Azərbaycanca

“Dolu”nun həyatda olmayan, amma,yaşayan Drakonu

11.06.2013 | 15:41

1370950409_1Qalibiyyətdən danışmaq şərəflidi və şərəfli olduğu qədər də asandı. Çünki,  qalibiyyət özü danışır. Qalib gələn çığıra bilər. Bunu ona bağışlayacaqlar. Məlum həqiqət var: “Qaliblər mühakimə olunmurlar.” Məğlub olub və  məğlubiyyətdən danışmaq, bütün məğlubiyyətlərin kökündə ədalətsizlikləri göstərmək çətindi, çox çətin. Amma, bundan daha çətin bir vəziyyət də var,  sən nə qalibsən, nə məğlub…

Qəhrəmanlıq isə elə qəhrəmanlıqdı, məğlubiyyəti ilə də, qalibiyyəti ilə də…
Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş döyüşçülərimizlə olan söhbətlərimiz davam edir.  Bu dəfəki müsahibimiz özü haqqında, göstərdiyi igidliklər haqqında danışmağa təvazökarlıq edən, “müharibə vaxtı hətta şəkil çəkdirməyi belə özümüzə sığışdırmırdıq” deyən, Elməddin Səfafovdu. Onunla 12 iyun 1992-ci il – cəbhə bölgəsində 200-dən artıq kəndin ermənilərdən azad olunduğu tarix və onun döyüş yolu barədə söhbətləşdik.
– Hamıya məlumdu ki, Qarabağ hadisələrinin ilk başlandığı vaxtlar 1988-ci ilə təsadüf edir. Özü də elə Ağdamdan. Fevralın 22-də ilk dəfə Ağdama şəhidlər gəldi. Qarabağ ilk şəhidləri elə o vaxt verdi. Fevralın 23-də Əsgərana və Xankəndinə yürüş olmalı idi. Biz də o vaxt 8-ci sinifdə oxuyurduq və həmin yürüşə qoşulmuşduq. O yürüş baş tutsaydı, kütləvilik, insanlarımızın mərdliyi məsələni elə o vaxt həll edərdi. Yürüşdə iştirak edənlərin şəkillərini çəkib hamısından 2-3 min rubl alırdılar ki,onlara bu yürüşdə iştirak etdikləri üçün cinayət işi açmasınlar. Amma, yenə da xalq öz sözünü demişdi. 1991-ci ilin may ayında orta məktəbi bitirdim, 16 yaşım vardı. Bakıda Maliyyə İqtisad Kollecinə daxil oldum. 1991-ci ildə artıq Şellidə, Abdal-Gülablıda, Yeddi Xırman, Mərzili, Qarakənd, Əhmədavar, o cümlədən 1000 ildən çox yaşı olan Qarağacı qəbiristanlığı ilə Xramord ərazisində və ətraf kəndlərimizdə postlar qurulmuşdu. Əsas strateji nöqtələrdən biri Şelli kəndində Şelli yüksəkliyi və Mantar dağı, Abdal-Gülablı kəndi idi.1991-ci ildən könüllü olaraq bu postlara getməyə başladıq.Ordu, silah-sursat yox idi.Kim nə əldə edə bilmişdi, onunla posta çıxırdı.

“Dolu”nun həyatda olmayan, amma,yaşayan Drakonu

Məlumdu ki, 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra bütün Qarabağda, o cümlədən proseslərin tüğyan etdiyi Ağdam rayonunda hətta ov tüfənglərini  belə yığdılar. Əliyalın camaatın özünü müdafiəsi isə ikiqat çətinləşdi. Artıq ermənilər Əsgəranda, Qarakənddə və başqa kəndlərdə hadisələr törədir, insanlarımızı, o cümlədən jurnalistlərimizi öldürürdülər. Hətta, Bakıda çoxlarının xəbəri yox idi ki, Qarabağda müharibə gedir, hər gün güllələr atılır, insanlar yaralanır, ölənlər olurdu.1991-ci ilin fevral ayından hadisələr gündəlik qızışmağa başladı. Artıq Ağdam-Əsgəran yolu bağlandı, Şuşa ilə yol əlaqəsi kəsildi. Çünki, o yol Qarabağı birləşdirən əsas yol idi, Əsgərandan, Xankəndinin yanından keçib Şuşaya gedirdi.
Belə bir zamanda Ağdam Şəhər Sovetində Nizam müəllim vardı, o vaxt ondan bir kağız alıb Maliyyə İqtisad Kollecinə verdim ki, rayonumuza lazımam. Kollec rəhbərliyi isə dərslərdə iştirak edə bilmədiyimə görə məni məktəbdən çıxardı.
“Dolu”nun həyatda olmayan, amma,yaşayan Drakonu

