Azərbaycanca

“Doğulduğum cənnət torpaqda ölmək istəyirəm”

17.05.2014 | 13:01

1400311416_img_2100Siyavuş Əmirli 1979-cu ildə Laçının Alxaslı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Hazırda Binəqədi Rayon İcra Hakimiyyətinin “Binəqədi” qəzetində fəaliyyət göstərir. Tarixçi müəllim, həm də jurnalist kimi fəaliyyət göstərən S.Əmirli “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına Laçın xatirələrindən danışır:

-Laçın xatirinizdə necə qalıb?

 

Qədim tarixə malik yer idi. Azərbaycanın hər yeri mənim üçün səfalıdır. Amma Laçını hansısa yerlə müqayisə edə bilmirəm. Laçınla Şuşanın təbiəti də oxşar idi. Yavaş-yavaş hiss edirəm ki, o torpağın suyu, udduqlarım hamısı canımdan çıxır. Fikirləşirsən ki, 450 kilometr o yanda sənin doğulduğun torpaqdır, amma ora gedə bilmirsən. Bu insana necə təsir etməyə bilər? Laçın mənim üçün Məkkə, Mədinə, cənnətdi. Xatırlayıram küçə ilə gedəndə belə qədim dövrə aid saxsı qırığı, küplər görürdüm. Ev tikmək istəyəndə yeri qazarkən də qədim qablar aşkarlanırdı. Laçının həddindən artıq zəngin təbiəti var idi. Xatırlayıram son dəfə odun götürmək üçün meşəyə getmişdik. Güney adlı yer var idi, çox vaxt ora gedərdik. Sonuncu dəfə dayım oğlu ilə getmişdim. Elə bil ki, insan bu torpaqdan didərgin düşəcəyini öncədən hiss edirdi. Hər tərəf dağlıq idi, yaxşı səsin olmasa belə oxuyarkən sənə xoş gələrdi. Güneyə doğru gedəndə “Ay duman gəl-get bu dağlardan” deyə oxuyurdum. Meşəyə çatanda dayım oğlu mənə taxtadan xəncər düzəltdi. Mən də həmin xəncəri ağacın dibinə basdırdım, düşündüm ki, nə vaxtsa qayıdanda görəcəyəm ki, həmin xəncər yerindədi. Heç xatirimdən çıxmır, hər zaman düşünürəm ki, bəlkə xəncər yerindədir. Çox səfalı, qeyri-adi bulaqları var idi. Alimlər də bu ərazidə tədqiqatlar apararkən heyrətə gəlirdilər. Nadir ağaclarımız var idi. Qırmızı Palıd da belə nadir ağac növlərindən biri idi. Düz deyilən ərazidə isə taxıl əkilərdi. Həmin ərazidə tək armud ağacı var idi, əkinçilər yorulduqda o armud ağacının kölgəsində oturardılar, biz də gedib maraqla onların söhbətlərinə qulaq asardıq. Kənddən səkkiz kilometr aralıda Vəng deyilən abidə var idi. Təxminən 80-cı illərdə bizim məktəbin müəllimləri Vəngin önündəki daşın üzərində yazılanları fotoaparatla çəkərək Bakıya, Tarix İnistitutuna yollamışdılar. Özüm də təbiətə bağlı insan olmuşam. Hər zaman təbiət qoynunda olmağı sevərdim, bu səbəbdən kəndimizdə də gəzmədiyim yer qalmamışdı. Hələ uşaq ikən tarixi abidələrlə də maraqlanardım.

 

-Tarixi necə, hələ o zamanlar kifayət qədər öyrənilmişdimi?

 

