Azərbaycanca

“Döşəməyə çırpdıldıqca mismarlar bədənimizi dəlmə-deşik edirdi”

26.02.2013 | 19:03

1361889703_naibyllogo-mansetYazıçı Ənvər Məmmədxanlının Böyük Vətən müharibəsindən bəhs edən “Buz heykəl“ hekayəsində donmuş ana və qucağında salamat qalmış körpəsi barədə yazılanları yazıçı təxəyyülünün məhsulu olduğunu sanırdım.    Ta ki, Qarabağ hadisələri və Xocalı faciəsinə qədər. İndi Xocalıdan və ümumiyyətlə, Qarabağdan olan bir çox insanın çoxlarının bəlkə də inanmayacağı hekayələrin süjet xətti olacaq həyat hekayəsi var. 

Taleyinə “buz heykəl“ faciəsi yazılan yüzlərcə xocalılılar kimi… Necə söyləməli ki, oğulun başı kəsilib, qızın cismi yandırılıb, ananın ağbirçəyi qana bulanıb, bacının namusu ləkələnib! Necə söyləməli bu dəhşətləri? Necə deməli ki, körpə qız uşaqlarının isməti tapdanıb? Bunu hansı ürəklə, hansı vicdanla  söyləməli? İnsan adına sığışmayan bu vəhşiliyi hansı xalq sakitliklə dinləyər, qəbul edər? Şahid xocalıların ağrısını, acısını dinlədikcə insan bir qorxulu həqiqət dumanına bürünür: şahid xocalılar sağ qalıb yaşasa da bu ömür deyil. Şahid xocalıları yaşadan yalnız bir qəribə istəkdi: Bəlkə tapıldı?! Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam – Şuşa, Əsgəran – Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi. Sonralar erməni tərəfi də etiraf edib ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı plasdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran – Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi olub. Xocalıya 3 istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olub. Sonradan aydın olub ki, bu, məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və vəhşicəsinə öldürülüb. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran – Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib. Xocalı dəhşətlərini elə şahidlərin dili ilə çatdırmaq istədik. Bunun üçün əslən Xocalıdan olan Kərimov Əbülfət Rəşid oğlu ilə həmsöhbət olduq. Faciə bütün xocalılılar kimi onun da ailə üzvlərinin sayını azaldıb. Böyük Vətən Müharibəsi əlili olan atası Rəşid kişi ilə olan ayrılığının hər anının 21 ildir ki gözlərinin önündən getmədiyini deyir və hər dəfə hönkürtü ilə yada salır həmin səhnəni.

    “Ayağımızın altında nəsə enib qalxanda bilirdik ki, burada insan donub”

 

  1361890960_naibyllogo1–         Müharibə başlayandan könüllülər batalyonuna üzv olmuşam və Xocalıda gedən döyüşlərdə son ana kimi vuruşmuşam. Bir gündən bir postda qalırdıq. İki nəfərə bir avtomat düşürdü. Bax, biz bu vəziyyətdə qoruyurduq Xocalını. Bizə çörəyi vertolyotla daşıyırdılar. Ümidimizi hər mənada Allaha bağlamışdıq. Vertolyot gəlməsəydi acından öləcəydik. Sonuncu vertolyot gələndə yaralıların bir qismini çıxara bildik. Qadınları, qocaları, uşaqları vaxtında çıxarsaydıq bu qədər itkilərimiz də olmayacaqdı. Şəhəri tərk etmək istəyirdik, görürdük ki, ana-bacı yoxdu, yenidən qayıdırdıq, meşəyə, evlərə onları axtarmağa. Belə olanda da insanları ya əsir götürürdülər, ya da öldürürdülər. Əgər yaşlıları, qadınları vaxtında yola salmış olsaydıq, gözümüz arxada qalmazdı. Onlar hərbi texnikanın gücü ilə şəhərə hücum etdilər. Xocalının mühasirəsi get-gedə daralırdı, bunu özümüz də hiss edirdik. Sonra məcbur olub evlərimizi tərk etməli olduq.     Faciənin dəhşətlərini həm görən, həm də yaşayan Əbülfət Kərimov deyir ki, “Həmin gecə elə bil Allahın da bizə qəzəbi tutmuşdu. Qar elə yağırdı ki, güc-bəla ilə açdığımız cığır arxadan gələn insanlar bizə çatana qədər bağlanırdı. Təpələnmiş qarın üstünə çıxanda ayağımızın altında nəsə enib-qalxırdısa bilirdik ki, burada insan donub. Neçə dəfə oldu ki, əlimlə bu təpələrin üstünü qardan təmizlədim, gördüm uşaq meyitidi donub qalıb. Meşədəki ağacları saymaq mümkün olardı, amma donan uşaqların, qocaların, qadınların meyitləri saya gəlməzdi…”             

 

“…şalını ocaqda isidib ayağına bağlayırdı bir dəqiqə keçməmiş ayağı yenidən donurdu”  

 

