Azərbaycanca

Daşlarda əbədiləşmiş əski inanclarımız

03.01.2013 | 15:09

1357210665_bezymyannyy7Azərbaycan ərazisində qayaüstü təsvirlərin mövcudluğu barədə elmi ictimaiyyətə ilk məlumat verən şəxs tanınmış arxeoloq İ. M. Cəfərzadə olmuşdur (1. 7). O, 1939-cu ildə Bakının yaxınlığında yerləşən Qobustanda tədqiqatlar apararkən yüzlərlə belə təsvir aşkar etmiş və onların elmi izahını şərh etmişdir (2. 304-311). 1947-1965-ci illərdə onun başçılığı altında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun ekspedisiyası 750 qaya və daş parçası üzərində 2500 təsvir, o cümlədən qonşu Şıxqaya və Sonqardagda 30 təsvirli daş təsbit etmişdir. Hazırda Qobustanın Böyükdaş, Kiçidaş, Cinqirdag-Yazılıtəpə abidələrində, eləcə də Şıxqayada yüzdən artıq daşın üzərində 6 mindən çox  qədim təsvir və arxeoloji abidə aşkar edilmiş və öyrənilmişdir (3. 130).

Tanınmış rus alimi Formozov Böyükdaşın Mezolit, yəni Orta Daş dövrü qa-ya təsvirlərini, başqa sözlə petroqliflərini tədqiq edərkən iki mədəni təbəqə kəşf etmişdir: 1-ci mədəni təbəqə ilk Mezolit dövrünü – eramızdan əvvəl 12-10-cu minillikləri, 2-ci mədəni təbəqə isə son Mezolit dövrünü – eramızdan əvvəl 10-8-ci minillikləri əhatə edir (4. 5). Qobustanın Mezolit, yəni orta Daş dövrünün son mərhələsi üçün uzunluğu iki metrə çatan böyük öküz təsvirləri xarakterikdir. Bu rəsmlər konturlu xətlərlə ,əsasən realistik səpgidə işlənmişdir. Onlardan yuxarı mərəbədə yerləşmiş 42№-li  daşın şərq tərəfindəki və 29 №-li daşın mağara divarında cızılmış öküz təsvirlərini göstərmək olar. Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə edilmişdir (4. 15).

Tədqiqatçıların bir çoxu bu təsvirləri, eləcə də arxroloji qazıntılar zamanı ölkəmizin bir çox yerindən, o cümlədən Qarabağdan (Xocalı-Gədəbəy abidələri) tapılan öküz fiqurlarını bilavasitə qədim oğuzlar və onların əski mifik təsəvvürləri ilə bağlayırlar. Məsələn, Tarixçi-etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində “Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ayla Öküzün izdivacından döğulduğunu qeyd etmişdir. Elə bu səbəbdən də son Tunc – erkən Dəmir dövrləri abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində təsvir edilən öküz başlarının buynuzları aypara formasında təsvir edilmişdir (5. 24). Azərbaycan ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edilən heyvan rəsmlərinin və zoomorf elementlərin qədim mifologiyada xüsusi yerə sahib olduqlarını vurğulayan İ. Avşarov haqlı olaraq bildirir ki, bəzi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış etmişlər: “Göründüyü kimi, Azərbaycanın qədim sakinlərinin inanc sistemində öküzə inam xüsusi yer tutmuşdur. Bu baxımdan Xocalı-Gədəbəy abidələrindən üzə çıxarılan fiqurların bir çoxu məhz öküz başı formasındadır. Belə fiqurlar Cənubi Azərbaycan və şimali Qafqaz ərazisindən də tapılmışdır. Rus alimi Avdeyevin fikrincə, öküzə inam ən qədin zamanlardan Qafqaz və Şərqdə geniş yayılmışdı. Azərbaycan ərazisində hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına da rastlanmışdır. Məsələn, arxeoloq Resler Xocalı kurqanında apardığı qazıntılar zamanı belə bir məzara rast gəlmişdir. Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi olan dairəvi disk bərkidilmişdi” (5. 24).

S. Tolstov, N. Bernştam və A. Bekmıradov kimi tanınmış türkoloq alimlər də oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmiş-lər (6. 34). Bu alimlər bu halda “Oğuznamə”də yer alan öküz şəklinə və mətndəki bu sözlərə istinad etmişlər: “Olsun dedilər. Onun anqağusu budur” (6. 124).