Qədim tarixə malik olsa da, Laçının tarixi vaxtında öyrənilmədi. Burada çoxsaylı alban abidələri var idi ki, onların da böyük qismi kəndimizdə yerləşirdi. Təəssüflər olsun ki, sovet dövründə bu abidələrə erməni abidəsi kimi baxırdıq. Bizə belə öyrətmişdilər. Əslində bu abidələr bizə məxsus idi. İslam dini Azərbaycanda yayıldıqdan sonra atəşpərəst və xristianlığı qəbul edənlərin bir qismi Qarabağa yayıldılar. O zamanlar abidələrin üzərində xaç işarələri var idi. Lakin alban xaçı ilə erməni xaçı fərqlənirdi. Tarixçilərin o dövrdə lazımi işlər görməməsi, insanların da tələbkarcasına çıxış etməməsi belə təəssürat formalaşdırmışdır ki, guya bu abidələr ermənilərə məxsusdur. Xatırlayıram, atam da həmişə deyərdi ki, bunlar erməni yox, alban abidələridir. O abidələri bir çoxunu biz məhv etmişik. Kəndimizdə at-qoç fiqurları həddindən artıq çox idi. Kimsə belə uydurmuşdu ki, guya bu abidələrin başının içi qızılla doludur. Beləcə əlimizə keçən taxta, balta ilə nə qədər abidələri məhv etdik. Abidələrin böyük əksəriyyətinin məhv edilməsi üçün ermənilər belə təxribatçı bir plan ortaya atmışdı.

 

-Laçının tarixi yerlərindən, abidələrindən danışaq…

 

Kəndimizdə Qacar deyilən yer var idi. Deyilənə görə, Qacarın sərkərdələrindən biri orda basdırılıb. Çayın qırağında qədim kilsə var idi, bizi o tərəfə getməyə qoymurdular. Deyirdilər ki, o yer tilsimlidir, kimsə ordan sağ qayıtmır. Kilsənin girişində yazılı kitabə var idi. Erməni təbliğatı nəticəsində həmin kilsə dağıdıldı. Sonradan o kilsənin xarabalıqları qaldı. Laçında Bəy qəbri, alban qəbri var idi. Kəndimizin bir məhləsi Mahrasa adlanırdı. Bu d mənim hədsiz marağımı çəkdiyi üçün internetdə araşdırma apardım və məlum oldu ki, Hindistanda da eyniadlı yer var. Maraqlıdır ki, mahrasa sözü qədim atəşpərəstlərə aid olub. İslam dini qəbul olunduqdan sonra onların bir qismi ərazilərini tərk edərək Hindistana gediblər. Həm Hindistanda, həm də Laçında olan yer adlarından biri də Godan idi.

 

-Vaxt gəldi…

 

Siz də Laçını tərk etməyə məcbur oldunuz. O günlər xatirinizdə necə qalıb? Əhalinin böyük əksəriyyəti vaxtında çıxa bildi. Ayın 18-də demək olar ki, hamı Laçını tərk etmişdi, sadəcə ordu hissələri qalmışdı. Laçını gec tərk edənlərin bir qismi Laçın-Kəlbəcər dəhlizindən istfadə etməli oldu. Mayın 16-sı Laçını tərk edərək Ağcabədiyə, qohumlarımızın yanına gəldik. Daha sonra atam digər qohum-əqrəbanı çıxartmaq üçün Laçına getdi. Deyilənə görə, Laçın işğal olunduqdan hələ bir neçə gün boş qalıb. Sonradan belə söz-söhbət gəzdi ki, ermənilər Laçında ikinci Xocalını törətmək istəyib. Erməni təbliğatı, insanların panikaya düşməsi arzuolunmaz mənzərə yaratdı…Elə düşünürəm ki, ömrümün ən xoş günləri Laçında olub.

 

-Bəzən deyirlər ki, Laçın döyüşsüz təslim oldu…

 

Kifayət qədər döyüşlər oldu, sadəcə olaraq Laçın səhlənkarlığın, daxili çəkişmələrin qurbanı oldu. Burda 300-dən artıq insan həlak olub. Yeddi milli qəhrəmanımız bu torpaqda böyüyüb boya-başa çatıb. Çoxsaylı insanlar var ki, onlar haqda hələ də yaxınları heç bir məlumat əldə edə bilmir.

