Azərbaycanca

“Dolu” bədii filmini fəqrli milli kino saya bilərikmi?!.

10.10.2012 | 11:27

1349850313_dolu_film_2012Aydın Xan

 

(Kulturoloji kinoresenziya)
Azərbaycanda kim deyirsə, tənqidi xoşlayıram, ən azı qeyri-səmimi insandır, yüz faiz mənə inanın: analitik-kulturoloji tənqid isə bizdə, yumuşaq ifadə etsəm, indiyəcən, sadəcə, yaranmayıb, ya da tənqidçilərin “Ovladığımızı ədalətli böluşdür! – əmrini yerinə yetirən tülküdən, “Nəyə görə bütün şikarı mən verdin?” deyə aslan soruşanda, “Çaqqalın gözünün tökülməsindən ibrət götürdüyümə görə…” – misalını rahatlıqla xatırlamasalar da olar…

Tanınmış yazıçı-publisist, millət vəkili və ən əsası da Qarabağlı 1349850343_aydin-xandostum Aqil Abbasın son illər ədəbiyyatımızda böyük səs-küyə səbəb olan “Dolu” romanı, həqiqətən də məmləkətimiz maştabında əsl dolu sənət əsəridir: onun ekran variantını gözləyənlər isə müəyyən mənada, müqayisə apara, indi rahatca fikirlərini bölüşə bilərlər.

Axı nə Qarabağ münaqişəsi həll olunub, nə doğma torpaqlar geri qaytarılıb, nə də Aqil Abbas öz yaradıcılığına son qoyub: bu yaxınlarda avrotəmirli Nizami Kino Mərkəzindəki media və ziyalılar üçün keçirilən filmin təqdimatı zamanı yazıçının paylaşılan yeni kitabı da buna sübut kimi göstərmək olar…

Aqil Abbas hələ bu ağrılı problemə çox əsərlər yazacaq, onlar əsasında yeni-yeni filmlər çəkiləcək deyə, indi “Dolu” filmi haqqında tənqidi mülahizələrimi bölüşürəm ki, qarşıdakı işlərin səviyyəsi daha yüksək olsun: fikirlərimin subyektivliyini və ola bilər ilkin təəssüratlardan yarandığını da vurğulamağa məcburam…

Fəqət indi fikirlərimə keçirəm: bir daha vurğulayım, bəlkə də bu mülahizələrin az hissəsini birbaşa “Dolu” filminə şamil etmək olar, ancaq onları oxucuların diqqətinə çatdırıram ki, hərb və müharibə, bir sözlə, Qarabağ mövzusunda ekran əsərləri çəkiləndə, mütləq aşağıdakı məsələlərə diqqət ayırmaq vacibdir.

Hər bir sənət əsəri kreativ məhsul olaraq yaradıcılarına xüsusi sayğı gətirir, bu mənada haqqında danışdığımız filmin yaradıcı heyətinin estetik zəhmətini dəyərləndirir, xüsusi təriflər yazanların fikirlərinə çox halarda şərik çıxır, bununla yanaşı, bəzi tənqidi düşüncələrimin bir hissəsini kino ictimaiyyətimizə çatdırmaq istəyirəm.

Məxsüsi olaraq bura üçün yazıldığını, eləcə də Feysbukda genişhəcmli materialın oxunma şansının sıfır olduğunu nəzərə alıb əsas məsələlər üzərində tezisvari mülahizələrimi xatırladaram…

1) Maraqlı – oxunqlı romanı tam dolğunluğu ilə əhatə etməyin çətinliyini yada salmaqla əvvəlcə söyləyim ki, bu ekran əsəri bədii filmdən çox, hansısa telesserialın qayçılanmış variantını mənə xatırlatdı…

2) Böyük ekran əsərlərinin üç növu olur: kommersiya kinosu, müəllif kinosu, dövlət kinosu (keçmiş Sovetlər Birliyinə daxil olan respublikalara aiddir) – söhbət estetik cəhətdən yox, kulturoloji-ideoloji, maliyyə-texniki, bir qədər də estetik tərəflərdən gedir. “Dolu” filmi dövlət sifarişi ilə çəkildiyinə görə sonunculara aiddir, bu isə öz növbəsində müəyyən mənalarda çərçivəyə, məhdudlaşdırılmalara aparıb çıxarıb…

3) Filmin başlanğıcında, ən azı, 30 dəqiqə stabil, dinamikasız bir gedişat var ki, müharibə mövzulu savaş filmlərində bu məqbul sayıla bilməz. Bundan sonrakı dinamika isə viziuallığın bədiiliyi basqıladığına görə filmin estetik – sənət tərəfini zəiflədir.

