Azərbaycanca

Döyüş xatirələri silsiləsindən…

21.05.2013 | 14:26

SONY DSCƏli Əliyev“Qarabağın işğalı güclü təbliğ olunmur”

Müsahibmiz Əli Əliyev Laçını ən son tərk edənlərdəndir. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Ə.Əliyev ötən il çap olunan “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabında Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açıb. Müəllif öz kitabını oxuculara belə təqdim edib: 

 “Əziz oxucu! “54 gün erməni mühasirəsində” kitabında əks olunanlar mənim, ailəmin, əlli dörd gün erməni mühasirəsində qalan on doqquz nəfərin, doğma evindən, torpağından didərgin salınan yüz minlərlə azərbaycanlının başına gələn faciələrin xırda bir hissəsidir. Bu həm də tarixdir, hər bir azərbaycanlının tarixi. Tarix boyu ermənilər azərbaycanlıların başına dəfələrlə belə faciələr gətiriblər. Vətənimiz parçalanıb, millətimiz soyqırımılara məruz qalıb, qədim yaşayış yerlərimiz, mahallarımız, kəndlərimiz dağıdılıb, xarabalığa çevrilib. Təəssüflər olsun ki, bu faciələri unutmuşuq, gələcək nəsillərə çatdırmamışıq. Elə unutqanlığın nəticəsidir ki, ermənilər yalnız XX əsrdə dəfələrlə Azərbaycanın tarixi torpaqlarını işğal ediblər, özlərinə bizim torpaqlarda dövlət qurublar, xalqımızı soyqırımına məruz qoyublar. Bu kitabın məqsədi erməni işğalını, vəhşiliyini real tarixi faktlarla indiki və gələcək nəsillərə çatdırmaqdır. Bizim bunları unutmağa haqqımız yoxdur!”

Qeyd edək ki, Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Sonrakı illərdə Bakıda orta məktəbdə dərs deyib. Xatırladaq ki, Ə.Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.

      Laçında ermənilərin məskunlaşdırılması, Laçının erməniləşdirilməsi sizi narahat etməyə bilməz…


–      Əlbəttə, bu çox ağırdır. Laçın Azərbaycan türklərinin qədim torpağıdır. Ermənilər Qafqaza Dəclə və Fərat çaylarının arasından köçüb gəliblər. XIX əsrdə köç davam edib. Ermənilər burada Azərbaycanı istəməyən böyük dövlətlərin himayədarlığı ilə məskunlaşıblar. Türklərin adət-ənənələrini, əxlaqını, musiqisini mənimsəyiblər. Azərbaycanı özünə tabe etdirmək istəyən böyük dövlətlər bizi hər zaman öz soy-kökümüzdən ayırmağa çalışıblar və təəssüflər olsun ki, buna nail olublar. Ermənilər bizə “türk” deyirdilər. Biz bunu qəbul etmirdik. Bunların hamısı əsrlərlə aparılan təbliğatın, bizi öz kökümüzdən uzaqlaşdırmaq siyasətinin nəticəsi idi. 1937-ci ildə kim özünü türk hesab edirdisə, hamısını güllələdilər. Məni ağrıdan ermənilərə bilərəkdən, ağıllı sürətdə xidmət edən azərbaycanlıların düşüncəsiz hərəkətləridir. Laçın Azərbaycanın bir parçasıdı, Azərbaycan türklərinin torpağıdır. Ermənilər Laçını nə qədər erməniləşdirsələr də bir gün haqq qalib gələcək. Allahdan arzum odur ki, həmin günü görüm. Bizim Oğuldərə kəndi yaxınlığında üzü qibləyə qəbirlər vardı. Həmin qəbirlər o qədər qədim idi ki, torpağa qarışmışdı. Onlar hamısı türk qəbirləri idi. Laçın hər zaman türklərin yaşayış yeri olub, bundan sonra da belə olacaq. İndiki hal müvəqqətidir.

Döyüş xatirələri silsiləsindən...
–      Hiss edirsinizmi ki, artıq işğal olunan rayonların işğal gününü qeyd etməyə vərdiş edirik?


–      Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə dair iş, təbliğat hər yerdə və hər zaman aparılmalıdır. Evdə ata-ana, nənə-baba, bağçada, məktəbdə müəllimlər hər bir körpəyə, yeni danışan uşaqlara Qarabağın işğala məruz qalmasını və mütləq azad edilməli olduğunu təbliğ etməlidirlər. Bizdə isə belə güclü təbliğat yoxdur. Bəzən Qarabağdan danışanda kimlərsə buna etiraz edir, deyirlər ki, “bu siyasətçilərin işdir, bununla məşğul olan komissiyalar var, bu onların işidir, biz danışmayaq”.
İşğal günləri işğala məruz qalan rayonların sakinləri tərəfindən qeyd olunur. Sanki işğala məruz qalan rayon yalnız onun sakinlərinə məxsusdur. Amma bu doğru deyil. Belə tədbirlərdə Azərbaycanın hər bir vətəndaşı iştirak etməlidir. Ən azı işğal altında olan rayonların sakinləri digər belə günlərdə bir yerdə olmalıdırlar. İşğal günləri rəsmiyyət xatirinə, xala-xətrin qalmasın qeyd olunur. Belə olmamalıdır. Biz belə acı günləri unutmamalıyıq.

–      Doğma torpaqlarınıza qayıtmaq ümidi ölməyib ki?


–      Laçına, doğma Oğuldərəyə qayıtmaq ümidi ölməyib, ölə də bilməz. Həmin günü ümid mənimlə son mənzilə gedəcək. Uca dağlar qoynunda yerləşən o doğma və gözəl yerləri, insanların yolunu gözləyən sahibsiz qəbirləri, soyuq bulaqları, yaşıl meşələri, 5-6 otaqlı ev-eşiyi unutmaq olarmı?! Unutmaq olmaz!

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

 

21.05.2013 14:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*