Azərbaycanca

Danışıqlar prosesi bərpa olunur?

06.11.2013 | 12:05

1383724973_w1sizisjezmjm5ns8xmzy5nde1nzk1qefsl0swyjwiwidgh1bwilczmjz4mjewyjdxq“Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ  işğalının həlli ilə bağlı növbəti görüşünün ilin sonunadək keçirilməsi planlaşdırılır”.

Bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. Həmsədr bu gün Azərbaycan prezidenti ilə keçirdikləri görüşdə müzakirə olunan məsələlərdən birinin də bu olduğunu açıqlayıb. İ. Popov deyib ki, Azərbaycan prezidenti belə bir görüşün keçirilməsinə razılıq verib: “Həmsədrlər bu gün İrəvana yola düşəcəklər. Orada bu məsələni Ermənistan prezidenti Serj Sarkisyanla müzakirə edəcəyik. Ermənistanda bu məsələ müzakirə olunandan sonra rəsmi bəyanat yayılacaq. Biz ümid edirik ki, görüş ilin sonunadək keçirilə bilər”. Görüşün hansısa tədbir çərçivəsində planlaşdırılması barədə suala rusiyalı həmsədr “Biz hazırda bunun üzərində işləyirik”,  – deyə cavab verib.

Bu görüşdən nəticə gözləmək olarmı?

Danışıqlar prosesi bərpa olunur?ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik nikbin danışıb. O, Trend-ə müsahibəsində bildirib ki, hazırda Dağlıq Qarabağ işğalının həlli üçün bir müddət əvvəl mümkün olmayan “imkan pəncərəsi” açılıb. C.Uorlik qeyd edib ki, ABŞ bu “imkan pəncərəsinə” inanır: “Biz həmsədrlər vasitəsilə işləmək istəyirik və qarşılıqlı şəkildə sülh prosesini asanlaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq”.

Həmsədrin sözlərinə görə, vasitəçilər Azərbaycanda və bundan öncə Ermənistanda keçirilən prezident seçkilərindən sonra yeni imkanlar yarandığını görərək, Prezident İlham Əliyevlə danışıqlar aparıblar və İrəvanda Ermənistan Prezidenti Serj Sarkisyanla danışıqlar aparacaqlar: “Hesab edirəm ki, hər iki ölkənin – Azərbaycan və Ermənistanın əhalisi sülhə və əmin-amanlığa layiqdir. Biz buna bir yol tapmalıyıq. Mənim həmsədr kimi bu işi öhdəmə götürməyimin səbəbi sülhə aparan yolu tapmağın mümkünlüyünə əminliyimdir”.

C.Uorlik bildirib ki, sülh yolu ilə həllə nail olmaq üçün regiona istənilən qədər səfər etməyə hazırdır. İki ölkə prezidentlərinin görüşü barədə danışan həmsədr qeyd edib ki, bu, dövlət başçılarından asılıdır: “Bu, təkcə həmsədrlərin verəcəyi qərar deyil. Lakin biz görüşün bu il baş tutması üçün çalışırıq”.

C.Uorlikin sözlərinə görə, bu, ən yüksək səviyyədə ünsiyyətin qurulmasına kömək edəcək: “Ümid edirik ki, bu görüş real sülh prosesi, hərtərəfli danışıqlar, hər iki ölkə üçün faydalı olacaq həllə gətirib çıxaracaq. Prezident İlham Əliyevlə müsbət müzakirələr apardıq. Əgər irəliyə getmək üçün siyasi iradə varsa, biz kömək etməyə hazırıq. Demək olar artıq iki ildir ki, prezidentlər görüşməyiblər və bu iki il ərzində irəliyə yol tapa bilməmişik”.

Həmsədr bildirib ki, münaqişə tərəflərinin hərtərəfli danışıqlar keçirmək istəyi arzuolunandır və bu, çox vacibdir: “Ümid edirik ki, prezidentlər danışa bilsələr, onlar bu konstruktiv danışıqlarda doğru yol tapa biləcəklər. Hazırda bu proses məhsuldar şəkildə irəliləmir və biz prosesin sülhə aparacaq yola istiqamətlənməsini istərdik”.

Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair əsas prinsiplər barədə danışan C.Uorlik qeyd edib ki, prezidentlərin məhz elə bu barədə danışmasına ehtiyac var: “Bu gün biz əsas prinsiplər üzərində işləyirik. Bizim işimiz hərtərəfli danışıqlara aparan yolu tapmağa kömək etməkdir. Bu, iki prezidentin qəbul edəcəyi qərar olmalıdır”.

ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz olunması məsələsinə toxunan C.Uorlik bildirib ki, münaqişə tərəfləri Minsk qrupuna inanmağa və onun vasitəsilə işləməyə davam edir. “Problem danışıqların formatında deyil, məsələ siyasi iradədə və tərəflərin münaqişənin həll yolunu tapmağa doğru irəliləyib-irəliləməməsindədir. Yaxın həftələrdə bizim araşdırmaq istədiyimiz də elə budur”.

C.Uorlikin sözlərinə görə, seçkilər irəliyə doğru getmək üçün əlverişli şərait yaradır.

Dağlıq Qarabağ probleminin digər münaqişələrlə müqayisəsinə gəlincə, amerikalı həmsədr vurğulayıb ki, münaqişələri müqayisə etmək çox çətindir, çünki problemlər və onların səbəbləri də müxtəlifdir: “Bu işə başlamamışdan öncə, mən Əfqanıstan üzrə çalışırdım və ikitərəfli təhlükəsizlik müqaviləsi üzrə əsas vasitəçi idim. Bu, çətin danışıqlar idi, lakin biz irəliyə doğru yolu tapa bildik. Dağlıq Qarabağa dair danışıqlar da çətin danışıqlardır, edilə biləcək seçimlər çətindir. Lakin bu, həll oluna bilən münaqişədir. Düşünürəm ki, hər iki ölkənin xalqı sülhə aparan yolu tapmağa layiqdir. Artıq vaxt gəlib çatıb. Əgər mən münaqişənin həllinə yardımçı ola bilirəmsə, ABŞ və həmsədrlər bu prosesə kömək edə bilirsə, onda biz bunu etməyə hazırıq”.

Danışıqlar prosesi bərpa olunur?Millət vəkili Zahid Oruc isə “KarabakhİNFO.com”-a bildirdi ki, əslində son olaraq Kazan görüşü Rusiyanın rəhbərliyi altında aparılan 4 illik bir prosesin yekunu oldu və tam üzə çıxdı ki, tərəflərin güzəştə gedəcəyi sərhədd xətti harada qurtarır. Onun sözlərinə görə, bundan sonrakı zamanda keçirilən görüşlər xeyli dərəcədə sülh danışıqlarını saxlamaq və buna alternativ tendensiyaların meydana çıxmasının qarşısını almağa xidmət edib: “Beynəlxalq dairələr ondan narahat idilər ki, cəmiyyətdə artan anti-ATƏT mövqeləri yekun olaraq fərqli birliklərin prosesə qoşulmasına səbəb ola bilər. O cümlədən regional müstəvidə aktiv olan siyasi oyunçular təşəbbüsü ələ alarlar. Həmçinin də düşünülürdü ki, “sülh danışıqlarının limiti qalır” təsəvvürü cəmiyyətdə möhkəmləndikcə müharibə amilləri genişlənməz, ultrapatriot dairələr bundan öz mənafeləri üçün yararlanmazlar və sair. Bir tərəfdən cəmiyyətə hədəflənən addımlar atılırdı, o biri tərəfdən də beynəlxalq şərtləri qoruyub saxlamaq üçün danışıqlar 2012-2013-cü ildə xeyli dərəcədə formal aparıldı. Ölkə rəhbərinin hərbi paraddakı açıqlamalarını xatırlatmaq istəyirəm.

