Azərbaycanca

Doğrudanmı Putin qan istəmir?

15.08.2014 | 15:52

1403689913_qadir-nasirovÖtən ilin axırlarında Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putinin Ermənistana səfəri zamanı “Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Rusiyanın reaksiyası necə olacaq?” sualını cavablandırarkən dedikləri mənim istehzalı təbəssümümə səbəb olmuşdu: “Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın yerləşən və Rusiya ilə sıx əlaqələrə malik olan bölgədə heç vaxt qan axmasın. İstərdik ki, Dağlıq Qarabağda bundan sonra heç vaxt heç kimin – nə ermənilərin, nə də azərbaycanlıların qanı tökülməsin”. İstehzalı təbəssümümə ötən əsrin sonları-cari yüzilliyin əvvəllərində bu ölkənin iştirakı, daha doğrusu, “müəllifliyi” ilə yaxın regionlarda baş vermiş qanlı olaylarla RF rəhbərinin yuxarıda gətirdiyimiz sitatı arasındakı tam bir ziddiyyətin səbəb olduğu yəqin hər kəsə aydındır.

 

 

Bununla belə, müəyyən mülahizələrə görə o vaxt mən cənab Putinin həmin sözləri ilə bağlı mövqe bildirməmişdim: müasir dünyanın aparıcı dövlətlərindən olan Rusiyanın başçısının “qan istəməməsini” dilindən çıxarmasının özü insanda cüzi də olsa müsbət reaksiya yaradır. Amma üstündən cəmi 6-7 ay keçəndən sonra cənab prezidentin yuxarıda gətirdiyimiz sitatındakı fikirlə tam təzad təşkil edən başqa bir çıxışı bu yazının meydana gəlməsini şərtləndirdi.

 

 

İyul ayının əvvəllərində V.Putin Rusiyanın xarici dövlətlərlə hərbi-texniki əməkdaşlığı məsələləri üzrə Komissiyanın iclasındakı çıxışında demişdi: “Cari ilin altı ayı ərzində Rusiya silah-sursatının xaricə satışının həcmi 5,6 milyard dollar təşkil etmişdir…, ixrac sifarişlərinin ümumi portfeli isə təxminən 50 milyard dollara çatmışdır… İndi Rusiyanın qlobal silah-sursat bazarındakı iştirakını gücləndirmək vacibdir və bu, şübhəsiz, … yeni keyfiyyətli iş yerlərinin yaradılmasına kömək etməlidir”.

 

 

Əlbəttə, ilk baxışda burada heç bir qeyri-adilik yoxdur, müasir dünyanın əksər ölkələrinin iqtisadiyyatının əhəmiyyətli hissəsini silah-sursat alveri təşkil edir və bu ölkələrin içində Rusiya ilk yerlərdən birini tutur. Bu, məsələnin bir tərəfi. İndi gəlin məsələnin başqa tərəfinə diqqət yetirək. Satılan-alınan bu silah-sursat hara gedir və nəyə xidmət eləyir? Mübahisəsizdir ki, bu, yeganə bir məqsədə xidmət göstərir – insan qanı tökülməsinə! Yəni silah-sursat satan hər hansı dövlət, o cümlədən də Rusiya, istər-istəməz insan qanı tökülməsinin baiskarına çevrilir. Hələ bu bir tərəfə, məsələnin digər, daha mənfi yüklü tərəfi də var: mübahisəsizdir ki, silah-sursatının satışında maraqlı olan hər hansı ölkə, o sırada Rusiya da, dünyanın ayrı-ayrı bölgələrində daimi münaqişə-müharibələrin, başqa sözlə, qan tökülməsinin də marağındadır. Bu halda isə qan tökülməsini istəməməsinə dair cənab Putinin işğalçı Ermənistanda dedikləri, lap yumşaq desək, qeyri-səmimidir.

 
RF prezidentinin bu “qan istəməməsi” məsələsi nədənsə mənim yadıma ötən əsrin ortalarında məşhur rus şairi Yevgeni Yevtuşenkonun sözlərinə Eduard Kolmanovskinin bəstələdiyi “Ruslar müharibə istəyirlərmi?” (“Xotyat li russkiye voynı?”) mahnısını saldı. Düzünü deyim ki, təkcə mən yox, keçmiş sovet məkanındakı əksər adamlar da о mahnını çox sevirdilər. Həmin mahnının ümumi məğzi bundan ibarət idi ki, nədən-kimdən – sükutdan, tozağacının və qovağın altında yatan əsgərlərin oğullarından, bütün dünyadakı adamlarin sakit yatması üçün qurban gedən əsgərlərdən… soruşursunuz soruşun, heç bir rus müharibə istəmir! Zənnimcə, “müharibə istəməmək” ifadəsi ilə “qan istəməmək” ifadəsi arasında bərabərlik işarəsi qoyula biləcəyi heç bir mübahisə yarada bilməz. Yəni, bunların hər ikisi eyni məfhumlu istəklərdir. Başqa sözlə, müharibə istəməyən qan da istəmir, yaxud əksinə.