 

-İllərlə bu torpaqda yaşayan valideynləriniz üçün də Laçından didərgin düşmək çətin olub yəqin ki…

 

Öncələr valideynlərimə, qohumlarıma şəkillər göstərərək təsəlli verərdim. Amma indi bu da mümkün deyil. Ömrünün son günlərində nənəm deyirdi ki, mənə Laçından su, dağlarından buz gətirin. Övladın ata-ana üçün edə bilməyəcəyi bir şey yoxdur. Amma indi görürəm ki, bəzən elə vəziyyət yaranır ki, adam aciz qalır. Mən də doğulduğum bu cənnət torpaqda ölmək istəyirəm. -Ermənilərin sosial şəbəkələrdəki fəaliyyətini necə qiymətləndirirsiniz? Etiraf edim ki, onlar sosial şəbəkələrdə çox aktiv təbliğatla məşğuldular. 5 ildən artıqdır ki, sosial şəbəkələrdə, eləcə də ermənilərin aktiv olduğu səhifələrdə Qarabağla bağlı mübarizə apararaq bu torpaqların bizə aid olduğunu car çəkirəm. Mübahisələrimiz bir çox hallarda dava səviyyəsinə çatır. Hər hansı ölkənin vətəndaşına deyəndə ki, bu torpaq bizimdir, onlar inanmırlar. Çünki internetdə Qarabağ mövzusu ilə əlaqədar olaraq erməni mənbələrinə daha çox təsadüf olunur. Bir həftə öncə rusiyalı jurnalistdən müsahibə alırdım. Deyir ki, Krımda Qarabağ adlı villa var. Tarixi haqda soruşanda isə deyir ki, Qarabağ qədim erməni torpağıdır. Halbuki, ermənilər bu torpağa Gülüstan və Türkmənçay müqaviləsindən sonra gəlib. Mənə desələr ki, Laçını seçərsən yoxsa cənnəti, deyərdim ki Laçını. Düşünürəm ki, günahlarımın bağışlanacağı tək və yeganə yer Laçındı. Laçından çıxanda 13 yaşım olsa da o yerlər çox yaxşı xatirimdədir. 22 ildir ki, Laçına ayaq basa bilmirəm. Bizə qalan yalnız şəkillər və xatirələr oldu.

 

-Bu gün ermənilərin əsas işi tarixi saxtalaşdırmaqdır. Laçınla bağlı nələri saxtalaşdırblar?

 

1400311978_img_2098Bu gün ermənilər doğma yurd-yuvamız olan Laçının adını dəyişib Berdzor qoyublar. Hələ 30-cu illərdə Tağı Şahbazi rayona Laçın adını vermişdi. Amma Laçının qədim adı Abdallar olub. Abdallar da qədim addır. Dünyanın bir çox yerlərində bu ada rast gəlinir. Türkiyədə də bu adda böyük tayfa var. Ermənilər artıq hər şeyi saxtalaşdırıblar, 125 kənd və rayonun adını dəyişdiriblər. Kənd haqqında müxtəlif dillərdə özləri üçün saxta tarix yaradıblar, guya azərbaycanlılar 19-cu əsrin sonlarından bu ərazilərdə məskunlaşıblar. Nəslimiz öncə Şəvəkar kəndində məskunlaşıblar. Sonralar bu ərazidən əkin-biçin ərazisi kimi istifadə ediblər. Hazırda ermənilər bu yerin adını dəyişərək qondarma tarix uydurublar. Bundan başqa ermənilərin yaratdıqları qondarma respublikanın Arsax Tv-si fəaliyyət göstərir. Burada Qarabağ haqqında kifayət qədər erməniləşmiş məlumatlar verilir. Erməni saytlarının böyük əksəriyyətində Qarabağ bölməsi var. Yerli saytlar sırasında isə Qarabağ bölməsi olanlar barmaqla sayılası qədərdir. Onlarda təbliğat güclüdür. Son illərdə yaranan lacin.info saytı vasitəsi ilə çalışırq ki, müəyyən işlər görək.

 

-Laçını, itirilən digər torpaqları geri qaytarmaq üçün nələri dəyişməliyik?

 

Baxışımızı dəyişməliyik. Düşünməliyik ki, Qarabağ yalnız orda yaşayanların deyil, bütün azərbaycanlılarındır. Qarabağ yoxdursa, Azərbaycan da yoxdur. Bu gün gəncliyin üzərinə daha böyük məsuliyyət düşür. Heç olmasa həftədə bir dəfə bu istiqamətdə aktiv fəaliyyət göstərməliyik. Hər birimiz Şuşalı, Zəngilanlı, Laçınlı olsaq işimiz güclənər. Mən də bir azərbaycanlı kimi Laçına qalib ordusunun əsgəri kimi qayıtmaq istəyirəm.

 

Nigar Məhərrəm

“KarabakhİNFO.com” 

17.05.2014 13:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*