O, bildirmişdi ki, “bizim üçün danışıqlarda iştirak Ermənistanın hər hansı bir mövqeyi ilə birbaşa bağlı deyil. Əslində Azərbaycan xarici təşkilatlarla əlaqələrini bir daha ortaya qoyur ki, biz, sülh vasitələrinin hara qədər yararlı ola biləcəyini xarici dairələrlə birgə görmək istəyirik”. Mənim anlamımda bu fikrin məğzi ondan ibarət idi ki, günün birində, hətta sabah hərbi vasitələrlə problemin həll perspektivi meydana çıxarsa, bu halda Azərbaycan öz qarşısında ATƏT-in Minsk qrupunu, ora daxil olan ölkələri rəqib və ya düşmən kimi görmək istəmir. Çünki Amerika kimi güclü bir dövlət Əfqanıstanın üzərinə gedərkən koalisiya təşkil edirsə, heç ola bilməz ki, biz, bölgədə bu qədər maraqların toqquşduğu halda Ermənistana qarşı savaş elan edərkən heç bir beynəlxalq tərəfdaş əldə eləmədən problemin həllinə inanaq. Bu, qeyri mümkün olar və siyasi şantajlar sonrakı dövrdə hansısa qüvvələri bizim əleyhimizə hərbi vasitələrə əl atmağa vadar edər. Təxmin eləmək çətin deyil ki, Cəbrayılın işğaldan azad etməsini həyata keçirən Azərbaycan əsgərinin ölkə içində qələbə əhval ruhiyyəsi fonunda BMT-də və yaxud ATƏT-də əleyhimizə hansı qətnamələr qəbul oluna bilər. Ona görə də düşünürəm ki, biz, bu danışıqlarda iştirakı həm də xarici iradəyə hörmətimiz, onların problemin həlinə mövqeyini görmək istəyimizdən irəli gəlir. Baxmayaraq ki, Ermənistan xalqı içərsində formalaşmış düşüncələrə və yaxud elitasının baxışlarına görə bu məsələdə köklü dəyişikliklərin olduğunu da görmək mümkün deyil”.

Danışıqlar prosesi bərpa olunur?Millət vəkili Məlahət İbrahimqızı “KarabakhİNFO.com”-a dedi ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi bəllidir. Onun fikrincə ölkə başçısı proses boyu cəsarətli mövqe sərgiləyib: “Bundan sonra da həmin mövqe davam etdiriləcək. Azərbaycanın 20 faiz torpağı işğal altındadır. 1 milyon soydaşımız öz yurd yuvalarından didərgin düşüb. Sözsüz ki, cənab prezident sona qədər də bu mövqeni nümayiş etdirəcək. Bizim tələblərimiz Ermənistanın beynəlxalq hüququn tələblərini yerinə yetirməsi ilə bağlıdır. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Dünyanın elə bir təşkilatı yoxdur ki, Ermənistanı işğalçı dövlət kimi tanımasın. Bütün beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə göstərilir ki, silahlı birləşmələr qeyd şərtsiz geri çəkilsin. Yəni biz, Azərbaycanın ərazi bütövlüyünün təminatını tələb edirik. Nə qədər təzyiqlər orlsa da Azərbaycan prezidenti öz qətiyyətli mövqeyindən geri çəkilmir”. Onun sözlərinə görə, növbəti görüşlərdə də Azərbaycan öz haqlı mövqeyini ortaya qoyacaq: “Biz hesab edirik ki, problem danışıqlar yolu ilə həll olunmalıdır. Bölgədə sülhün qarantı olan Azərbaycan hələ ki, danışıqlar yoluna üstünlük verir. Biz, ermənilər kimi irqçi, şovinist deyilik və onlar Azərbaycanın tərkibində Qarabağda yaşaya bilərlər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra oradakı bütün milli azlıqların hüquqlarının qorunmasına dövlət zəmanət verir. Biz, böyük qələbəni əldə edəcəyik. Prezident İlham Əliyev Qarabağın azad olunmasını müqəddəs gün elan edib. Biz, hər keçən gün o müqəddəs günə doğru irəliləyirik”.

Əli Zülfüqaroğlu

“KarabakhİNFO.com”

 

06.11.2013 12:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*