“Oğuznamə”nin uyğur versiyasının birnci səhifəsinin birinci sətrində təsvir edimiş göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli, daha dəqiq desək, anqağusu, yəni  ideoqrafik işarəsi kimi təqdim edilir. Bu şəkil əsərə sadəcə bir illüstrasiya ki-mi qəbul edilə bilməz. Çünki o, mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və Oğuz xanın mətndəki sözlü təsviri ilə üst-üstə düşmür. Mətndə Oğuz xanın sözlü təsviri fərqlidirdir:

            “Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu oldu. Bu oğlanın üzü göy idi. Ağzı atəş kimi qırmızı, gözləri ala, saçları,qaşları qara idi. Gözəllikdə mələkdən də gözəl idi…

           …Ayağı öküz ayağına,beli qurd belinə, kürəyi samur kürəyinə, köksü ayı köksünə bənzəyirdi” (6. 124).

 Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü bu təsvirdən əsaslı surətdə fərqlənir. Deməli, bu halda öküz təsviri “Oğuz” kəlməsinin sadəcə ideoqrafik ifadəsidir. Elə bu səbəbdən də Əbülfəz Hü-seyni və Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər. Burada söhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil-yazıdan getdiyini elm aləmində şərti olaraq “7 gözəl” adlanan petroqlif də sübut etməkdədir (4. 17). Bu piktoqramda böyük öküz təsvirinin fonunda 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz xalqını, 8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir. Nəzərə alsaq ki, ilk soybirləşmələri məhz Mezolit dövründə formalaşmışdır və bu birliklərdə birləşən soyların başında qadınlar dururdu (7. 24), tam cəsarətlə deyə bilərik ki, burada söhbət 8 oğuz soyunun birləşməsini ifadə edən  böyük bir qəbilədən, daha doğrusu bu qəbilənin özünü ifadəsindən gedir.

Orxon-Yenisey mətnlərində Üçok, Onok, Onuyğur, Otuztatar, Üçoğuz, Altıo-ğuz, Doqquzoğuz, Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybirləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqdadır: “Səkkizoğuz, Otuztatar qalmadı gəldi…” (8. 150).

Daşlarda əbədilşmiş əski inanclarımızın öyrənilməsi baxımından Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya təsvirlərinin  də böyük əhəmiyyəti var. Burada ulu babalarımızın ovsunçuluqla bağlı inamlarının izləri açıq-aydn görünmkdədir. Sənətşünas alim Nəsir Rzayevin yazdığına görə, ovsunçuluq qədim mədəniyyətimizdə, folklorumuzda dərin köklər saldığı üçün onun ənənəvi davam edən izləri dövrümüzədək gəlib çıxmışdır. Bu izlər təsərrüfat həyatında, təbiətdə və məişətdə baş verən hadisələri ovsunlamaq məqsədi ilə, dilimizə canlı və cansız varlıqları ovsunlayan sözlər gətirmişdir:

“Azərbaycan ərazisində, son vaxtlara qədər ovsunlama ayinlərinin ayrı – ayrı formaları, daha doğrusu, fraqmentləri icra edilirmiş. Ovçuluq, maldarlıq, əkinçilik təsərrüfatlarına dair bir neçə ovsun ayini nümunəsi göstərək. Ovçu gələcək ovun müvəffəqiyyətlə keçməsi üçün ovu nişan alaraq oxu atarkən belə deyir:

                  Haş getdi,

                  Huş getdi,

                  Bu ox sənə

                  Tuş getdi.

 Maldar mal – qaranı canavardan qorumaq üçün bıçaq və ya qayçını bükülmüş halda parçaya sarıyaraq deyir:

                  Qurdun ağzını bağladım” (4. 27).

                   Azərbaycanda geniş yayılmış ovsun folkloru nümunələrindən biri də “Qurd ağzı bağlama” ovsunudur. Maraqlıdır ki, Gəmiqaya təsvirləri içərisində rast gəlinmiş bir təsvir bilavasitə qurd ağzı bağlama ovsunu ilə birbaşa bağlıdır. Sözü-gedən petroqlifdə qurd və qoyun, eləcə də onların arasından keçərək onları bir-birindən ayıran və ucu yumağa çevrilən ip şəkli çəkilmişdir.

Daşlarda əbədiləşmiş əski inanclarımız

Gəmiqayadan tapılmış bu petroqlifin əhəmiyyəti ondadır ki, onun ifadə etdiyi təsviri informasiyanın səsli-sözlü variantı da dövrümüzədək gəlib çatmışdır:

                   “Yağladım,      

                    Dağladım,

                    Qurdun ağzın

                    Bağladım”.

