Azərbaycanca

“Dünən Ali Kemal, bu gün Hasan Cemal”

30.11.2012 | 12:04
1354520882_hasan-cemalErməni terrorçu tərəfindən öldürülmüş Cemal paşanın   nəvəsinin  erməni sevgisi…Hasan Cemal kimin üçün nə ifadə etməsindən asılı olmayaraq mənim üçün yalnızca bir jurnalistdir, həmkarımdır. Türkiyədə tanınan birisidir, ünlü bir qəzeteçi olaraq yazıları da diqqətə alınır.  Qardaş ölkənin jurnalist cameasında sayqı ve hörmətə layiq birisidirmi? Deyə bilmərəm. Amma Ermənistanda  indi onu çox sevirlər. Sabah oraya getsə qabağında ən azından qoyun kəsərlər. Ermənilər onların sözünü deyənləri çox mükafatlar vermişlər. Bunlar bilinən gerçəklərdir. Ermənistan mətbuatında oxumuşdum ki, jurnalistlərdən biri Taner Akşam adında bir türk tarixçisinin barelyefinin  EA-nın Tarix İnstitutunun qarşısına vurmağı təklif edib. Niyə də vurmasınlar. Bu adam bütün Ermənistan və onun diasporasından daha çox iş görür.  Bütün türklər düşmən hesab olunan bu ölkədə  Hasan bəyə də  olan eyni sevginin səbəblərini buraxıram onun öz öhdəsinə… Öncə bu  Hasan Cemalın kim olduğu barədə bilgi vermək istərdim.  İlkin olaraq deyim ki, o, İttihad və Tərəqqi liderlərindən olan Cemal paşanın dos-doğma nəvəsidir. Cemal paşa isə 1922-ci ilin 21 iyulunda Tiflisdə ermənilər tərəfindən öldürülüb… Həmkarımız  Hasan Cemalın yeni bir kitabı çıxıb. Yaxşı da satılır . “1915: Erməni soyqırımı”. Kayseridəki bir kitab mağazasında  bu kitabı görüb əlimə alanda satıcının mənə diqqətlə baxdığının fərqindəydim. Vərəqlədim, ilk səhifəsində onun adi şəkli verilib, bu adi şəkil deyil,  Ermənistandakı Sərdarabadda (indi Tzidzernaqaberd) ermənilərin uydurma “ Erməni Soyqırım” abidəsinə üç qərənfil qoyması həkk olunub. Almadım kitabı . Bəlkə də cüzi də olsa bu adama gəlir verməmək üçün.. Satıcılar belə anlarda adətən narazılıqlarını bildirməsələr də səndən məmnun da qalmırlar . Amma gənc satıcı bu kitabı bir əski parçası kimi rəflərin üstünə atmağımı çox bəyənmişdi. Və məndən bir çay içməyimi rıca etdi. Oturdum. -Bilirsinizmi kimdir o? – deyə soruşdu məndən. -Yaxşı bilirəm. Cemal paşanın torunudur – dedim və 2012-ci ilin mayında Ərzuruma “Erməni Türk ilişkiləri və Böyük Güclər “ adlı simpoziumda iştirak etməyə gedərkən  Cemal paşanın  bu şəhərdki  məzarını ziyarət etdyimi də söylədim. Kitab satıcısının marağını nəzərə alaraq həmin tarixlərdə baş verən olaylarla bağlı bildiklərimi  qısaca anlatmağa çalışdım.  Satıcı gəncdə olsa bilgili adamdı. Dinlədi məni. …Bu kitabı yazan  Hasan Cemalın babası Cemal Paşanı Tiflisdə  bir erməni terrorist öldürülmüşdü.  Bundan bir il öncə digər bir lider Tələt paşa  Berlində öldürülmüşdü. İttihat və Tərəqqinin digər bir öndəri, Osmanlı dövlətinin müdafiə naziri Ənvər paşa da erməni gülləsinə tuş gəlmişdi. 1908 – 1918 dönemində İttihat ve Tərəqqi  Partiyasının  önderlərindən olan Camal paşa da son dərəcə çətin zamanlarda ermənilər üçün əlindən gələn hər şeyi etmişdi. Amma buna baxmayaraq onu öldürdülər,  onun öldürülmə səbəbləri çox da ola bilərdi, amma hamı bilirdi ki, o türk olduğuna görə sui-qəsdə uğramışdı. Bəli, Tiflisdə, 21 iyul 1922-ci ildə, saat 22.30 radələrində  paşanın yavəri Nusrət və Sürəyya bəylərlə ziyarətlərdən birindən qaldıqları otelə dönərkən, Böyük Pyotr küçəsi  ilə rus gizli polisi ÇEKA-nın binasının olduğu Yukovski küçəsinin küncündə, bir avtomobildən çıxan təxminən on nəfərlik silahlı qrupun hücumuna uğramışdı Cemal paşa. Əvvəl silah səsi eşidilmiş, hadisəyə müdaxilə etməyə çalışan erməni Garegin Dilanyan adlı bir cangüdən vurulmuşdu. İkinci silah səsində adı  bilinməyən bir qadın  qışqıraraq yerə yıxılmışdı. Ardından yaylım atəşini xatırladan partlayışlar başlamışdı. Gənc yavər Süreyya bəy, paşanı qorumaq istəmiş, lakin  vurularaq yerə serilmişti. Ardından Camal Paşa və Nusrət bəy vurulmuşdular.  