“Sonra məlum oldu ki, həmin qadını Xocalıdan mən çıxarmışam”

O vaxt Milli Qəhrəmanımız Şirin Mirzəyev bir ordu qurdu və biz də İmarətdə Fred Asifin (Milli Qəhrəman Asif Məhərrəmov) rəhbərliyi altında döyüşürdük. Fred Asif ruslardan qalmış bir minaaxtaran hərbi hissəyə rəhbərlik edirdi. Muradbəyli kəndində yerləşən bu hərbi hissə çox böyük idi. Bütün regionlardan gəlib rusların əlindən alınmış hərbi maşınları və lazımi hərbi avadanlıqları aparmaq istəyirdilər. Ağsaqqalların xahişi ilə həmin hərbi hissəyə Fred Asif sahib çıxdı. O hərbi hissənin torpaqların müdafiəsində çox böyük rolu oldu. Əslində, 1992-ci ildə ermənilərin planı bu idi ki, Xocalıdan sonra yavaş-yavaş rayonları götürsünlər. Bu əməliyyatların qarşısının alınmasında Ağdam taborlarının və Fred Asifin rəhbərlik etdiyi hərbi hissənin böyük rolu oldu. Ermənilərin planı pozuldu.
Fred Asif kimi Ağdamda Allahverdi Bağırov, Yaqub Rzayev, Şirin Mirzəyev və digərləri də var idi ki, döyüşənlər bu insanların ətrafına yığışmışdılar. Xocalı faciəsi zamanı Yaqub Rzayevin oğlu Canpoladın bir gündə etdiyi qəhrəmanlığı dünyada heç bir qəhrəman etməyib. Sizi inandırım ki, heç Sovet İttifaqı Qəhrəmanları da o qəhrəmanlığı etməyib. Xocalıdan çıxan 72 uşaq və qadını Canpolad xilas etdi. Tank ilə ata-ata Əsgərana girdi, atəş aça-aça onları oradan salamat çıxartdı. Canpolad sonra yenə də Əsgərana qayıtdı və şəhid oldu. Canpolad bu qəhrəmanlığı bir günün içərisində, bir neçə saat ərzində edib.
Əsgəran çox strateji yerdə idi. Əsgəran yolu bağladığı üçün Şuşa, Xocalı ilə əlaqəmiz kəsildi. Əsgəranı, Xankəndini götürərək Xocalı və Şuşa ilə məsafəni yaxınlaşdırmaq həmişə diqqətimizdə olub. Əslində 1992-ci il fevralın 24-də, Xocalı hadisəsi baş verməmiş Əsgərana bir neçə istiqamətdən hücum olmalı idi və biz də hücumda iştirak etməli idik. Amma, Əsgərana fevralın 24-də hücum olmadı. Mən pərdə arxası məsələləri önə çəkə bilmərəm, bu, subyektiv fikir olar. Amma, ən böyük səbəb hava şəraitinin bu hücuma imkan verməməsi oldu. Bərk qar yağdı və o ərazilərdən də keçmək çətin məsələ idi. Strateji nöqtələrdən hücum edilməli idi. O dövrdə lazımi texnikanın, silah-sursatın olmaması da problem yaratdı. Canlı qüvvə, döyüşmək istəyənlər çox idi, ancaq insanların əliyalın ora gedib, qırılıb gəlməsinin də mənası yox idi. Döyüş planı hazırlayan məsuliyyət hiss edir. Təəssüf ki, fevralın 26-da da Xocalı hadisəsi oldu.

