Azərbaycanca

David Xeyriyan: “Qaflan” erməni qruplaşması 2000 monqol (türk) meyitini topalar şəklində yığaraq yandırdı”

26.02.2013 | 11:48

1361863567_xocali-logoQədim yurd yerlərimizdən olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağın dağlıq hissəsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolların üstündə yerləşir. Şəhərin 7000 nəfər əhalisi olub. Qarabağda yeganə aeroport da Xocalıda yerləşir. Bütün bu coğrafi xüsusiyyətlərinə görə Xocalı çox vacib strateji məntəqə hesab olunurdu və buna görə də ermənilərin Xocalıya olan maraqları artmışdı.

Xocalı tarixən əhalinin məskunlaşdığı yerdir və burada yerləşən qədim tarixi abidələr, aşkarlanmış yaşayış məntəqələri də bunu sübut edir. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy  mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri-daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada 1356-1357 –ci illərə aid edilən arxitektur abidələr-dairəvi qəbr və XIV əsrə aid edilən mavzoley vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. maddi mədəniyyət nümunələri tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadneraninin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklər məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən ( Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş bəzi azərbaycanlı ailələri məskunlaşmışdılar.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinə qanlı səhifələrdən biri kimi yazıldı və bugün tariximizə “Xocalı faciəsi” kimi daxil oldu. Həmin gün qədim yurd yerlərimizdən olan Xocalı Ermənistan tərəfindən işğal olunmuş və xalqımıza qarşı dəhşətli soyqırım həyata keçirilmişdi. Bizə qarşı qətliyamı həyata keçirənlər Ermənistan ərazisində yerləşən keçmiş sovet ordusunun 366 saylı tank alayı və erməni “özünümüdafiə qüvvə” ləri idi. Bu  qış gecəsində baş verənlər tək bizi yox, bütün dünyanı dəhşətə gətirdi və Xocalı faciəsi öz dəhşətlərinə görə II Dünya müharibəsi zamanı faşistlərin etdikləri vəhşilikləri belə ötüb keçərək “Əsrin cinayəti” adını aldı.

1988-ci ildən Ermənistan öz himayədarlarının xeyir-duası ilə Azərbaycana qarşı silahlı münaqişəyə başlayandan sonra bu cür vəhşiliklər digər işğal olunmuş rayonlarımızda da törədilmişdi. Lakin Xocalı faciəsi öz miqyasına görə bunların ən dəhşətlisidir.

David Xeyriyan:  “Qaflan” erməni qruplaşması 2000 monqol (türk) meyitini topalar şəklində yığaraq yandırdı”       Xocalı faciəsində 613 nəfər qətlə yetirilmiş, 1000 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni işgəncələrinə məruz qalmışlar. 150 nəfərin taleyi indiyədək məlum deyil. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlardır. Şikəstlərin 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq  hər iki valideynini, 130 uşaq isə valideynlarindən birini itirmişdir. 200 nəfərin ayaqları soyuqdan donmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bu faciəni törədənlər 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirmişlər. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. İşğal nəticəsində dövlətə 5 milyard rubl (1992-ci ilin məlumatına görə) maddi ziyan dəymişdir.

1989-1993-cü illərdə separatçı “Dağlıq Qarabağ respublikası”nın “özünümüdafiə” (işğalçı)  qüvvələrinə rəhbərlik edən Ermənistanın indiki prezidenti Serj Sarkisyan  o zaman Xocalıdakı hadisələrə münasibətini bu cür bildirmişdi:

David Xeyriyan:  “Qaflan” erməni qruplaşması 2000 monqol (türk) meyitini topalar şəklində yığaraq yandırdı”     “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizlə zarafat etmək asandır və ermənilər dinc mülki əhaliyə əl qaldırmayacaqlar. Biz bu stereotipi sındırmağa nail olduq və bu baş verdi”.

    Milli Qəhramanımız Çingiz Mustafayev həyatını təhlükə altına ataraq bütün bu vəhşilikləri videolentə çəkdi və onun lentə aldığı görüntülər hesabına  bu faciəni bütün dünya tanıdı.