                  Istər Gəmiqaya, istərsə də Qobustan qayaüstü təsvirlərində, eləcə də o dövrün keramika və tətbiqi sənət nümunələrində keçi ilə ülkər ulduzunun qoşa təsvirlərinə çox sıx-sıx rast gəlinməkdədir.

 

Sözügedən təsvirlərdə ülkər ulduzu bəzən ulduz, bəzən xaç, bəzənsə svastika formasında olur. Bu tip piktoqrafiya nümunələrinin önəmi ondadır ki, onlar xalq arasında geniş yayılmış “Təkə Ülkərə baxan kimi baxmaq” ifadəsini əks etdirir. Əslən Qərbi Azərbaycandan olan Meğri rayonunun Lök (indi Vartanazor) kəndindən olan Babayev Qurban Xanəli oğlunun (1959) bizə verdiyi şifahi məlumata görə, təkələr yalnız ülkər ulduzu peyda olanda dişi keçilərə yaxınlaşırlar. Bu üzdən də təkələr həmişə ildə sadəcə bir neçə gün görünən bu ulduzu gözləyir və o çıxdıqda gözlərini ona dikirlər. Eyni deyim və inanc barədə Musa Urud da məlumat verməkdədir (11. 20).

Məlumat üçün bildirək ki, Gəmiqayanın yerləşdiyi ərazidən təqribən 40-45 km aralıda yerləşən Meğri rayonu ərazisində də olduqca maraqlı petroqliflər aşkarlanmışdır. Nüvədi kəndi yaxınlığındakı Qarqadaş dağında cızılmış bu təsvirlərdən biri mövzumuz baxımından daha böyük önəm daşımaqdadır. Təsvirin qiymətini artıran əsas səbəb onun piktoqrafik yazı nümunəsi olması və həmin piktoqrafik nümunənin yaxınlığında onun məzmunu ilə bütünlüklə üst-üstə düşən runik türk yazısının bulunmasıdır.

Sözügedən yazı güneyli tədqiqatçı Mənsur Rəhbəri tərəfindən oxunmuşdur (9). Əsl sensasiya da bundan sonra başlanmışdır. Elm aləmində “Orxon-Yenisey əlfbası” kimi tanınan əlifba ilə yazılmış epiqrafik abidə belədir:

Daşlarda əbədiləşmiş əski inanclarımız

Mənsur bəy haqlı olaraq qeyd edir ki, yazı dilçilik baxımından qədim mətnlər kateqoriyasına aid olsa da orada anlaşılmayan bircə söz və ya ifadə belə yoxdur, mətnin həm dili, həm də fonetik və leksik tərkibi bütünlüklə Göytürk yazılarının dili ilə səsləşir:

“Mətn belə səslənir:

ONı  UÇUK  eRiNÇ  AS  YeLiNÇ  əSRi  UDSıN  KaN  əNGRiZ  GÖÇü  Bok eRiNÇ aRZ(J)uLa  BaRÇa

Yazıdakı sözlərin izahı :

ONı : önü, qabağı ( yazıda qalın saitlərlə ifadə olunub ).

UÇUK : uçqun, uçmuş yer. Qədim qaynaqlarda müxtəlif mənaları olsa da burada mətnin möhtəvasını nəzərə alaraq yerli türk dilinə daha üstünlük verdiyim üçün onu uçqun kimi məna etdim.

eRiNÇ : olsun . Əski Göytürk yazılarında əsasən kömökçı fel kimi işlənən bu kəlmə burada müstəqil vahid kimi çıxış edir. Sözün“bəlkə də”,”ola bilsin ki” mənaları da var(DLT).“ermək”kökündən yaranıb (Əski uyğur sözlüyü). 

AS : yırtıcıların yemi, onlara verilən ət payı. ( DLT ).

YeLiNÇ : yemək . Yelmək (DLT). felindən duzəldilmişdir. Buradakı “nc” şəkilçisi felin arzu formasının yaradılmasına xidmət edir. Yəni “yırtıcılara yem olasınız!”

əSRi : bəbir ( Kitab əl-İdrak li-lisan əl-Ətrak ) pələng ( DLT ).

UDSıN : təqib etmək, qovmaq (DLT ) Udmaq felinin arzu forması. Bu günkü dilimizdəki udmaq feli ilə əlaqəsi yoxdur.