“Dolu”nun həyatda olmayan, amma,yaşayan Drakonu
Şelli ilə üzbəüz Əsgəranda Qızıl qaya adlı yer var. Əslində Qara qayadır, bizim hərbi hissənin tarixinə Qızıl qaya kimi düşdü. Orada 84 nəfər qəhrəman oğlumuz şəhid olub. Ermənilər postu Qara qayada qurmuşdular. Biz o vaxt Şellidə postda dayanmışdıq. Ağdamda olan tabor komandirləri Fred Asif, Allahverdi Bağırov, Yaqub Rzayev, Sirin Mirzeyev tərəfindən əməliyyat hazırlandı və biz fevralın 26-da Qara qayanı götürdük. Xocalılar Qarqar çayının ətrafı, Əsgəranın içi ilə dağlarla, meşəliklə hərəkət edib, xilas ola bildilər. Həyatını itirən isə, yollarda qaldı. Qara qayaya çatanda orada biz yox, ermənilər olsaydı, Xocalıdan gələn insanların yarısını da Qara qayadakı ermənilər qarşılayacaqdı. Bu gün yaşayan xocalıların əksəriyyəti həyatda olmayacaqdı. O hücumda Şellidən olan, igidliyi ilə seçilən Xosrov Qara qayada şəhid oldu. Xaliq Quliyevə 5 güllə dəydi və bir neçə döyüşçümüz ağır yaralandı və bu gün  şikəst olmuş, Qarabağ qazisidirlər. Rəhmətlik Nəbi, Əkrəm yaralandı. Xocalı hadisələrindən danışılanda bu məqam qeyd edilməlidir. Düzdür, rəhmətlik Çingiz də çəkib, bir də “Zaman” qəzetinin müxbiri vardı, o da çəkib. O kadrlarda Fred Asif, bizim uşaqlar beşatılanlarla yüksəklikləri atəşə tuturlar ki, Xocalıdan gələn insanları götürsünlər. O vaxt beşatılan vaxtı idimi?! Biz bu beşatılanlarla mübarizəyə atıldıq. Həmin gün demək olar ki, bütün Ağdam camaatı orda idi. Kimin nəyə gücü çatırdısa, o köməkliyi edirdi.Şəxsən mən 15 nəfərə yaxın qadını, uşağı, yaşlı insanları Qara Qayadan Şelliyyə gətirdim. Qara Qayadan Şelliyə yarım kilometr məsafə vardı. bir dəfə mənə Xocalıdan olan qadın dedi ki, məni bir gənc uşaq kürəyində çıxarıb. Sonra məlum oldu ki, həmin qadını mən çıxarmışam. Qadın çox istədi ki, əlimi öpsün, qoymadım, dedim ki, mən sənin övladınam, millətimizə, xalqımıza kömək etmək borcumdur.
Sonra yavaş-yavaş ordu quruculuğu başladı. Rəhmətlik Şirin Mirzəyev Rusiyada Hərbi Akademiya bitirmişdi, podpolkovnik idi. Azərbaycanın ilk Milli Ordu bölməsini Ağdamda Şirin Mirzəyev könüllü, vətənpərvər oğlanlar hesabına yaratmışdı.1992-ci ilin mart ayında ermənilərin növbəti hücumlarının olacağı barədə məlumatlar gəlməyə başladı. 1992-ci il martın 6-da Ağdamda böyük bir əməliyyat hazırlandı. Əsgərana, Xramordun üstündə strateji nöqtə olan Xanabad yüksəkliyi, Naxçıvanik, Aranzəmin, Pircamal, Ağbulaq, Kətik istiqamətlərinə hücum başladı. Çox uğurlu əməliyyat alındı. Biz soldan hücuma keçərək Ağbulaq, Aranzəmin, Pircamal, Dəhraz, Kətik yüksəkliklərini aldıq. Sağ cinahdan hücum zamanı Qarağacı qəbiristanlığının üstündəki Xramord yüksəkliyi alındı. Oradan Xanabada hücum alınmadı. Çünki, ermənilərin əsas strategiyası Xanabadda qurulmuşdu.Xanabad böyük yüksəklik idi, Ağdamı Xanabaddan daha rahat vurmaq olurdu. Naxçıvanik bir az çökəklikdə, Xanabad yüksəklikdə idi. Xanabadı almaq mümkün olmasa da, Yaqub Rzayevin taboru Xramord yüksəkliyini saxladı.

