Azərbaycanca

Dahi bəstəkarın doğum günü – Milli Musiqi Günü

18.09.2014 | 12:20

8 (1)18 sentyabr – Milli Musiqi Günü Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd olunur. Bu il ölməz bəstəkarın anadan olmasının 129-cu ili tamam olur.

 

Təkcə Azərbaycanda deyil, dünyanın çox yerində Üzeyir bəyin musiqisi səslənir, sevilir, insanlar tərəfindən məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi bəstəkar da məhz Üzeyir bəy idi.

 

 

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 103 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda H.Z.Tağıyevin teatrında olub.

 

 

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yaranmış “Leyli və Məcnun” yalnız ilk Azərbaycan operası deyil, həm də Şərqin ilk operasıdır. Biz fəxr edirik ki, qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. Bu şərəfli salnamədə ilk ad 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin ölməz ismidir.

 

 

İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazdı.

 

 

Üzeyir Hacıbəyli yaradıcılığının kulminasiya mərhələsi “Koroğlu” operası ilə başladı. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi. Beş pərdədən ibarət olan bu operanın libretto müəllifləri H.İsmayılov və Ordubadidir. Burada bir məsələni də qeyd edək ki, Üzeyir Hacıbəyli yalnız bu operanın librettosunu özü yazmayıb.

 

 

“Koroğlu”nun ilk tamaşası 1937-ci il aprelin 30-da olub. Bu, elə bir dövr idi ki, Azərbaycanda repressiyalar qara caynağını hər tərəfə uzadaraq millətin ziyasını qapatmaqla məşğul idi. Məşhur şairlər, yazıçılar, ictimai-siyasi xadimlər, bir sözlə, millətin xoş sabahları üçün fəaliyyət göstərən insanlar həbs edilərək ya uzaq Sibirə, ya da Xəzərin dibinə göndərilirdi. Belə bir zamanda xalq qəhrəmanı haqqında opera yazmağın nə demək olduğu aydındır. Zülm və işgəncələr içində boy göstərmək, cəsarətli addım atmaq, millətə və torpağa, vətənə xidmət etmək Üzeyir Hacıbəylinin qanında idi. O, ilk qələm təcrübəsindən başlayaraq nadanlığın, işgəncənin, ölümün içindən gələcəyə, ümidli sabahlara boylanırdı. Onu bu yoldan heç nə sapdıra bilmirdi. Bəzən də bu cəsarəti onu həqiqətən qara tufanların torundan xilas edirdi. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib. Bir təzada fikir verin: Üzeyir Hacıbəyli Stalin rejiminin ən ağır zamanında – 1941-ci ildə onun adını daşıyan mükafata layiq görülüb.

 

 

Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

 

 

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

 

 

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq Qafqazyanı ölkələrdə, eləcə də Türkiyədə, Bolqarıstanda, Yəməndə və digər məmləkətlərdə tamaşaya qoyulub.11

 

 

Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Sankt-Peterburq Konservatoriyasında təhsil aldığı ildə (1913) Üzeyir Hacıbəylinin yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammafon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

 

 

İkinci dəfə 1917-ci ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov “Arşın mal alan”ı yenidən ekranlaşdırmışdı. Lakin o bu işi görərkən nə müəllifdən icazə almış, nə də onunla məsləhətləşmişdi. Bu səbəbdən də cəmi iki gün nümayiş etdirilən film ekrana buraxılmayıb.

 

 

Üçüncü dəfə isə 1937-ci ildə ABŞ-da yaşayan rejissor R.Mamulyan adlı birisi “Arşın mal alan”ı Üzeyir Hacıbəylidən icazə almadan, ekranlaşdırmış və hətta filmdə Azərbaycan bəstəkarının adını belə göstərməyib.

 

 

Dördüncü dəfə “Arşın mal alan” 1945-ci ildə Bakı kinostudiyasında ekranlaşdırılıb və bu musiqili film də dünyada geniş şöhrət qazanıb. Baş rolda Rəşid Behbudov çəkilib.

 

 

1965-ci ildə isə “Arşın mal alan” musiqili komediyası Bakıda yenidən ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Bu film uğurlu alınmışdı. Baş rolun ifaçısı Həsən Məmmədov olub.

 

 

“Arşın mal alan”ın taleyi həqiqətən uğurlu olub, bu gün də həmin musiqili komediyaya böyük maraq duyulmaqdadır. Bu səbəbdən də teatrların repertuarından düşməyən “Arşın mal alan” həmişəki kimi tamaşaçıları valeh etməkdədir.

 

 

Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Sevinirik ki, müstəqilliyimizi qazandıqdan sonra millətimizə azadlıq şərafəti çatdıran o ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

 

 

21XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyətə malik idi. Tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində Hacıbəylilərin nəsil şəcərəsi ilə bağlı maraqlı faktlar aşkar edilib. Bu nəslin Azərbaycan tarixində, mədəniyyətində xüsusi rolu olub. Üzeyir Hacıbəylinin məzmun və ruh etibarilə həm milli, həm də bəşəri əsərləri geniş şöhrət qazanaraq Azərbaycan musiqisini dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil edib. Onun opera və operettaları müəllifinə dərin rəğbət və məhəbbət qazandırdı. Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında Üzeyir bəydən başqa onun yaxın qohumları, qardaşları da fədakarlıq nümunəsi göstəriblər.

 

 

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

 

 

Üzeyir Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib. O hüznlü günlərin şahidləri öz xatirələrində yazırlar ki, Bakıda o vaxta qədər elə dəfn mərasimi olmamışdı. Bütün Azərbaycan böyükdən-uşağa kimi göz yaşları içərisində millətin böyük oğlunu son mənzilə yola salırdı. Sanki o gün millətin hamısı paytaxta yığışmışdı. Dahi sənətkarın vəfatından illər keçsə də, o, həmişə qəlbimizdə yaşamaqdadır.

 

“KarabakhİNFO.com”

 

 

18.09.2014 12:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*