Azərbaycanca

Didərgin Qarabağ atları Qarabağsızlığa tab gətirə bilmir (I hissə)

28.02.2014 | 11:02

1393570389_defaultAtlar da insanlar kimidir; qəribliyə, ayrılığa dözə bilmir, davam gətirmir…Atlar da bəzi insanlar kimidir-hissiyyatlı, sədaqətli, etibarlı… Ulularımız elə bu oxşarlığa rəğmən “at igidin qardaşıdır” zərbi-məsəlini bu dünyada yadigar qoyublar… Atlar da insanlar kimi qohumcanlı olur, onlar da analarını tanıyır… Atlar da insanlar kimi yaşayır, ölür, onların da bu dünyada adları, xatirələri qalır. Elə çağlar olub ki, kişiləri, ərləri, igidləri atlarına görə tanıyıb sayıblar…

 

Azərbaycan tarixində adlı-sanlı at nəsilləri, cinsləri olub, bu gün də var, ümidimiz edirik ki, sabah da olacaq… Azərbaycanda ta qədimlərdən atlar bəslənib, adı tarixə köçən at cinsləri yetişdirilib. Qarabağ atları dediklərimizə əyani misaldır. Qarabağ atları yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün bir əfsanədir. Əslində, həqiqətdir bu atların varlığı, sadəcə, onların tarixi rolu, bənzərsizliyi əfsanələşib, şirin bir nağıla çevirilib… Dilbər Qarabağın igid atları, düşmən bağrı yaran, mənzil qıran atları indi dara düşüb, indi təkcə ayaqlarından deyil, ürəyindən, ruhundan da çidarlanıb. Eli-günü kimi Qarabağ atları da didərgin düşüb Vətənindən, doğma Qarabağdan. Erməni gülləsindən qoruxduğu üçün qaçqın düşməyib Qarabağ atları, sadəcə yad nəfəsdən qorunmaq üçün elinə-gününə qoşulub başqa ünvana üz tutub. Bu atlar geri qayıtmaq üçün hər gün cilov gəmirir, hər gün Qarabağa dönmək ümidilə gözlərini açır, ancaq mənzil uzaq, yollar bağlı, dağların sinəsi dağlı olduğu üçün buxovları var gücü ilə qırıb üzü Vətənə sarı qaça bilmir… Qarabağ atları öz Vətənində vətənsiz kimidir.

 

Bir dəfə kişnəsən, görəsən dünya eşidərmi səsini, naləni Qarabağ atları?

 

İndi deyirlər ki, Qarabağ atları Qarabağsız yaşaya bilmir, bu atların müəyyən bir hissəsinin bağrı vətənsizlikdən çatlayıb. Hətta həyacanlı xəbərlər də yayılır ki, Qarabağ atlarının nəsili kəsilməkdədir. Yaman bəd xəbərdir, ürək ağrıdan, könül dağlayan xəbərdir. Didərgin Qarabağ atları Qarabağsızlığa tab gətirə bilmir. Erməni tapdağında inildəyən Qarabağın ağrısına, göz yaşına dözə bilmir artıq… Qarabağ atları qarabağsızlığa layiq deyil. Onlar bəzi insanlardan fərqli olaraq, öz tarixi vətənində, Qarabağda dövranını davam etdirmək istəyir. Qarabağ atlarına dövlət səviyyəsində ciddi qayğı bəslənilsə də, onların inkişafı bir qədər ləng gedir. Bu da onunla bağlıdır ki, Qarabağ atlarının sayı yalnız Qarabağda arta bilər, onlar  o torpaqlarda – təbii şəraitdə daha yaxşı inkişaf edər. Qarabağın havası, suyu, otu-ələfi, ucsuz-bucaqsız lalələli çölləri, ormanları Qarabağ atlarının yarasını sağalda bilər. Qarabağ atları minillərdir ki, bu torpaqda yaşayıb, Azərbaycan türklərinin nəfəsinə, əlinin tumarına mehr salıb. Qaragözlü türk oğlunun döyüşlərdə qardaşı, silahdaşı olan Qarabağ atları Qarabağa dönmək istəyir… Harayla gəlsin yurdun bahadırlarını, yalmanına yatıb düşmən bağrı yarsın, torpaqları – bir vaxtlar sənin ayaqların dəyən yurd yerlərini işğaldan azad etsin. Qarabağ atları, bir zamanlar əziz və doğma Qarabağın şöhrətinə, şanına çevirilib bütün dünyada ad-san qazandın. Özün qaçqın olsan da, adın didərginlər siyahısına düşsə də, indi də adın dünyanın dilində əzbərdir. Ancaq könlün qırıq, boynun buruqdur… Bəlkə də insanlardan daha çox sənsən Qarabağa dönmək istəyən. Qarabağa gedən yolu-izi yaxşı tanıyırsan. Bir dəfə kişnəsən səsin dağı-daşı oynadar yerindən. Bir dəfə kişnəsən düşmənlərin kürkünə birə düşər. Bir dəfə kişnəsən görəsən dünya eşidərmi səsini, naləni, Qarabağ atları? Eşidərmi ki, Qarabağ atları Qarabağa qayıtmaq istəyir. Şuşada, Cıdır düzündə, Xankəndində qələbəmiz naminə, zəfərimiz naminə kişnəmək istəyir. O Qarabağa qayıtmaq istəyir. Yolunu açın onun. O burada boğulur havasızlıqdan, o burada darıxır doğma nəfəslərdən ötrü. O burada hər gün qəmlənir, hər gün dərdlənir. Açın bağlı sınırları Qarabağ atları gəlir!