“Dolu”nun həyatda olmayan, amma,yaşayan Drakonu
Sol tərəfdən hücum peşəkarlıqla edilmişdi və qeyd etdiyim kimi 6 kənd alınmışdı. Amma, ermənilər sonradan o istiqamətə rus əsgərlərini cəmləməyə başladı. Üç istiqamətdən hücuma keçdilər. Naxçıvanikin sağ hissəsində Kilsə adlanan yerdən, Pir yüksəkliyindən və Fərrux dağı istiqamətindən bizi atəşə tutdular. O döyüşlərdə qəhrəman dostumuz Namiq həlak oldu, cənazəsini də gətirmək mümkün olmadı. Bu yaxınlarda dünyasını dəyişən dostumuz Azad da həmin döyüşdə ağır yaralanmışdı. Dostum Qabil də yaralandı.

“Səni özüm öldürəjəm – İmarətdə”

Bu arada söhbəti yönəldirik Aqil Abbasın “Dolu” romanına. Hansı ki, həmin romandakı Drakon obrazı Elməddin Səfərovdu və əsər döyüşçünün döyüş xatirələri əsasında yazılıb.
“Əsərin başlanğıcı mənim haqqımdadır. Mənimlə dostum Qabilin yaşadığı hadisədən bəhs edir. Mənim rəhmətlik Qabillə Ağdamda bir mübahisəm olmuşdu. Sonra elə oldu ki, döyüşdə yan-yana düşdük. Qabil, mən və Elşən bir təpənin üzərinə çıxdıq. Əslində əməliyyat uğurlu alındığı üçün sevinirdik və ruh yüksəkliyi ilə irəli getdik. Bizi üç istiqamətdən atəşə tutdular. Ermənilər yüksəklikdə idi, bizi görürdülər. Çox irəli getdiyimizə görə bizi arxada olan dostlarımız da qoruya bilmirdilər. Məcbur olub, yerdə uzandıq ki, həm atışaq, həm də özümüzü xilas edərək oradan çıxaq. Qabilə demişdim ki, bizim mübahisəmiz Ağdamda qalıb, döyüş vaxtı biz döyüş yoldaşıyıq. Vəssəlam. Yan-yana uzanıb atışırdıq. Birdən Qabilin böyrəyinin üstündən güllə dəydi. Çönüb üzümə baxıb dedi: “qaqa, məni vurdular” və güldü. Mən ona güllə dəydiyini gördüm münki, onun yanında uzanmışdım, ermənilərə tərəf idim.Birinci mən, sonra Qabil, Qabildən sonra da Elşən uzanmışdı. Qabil dedi ki,  “qaqa vallah ölürəm, şəhid olsam, məni bağışla, günah məndədir”. Dedim hara ölürsən, səni mən öldürəjəm – İmarətdə. Təbii ki, mən bunu ona ölməyəcəyinə inandırmaq üçün dedim. Yarasını bağladım. Dedim ki, qorxma, səni buradan çıxaracam, özüm öldürəcəm. Mübahisəmiz var axı! Qabil güldü, əlini boynuma saldı. Orada artıq mən düşünmədim ki, məni də vurarlar, ölərəm. Pulemyotu bir əlimlə atmağa başladım. Allahın köməyi ilə dostum Qabili oradan çıxardım. Xəstəxanaya aparılması üçün Qabili hərbi maşına qoydum. Xəstəxanaya aparan dostumuza dedim ki, Qabilə bir şey olsa, səni öldürərəm. Aqil Abbasla bu barədə danışmışdıq, Novbeti gorusumuzde Aqil müəllim dedi ki, gözəl bir roman baslamısam , “Dolu”. Romanda mənim şərti adımı Drakon, Qabilin adını Pələng qoydu…Mən isə Düsünürəm ki, Aqil müəllim bu romanı bütün Qarabağ döyüşçüləri üçün yazıb əsl döyüşçülər ümün …
Qabil sağaldı. Biz həmin döyüşdə Namiqi itirdik. Döyüşdə 11 erməni qadını əsir götürmüşdük. Onları lazım olan yerə verdik, öldürülmədilər. Bir məqamı da qeyd edim ki, Qarabağda rəhmətlik Milli Qəhrəmanımız Allahverdi Bağırov bu işi həyata keçirib, əsirləri dəyişməklə o məşğul olub. Allahverdi Bağırov 1003 nəfər Xocalı sakinini girovluqdan azad edib.
Biz artıq Ağdamın Muğanlı kəndinin içərisində idik. Güclü yağış yağdı, əməliyyat pozuldu və biz ermənilərdən aldığımız kəndlərdən geri qayıtdıq. Əgər onlar bizə Namiqin cəsədini versəydilər, erməni qadınların hamısı buraxılacaqdı. Bu alınmadı və o erməni qadınları Ağdama gətirildi, saxladılar. Onlar sonra Allahverdi Bağırov tərəfindən bir neçə Xocalı əsirinə dəyişdirildi.

