Azərbaycanca

Davud Turan: “Vaşinqton bölgədə sülhün yaranmasında maraqlıdı”

25.04.2014 | 10:41

1398408058_ba1d6727-2033-49db-89b2-55e86f98fc85_w640_r1_sABŞ-da yaşayan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin və Azərbaycan Milli Dirəniş Hərəkatının sədri, politoloq Davud Turan “KarabakhİNFO.COM”a müsahibəsində belə deyib:

–  Davud bəy, son illər ABŞ ştatları tərəfindən Xocalı soyqırımının tanıtım prosesi gedir. Deyəsən, Amerikada “erməni mifi”,”məzlum erməni”obrazı dağılmaq üzrədi. Siz necə düşünürsünüz?

 

–  Bu kimi qərarların qəbulu dünyada Xocalı hadisəsini soyqırım aktı kimi tanınmasına böyük yol açır. Ermənistan və erməni lobbisi fərqindədir ki, onların qondarma mifi dağılmaqdadır və bu məsələdə Azərbaycan dövləti uğurlu manevrlər etməkdədir. Sistemli təbliğat vasitələri öz müsbət nəticəsini  verir. Artıq dünya birliyi yaxşı dərk edir ki, əsl soyqırım Xocalıda yaşanıb və yüzlərlə insan öldürülüb, mindən çox insan isə əsir götürülüb. Orada bir diyar məhv edilib. Özü də müasir dünyanın gözü qarşısında. Bu hadisələrə qiymət verməyin zamanıdır. Hesab edirəm ki, bu kimi qərarların qəbul edilməsi xəbərlərini çox eşidəcəyik. Azərbaycan dünyada qondarma erməni mifini dağıdır… Amerika-Azərbaycan əlaqələri sürətlə inkişaf etməkdədir və iki ölkə arasında münasibətlər strateji səviyyədədir.

 

–  ABŞ-ın cənubi Qafqazda fəallaşması gözləniləndirmi?

 

– Amerika hər zaman bölgədə fəal olmağa çalışıb. Nəzərə almaq lazımdır ki, Rusiyanın bölgəyə təsir imkanları genişdir və buna görə də Vaşinqton daha ehtiyatlı, balanslı siyasi kursa üstünlük verir. Çünki Rusiya-Gürcüstan müharibəsindən sonra, bölgəyə baxış dəyişdi. Ona görə Rusiya faktorunu nəzərə almamaq mümkün deyil.

 

Üstəlik, Rusiyanın bu bölgə ilə bağlı yüz illərdən çoxdur ki, tarixi-siyasi və mədəni-iqtisadi əlaqələri var. Amma bununla yanaşı Amerikanın Qafqazda siyasi-iqtisadi maraqları var.

 

–  Vaşinqtonun Dağlıq Qarabağ məsələsinin həllində fəallığı istənilən səviyyədə deyil. Sizcə, bu nə ilə əlaqədar ola bilər?

 

–  Bu gün demək olmaz ki, Vaşinqtonun münaqişənin həllində fəallığı istənilən səviyyədə deyil. Məsələyə bu səviyyədə yanaşmaq düzgün olmaz.

 

Vaşinqton bölgədə sülhün yaranmasında maraqlı olan dövlətlərdən biridir. Nəzərə almaq lazımdır ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. ABŞ-dan başqa iki həmsədr dövlət var. Amerika təşəbbüslər göstərir. Amma burada mübahisəli məsələlər olduğu üçün, bu təşəbbüslər nəticə vermir. ABŞ tərəfləri hansısa addım atmağa da məcbur edə bilməz. Amerika da yaxşı dərk edir ki, Qarabağ məsələsinin həlli onların bölgədə mövqelərinin artmasına səbəb olacaq.

 

 

 

Elnur Eltürk

 

“KarabakhİNFO.com”

25.04.2014 10:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*