–         Atam Böyük Vətən Müharibəsi əlili idi. Ayağı yox idi deyə, mən də onun yerişi ilə yavaş-yavaş gedirdik. Meşənin içində gördük tüstü gəlir, əvvəl elə bildik ermənilərdi. Atama dedim siz gözləyin, mən görüm kimdi. Yaxınlaşıb gördüm bizim kəndin camaatıdı. Atamı da gətirdim onların yanına. Orada qonşumuz Səfəralı kişi, Usub kişinin həyat yoldaşı Növrəstə xala, bir də üç nəvəsi var idi. Sonra Səlti arvad da qızı Şövkət və nəvələri ilə orda idi. Növrəstə xalanın ayağını don vurmuşdu. Şalını ocaqda isidib ayağına bağlayırdı heç bir dəqiqə keçməmiş ayağı yenidən donurdu. Üzü axşama fikirləşdik ki, ocağı meşənin içinə çəkək, hündürdə olanda erməni tez görə bilərdi bizi. Ocağı meşənin içində yandırandan sonra qocaları ora aparmaq istədik. Heç kimin taqəti qalmamışdı. Təsəvvür edin ki, insanlarda bir qarışqanın gücü yox idi artıq. Səfəralı kişini güc-bəla ilə apardıq ocağın yanına. Sonra gəldim Şövkəti aparmağa anası ilə nə qədər əlləşdik bir metr onu irəli apara bilmədik, amma o bizi dərənin dibinə qədər sürüklədi. Sonda məcbur olub onu orada qoyub, uşaqlarla Səlti arvadı ocağın qırağına gətirdik. Ana ürəyi dözmədi, Səlti arvad yenidən qızının yanına qayıtdı, nəvələri də qalmadı, onlar da getdilər. Səhər açılanda gördük hamısı donublar. Səfəralı kişi də yuvarlanıb dərənin dibinə düşmüşdü. Bir az taqəti qalan mən idim. Atam dedi  ki, get bizə kömək gətir, həm də heç olmasa sən canını qurtar buradan.  Çox təkid etdi ki, nə qədər canın salamatdı get. Gördüm ki, gözləməklə bir şey çıxmaz getmək qərarına gəldim. Sən demə atam bilirmiş ki, artıq sonudur, donur. Ona görə mənə deyirmiş get, kömək gətir. Sonuncu dəfə ona baxmaq istədim qoymadı, üzünü çevirdi. İndiyədək atamın o baxışları ürəyimdə dağdı. Meşənin içi ilə hara getdiymi özüm də bilmirdim, başım ağaca dəyəndə ayılırdım.  

 

             “…səhər açılanda görürdük ki, kiminsə gözü, qulağı yoxdu”  

 

1361891019_naibyllogo–         Dəhrəz kəndinin yaxınlığında ermənilərin əlinə keçdim. 19 nəfərlə birlikdə bizi Xankəndinə gətirdilər. Orada Şəhər Polis İdarəsinin təzə tikilmiş təcridxanası var idi bizi orada saxlayırdılar. Ən çox Qaradağlıdan olan əsirlər var idi orada, hansı ki, onları bizdən əvvəl gətirmişdilər ora. İki sutkaya bir qurtum su, 3-4 gündən bir də bir tikə çörək verirdilər. Hər gün də döyürdülər, işgəncə verirdilər, səhər açılanda görürdük ki, kiminsə gözü, qulağı yoxdu. Döyülməkdən tikə-parça olmuşduq. İki nəfər olmaqla biri başımızdan tuturdu, biri də ayağımızdan, sonra göyə qaldırıb döşəməyə çırpırdılar. Təsəvvür edin, əsirləri o qədər döşəməyə çırpmışdılar ki, artıq taxtaların mismarları çıxmışdı, yerə vurulduqca mismarlar da bir yandan bədənimiz dəlmə-deşik edirdi. Qızıl Xaç Komitəsindən gələnlər olanda da deyirdilər ki, onlara deyin özümüz bir-birimizlə dalaşmışıq. Paltarın üstündən necə gəldi, hara gəldi bədənimizə iynə vururdular. Bilmirdik nə iynələridi. Öz dillərində danışırdılar, sonra da gülə-gülə iynəni bədənimizə yeridirdilər. Mənə 7-8 iynə vurublar. Aradabir biz də anlayaq deyə, rus dilində də sözlər deyirdilər. Mənə iynə vurandan sonra gülə-gülə dedi ki, bu xoşbəxtlik iynəsidi, səni xoşbəxt edəcək.Sonda əsirlikdə iki nəfər qalmışdıq. Ölən öldü, qalanları da ya başqa yerə aparırdılar, ya da dəyişirdilər. Məni Allahverdi Bağırovun köməkliyi ilə bir qadınla dəyişdirdilər. Başımıza elə oyunlar açıblar ki, bu gündən sabaha etibarım yoxdu. Verilən işgəncələrin təsirindən bu günə düşmüşəm (sındırılmış barmaqlarını göstərir – N.Q.). Nə iynələri vurublarsa nevroz olmuşam. Ötən 21 il ərzində inanmıram ki, hansısa xocalı sakini ürəkdən sevinib, ya da gülüb. O halda təsəlli taparıq ki, heç olmasa günahsız körpələrin qanı yerdə qalmasın. Və bir də yenidən Xocalıya qayıtsaq üzümüz gülər.    

 

Naibə Qurbanova

“KarabakhİNFO.com “

26.02.2013 19:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*