“Cəbhə bölgəsində 200-ə qədər kənd azad olunmuşdu”

Postlarda xırda-xırda döyüşlər davam edirdi. İki-üç gündən bir ermənilər hücum edirdilər. 1992-ci il iyunun 12-də yenə böyük hücum planı hazırlandı. Hücum səhər saat 8-də olmalı idi, günorta saat 16 00-a qədər ləngidi. Saat 16 00-da əməliyyat başladı. Şelli istiqamətindən Qara qaya, Naxçıvanik, Dəhraz, Aranzəmin, Kətik, Pircamal istiqamətinə hücuma keçdik. Sağ cinahdan da Xanabada hücum başlandı. Bu əməliyyat uğurlu olmasa, artıq Ağdam üçün təhlükə yaranırdı. O vaxt Ağdərə istiqamətində də uğurlu əməliyyatlar gedirdi. Könüllülərin sayəsində Ağdərədə 80-ə yaxın kənd, Ağdərə şəhəri ermənilərdən azad edildi. Vəng, Dranbon kimi strateji nöqtələrə, Xankəndinin üstünə gəlib çıxdıq. Qlobus yüksəkliyi də alındı. Ümumilikdə, cəbhə bölgəsində 200-ə qədər kənd azad olundu. İyunun 12-də də uğurlu əməliyyat keçirdik və yuxarıda sadaladığım kəndlər ikinci dəfə alındı. Yeddi Xırman yüksəkliyindən başlayan hücum zamanı da Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Yaqub Rzayevin, Ərşadın, Fred Asifin taborları tərəfindən bir neçə erməni kəndi nəzarətə götürüldü. Bir gündə 11 kənd ermənilərdən təmizləndi. Bu dəfə də Xanabad yüksəkliyini almaq mümkün olmadı. O yüksəklikdə ermənilərlə birlikdə rusların böyük qüvvələri var idi. 23 gün bu kəndlər nəzarətimizdə qaldı. Naxçıvanikin yuxarısında, 1300 metr yüksəklikdə bizim postlar quruldu. Biz sol tərəfdəki bu yüksəkliyi götürməklə sağ tərəfdəki Xanabadla eyni səviyyədə olduq. 23 gün burada ağır döyüşlər getdi. Bizim hərbi hissədən Eldar həkimin oğlu Namiq şəhid oldu. Başından güllə dəydi.  Rəhmətlik Asifin qardaşı Səxavət Məhərrəmovun çənəsinə güllə dəydi, bu gün də çənəsinin sümüyü yoxdur. Rəhmətlik Rövşənə güllə dəydi, yaralandı. 23 gündə bizim hərbi hissədən 83 nəfər həlak oldu, amma biz o nöqtələri əldən vermədik. 23 gündən sonra Bakıdan Milli Ordunun taboru gəldi. Bizim hərbi hissə könüllülərdən ibarət minatəmizləyənlər idi. Bizə dedilər ki, Ağdam taborları mövqelərdən çıxın, mövqeləri Milli Orduya təhvil verin, siz də ehtiyat qüvvə kimi qayıdıb güc toplayın. Biz həm də yorulmuşduq. Hər gün gecə-gündüz o qədər atışma olurdu ki, bəzi uşaqların beyni dözmür, qulaqları partlayırdı. Ermənilər hər dəqiqə o nöqtələrə hücum edib, almaq istəyirdi, çünki, strateji nöqtələri idi.