 

Heykəlləşən Qarabağ atı- “Əlyetməz”

 

At həm bir totem kimi, həm də canlı varlıq kimi bütün xalqların həyat tərzində, tarixində əsaslı rollardan birini oynayır. “At muraddır”-deyib babalarımız… Bəşəriyyət mövcud olandan atlar insanlarla birlikdə dünyanın bu başından o başına köç edib. Sədaqət və etibar, vəfa, qardaşlıq, dostluq simvoluna çevirilən atların şərəfinə üzü qədimlərdən bəri heykəllər qoyulmağa başlayıb. Əski çağlardan başlayaraq, qədim türk babalarımız, onların qan-gen davamçısı olan müasir Azərbaycan türkləri atlara qoyduqları heykəllərlə onlara öz sevgilərini bildiriblər. Qədim oğuz yurdlarında, xüsusən də Naxçıvanda, qərbi Azərbaycanda, Qarabağda və digər yerlərimizdə çoxlu sayda daş at heykəlləri tapılıb. Bu da ondan xəbər verir ki, xalqımız ata həm inanc kultu kimi baxıb, həm də onu yol-yoldaşı olaraq qəbul edib… Bəli, bu gün atların şərəfinə heykəllər qoyulur, onların artımı, bəslənməsi üçün milyonlarla vəsait xərclənir.

 

Azərbaycan torpağının şan-şöhrətinə çevirilən və qədim dövrdən Azərbaycanın cins Qarabağ atları dünyaya səs salmağa başlayıb. Məşhur Qarabağ atlarının şərəfinə yüzlərcə nağıl, rəvayətlər yaradılıb. Qarabağ atlarının əks-sədası xaricdə də aydın eşidilir.   İsveçrəli at saxlayan Hans Hutmeyerin malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ at cinsi Əlyetməzə heykəlini qoyub. Bu həmin Əlyetməzdi ki, Rusiyada knyaginya Usmiyeva kimi tanınan Хan qızı Natəvanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb. Onu da əlavə edək ki, Qarabağın Хan zavodlarında əsasən 4 tipə aid atlar saхlanılırdı –bunlar Maymun, Qarnıyırtıq, Əlyetməz və Toхmaq idi. Tipik dağ minik atı olan Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir. Qarabağ atları əsasən qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlıdırlar.

 

Didərginlik  heç yaraşmır sənə, Qarabağ atı!

 

Qarabağ torpağının yaddaşında ilxı-ilxı Qarabağ atlarının ayaq səsləri qalıb… Yuxulu yaddaşında hər gün döyünən, səslənən ayaq səsləri uzaqdan eşidilir sanki… Qarabağ torpağı Qarabağ atlarının ayaq tappıltılarını, kişnərtilərini yaddaşına hopdurub ki, azad olunacağı günə qədər onları yaşada bisin. Azadlıqdan sonra isə o səs orada hər gün…

 

1993-cü il Qarabağ atlarının Vətəndən köçkün düşdüyü il kimi də yadda qalıb. Erməni təcavüzü yalnız insanlara deyil, dünya boyda şöhrəti olan Qarabağ atlarına da yönəlib. Atlar da insanlar kimidir axı – duyğulu, həssas, dost-düşməni tanıyan.  Əfsus ki, 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal etməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Həmin ilin avqust ayında Ağdam at zavodu erməni təcavüzkarları tərəfindən işğal edildi. Erməni qoşunları rayon ərazisinə daxil olan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz atçılıq zavodu idi. Lakin ermənilər bu istəklərinə nail ola bilmədilər, fədakar atçılar Qarabağ atlarını döyüş bölgəsindən çıxara bildilər. Vətən həsrətini tək insanlar deyil, həm də Qarabağ atları da yaşayır.

 

Yayılan həyacanlı xəbərlərə görə, Qarabağdan ayrı düşəni Qarabağ atları məhv olma təhlükəsi ilə üzləşib. Gərək insanın ürəyi daşdan olsun ki, bu cür xəbərə davam gətirsin, ürəyi ağrımasın, sarsılmasın.

