Azərbaycanca

Didərgin Qarabağ atları Qarabağsızlığa tab gətirə bilmir (II hissə)

03.03.2014 | 12:53

1393836704_1358187774_karabakh-horse-todayTarixdə dastansan, Qarabağ atı!   Tarix həqiqətlərin beşiyidir. Qarabağ atları da bir əbədi həqiqət kimi tarixin gerçəyinə çevirilib. Qarabağ atları barədə hələ bir neçə yüz il  öncə də fikirlər söylənilib. Məhşur Rusiya atçılıq mütəxəssisi K.B.Diterixs faktlara və mənbələrə əsaslanaraq qeyd edirdi ki, Qarabağ at cinsinin Rusiya və Avropa atçılığının inkişafına böyük təsiri olmuşdur. Knyaz K.N.Urusov isə yazırdı: “Qarabağ atının Asiya atçılığı üçün əhəmiyyəti təmizqanlı ingilis atının Avropa atçılığı üçün əhəmiyyəti qədərdir”.   Qarabağ atları dünyada azsaylı at cinslərindədir ki, onun haqqında çoxsaylı, çeşidli fikirlər, rəylər bildirilib. Elə şəxsiyyətlər Qarabağ atları haqda fikir bildirib ki, onların tarixin inkişafında əməkləri böyükdür. 100-150 il əvvəlki dövrdə Qarabağ atlarının şöhrəti haqda nələr deyilməyib, kimlər danışmayıb, kimlər bu atlara heyranlığını, heyrətini bildirməyib.  XIX əsrdə keçirilən Qarabağ atlarının çoxlu sayda dözumlülük sınaqlarının iştirakçılarından biri Qutten Çapski yazırdı: “Qarabağ atları düzənlikdə digər cinslərdən geri qalsalar da, dağlıq ərazidə onların hamısını qabaqlayırlar”.   Əsl Qarabağ atlarını qorumaq üçün…   Atçılıq Birliyinin sədri Paşa Həsənli də Qarabağ atlarının qorunması yolları ilə bağlı fikir və qənaətlərini “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı ilə bölüşdü. O dedi ki,  1993-cü ildə Ağdam rayonu işğal olunandan sonra ordan gətirilən atların bir qismi təbii şəraitə və doğma torpaqdan ayrılığa dözə bilməyib məhv olub: “Müharibə ərəfəsində atlar nəzarətsiz qaldı. Belə olan halda həm Qarabağ atlarının sayı azaldı, həm də onların vəziyyətləri pisləşdi. Qarabağın işğalı zamanı atlar öz doğma yurd-yuvalarından didərgin düşdülər. Atlar Ağdamdan Bakıya gətirilərkən onların bir qismi yolda, bir qismi isə Bakı iqliminə tab gətirə bilməyib məhv oldu. Həmin ərəfədə çox az sayda Qarabağ atı sağ-salamat şəkildə Ağcabədiyə köçürüldü. Hətta vəziyyət bir ara o həddə çatdı ki, əsl Qarabağ atları yalnız şəxsi təsərrüfatla məşğul olanlarda qaldı. Əsl Qarabağ atlarının sayı çox azaldı”.   P.Həsənlinin sözlərinə görə, son illər Qarabağ atları ilə bağlı vəziyyət dəyişib. Qarabağ atlarına olan maraq əvvəki illərlə müqayisədə xeyli artıb. Ağdam Atçılıq zavodunda nizam-intizam qurulub, atlara yüksək səviyyədə, qaydasında baxılır: “Xüsusilə də Atçılıq Federasiyasının nəzdində yaradılan Sərhəd İdman qoşunlarında bir dəstə Qarabağ atı saxlanılır. Burada Qarabağ atının təbliğatı yüksək səviyyədə aparılır. Atçılıq Federasiyasi yaranandan sonra bu işə böyük önəm verilməyə başladı. Hətta əhali arasında Qarabağ atına rəğbət daha da artdı. Qarabağ atı dünya miqyasına çıxarıldı. Atçılıq Federasiyasının xəttilə sərgilər təşkil olundu. Amma bu o demək deyil ki, Qarabağ atları ilə bağlı təhlükə sovuşub. Qarabağ atlarının əvvəlki vəziyyətinə qayıtması üçün uzun müddət tələb olunur. Vəziyyətin yaxşılaşması üçün birincisi düzgün elmi yanaşma olmalıdır. Onların saxlanılmasından tutmuş qidalanmasına qədər, onların cütləşməsi istiqamətində, atları müayinə edən tibbi müəssisələrin bizdə olmaması böyük problemlərin yaranmasına səbəb olur . Baytarlıq sahəsi də çox pis vəziyyətdədir”.   “Qarabağ atı Azərbaycanın çox dəyərli milli sərvətidir”    P.Həsənli qeyd etdi ki, təmiz Qarabağ atlarının sayı çox azdır. Təxminən əsl Qarabağ atlarının sayı 50 başdır: “Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Bu nişanlar xüsusən “Ceyran” tipində daha çox təsadüf edilir. Qarabağ atlarının köhnə tipləri “Maymun” (Xoşbəxt), “Qarnıyırtıq” və “Əlyetməz” (Ceyran) adlı ayğırlar nəsli olub. “Ceyran” tipinin boz rəngli qisminə “Gülgün” deyərmişlər. XIX əsrin ikinci yarısında Qarabağ atının “Axaltəkə” atı ilə qarışığıdan “Təkə-ceyran” atı yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur. Qarabağ atının xarakterik nişanları ayaqlarında müxtəlif dərəcədə səkil (ağlıq), alnının isə təpəl olmasıdır. “Sərdar”, “Sultan”, “Şah”, “Ağalar”, “Divar”, “Meymun” və sair ayğırlardan keçmişdə “Atlı qvardiya alayının nümunəvi zabit atı” kimi istifadə edilməsi, bu atların yüksək iş qabiliyyətini bir daha sübut edir”. Atçılar Birliyinin sədri onu da əlavə etdi ki, ötən 10-15 il ərzində atlara olan ögey münasibət milli sərvətimizə öz zərbəsini vurdu. Qarabağ atı Azərbaycanın çox dəyərli milli sərvətidir. Dünyada olan at cinsləri arasında Qarabağ atı öz möhtəşəmliyi ilə diqqət çəkir: “Muğam, xalçaçılıq sənəti kimi Qarabağ atları da bizim milli sərvətimizdir. İnşallah Qarabağ düşmən topdağından azad olunacaq. Ümid edək ki, o vaxta qədər atlarımız vətən həsrətinə tab gətirə bilər. Xatırladım ki, Türkmənistanın “Axaltəkə” adlı at cinsi mövcuddur. Bir zamanlar həmin cins atın nəsli kəsilməkdə idi. Amma o at cinsinin davam etdirilməsi üçün dövlət tərəfindən lazımı işlər görüldü. Şəhərin ən böyük binasının adı “Axaltəkə” adlanır. “Axaltəkə” adlı nazirlik, institut mövcuddur. Türkmənistandan fəqrli olaraq, Qarabağ atına elə də isti münasibət bəslənilmir”.   Ermənilər Qarabağ atlarına sahib çıxmaq istəyir…   P.Həsənlinin sözlərinə görə, Qarabağ atlarının inkişafı, nəsilinin daha geniş səviyyədə artımı üçün onların vətənə dönməsinə ehtiyac var: “ Atçılıq üçün ən ideal məkan məhz Qarabağ torpağıdır. Bu ərazinin torpağı, havası, suyu digər ərazilərdən fərqlidir”.   Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilər Qarabağ atına da sahib çıxmaq istəyirlər. Onlar öz telekanallarında Bakının “Cıdır meydanı”nda qaçan Qarabağ atlarını öz atları kimi təqdim edirlər.   Erməni iddiasının heç bir əsası yoxdur təbii ki… Qarabağ atları Azərbaycan xalqının milli sərvəti olduğu kimi Azərbaycan xalqı da Qarabağ atlarının tarixi  sahibidir. Qarabağ atları bütün dünyada Azərbaycan xalqının sərvəti kimi qəbul olunub. Bu barədə tarixdə çoxlu faktlar var… Hesab edirik ki, onlar erməni iddiasına ən layiqli və ağır cavabdır… Ermənilər əsassız iddiadan əl çəkib havadarlarının köməkliyilə işğal etdikləri torpaqlarımızdan çıxsalar, qara niyyətlərindən əl çəksələr daha yaxşı olardı…   Qarabağ atları, bu nə məlaldır? Sənin kişnərtin də kövrəkdir yaman. Qaçqınlıq sənin də dizini əzib, Xeyrinə işləmir sənin bu zaman.   Dünya eşidirmi Qarabağ atlarının nisgilli kişnərtisini? Qarabağ atlarının Qarabağa qayıtmasının artıq vədəsi yetişib. İyirmi ildir ki, ayağı və könlü həsrətdən buxovlanan Qarabağ atları buxovları qırıb üzü vətənə sarı götürülmək istəyir. İyirmi ildir ki, Qarabağsız, allı-güllü yaylaqlarsız Qarabağ atları zillət, xiffət çəkir… Ayrılıq bitməlidir, elimizlə birlikdə, çiyin-çiyinə Qarabağ atları Qarabağa qayıtmalıdır.   Qarabağ atları, bir az səbr elə, Onsuz səninkidir o çöl, o yamac. Ulu babaların yadigar atı, Düşmən əlindədir hələ ki qırmanc.   Cıdır düzü yağı çəkmələrinin səsindən, düşmən toplarının taqqıltısından, yad nəfəslərin havasından cana doyub, doğma səslərə, doğma ayaq səslərinə həsrətdir Qarabağın hər guşəsi, hər bucağı.   Mənzil qıran, çox köhlənləri yorub tarixin o üzündə qoyan və özü günümüzə qədər yol qət edib gələn Qarabağ atları gün gələr yenə o yurdlarda çapar…   Qarabağ atları, igid, hünərli, Qarabağ atları qələbə gözlər. Cıdır düzündəki sıldırım qaya, Qarabağ atının yolunu gözlər…    

 

 

Günel CƏLİL  

 

“KarabakhİNFO.com”   

03.03.2014 12:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*