“Bizə qarşı döyüşdə göstərdiyi məharətinə görə Şuşadan…”

Allahverdi Bağırovun taboru o kəndlərdə böyük qəhrəmanlıq etmişdi. Allahverdi Bağırov iyunun 12-də Naxçıvanikdən qayıdanda sürücüsü və Nizami həkimlə minaya düşərək dünyasını dəyişdi. Şəhid olandan sonra da onun əsgərləri Naxçıvanik, Aranzəmin, Ağbulaq və Kətikdə qəhrəmanlıqla döyüşdülər. Şəhid Sənanın atası Əkbər müəllim bu prosesdə ağsaqqallıq edirdi. O mövqeləri təhvil verdiyimiz Milli Ordunun qüvvələri bizdən çox idi. Bizim olduğumuz yüksəkliyi rəhmətlik Əkrəmin rəhbərliyi ilə 50 nəfərlə saxlayırdıq. Rəhmətlik Nəbi, hazırda Qarabağ qazisi olan Nizami Rəhimov, Kamil Mirzəyev, Azər Sadıxov, Səxavət, Rövşən Uzeyir Azad orada idi. Milli Ordunun 107 nəfərlik qüvvəsinə təhvil verdik. Mehman adlı bir komandirləri gəlmişdi. Şəxsən mən və dostlarım Mehman adlı komandirə yüksəklikləri göstərib, ermənilərin qəbiristanlığın yanından, Kətik tərəfdən gələ biləcəyini söyləmişdik. Çünki, biz olduğumuz dövrdə ermənilər həmin istiqamətlərdən hücum edirdilər. Ancaq səhəri gündən sonra ermənilər hücum edib. Təcrübəsizlikdən o yüksəkliyi verdilər.
1992-ci il iyulun 19-də ermənilər Şelli kəndinə hücum etdilər. 87 və 88-ci postlara hücum oldu. Ermənilərin hücumunu dəf etdik. Səhər onlar Naxçıvanikin üstündəki Qızılcabeldən hücum etdilər. Çünki,  biz əvvəlki döyüşdə orda olmuşduq. Dostumuz Üzeyir ermənilərin oradakı postunu qumbaraatanla vurub dağıtdı, Üç  erməni öldürdü . Biz ora çatanda ermənilərin ikisinin meyitini apardılar, birinin meyiti qaldı. Hələ tam ölməmişdi, can verirdi. Pasportu yanında idi. Səngərdə isə çox şey vardı. Xəritə, birdəfəlik şprislərdə 8 narkotik maddə, xüsusi patron daraqları çıxmışdı. O patron daraqlarına 15 patronu yığıb, birdən avtomatın maqazininə doldurmaq mümkün idi. Yoxsa, biz patronu avtomatın maqazininə tək-tək doldururduq. Pasportda adı yazılmışdı. İndiyə kimi yadımdadır, Poqosyan Sergey Borisoviç idi. 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdu. Pasportunun arasından o vaxt Dağlıq Qarabağın kombriqinin möhürü, imzası ilə Sergey Borisoviçə bizə qarşı döyüşdə göstərdiyi məharətinə görə Şuşadan ev ilə təmin olunması barədə kağız çıxdı.