4) Filmin ən mübahisəli tərəflərindən biri də baş qəhrəmanın mövcud olmaması, ya da vu cəhətin 4 nəfər arasında bölünməsi idi: komandir, raykom katibi, Drakon, polis rəisi – bunların hər biri müsbət qəhrəman obrazında göstərilsə də, klassik, ənənəvi kinonun estetik tələblərindən kənara çıxır. Bir daha vurğulayım ki, filmdə əsas baş qəhrəman yoxdur.

Romanda bu aydın görsənir – ermənilərə qarşı mətin bir mübarizə aparan Ağdam – Qarabağ, yaxud zamanın özü, müharibə! Fəqət vizual sənət növü sayılan kino baş qəhrəmansız bir qədər baxımsız təsiri göstərir. Bayaq da qeyd etdiyim kimi, dövlət sifarişi ilə çəkilən kino olaraq “Dolu” filmi ənənəvi ekran əsəri sayılır, əgər postmodern bir film olsaydı, məsələn Emir Kustirisa, yaxud bizim Vaqif Mistafayev üslubunda, onda başqa məsələ. Tutalım, hər cür müqayisə birtərəfli olsa da, Qarabağ mövzusunda ilk ciddi film sayılan “Fərhad” ekran əsərində əksər obrazlar, bütün köməkçi süjet xəttləri əsas qəhrəmanın dolğun surətinə canlandırmağa, tamaşaçı yaddaşına həkk olunmağa xidmət edir. “Dolu”da isə tamaşaçının, belə demək mümkünsə, rəğbəti bayaq qeyd etdiyimiz dörd qəhrəman üzərində yönəlməklməklə, əsas mətləbdən xeyli uzaqlaşır…

5) Filmdəki iki əsas epizoda, yumuşaq ifadə etsək, qeyri-səmimilik müşahidə olunur: erməni qızını əsir tutan kəşfiyyatçı dəstənin qəhrəman pəhləvanları onu sadəcə buraxırlar. Halbuki sonralar Pələng ləqəbli obraz yaralanıb keçinəndə Drakona son sözü bu olur: “Mən qız üzü görmədim!” – müharibə şəraitində insaniyyətin arxa plana keçdiyi bir vaxtda qadın əsl qənimət sayılır, özü də düşmən cəhbəsində olan yaraşıqlı incə varlıq olanda, lap əla. Yeri gəlmişkən, tipik azərbaycanlı gəncinin düşüncəsi idi. Əslində bu yerdə Vətən üçün, yaxud Qarabağ, Ağdam üçün “canım qurban” deyə bilərdi.

Düzdür, film yaradıcıları Drakonun dilindən bu sözləri də söyləməyi unutmur: “Mən arvadlarla döyüşmürəm”! Amma müharibə müharibədir və onun öz həqiqətləri, ağrıları var. Hər iki tərəfdən əsir alınmış nəinki qadınlar və qızlar, həmçinin əsgərlərin də seksual işgəncələrə, zorrakılığa, seviş oyunlarına məruz qalmaları barədə yaxın keçmişimizdə çoxlu tarixi faktlar var. Yanılmırama, başqa bir milli filmdə bizim qadınların erməni vəhşiləri tərəfindən zorlanması faktı da göstərilmişdi. Mən hələ sənədəli və televiziya filmlərindəki çoxsaylı faktları yada salmaq istəmirəm.

6) Filmdə qarabağizm, problemin Ağdam ilə məhdudlaşdırılması dəhşətli dərəcədə adamı incidir: məgər müharibədə qeyri-ağdamlılar şəhidlərin sayı az idimi? Filmin əvvəlində məlum olur ki, Lənkərandan 25 nəfər könüllü Vətən uğrunda canından keçmək üçün Ağdama gəlib. Məncə, Drakon ləqəbli obrazı oynayan Rza Rzayevi, – yeri gəlmişkən, bu gənc aktyor, eləcə də Pələng rolunu oynayan Elvin Əhmədov kinomuz üçün kifayət qədər yeni tapıntı sayıla bilər, – tutalım, elə öz ləhcəsi ilə danışdırıb naxçıvanlı, ya da qubalı kimi də göstərmək olardı. Axı Ağdam və Qarabağ yalnız orada doğulan, şəhid olan, yaşayanların deyil, bütöv Azərbaycanın yaralı ürəyidir…

7) Ekran əsrindəki jurnalist obrazı natamamdır: halbuki o rola çox yaraşıqlı bir aktyor seçimi ilə rastlaşırıq. Bu obrazı daha da inkişaf etdirmək mümkün idi, axı Qarabağ müharibəsi zamanı şəhid olan jurnalist, qələm əhlinin sayı heç də az deyildi?..