Xocalı 1992-ci ilin fevralında işğal olunsa da, əslində onun blokadası 1991-ci ilin oktyabrından başlamışdı. Xocalını gözləyən işğal təhlükəsi haqqında o dövrki respublika mətbuatında (“Xalq”,“Qarabağ”, “Azadlıq”, “Aydınlıq”, “Həyat”, “Ülfət”, “Azərbaycan” və s. qəzetlər), eyni zamanda müxtəlif teleradio verilişlərində geniş informasiyalar verilmişdi. Bu barədə Ziyyədin Sultanovun 1993-cü ildə nəşr edilən “ Xocalı faciəsi” adlı kitabında geniş məlumat verilmişdir. Kitabda Xocalının işğalından əvvəl  “Xalq” qəzetinin bir sıra nömrələrində (səh  9-12) öz əksini tapan məlumatlar o dövrki iqtidarın iç üzünü açıb bir daha ortaya qoyur və digər mətbuat orqanlarında çıxan məlumatlardan daha diqqət cəlb edəndir. Qəzetin səhifələrində “Cəbhə xəttində” rubrikası ilə verilən gündəlik informasiyalarla yanaşı, xüsusi müxbirlərin və Azərinformun məhz Xocalıya həsr olunmuş geniş yazıları da dərc olunurdu. Bunlardan bir neçəsini nəzərinizə çatdırmaq istəyirəm:

Qəzetin 9 yanvar 1992-ci il nömrəsində “Xocalı mühasirə vəziyyətindədir” sərlövhəli yazıda qeyd olunur: “ “Neçə vaxtdır ki, demək olar  hər tərəfdən  erməni kəndləri ilə əhatə olunan Xocalı şəhəri mühasirə vəziyyətindədir… Xocalı Qarabağın dağlıq hissəsində… mühüm strateji əhəmiyyətə malikdir. Buna görə də quldurlar onu ələ keçirmək üçün hər cür vasitəyə al atırlar… Bu gün… əslində xarici aləmlə əlaqəsi kəsilən Xocalı elektrik enerjisindən məhrum olmuşdur”.

Təxminən 20 gün sonra dərc edilmiş “ Xocalının səsi susmasın gərək”  başlıqlı məqalə də həmin qəbildəndir:

“… Bu yurdun ümid və təsəlli şəhəri Xocalı ən çətin günlərini yaşayır. Mühasirə şəraitində, təcavüz təhlükəsində…”

   5 fevral.  “ Xocalı kömək gözləyir” təşviş və həyəcan dolu yazıda deyilir :

“ Beş aydır ki, Xocalı şəhəri mühasirə vəziyyətindədir. Erməni quldurları Əsgəran ərazisindən keçən asfalt yolda dərin xəndəklər qazmış, bəzi ərazilərə isə mina basdırmışlar. Xocalı-Şuşa yolu da onun kimi.

… Təkcə son iki ayda Əsgəran istiqamətindən Xocalıya və Şuşaya uçan 7 sərnişin vertolyotu gülləyə tutulmuşdur… Elektrik xəttinin kəsilməsi xocalıları çıxılmaz vəziyyətdə qoymuşdur… Çörək zavodu həftələrlə işləmir, qaz və su təchizatında tez-tez fasilələr yaranır.

… Köməyə ehtiyac var. Yeganə çıxış yolu Ağdam-Şuşa magistralının açılmasıdır. Xocalı mühasirə vəziyyətindən çıxmalıdır. Özü də tezliklə”.

 

      13 fevral. “ Xocalı şəhərində vəziyyət ağırdır və onun ətrafında mühasirə halqası gündən-günə daralır. Ətraf aləmlə əslində əlaqə kəsilmiş, şəhər aclıq təhlükəsi qarşısındadır”.

 

    14 fevral. “… Son vaxtlar Ermənistandan gələn və tanınma nişanları olmayan vertolyotların sayı çoxalmışdır. Onlar cəbhə xəttinə canlı qüvvə və sursat daşıyır… sərhədlərimizin etibarlı müdafiəsi üçün təsirli tədbir görmək vaxtı çatmayıbmı?”

