisinin 7,5 faizini təşkil edən Kəlbəcər-Laçın iqtisadi rayonu iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil edib. İqtisadi rayonda qoyunçuluq, maldarlıq, arıçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq kənd təsərrüfatının inkişaf etmiş sahələrindən idi. Digər yandan Zəngilan və Qubadlı inzibati rayonlarının ərazisi əkinçilik üçün münbit şəraitə malik olub. Bu baxımdan Kəlbəcər-Laçın iqtisadi rayonunun sənayesi ət-süd məhsullarının emalı sənayesinə, eyni zamanda toxuculuq-xalçaçılığa əsaslanırdı.

 

 

Bundan başqa, iqtisadi rayonun ərazisində yerləşən qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları ilə zəngindir. Tarixə uzun əsrlərdir məlum olan Söyüdlü – Zod qızıl mədəni də bu iqtisadi rayonun ərazisində yerləşir.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 21 ildən çoxdur ki, Ermənistan Respublikası tərəfindən talan edilir.

 

 

Eyni zamanda burada yerləşən İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər ki, bu da bölgəni turizm məqsədləri üçün də əlverişli edir.

 

 

Bununla belə istər Yuxarı Qarabağ, istərsə də Kəlbəcər-Laçın iqtisadi rayonları ərazisindəki nəqliyyat-kommunikasiya sistemləri Ermənistanın təcavüzü nəticəsində hazırda dağıdılıb.

 

 

Dağlıq Qarabağ və onunla sərhəd olan 7 rayonun iqtisadi potensialından istifadə oluna bilməməsi, üstəlik mövcud iqtisadi-sosial resurslarının məhv edilməsi Azərbaycana dəyən iqtisadi zərərin miqdarını yüz milyardlarla ABŞ dolları olduğunu deməyə əsas verir.

 

 

Vahid Ehmedov 1Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili, iqtisadçı Vahid Əhmədov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına məsələni şərh edərkən bildirdi ki, Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycana vurduğu iqtisadi zərər 2015-ci ilə qədər olan müddətdə orta hesabla 500 milyard manata( 637,5 milyard ABŞ dolları) yaxındır.Bundan əlavə bu illər ərzində həmin ərazilərdə iqtisadi fəaliyyət olmayıb, ölkə büdcəsinə vergi daxil olmayıb : “Biz bununla bağlı beynəlxalq qiymətləndirmə təşkilatlarına da müraciət etmişik. Eyni zamanda digər beynəlxalq təşkilatlar qarşısında da məsələ qaldırılıb. Ümumi götürəndə bu məbləğ birdəfəyə ödənə bilməsə də, hissələrlə ödənilməlidir”.

 

 

Qeyd edək ki, ölkə ərazisinin 20 faizindən çoxunu əhatə edən bu region hazırda Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarında da kənarda qalıb. Ümumilikdə isə Dağlıq Qarabağın və onunla həmsərhəd işğal altında olan ərazilərin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etməsini nəzərə alanda həmin ərazilərin Azərbaycanda uzun illərdən bəri həyata keçirilən aqrar islahatlardan məhrum olduğu açıq aydın ortadadır.

 

 

Bugünki gündə Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq iqtisadiyyatı sürətlə inkişaf edir, iqtisadi inkişafın göstəricisi olan ümumdaxili məhsul istehsalının həcmi ildən ilə artır, makro iqtisadi sabitlik qorunur. Hazırda ölkənin inkişaf tempi qlobal iqtisadi artımı qabaqlayır.

 

 

Uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycanın hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini qeyd edən Cənubi Koreyada nəşr olunan nüfuzlu “Diplomacy” jurnalı eyni zamanda bu iqtisadi sıçrayışa Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunduğunu bildirir. “Diplomacy” jurnalına müsahibəsində ölkə başçısı İlham Əliyev vurğulayır: “Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan özünün inkişaf yolu ilə bağlı məqsədlərinə demək olar ki, çatıb. Əlbəttə ki, eyni zamanda, həlli vacib olan bəzi problemlər də mövcuddur. Lakin Azərbaycan xalqı və Azərbaycan dövləti üçün ən ağrılı problem Ermənistanın Azərbaycana davam edən təcavüzü və bu təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasıdır. Münaqişə bölgədə sülhə və sabitliyə ən böyük təhlükədir. İyirmi ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilərdə bütün sosial və infrastruktur obyektlər, qədim tarixi abidələr, məscidlər, qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə dağıdılmışdır”.

 

 

Bununla belə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanda iqtisadi artım templəri ildən-ilə azalır, yoxsulluqla mübarizə aparmaq imkanları tükənir. Əhali yoxsulluqla mübarizədə çıxış yolunu ölkəni tərk etməkdə görür.

 

 

Ceyhun Piriyev
“KarabakhİNFO.com”

 

 

25.11.2014 13:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*