 

Qarabağ atlarının taleyi, onları Vətəndən uzaqda hansı yollarla inkişaf etdirməyin mümkünlüyü hər birimizi ciddi düşündürür…

 

Hündür boylu, alma gözlü, igidlər dayağı Qarabağ atları…

 

Müsahibimiz Ağdam Atçılıq Zavodunun direktoru, atçılıq sahəsi üzrə mütəxəssis Maarif Hüseynov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında Qarabağ atları haqda bilmədiklərimizi, onların qaçqınlıq həyatı və başqa məsələlər barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, ermənilərin Dağlıq Qarbağı işğal etməsi nəticəsində bizim 20 faiz torpağımız işğal olunmaqla yanaşı, həm də milli sərvətlərimizə zərər yetirilib. M.Hüseynovun dediyinə görə, Qarabağ atı təkcə Qarabağ bölgəsinin deyil, bütövlükdə Azərbaycan Respublikasının milli sərvətidir: “Qarabağ atı digər cins atlardan bir çox xüsusiyyətlərinə görə seçilir. Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir. Onların yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ cinsli atlar orta boyu, əzələli, yorğa atdır. Başları balaca, profilləri düzdür. Arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır. Qarabağ atını başqalarından fərqləndirən əsas cəhətlərdən biri də onların limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngli tükləridir”.

 

Laçın, Kəlbəcər yaylaqlı Qarabağ atı, o yolları yağı basıb…

 

M.Hüseynov qeyd etdi ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Qarabağ atları da o torpağın vətəndaşları ilə birgə köçkünlük həyatı yaşayır. Torpaqdan ayrı düşmək tək insanlara deyil, atlara da mənfi təsir göstərir: “Necə ki, Xarı bülbül Şuşadan savayı heç bir torpaqda bitmir, eləcə də atlar da başqa bölgədə yaşaya bilmir. 1993-cü ilin avqust aylarında mənfur düşmənimiz Ağdamı işğal etdi. Həmin il atçılarımız milli sərvətimiz olan Qarabağ atlarını qorumaq üçün onları öncə Yevlax rayonundakı “Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirdilər. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə, atlar zavodun Ağcəbədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürüldü. Lənbəranın da torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yerləri olan Ağdam at zavodunun əvəzini vermir. Ümid edirəm ki, tez bir zamanda torpaqlarımız işğaldan azad olunar və Qarabağ atları yenə də Ağdam torpağında çaparlar”.

Ağdam Atçılıq Zavodunun direktorunun dediyinə görə, torpaqlar işğal olunmazdan əvvəl Qarabağ atları hər il Ağdamdan Laçına, Kəlbəcərə yaylağa aparılırdı, ancaq indi onlar yaylaq üzünə həsrət qalıb.

 

Tükənmə, Qarabağ atları, amandır tükənmə…

 

Atlar insanlardan dözümlü olur deyirlər. Çox zaman təbiətin sərt qışına, ayazına, tufanına, boranına, çovğununa atlar insanlardan daha mətanətlə davam gətirir… Bu gün taleyinə qaçqınlıq düşüb, zamanın qəzavü-qədəri qara gəlib. Nə edək, Qarabağ atları? Təbiətin şıltaqlığına səbrlə dözdüyün kimi zamanın bulanlıq havasına da hələlik ciyərlərini öyrəşdir… Az qalıb bitəcək ermənilərin dövranı, səbr et, döz bir az, ayrılığın boynuna kəmənd keçhakeçdədir… Döz qaçqınlığa, köçkünlüyə, yaşıl yaylaqların damaqsevindirən otlaqlarının həsrətinə döz. Döz, tükənmə, sıran seyrəlməsin, nəsilin tükənməsin, genefonunu qoru… Sən daha mətinsən, Qarabağ atı, sən daha dəyanətlisən… Xəyanətin qurbanı oldun… Ancaq qələbə sənindir, Qarabağ atı, sənin!!!

 

Maarif müəllimlə kövrək notlar üzərində başlanan söhbətimiz elə bu ovqatda da davam etdi. O,  söhbət əsnasında onu da əlavə etdi ki, dünyanın heç bir at cinsi Qarabağ atları ilə müqayisə oluna bilməz. Maarif müəllim haqlı olaraq söylədi ki, Qarabağ atlarının gözəlliyinə gözəllik, igidliyinə igidlik çatmaz: “Qarabağ atlarının tükənməsi millətimizin ruhunu sındıra, əxlaqını zəiflədə bilər. Əcdadlarımız bu atların belində vətənimizi qoruyub, qədim və möhtəşəm dövlətlər qurublar.  Bu atlar Azərbaycanın bir hissəsidir, Azərbaycandır demək ki. Qarabağsız Azərbaycan olmadığı kimi, bu atlarsız da Azərbaycan yoxdur. Babalarımız bu cinsi bizə qədər çatdırıblar. Biz də özümüzdə təpər tapıb, gələcək nəsillərə ötürməliyik. Bu bizim müqəddəs borcumuzdur. Mən də çalışıb, bütün ömrümü sərf edib bir-iki təmiz Qarabağ atını vətənimizin xəzinəsinə bəxş edə bilsəm, hesab edərəm ki, mənasız həyat sürməmişəm”.

 

 

Günel CƏLİL

 

“KarabakhİNFO.com”

 

 

28.02.2014 11:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*