        “ Xalq” qəzetinin o dövrki nömrələrində yalnız Xocalının düşdüyü gərgin vəziyyət deyil, həm də burada xalqımıza qarşı soyqırımın həyata keçirilməsində iştirak etmiş 366-cı tank alayı haqqında məqalələr dərc olunmuşdu. Fevralın 25-də “ Xalq qəzetin” də alay haqqında 2 yazı dərc olunmuşdur.  Qəzetdə  “Pravda”nın müxbiri  Z. Qədimbəyovun “Stepanaketrdəki 366-cı alay neytraldırmı?” məqaləsinin tərcüməsi verilmişdir. Yazıda 366-cı alayın fərari əsgəri Yuri  Fedorçukun sözlərinə görə tərkbinin əksəriyyətini erməni zabitlərin, praporşiklərin və əsgələrin təşkil etdiyi alayın əsas vəzifəsi azərbaycanlılar yaşayan kəndləri atəşə tutmaq idi. Qəzetin 14 yanvar 1992-ci il buraxılışında “ Комсомолскайа правда” dan verilən tərcümə yazıda alayın fərari əsgəri Yevgeni Şvelyovun sözləri aşağıdakı kimi öz əksini tapmışdır: “

 – Alayda tam bir azğınlıq hökm sürür. Zabitlərin üçdə bir hissəsi ermənilərdir. Bəzən onlar əsgərləri və sürücü-mexanikləri məcbur edirlər ki, zirehli maşınları hissənin ərazisindən çıxarıb “ fədai” lərin döyüş mövqelərinə gətirsinlər. Sonra da özləri azərbaycanlı kəndlərinə atəş açırlar…”

    Z. Sultanovun “Xocalı faciəsi” kitabında 366-cı tank alayı və bu alayın Xocalıda soyqırımın həyata keçirilməsində iştirakı  (səh 9-12) haqqında da məlumat verilmişdir:

“ Həmin alay 1985-ci ildə Gəncədən Xankəndinə köçürülmüşdür. Ştat üzrə burada 1800 hərbi qulluqçu olmalı idi. Fevralın axırlarında isə cəmi 350-ə yaxın adam qalmışdı. Hərbi texnikanın sayı 100-ə çatırdı. Alayın zabit və praporşiklərindən 49 nəfəri erməni idi. Polkovnik Yuri Zaviqorov 1991-ci ilin yayından 366-cı alaya komandir təyin edilmişdir. Əlimizdə dəqiq faktlar var: alayın döyüş texnikası, o cümlədən şəxsi heyəti tez-tez erməni quldurlarının əlinə keçirdi. Hətta xüsusi haqq-hesab “sistemi” də mövcud idi: toplardan Şuşaya və digər azərbaycanlılar yaşayan məntəqələrə hər bir atəşə görə ermənilər 20 litr spirt verir, bir ZTR-in azərbaycanlılara qarşı döyüş əməliyyatında iştirakına görə komandirə 5 min manat, atəşə tutmaya görə isə min manat haqq verilirdi.

Qanlı faciəyə təxminən 2-3 gün qalmış alayın hərbi qulluqçuları müvafiq texnika ilə birlikdə Xocalının alınması üzrə işlənib hazırlanmış plana uyğun olaraq Xankəndini tərk edib erməni kəndlərində döyüş mövqeyi tutmuşdular. Əsas zərbə qüvvəsini mayor S. Ohanyanın və mayor Y. Nabokininin komandirlik etdikləri bölmələr təşkil edirdi”.

       Xocalı faciəsi baş verdikdən sonra ABŞ-ın, İranın və qardaş Türkiyənin və bir sıra digər dövlətlərin prezidentləri Azərbaycan prezidentinə protokol başsağlığı verdi, ancaq yalnız Rusiyanın prezidenti Boris Yeltsin heç protokol başsağlığı da verməmişdi. Xocalıda erməni əsgərlərinin törətdikləri vəhşiliklər dünya mətbuatında da geniş əks-səda doğurmuşdu;

Kruel Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahid oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır.

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Valer Aktuel jurnalı  (Paris), 14 mart 1992-ci il: Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz . (http://sabirrustamxanli.com/)

      Xocalı işğal edilməzdən əvvəl 366-cı alayın əsgərləri arasında təbliğat aparılır, müsəlmanları qətlə yetirməyin müqəddəs iş olduğu bildirilirdi. Bu haqda alayın sıravi əsgəri olmuş Yuri Yakoviç deyir: “ Bizə hər gün xristianlığımızı xatırladır, buna görə də müsəlmanlara qarşı vuruşmağa borclu olduğumuzu aşılayırdılar. İt  itliyi ilə bizim yaşadığımız şəraitə dözməzdi. Biz dörd əsgər buna dözməyib alayı tərk etdik, gecə ikən  Xocalıya qaçdıq”.

      Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı soyqırım həyata keçirən Ermənistan dövləti bütün beynəlxalq hüquq normalarını pozmuş, lakin bunun qarşılığında  heç bir cəza görməyən o zaman Xocalıda soyqırımda birbaşa törətmiş ermənilər öz kitablarında əməllərindən fəxrlə söz açmışlar.         

      Mənşəcə Livan ermənisi olan Daud Xeyriyan isə “Xaç naminə” kitabında yazır; “ Həmin şaxtalı sabah biz Daşbulaq kəndi yaxınlığındakı birkilometrlik bataqlığı keçmək üçün ölülərdən ibarət körpü düzəltdik. Onda podpolkovnik Ohanyan mənə işarə verdi ki, mən qorxmayım. Bu, müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlı qızın qanlı sinəsinin üzərinə ayaq basaraq addımladım. Mənim ayaqqabılarım, şalvarım qana boyandı. Və mən 1200 meyitin üstündən keçdim…

Martın 2-də meyitlərin yandırılması ilə məşğul olan “Qaflan” erməni qruplaşması 2000 murdar monqol (türk) meyitini Xocalıdan bir kilometr qərb tərəfdə ayrı-ayrı topalar şəklində yığaraq yandırdı. Axırıncı yük maşınında mən boynundan və əlindən yaralanmış 10 yaşlı qız gördüm. Diqqətlə baxanda onun hələ nəfəs aldığını gördüm. Şaxtaya, aclığa və aldığı yaralara baxmayaraq, uşaq hələ də sağ idi. Mən ölümlə mübarizə aparan bu qızın gözlərini heç vaxt unutmayacağam! Sonra əsgərlərdən biri, soyadı Tiqranyan idi, onu qulağından tutaraq, artıq mazut tökülmüş topanın üzərinə atdı. Sonra onları yandırdılar. Bu kütlənin içindən kimlərinsə qışqırıb yardım istədiyini eşitdim. Mən hərəkət edə bilmirdim. Ancaq bütün müqəddəslər tərəfindən lənətlənmiş türklərdən Şuşanı da azad etmək istəyirdim. Ona görə də qayıtdım. Amma onlar xaç naminə öz yollarını davam etdirdilər” .

      Xocalıda törədilən soyqırım iki əsrdən bəri ermənilər tərəfindən həyata keçirilən soyqırım ssenarisinin davamı idi və Ermənistanın dövlətimizə qarşı başladığı müharibənin səbəbi özlərinin  ifadə etdiyi kimi “xalqların öz müqəddəratını həll etmək” prinsipindən irəli gəlmir (əslində, ermənilər tərəfindən bəhanə olaraq bu prinsipin ortaya atılmasının heç bir  hüquqi əsası yoxdur). Bunu Xocalı hadisəsinin şahidi olan  Cahan Salahovun sözləri də təsdiq edir:   “ Xocalı alınarkən kənddən çıxmağa macal tapmayan qadın və uşaqları min bir əziyyət verə-verə əsir aparırdılar. Ermənilərin görünməmiş vəhşiliyindən dəhşətə gələn bir rus əsgəri bu qəddarlığa dözə bilmədi… Öz köynəyini cırıb ağ bayrağa çevirdi. Bərkdən çığırdı ki, “qadın və uşaqların şəhəri tərk etməsinə yol verin”. Heç beş addım da irəliləyə bilmədi … Ermənilər onun sözlərini eşidən kimi avtomatla sinəsindən vurdular…”

