Azərbaycanca

Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması üçün BMT-yə ÇAĞIRIŞ

30.09.2014 | 15:53

elihesenovSentyabrın 29-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası işə başlayıb.

 

 

APA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Afrika qitəsi daxilində, habelə onun hüdudlarından kənarda insanların kütləvi miqrasiyası beynəlxalq birliyin qarşısında uzun müddət mövcud olan qaçqınlar və məcburi köçkünlər problemləri ilə yanaşı, yeni vəzifələr qoyur. Onun sözlərinə görə, bu məsələ Azərbaycan hökumətini ciddi narahat edir: “Azərbaycan qonşu Ermənistan tərəfindən ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə bir hissəsinin işğal edilməsi ilə bağlı problemləri 20 ildən artıq müddətdə öz üzərində hiss edən bir ölkə kimi Afrika qitəsi ölkələrinin məruz qaldığı problemlərin bütün ağırlığını çox yaxşı başa düşür”.

 

 

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan hökuməti bu qitədəki humanitar problemlərə laqeyd qalmayaraq öz imkanları çərçivəsində həm beynəlxalq təşkilatların xətti ilə, həm də ikitərəfli əsasda humanitar fəaliyyətini genişləndirməkdə davam edir. Azərbaycan hökuməti tərəfindən Xarici İşlər Nazirliyi yanında yeni yaradılmış Beynəlxalq İnkişaf Agentliyi (AİDA) dünyanın müxtəlif hissələrində, o cümlədən Afrika ölkələrində çoxsaylı humanitar layihələr həyata keçirir: “Biz beynəlxalq birliyi ədalətli mövqe nümayiş etdirməyə, humanitar xarakterli fəaliyyətlə kifayətlənməməyə və problemin səbəblərinin aradan qaldırılması üçün zəruri siyasi addımlar atmağa çağırırıq. Azərbaycan uzun müddət daxili köçkünlərin problemlərindən əziyyət çəkən ölkələrdən biridir. Azərbaycanın Dağlıq Qarabağ regionuna bitişik rayonlar tamamilə dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı missiyasının işğal edilmiş ərazilərə səfəri və mövcud vəziyyəti qiymətləndirməsi zamanı bu təşkilat dağıntıların yüksək dərəcədə olmasını qeyd edib və Azərbaycanın işğal edilmiş ərazilərində başqa ölkələrdən olan etnik ermənilərin məskunlaşdırılmasını təsdiqləyib. İşğal edilmiş ərazilərin demoqrafik balansının pozulması və məcburi məskunlaşdırma prosesi bu günə qədər davam edir”.

 

 

Ə. Həsənov bildirib ki, bu ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz əcdadlarının məzarlarını ziyarət edərkən erməni tərəfi onları tutub: “Onlardan biri – məcburi köçkün Həsən Həsənov əsir götürülərkən öldürülüb. Erməni tərəfi bu dinc vətəndaşları yalandan təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində əsirdir və orada qeyri-insani rəftara məruz qalırlar. Bütün bunlar beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Biz əsirlikdə olan həmvətənlərimizin dərhal qaytarılmasını, habelə Həsən Həsənovun meyitinin bizə verilməsini tələb edirik. Biz, həmçinin BMT-ni və onun müvafiq strukturlarını, habelə başqa beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə və yuxarıda adları çəkilən vətəndaşların qaytarılmasına kömək etməyə çağırırıq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və BMT Baş Məclisinin qətnaməsində, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərdə qeyd edildiyi kimi, azərbaycanlı qaçqınların və daxili köçkünlərin qaytarılmasına imkan yaradılması bu kateqoriyaya aid insanların hərtərəfli müdafiəsi üçün son dərəcə vacibdir”.

 

 

Ə. Həsənov daxili köçkünlərin hüquqları ilə bağlı problemlərin həlli və onların müdafiəsi hərtərəfli yanaşma, o cümlədən müvafiq beynəlxalq konvensiya layihəsinin hazırlanmasını tələb etdiyini vurğulayıb.

 

 

İclasda Afrikanın Somali, Cibuti, Burkina-Faso, Çad və digər ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun iştirakı ilə həmin ölkələrdə həyata keçirilən humanitar layihələrə görə minnətdarlıq ediblər. İclasdan sonra Ə. Həsənovun BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş və Somalinin xarici işlər naziri Hon Buri Hamza ilə görüşü olub. Somalinin xarici işlər naziri görüşdə qaçqın problemindən əziyyət çəkən ölkəsinin böhran vəziyyətindən çıxması üçün dünya ictimaiyyətinin, xüsusilə də müsəlman ölkələrinin dəstəyinə ehtiyac duyduğunu bildirib. O, Somaliyə, ümumilikdə Afrika qitəsinə göstərilən diqqətə görə Azərbaycana təşəkkür edib.

 

 

“KarabakhİNFO.com”

 

 

30.09.2014 15:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*