Boynuna və belinə üç güllə dəyən Camal Paşa ilə beş güllə yeyən Nusrət bəy dərhal ölmüş, bir güllə dəyən Süreyya bəy isə xəstəxanada həyata vida etmişdi. O gecə, atəş açanlardan kimsə həbs edilməmişdi. Ertəsi gün Daşnak fədailərindən  Qaregin Lalayan və Serqo Vartanyan adlı iki erməni zabit həbs olunmuşdu.  Əlbəttə, onlar da bu basqında iştirak etmişdilər, amma əsas tapşırıq  Artaşes Gevorqyana ( kod adı Dzağiqyan)  verilmişdi və o da bunu sona çatdırmışdı. Ermənilərin özləri sonralar bu terroristi tərifləyərkən bu cinayəti törətdiyini etiraf etmişdilər. Türk öldürən hər kəs, erməni ideoloq  Njdenin dediyi kimi, xalqın qəhrəmanıdır və bu “qəhrəmanlığı” da ermənilər təbii ki, gizli saxlamamışdılar.  Həmin gün, Camal Paşa və yavərlərinin cənazələri üçün Tiflisdəki Şah Abbas məscidində xalqın, xarici nümayəndələrin və Qızıl  Ordu birliklərinin də qatıldığı görkəmli bir cənazə mərasimi  keçirimişdi və TBMM-nin, Mustafa Kemal Atatürkün izni ilə, Kazım Qarabəkir paşanın təşkilatçılığı ilə Ərzuruma gətirilib dəfn edilmişdi. Düz 90 il sonra mən dostum Ərzurum Atatürk Universitetinin Erməni–Türk İlişkiləri Mərkəzi başkanı prof. Erol Kürkçüoğlunun sayəsində  bu qəbri ziyarət edə bilmişdim. Mən burada tarix açmaq istəmirəm və yalnız bunu oxucuların nəzərinə çatdırmaq istərdim ki,  belə bir babanın nəvəsi  Cemal paşa ilə ən azından fəxr etməli idi. Hələ mən onu öldürənlərdən qisas almağı demirəm. Amma baxın bu Hasan Cemal nə edir? 2008-ci ildə  ilk dəfə gedir İrəvana,  “  Erməni soyqırımı” abidəsinə çiçək qoyur, burada şəkil çəkdirir və babasını öldürən Artaşes Gevoqyanın nəvəsi…  Armen  ilə görüşərək ondan üzr istəyir… Mən  Ermənistanın “Şant” TV-nin yorumçusu  Artyom Yerkanyanın  Hasan Cemalın bu abidəyə çiçək qoymasından və terroristin nəvəsi ilə buluşmasından  bəhs edən “Nəvələrin cavabları” adlı  bəlgəsəlinə- sənədli filminə erməni dilində baxıb dinləmişəm və bu filmin nə dərəcədə türkləri aşağıladığını bir yazımda da  vaxtilə göstərmişəm. Bu bəlgəsəldə Yerkanyan iki tərəfdən, türk və erməni tərəflərindən  bəhs edir, müqayisələr aparır, nəticələr çixarır. Biri mədəniyyəti yüksək Ermənilərdi, digəri isə barbar bir toplum- Türklər.  Yerkanyanın filmin sonundakı qənaətinə baxın:  “Soyqırımın qəbul edilməsi ilə əlaqədar  səni anlayan adamlarla iş görmək çətinlik törətməz.  Hətta Türkiyədə belə insanlar vardır”. Demək ermənilərə bu adamlar (bəlkə də ən səmimi insanlar) ona görə lazımdırlar ki, bir erməni yalanını işə keçirmək üçün onların fikrinə əsaslansınlar. Bu mənada  Hasan Cemal və onun kimi onlarca türkün erməninin əlində bir alət olduğunu  söyləməkdən çəkinməzdim.  