       Bugün Ermənistan dövləti , dünya erməniləri və xristian dövlətlərinin əksəriyyəti qardaş Türkiyəni etmədiyi uydurma  “erməni soyqırımı” na görə ittiham edirlər. Bu yalançı ittiham Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsində əsas əngəllərdən biridir. Dünyanın böyük dövlətlərinin parlamentləri işlərini bir kənara qoyub, qondarma erməni soyqırımını qəbul etmək üçün yarışa durublar. Belə ki, 2010-cu il martın 4-də Türkiyəni Ermənistanla imzalanmış protokolun qəbul edilməsinə məcbur etmək üçün ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi uydurma “ erməni soyqırımı” layihəsini qəbul etdi. İsveç parlamenti də eyni məqsədli 2010-cu il martın 11-də uydurma “erməni soyqırımı” layihəsini qəbul etdi. 2011-ci il dekabrın 22-də Fransa parlamentinin Aşağı palatası (Milli Assambleya) qondarma “erməni soyqırımı” nı inkar edənlər qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdi, yanvarın 23-də isə Fransa parlamentinin Yuxarı  Palatası  bu qanunu qəbul etdi. Qanun qəbul edildikdən sonra Fransa Sosialist Partiyasını parlamentdə təmsil edən və bu qanunu dəstəkləyən Filip Kaltenbakın rüşvət alması ilə bağlı müxtəlif internet səhifələrində, sosial şəbəkələrdə video görüntülər yayımlandı. Ancaq  heç bir tarixi əsası olmayan qəbul olunmuş bu qərarlara Türkiyə və Azərbaycan boyun əymədi. Dünyaya həqiqətin çatdırılması ilə bağlı fəaliyyətini daha da genişləndirdi. Bunun nəticəsi kimi 22 dekabr 2011-ci ildə Fransa Milli Assambleyasında “Erməni soyqırımı” nı inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsi zamanı Meksika Senatında da Cənubi Qafqazda münaqişələrə dair qəbul edilən qərarda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması və Xocalıda erməni ordusu tərəfindən xalqımıza  qarşı soyqırım törədildiyi təsdiq edildi. Pakistan İslam Respublikasının Senatı da fevralın 1-də “Pakistan – Azərbaycan münasibətləri” ilə bağlı dinləmələrdən sonra Azərbaycan ərazisinin 20 %-nin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul edib. Qətnamədə Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyir. Komitə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir. Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər. Komitə Azərbaycan Respublikasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində səylərini dəstəkləyir. Yanvarın 30-da isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyasında “Xocalıya Ədalət” kompaniyasına öz dəstəyini bir daha təsdiq etmiş və “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bir bənd əlavə edilib.   Xocalı faciəsinə həsr edilən paraqrafda qeyd edilir: “Konfrans … üzv-ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir”. Fevral ayının 21-də isə Texas ştatının Nümayəndələr Palatasının üzvü Mark Şeltonun hazırladığı Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar 12R448 saylı qətnamə layihəsi qəbul olunub. Bu ilin fevral ayının 10-da Amerikanın Arkanzas ştatının qanunverici orqanının Nümayəndələr Palatası, Çexiya dövləti Xocalı soyqırımını tanıyıb. Bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir.

David Xeyriyan:  “Qaflan” erməni qruplaşması 2000 monqol (türk) meyitini topalar şəklində yığaraq yandırdı”     Azərbaycanda da Xocalı faciəsi ilə bağlı dövlət səviyyəsində bir çox qərarlar qəbul edilmişdir.Belə ki, 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmış,  1994-cü ildə Milli Məclis Xocalı soyqırımı ilə qanun qəbul etmiş, bu ilin yanvar ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” Sərəncam imzalamışdır. Soyqırım baş verdikdən sonra hər il həm  dövlət başçısı, həm Milli Məclis, həm də Xarici İşlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər ünvanlanmışdır.

Bugün öz parlamentlərində qondarma “erməni soyqırımı” nı tanıyan  qərarları qəbul edən ölkələr 1915-ci ildə belə bir soyqırımın baş vermədiyini bilirlər, bütün tarixi faktlar da bunu sübut edir.  Lakin bütün dünyanın gözü qarşısında baş verən Xocalı faciəsini həqiqəti bilə-bilə heç bir böyük xristian dövləti qəbul etmək istəmir. Hal-hazırda beynəlxalq hüquqdan, insan hüquq və azadlıqlarından , onun aliliyindən danışan böyük dövlətlər, beynəlxalq təşkilatlar görəsən niyə üstündən 21 il ötməsinə baxmayaraq Xocalı faciəsinə öz münasibətlərini bildirmir və bu soyqırımın həyata keçirilməsində iştirak edən, indi Ermənistan dövlətini idarə edən şəxslər beynəlxalq məsuliyyətə cəlb olunmurlar?. Demokratiyanın, insan hüquq və azadlıqlarının beşiyi olan Fransa dövləti “erməni soyqırımı”nı inkar edənlərə qarşı 1 illik həbs cəzası və 40 min avro cəriməni nəzərdə tutan qanun layihəsini qəbul edəndən sonra necə söz azadlığından danışa və Xocalıda “Qarabağ erməninindir” demədiyinə görə gözü qarşısında ermənilər tərəfindən atası yandırılan, anası zorlanan Azərbaycan Respublikasının vətəndaşını Minsk qrupunda onun hüquqlarını qoruyacağına inandıra bilər.