“Yolda gördüm ki, vəziyyət pisdir, ölürəm”

İyulun 19-da səhər yenidən ermənilər bizə hücum etdilər. Azər, mən, Əliabbas, Elşən, rəhmətlik Vüqar, rəhmətlik Vəli Şellidə postda idik. Ermənilər gecə, iyulun 18-də neytral ərazidə yerləşən taxıl zəmisini yandırdılar. Oradan da bizim postlar görünürdü çünki, biz aşağıda idik. Gecə düşüb taxılın qıraq-bucağını vurduq ki, yanğın bizim posta tərəf gəlməsin, Şellinin taxıl zəmilərinə keçməsin. Gecə çox əziyyət çəkdik. Deməli, məqsədli şəkildə taxılı yandırırdılar ki, işıq olsun, hansı nöqtələri vurmaq lazım olduğunu müəyyənləşdirsinlər. Saat 22 00-dək onlarla atışdıq. O vaxt pulemyot bizim ən yaxşı silahımız idi. Bir neçə ermənini vurduq. Ermənilər hücum əməliyyatını dayandıran kimi bizi minomyotlardan atəşə tutmağa başladılar. Postu dəyişəcəyimiz məqam idi. Ermənilər 120 mm-lik minomyotla atırdılar. Yoldaşlarıma dedim ki, postdan çıxaq. Artıq postu dəyişib, digər uşaqlarımıza təhvil vermişdik. Postdan çıxanda minomyot atəşi altına düşdük. Ayağımdan ağır yaralandım. Artıq biz Şellidə, öz ərazimizdə idik. Göydən minaatan mərmiləri yağırdı. Məni çox çətinliklə çıxardılar, Zülfəlinin maşınına qoydular.Yanımda dostum Azər Sadıxov idi. Azərin də başına güllə dəyib, Qarabağ qazisidir. Yolda gördüm ki, vəziyyət pisdir, ölürəm. Azərə dedim ki, məni şillələ, ayılım. Məni yavaş-yavaş şillələməyə başladı. Dostumdu, bərk vurmaq istəmirdi. Dedim ki, kişi kimi bərk vur, ayılım. Şokdan çıxdım. Hospitala çatdırdılar, uzun müddət müalicə olundum. Artıq hospitalda qala bilmədim, çətinliklə də olsa, ayağa dura bilirdim. Dedim ki, hərbi hissəyə gedim. Yenə postda oturaq yerdə dayana bilərəm. Hərbi hissəyə qayıtdım.
1992-ci il iyun ayının 12-də erməniyə vurduğumuz zərbənin cavabını erməni 1993-cü  il iyunun 12-də verdi. İyunun 12-də ermənilər hücuma başladılar. On bir  kəndimizi aldılar.Abdal-Gülablı, Yeddi Xırman, Papravənd getdi. Niyə bu kəndləri müdafiə etmək mümkün olmadı? Çünki, 1992-ci il dekabrın 31-də müdafiə naziri könüllü dəstələrin ləğvi barədə 205 saylı əmr verdi. Bizi mədəni surətdə uzaqlaşdırdılar. Dedilər ki, hökumətin ordusu var, torpaqları qoruyacaq, könüllülərə ehtiyac yoxdur. Könüllülərdən də ölən ölmüşdü, gedən də getdi…
Muğanlı ilə Muradbəyli arasında Qarqar çayı üzərində körpü vardı. Fred Asifin göstərişi ilə körpünün altında mina qoyulmuşdu ki, ermənilər hücum etsə döyüşü ləngitmək üçün körpü partladılsın. Mən o vaxt yaralı olsam da, körpüyə nəzarət edənlərdən biri idim.1993-cü  il iyun ayının 22-də axşam saat 19 00-da artıq rayona erməni texnikaları girmişdi. Ağdamın müdafiəsi uğrunda könüllülər sona qədər döyüşdülər. Hətta, bizim Muradbəylidəki hərbi hissənin əsgərləri ilə ermənilər bir-birlərinə əl qumbarası davasına çıxmışdılar.Yoxsa ermənilər iyunun 12-də başladığı əməliyyatı 2-3 günə başa çatdıracaqdı. Şuşaya, Kəlbəcərə, Laçına, Füzuliyə, Zəngilana baxın. Bir-iki günə o rayonlar ələ keçirilib. O rayonlarda da müqavimət olub, amma 41 gün döyüş heç bir rayonda olmayıb. Dünya döyüş tarixində heç bir yerdə yüksəklikləri alınan şəhər 41 gün müqavimət göstərə bilməyib. Üç dəfə erməni Şelli kəndinə hücum edib, yarıya qədər alıb, biz onu geri qaytarmışıq. İki dəfə Abdal-Gülablını geri qaytarmışıq. Axırda ermənilər rusların böyük qüvvəsi ilə Ağdamı ala bildilər. Sonra ermənilər internet saytlarında da bunu etiraf etdilər.