 

 

Bəli, Böyük Vətən müharibəsinin məşəqqətlərini görmüş nə ruslar, nə də o vaxtlar nəhəng SSRİ-ni özünə doğma Vətən hesab edən digər millətlər doğrudan da müharibə istəmirdilər! Amma, nə yazıq ki, nə ruslar o vaxtkı ruslar, nə Rusiya o vaxtkı Rusiya, nə də onun rəhbərləri keşməkeşli tarixin od-alovunda bişmiş rəhbərlər deyillər. Müasir Rusiya nəinki müharibə (qan) istəyir, üstəlik daim dünyanın müxtəlif guşələrində münaqişə-müharibə ocaqları yaratmaq istiqamətində düşünülmüş, planlı, siyasətin hətta ən iyrənc, kütləvi insan qırğınına səbəb ola bilən üsullarından belə istiadə etməkdən çəkinmir. Bu ölkənin bilavasitə müəllifliyi ilə Çeçenistanda, Qarabağda, Gürcüstanda, Dnestryanıda, Ukraynada və sair bölgələrdə törədilmişlər gözlərimiz qarşısında baş vermişdir (mən hələ keçmiş SSRİ-nin – ona elə Rusiya da demək olar, nədən ki, o vaxtlar dünyanın bu nəhəng ölkəsinin siyasətini məhz Rusiya müəyyənləşdirirdi – Vyetnamda, Əfqanıstanda və başqa yerlərdə apardığı uzun-uzadı, əsassız və məntiqsiz müharibələri demirəm). Son on beş il Rusiyası rəhbərliyinin, daha konkret danışsaq, V.Putinin həyata keçirdiyi “sülhpərvər” siyasət isə göz qabağındadır. Və həmin o siyasətin çoxşaxəli məqsədlərinin sırasında yuxarıda gətirdiyimiz Putin sitatındakı insan qanı tökülməsinə “xidmət edən” silah-sursat satışı məsələsi də ön yerlərdən birini tutur. V.Putinin “qan istəməməsi arzusu”nun altında çox belə şeylər var. Yeri gəlmişkən, kim bilmir ki, Qarabağ məsələsinin bünövrəsini məhz sovet Rusiyası qoymuşdur, kim bilmir ki, həmin o Rusiyanın və onun “qan tökülməsini istəməyən” indiki prezidenti V.Putinin könlü olsa, Cənubi Qafqaz bölgəsinin həyatını iflic vəziyyətinə salmış Ermənistan-Azərbaycan münaqişəsini çox qısa bir müddətdə nizamlamaq mümkündür? Əgər o, doğrudan da qan tökülməsinə razı deyilsə, onda görəsən niyə iyirmi ildən artıq davam edən və bu uzun müddət ərzində dəryaca insan qanı tökülməsinə səbəb olmuş Ermənistan-Azərbaycan müharibəsinin qurtarmasını istəmir? Aydın məsələdir: öz siyasi ambisiyaları və çoxsaylı gizli, çox zaman isə ekspansionist xarakterli planları buna imkan vermir.

 

 

Deyəsən elə müasir rusların özləri də Y.Yevtuşenkonun yuxarıda adı çəkilən şeirdə israr etdiyi “heç bir rus müharibə istəmir!” qənaətinin tam əksinə olaraq, nə qədər qəribə də olsa, müharibə istəyirlər! Əgər belə olmasaydı, rus xalqı doğma Rusiyasının müxtəlif bölgələrdəki müharibələrdə iştirakından cana doyar və bir gün ayağa durub prezidentindən haqq-hesab tələb edərdi ki, «Vətən üçün hamımız qurban olmağa hazırıq, amma, qardaş, sənin Qarabağda, Abxaziyada, Cənubi Osetiyada, Dnestryanıda, Ukraynada… nə işin var ki, oralarda bizim oğullarımızı qırdırırsan?!». Ruslar bunu soruşmurlar, “qan tökülməsini istəməyən” V.Putin də rus və qeyri millətlərin oğullarının qanı bahasına öz ambisiyaları və planlarını yeritməkdə davam etməkdədir.

 
Və görünən odur ki, Rusiyanın indiki prezidenti V.Putinin “Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın yerləşən və Rusiya ilə sıx əlaqələrə malik olan bölgədə heç vaxt qan axmasın. İstərdik ki, Dağlıq Qarabağda bundan sonra heç vaxt heç kimin – nə ermənilərin, nə də azərbaycanlıların qanı tökülməsin” sitatı elə-belə, kütlə üçün hesablanmış, necə deyərlər, boğazdan yuxarı deyilmiş sözlərdir.

 

 

Həqiqətdə isə reallıq və mənzərə tamamilə başqadır.

 

“KarabakhİNFO.com”

 

 

15.08.2014 15:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*