KaN : qan ( ümumtürk).

əNGRiZ : ağlayın . əngrəşdi- ağladı (DLT).

GÖÇü : köçü. Bugünkü mənada (Hər hansı bir elatın yaylağa və ya qışlağa köçü).

BoK: nəcis, təzək.

eRiNÇ : olsun .

aRJuLa : Qaşğarlı Mahmud “arju” kəlməsini çaqqal, ondan törəmə olan “arjulayu”sözünü isə “çaqqalların  bir şeyin, məsələn, leşin ətrafına toplaşması kimi izah etmişdir. 

BaRÇa : bütün, bütöv. Son iki kəlmə (arjul barça) birlikdə söz birləşməsi əmələ gətirir və “meyidinizin üstünə çaqqallar toplaşsın” anlamını verir.

Bu günkü türkcə ilə :

Önünüz uçqun olsun, yırtıcılara yem olun, bəbir qovsun, qan ağlayasınız, köçünüzə nəcis olsun, çaqqallar leşinizə toplaşsın!”(9). 

Oxunuşun doğru olduğunu həmin yazının yanında cızılmış eyni məzmunlu qayaüstü təsvir də sübut edir. Burada bir yerdən digər yerə köç edən çobanlara bəbirlərin və çaqqalların hücum etdiyi, nəticədə çobanlardan və heyvanlardan bəzilərinin öldüyünü, sağ qalan çobanların özlərini və heyvanları xilas etməyə çalışdığı, eləcə də bəbirlərin heyvanları qovduğu, çaqqalların leşə toplaşdığı açıq-aydın görünür (9).

Cənab Rəhbəri, haqlı olaraq bildirir ki, burada həm şəkil-yazı,  həm də fonetik yazı üsulu ilə eyni məzmunlu iki mətn yazılmışdır. Ovsunçuluq (magiya) sənəti nümunəsi kimi gözdən keçirilə biləcək və qarğış mahiyyəti daşıyan bu yazılar xalq arasında cadı-piti kimi   tanınan inancın klassik nümunəsi hesab edilməlidir (9). Mətni qiymətli folklor nümunəsi kimi gözdən keçirmək də mümkündür.

 

Eyni dövrə aid yazılara “Zaqatala daşları”nın üzərində də rast gəlmək olar. İlk öncə qeyd edək ki, hazırda zaqatalalı müəllim Nadir Səttarovun şəxsi kolleksiyasında qorunan bu daşların hamısı çay daşıdır, daha dəqiq desək, çay daşından çox kobud şəkildə yonulmuş barelyef tipli qabartma (biri heykəlcik formasında) fiqurlardan ibarətdir (10). Ümumi sayları 6 ədəddir. Əksəriyyəti qadın formasında olan fiqurların bir qismi Eneolit dövrünün (e.ə. Vl-V minilliklər) Ana tanrıça heykəlciklərini xatırlatsa da, həmin dövrə aid heykəlciklər əsasən gildən düzəldildiyindən, içlərində çay daşından qayrılmış fiqurlara rast gəlinmədiyindən Zaqatala daşlarının və təbii ki, həm də yazıların Tunc dövrünə (e.ə. lV-lll minilliklər) aid ola biləcəyini düşünürük.

 

Daşlarda əbədiləşmiş əski inanclarımızDaşlarda əbədiləşmiş əski inanclarımızDaşlarda əbədiləşmiş əski inanclarımız

Fiqurlardan heykəlcik formasında olan birisi doğmaqda olan qadını xatırladır. Şübhəsiz ki, bu heykəlcik doğum və bərəkət tanrıçasını ifadə edir. Eyni sözləri əlində körpə tutmuş qadın (tanrıça) barelyefi barədə də söyləmək olar. Haqqında danışmaq istədiyimiz yazılardan biri məhz həmin daşın üzərində cızılmışdır. Yeri gəlmişkən bildirmək lazımdır ki, Türkmənistandan tapılan və Tunc dövrünə aid edilən təsvirlərdə də əlində körpə tutmuş tanrıça təsvirlərinə sıx-sıx rast gəlinir. Arxeoloq Sarianidi həmin təsvirləri bir neçə min il sonra xristianlar arasında yayğınlaşan Həzrət Məryəmlə körpə Həzrət İsanın (ə) birgə ikonalarının prototipi saymaqdadır.