“Ermənilərin niyyəti Kür çayına qədər gəlmək idi”

Ruslar olmasa, ermənilər torpaqlarımızı ala bilməzdilər. Tək ruslar deyildi. Ermənilər özləri kadrlar çəkiblər. Ağdərə döyüşlərində Livandan, Fransadan gələn ermənilər döyüşüblər və bu gün Ermənistanın prezidenti olan Serj Sərkisyan birbaşa əməliyyata rəhbərlik edib. Bu gün bir döyüşçü kimi deyirəm ki, o dövrdə döyüşənlər qalibdirlər. Əgər o dövrdə döyüşən insanlar olmasa idi, ermənilərin niyyəti Bakiya qədər gəlmək idi. Əslində biz ermənidən daha çox, peşəkar rus ordusu ilə döyüşmüşük. Biz bunu niyə deməməliyik?! Yoxsa o vaxt Dağlıq Qarabağdakı erməniləri və Ermənistandakı ermənilərin sayını nəzərə alsaq, qadına, uşağa, qocaya bölsək, o dövrdə Azərbaycan rayonlarında qoyulmuş postların da sayını nəzərə alsaq, hər posta yerləşdirməyə 2 adam belə tapmazdılar.
…Hazırda Azərbaycanın ümumi şəhidlərinin 40 faizini Ağdam verib. Ağdamın 6 min nəfərdən çox şəhidi var. Rayon sakinləri arasında Qarabağ qaziləri, 3-4 il müharibədə iştirak edən müharibə veteranları var. Hətta veteran statusu olmayanlar var. Ağdamın 158 min əhalisi olub. Bu əhalinin uşaqlı-böyüklü hamısı Qarabağ müharibəsində əziyyət çəkib. Müharibənin dəhşətini yaşamaq özü bir dəhşətdir. İnsanlar evində ailəsi ilə çörək yeyən zaman “Qrad” mərmisi düşürdü, dinc insanlar həyatlarını itirir, yaralanırdılar. Ağdamda döyüşlərdə şəhid olan sakinlərinin sayı 6 mindən çoxdur. Bura dinc əhalinin evində mərmidən həyatını itirməsi, yaralanması, əlil olması daxil deyil. Onları da bura daxil etsək, Ağdamın 12-13 min sakini həyatını itirib…

“Dolu”nun həyatda olmayan, amma,yaşayan Drakonu
Müsahibimizin nəqli, Aqil Abbasın Ağdam – Qarabağ sevgisi ilə yaranan “Dolu” filminin sonunda komandir işğal altında olan  Qarabağ ərazisinə doğru keçir və bu zaman onun yanında artıq həyatda olmayan cəbhə yoldaşları – Drakon, Pələng və başqaları da görünür. Bu simvolik sonluğa görə biz o tərəfə mütləq gedəcəyik.  Şəhid olan qəhrəmanlarımız yanımızda olmasa da, ruhları bizi müşayiət edəcək. Amma, o torpaqlara təkcə ruhlar qayıtmamalıdı. Nə qədər ki, gec deyil, nə qədər ki, Qarabağ uğrunda döyüşənlər yaşayır qayıtmalıyıq. Başda Elməddin Sərdaroglu olmaqla…

Naibə Qurbanova

 

KarabakhİNFO.com e-jurnalı

11.06.2013 15:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*