Mən Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin məzunuyam.  III kursun I semestrində bizə “Beynəlxalq ümumi hüquq” adlı fənn tədris edildi. Semestr boyu “Beynəlxalq hüquq normalarının anlayışı”ndan tutmuş “Beynəlxalq Kosmos hüququ” na kimi hüququn bir çox sahələri haqqında qısa şəkildə də olsa məlumat aldıq. Fənn maraqlı fənn idi, müəllimlərimiz də bizim fənni daha yaxşı mənimsəməyimiz üçün əlindən gələni edirdi. Buna görə onlara minnətdaram. Amma mənim haqqında bəhs etmək istədiyim şey bu deyil. Hüququn ayrı-ayrı sahələri haqqında oxuyanda hər şeyin kağız üstündə, saysız-hesabsız konvesiyalarda necə mükəmməl şəkildə öz əksini tapdığının şahidi olduq. Sıra BMT-yə,  onun qəbul etdiyi qərarların hüquqi statusuna , ATƏT-in məşhur Helsinki prinsiplərinə, Cinayət hüququnun soyqırım haqqındakı bölməsinə, Beynəlxalq Humanitar Hüquqa gəldi. Hazırlaşdıq, dərsə pis-yaxşı cavab verdik. Dərsə hazırlaşıb cavab versək  də, bunun nə vaxtsa bir işə yarayacağına şübhə ilə yanaşdıq. İnanmaq istədik, inanmaq istədik ki, beynəlxalq hüquq yalnız kağız üzərində deyil, həm də real şəkildə həyata keçirilir. İnanmaq istədik ki, beynəlxalq təşkilatlar yalnız güclünün sözünü demir, gücsüzün də tərəfini saxlayan, onun da haqqını qoruyan var. Biz inanmaq istəsək də, həyatda şahidi olduqlarımız, televiziyada, internetdə izlədiklərimiz, qəzetlərdə, kitablarda oxuduqlarımız bizə bunun əksini dedi. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 25 ildir ki, başlayıb və bizim bir çoxlarımız bu münaqişə ilə həmyaşıdıq.

Bugün beynəlxalq hüquqdan danışan beynəlxalq təşkilatlar əvvəlcə beynəlxalq hüquq normalarının aliliyini təmin etməlidirlər. Dövlətlərə münasibət onların gücünə və digər xüsusiyyətlərinə görə yox, beynəlxalq hüququn prinsiplərinə necə riayət etmələrinə görə olmalıdır. Əgər belə olmasa heç bir sivilizasiyalararası dialoqdan, beynəlxalq hüquqdan, ədalətdən danışmaq olmaz və nəticədə öz vəzifələrinin öhdəsindən gələ bilməyən beynəlxalq təşkilatların varlığı şübhə altına düşər.

Bizim bütün böyük dövlətlərin, beynəlxalq təşkilatların, böyük dövlətlərin Ermənistan dövlətinin və bütün dünya ermənilərinin  birdəfəlik dərk etməli olduğu yalnız bir həqiqətimiz var. Xalqımız və dövlətimiz heç bir zaman  Dağlıq Qarabağı, onun ətrafındakı işğal edilmiş rayonları Ermənistana güzəştə getməyəcək və ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək. Azərbaycan vahiddir  və Dağlıq Qarabağ, ətrafındakı ərazilər onun ayrılmaz tərkib hissəsidir.

Sonda Uca Tanrıdan bütün soyqırım qurbanlarına, həmçinin Xocalı soyqırımı qurbanlarına, şəhidlərimizə rəhmət diləyir, ruhunuz şad olsun deyirəm. Allah bizə düşmən üzərində qələbəni nəsib etsin. Amin!

 

 

 

Söhrab İsmayıl

 

 “KarabakhİNFO.com”

  

 

İstifadə olunan ədəbiyyat:

 

1.  “XXI əsr Dialoq” jurnalı, 2007-ci il noyabr II buraxılış;

2.  ANS-in “Hesabat” jurnalı, mart 2009;

3.  Ziyəddin Sultanov  “Xocalı faciəsi” , Bakı-1993;

4.  Томас де Ваал Черный сад. Армения и Азербайджан между миром и войной” Москва 2006 

5.   www.mfa.gov.az (Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsi)

 

 

26.02.2013 11:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*