Daşlarda əbədiləşmiş əski inanclarımızDaşlarda əbədiləşmiş əski inanclarımız

Burada dörd runik işarə yer almaqdadır. Həmin yazını oxumağa nail olmuş Mənsur Rəhbərinin fikrincə, onlardan (sağdan sola) birincisi Orxon-Yenisey abidələrində çox halda fonoqram kimi çıxış edən və “b” səsini verən, Tonyuquq abidəsində isə bir yerdə ideoqram kimi çıxış edərək “baş” // ”bas” sözünü (baş, kəllə) bildirən runik işarənin İdil-Ural runik yazılarənda rastlanan variantıdır və hazırki vəziyyətdə “bas” kimi oxunur. “T” səsini verən və sözügedən yazıda ikinci yerdə duran işarə ilə birlikdə “basot” (şəfqətverici, köməkçi, yardımçı) sözünü əmələ gətirir. “Ç” səsini verən və mətndə göstərilməyən saitlərlə birlikdə “açı” (ana) kimi oxunan 3-cü işarəni də əlavə etdikdə, “şəfqətverici ana” alınır ki, bu da qucağında körpə tutan ana tanrıça fiqurunu tam izah edir. Sonuncu, “ş” səsini verən işarə isə, Mənsur Rəhbərinin fikrincə, əzizləmə ifadə edən şəkilçi kimi (ana-ş, ata-ş və s.) çıxış etməkdədir (10).

Şübhəsiz ki, bu halda söhbət türk mifologiyasında doğum tanrıçası kimi tanınan Umay ana obrazından getməlidir. Kökü minilliklərin dərinliklərinə enən Umaya inamınn izlərinə Orxon – Yenisey abidələrində də rast gəlimnməkdədir. Belə ki, Kül Təkin abidəsinin şərq tərəfində, 31-ci sətirdə yazılıb: “Umay tək ögim katun kutunqa inim Kül Tiqin at bultı.” (8. 74). Yəni, Umay tək anam xatunun bəxtinə kiçik qardaşım Kül Təkin ad qazandı. Tonyukuk abidəsinin qərb tərəfində, 38-ci sətirdə isə belə deyilir: “Tenqri, Umay, ıduk Yer-Sub basa berti erinc.” (8. 120).

 

ƏDƏBİYYAT

 

1. Fərəcova M. Azərbaycanın qayaüstü incəsənəti. “Aspoliqraf”, Bakı, 2009, 320 s.

2. Джафарзаде И. М. Наскальные изображения Кобыстана // Изв. АН Азерб. ССР, Труды Института Истории, т. XIII, Баку, 1958.

3. Мурадова Ф. Датировка наскальных изображений Гобустана по данным археологических раскопок // Qafqazın arxeologiyası, etnoqrafiyası, folkloru. Bakı, 2005.

4. Rzayev N. Qayalar danışır. “Elm”, Bakı, 1985,  94 s.

5. Авшаров И. Изображение быка на образцах материальной культуры конца Бронзового – начала Железного периодов в Азербайджане // Qafqazın arxeologiyası, etnoqrafiyası, folkloru. Bakı, 2005.

6. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. “Sabah”, bak, 1993, 196 s.

7. Azərbaycan tarixi. “Azərbaycan Dövlət Nəşriyyatı”, Bakı, 1994, 648 s.

8. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. “Yazçı”, Bakı, 1993.

9. Rəhbəri M. Türkün oxunmamış bəlgələri: Nüvədi-Qarqadaşı kitabəsi. “Olaylar”qəzeti, 3 aprel 2012-ci il, No: 49 (2977).

10. Tuncay B. Zaqatala daşları və əski türkcə yazılar. “Olaylar”qəzeti, 15-18 iyun 2012-ci il, No: 100 (3028).

11. Urud M. Zəngəzur. Bakı, 2005.

 

Xülasə

Məqalədə Azərbaycan ərazisindən tapılan bəzi qədim qayaüstü təsvir və arxeoloji abidələr üzərində əks olunmuş əski türk inanclarının izlərindən söhbət açılır, totemistik baxışlardan tutmuş ovsunçuluğa və ana tanrıçaya sitayişə qədər bir sıra inancları özündə yaşadan folklor nümunələri barədə məlumat verilir.

Açar sözlər: Qayaüstü təsvirlər, arxeoloji abidələr, folklor, totem, ovsunçuluq, əski türk yazıları.

 

Bəxtiyar Tuncay

 “KarabakhİNFO.com”

 

03.01.2013 15:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*