8) Drakon bizim Rembomuz olmasa da, onunla bağlı epizodlar tələsik və tamamlanmamış sayıla bilər: məsələn, İnterpolun axtardığı, Ağdam kəndlərində soyqırım dəhşətlərinə başçılıq edən erməni terroristini öldürmə səhnəsi çox zəif və aztəsirli lentə alınıb. Halbuki onun başının kəsilməsi səhnəsini verməmək şərtilə, daha maraqlı səhnəylə, ən azı, hələ də müharibə şəraitində yaşadığımıza görə, ideoloji obrazlılıqla göstərmək mümkün idi…

9) Bu bizim yaxın keçmişimiz haqqında bir ideoloji filmdir və orada heç olmasa, pafosa, milləti iki yerə parçalayan ideoloji-siyasi yanlışlığa yer vermək olmazdı. Fuad Poladovun əla oynadığı raykom katibinin respublikanın ozamankı rəhbərliyinə qarşı qiyamı həddən artıq az inadırıcı görsənir. Nəzərə almaq lazımdır ki, o vaxtlar respublikamızda indiki imkanlar yox idi, üstəlik bir sistemdən ayrılıb, digərinə öyrəşməmişdik: Azərbaycan bir neçə istiqamətdə savaşa girişmişdi, ən azından hakimiyyət uğrunda çoxsaylı siyasi oyunlar gedirdi. Belə bir şəraitdə 25 il bundan əvvəlki hadisələrə bugünkü baxışla qiymət vermək nə qədər düzgündür? Filmə baxan zaman belə bir fikir yaranır: güya rəsmi qurumlar heç bir iş görmür, müdafiə nazirliyi və Milli Ordu bilərəkdən Ağdamı ermənilərə təslim edir, Xalq Cəhbəsi pisdir, Qarabağ – Ağdam uğrunda yalnız lotular, həbsxanada oturanlar vuruşur… Erməniləri unudub, düşməni öz aramızda axtarmaq nə qədər düzgündür. Ermənilərə o illərdə, yazıçının da vurğuladığı kimi, rus ordusu və dünya terroristlərinin ən tanınmışları yardım edirdi, yazıq azərbaycanlılar isə obrazlı ifadə etsəm, sıravi insanların umidinə qalmışdı…

10) Təkrar etməyə məcburam: “Dolu”, söz yox, “Hərb və sülh” filmi deyil, fəqət Qarabağ müharibəsi, erməni işğalı yalnız Ağdamla məhdudlaşmırdı, kinoda isə şərti olaraq ağdamizm saydığımız baxış çox güclüdür. Belə çıxırdı ki, o zamanlar Azərbaycan Ağdamı başdı-başına buraxmışdı, amma elə deyildi axı! O vaxtlar Azərbaycanın hər yerindən Qarabağ müharibəsinə insanlar axışır, ərzaq, silah, texnika alınıb göndərilirdi…

11) Təəccüblüdür, filmdə gender balansı pozulub: amma bir balaca yaddaşımızı silkələsək, Qarabağ və Ağdam uğrunda savaşa çıxan nə qədər igid qız-gəlinlərimiz, tibb bacılarımız, həkimlərimiz var, onların haqqını kəsmək nə qədər düzgündür? Bir obrazı çıxmaq şərtilə, qadınlarımız yalnız öldürülür, ya da acıları görüb fəryad qoparanlar kimi göstərilir…

12) Film Ağdam şəhərinin ermənilərin işğalı ilə bitir və axırda müəlliflər ruhları zəbt olunmuş torpaqlara yollamaqla ideoloji vəzifəsini bitmiş hesab edir. Üstəlik də əsas qəhrəmanların hamısı həlak olur. Ağdamın yarısı bizdədir, zənnimizcə, filmin sonluğu Ağdamın hansısa kəndiə real hücumla bitsəydi, daha effektli, təsirli, necə deyərlər, “hərbi-vətənpərvərlik ruhunda olardı”. Axı bu sənədli film deyil, bədii ekran əsəridir: arzuları obrazlı formada real verməkdə çəkinmək lazım deyildi…

Bütün sadalanan cəhətlərinə baxmayaraq, “Dolu” maraqlı bir ekran əsəri, savaş filmi və yaxın tariximizi özündə əks etdirən sənət nümunəsidir, ona baxmayanlar çox şeyi itirmiş olur. Yuxarıdakı fikirlərim isə, yalnız “Dolu” filminə deyil, bundan sonra çəkiləcək ekran əsərlərinə – bədii, televiziya nümunələrinə, sseriallara daha çox aiddir…

Sonda, yazıçı dostumuz Aqil Abbas başda olmaqla, filmin bütün yaradıcı heyyətinə, xüsusən dostum Rza Rzayev yeni-yeni yaradıcılığ uğurları arzulayıram…

10.10.2012 11:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*