Baxın filmin fabulasına: Bir tərəfdə xalqının qisasını almış terroristin məğrur nəvəsinin dik duruşu var və bu nəvə açıq-açıq bəyan edir ki, bu gün o da babası kimi millət tələb edərsə “uf demədən babasının hərəkətlərini” təkrar edər… Digər tərəfdə- Hasan Cemaldı, babasının etdiyi “günaha görə” gəlib  dılğır bir erməninin qabağında yalvaran bir zavallı və bütün ermənilərdən   üzr istəyən suçlu görkəmində. Bunu qəbul etmək mümkündürmü? Zavallı duruma Hasan Cemalı  kim salmışdır? Əlbəttə özü. Bəlkə sız-sıx dilə gətirdiyi Hrant Dink sevgisi? ( yeri gəlmişkən kitabı da babasının xatirəsinə deyil, Hrant için yazmışdır!) Və bu durumdan artıq onun çıxış yolu yoxdur. Budur onun kitabı bu durumun davamıdır,  əslində məcburiyyətdir. Və erməni təbliğat maşını bu durumdan ideoloji savaşda türkləri əməlli- başlı üstələmişdir. Hasan Cemal ermənilər üçün göydən düşmə bir şey olmuşdur. Bu film də, kitab da dostluq, barış- filan aşılamır.  Bu film  Hasan Cemalın, Ahmet Altanın, Ali Bayramoğlunun  və başqalarının  ermənilərdən “üzr diləmək” kimi mənasız düşüncəni ortaya atanların şəxsində türkləri aşağılayır. Bütün bunlara rəğmən Hasan Cemal   ermənilərə soyqırım yapılmadığını bilə- bilə “Hrant Dinkin eşqinə”belə  deyir:  “Həm insan, həm dövlət olarak  son nəticədə ermənilərin 24  aprel acısını paylaşmalıyız.” “1915: Erməni soyqırımı” kitabında da bu fikir davam etdirilir. Elə bilirsiniz bu ifadəyə görə ermənilər Hasan Cemala “sağol” deyirlər və gələcəkdə onu bu fikrinə görə başa keçirəcəklər? Heykəlini qoyacaqlar? Kəsinliklə. Hasan bəy onların gözündə yalnız və yalnız aldadılıb yolundan saptırılmış və  “Erməni Soyqırımı” abidəsinə üç qərənfil qoydurulmuş, buradakı muzeyə “etiraflarda” bulunmuş və nəhayət belə bir  kitab yazdırılmış  bir türkdür. İstənilən an  ona da  babasının yaşadıqlarını yaşada bilərlər…Hasan Cemal kimlər erməniləri yaxşı tanımır. Və ümumən Türkiyədə ermənini tanımaq problemi var  Cemal paşanın qanı isə… hələ də yerdədir. O zaman bu cinayətlə bağlı tutulan erməni zabitlər yetərli dəllillər olmadığına görə azad edilmişdilər. Əsas terrorçunun isə adı belə keçməmişdi. Hələ də bu cinayət açılmamış sayılır. Hasan Cemal İrəvana getmişkən bunları araşdırmağa başlasaydı və heç olmasa buna təşəbbüs göstərsəydi, ən sayqıdəyər adam olardı. Amma o təəssüf ki, başqa yolla getdi. Bu yol isə sanmıram ki, onun  özünün cızdığı yoldur, inanmıram ki,  bu yola özü baş vurmuşdur və öz istəyi ilə İrəvana getmişdir,  inanmıram ki, o öz istəyi ilə belə bir kitab  yazır və ermənilərə soyqırım edildiyini iddia edir. Eləcə də Memmedəli Birand. Birdən- birə  terroristbaşi Öcalanla bağlı yazı yazır və deyir ki, Öcalan ev dustaqlığına buraxılmalı və Məclisə girməlidir. Məgər sayın Birand bilmir ki, Öcalanin əli 30 min insanın qanına bulaşıb və hələ də bu qanlar axıdılmaqdadır. Məgər Cemal paşanın torunu Hasan Cemal bilmir ki, “erməni soyqırımı” deyilən məsələ bir iftiradır?  Çox yaxşı bilir. Əslində  elə türk soyqırımı olmuşdur Keçən əsrin əvvəllərində onun qəzetəçi sələfi  Ali Kemal da bilirdi və “Qərb uşaqlığı “ yaparaq öz millətini suçlayırdı.  Belə şeylər iyaddan çıxmır. Onu görə insanlar vaxtilə İstanbul küçələrinə bu şüarla çıxmışdılar: Dünən Ali Kemal, bu gün Hasan Cemal!  O zamanlar Hasan bəy çangüdənlə gəzirdi. Ali Kemal kimilərin ucbatından nə qədər günahsız insanlar o zaman  dar ağacına götürüldü.  Hasan Cemalın bu kitabı da elə odur. Türk toplumunu , millətini qatil kimi dar ağacına götürməyə çalışmaq.  Mən bunun adını başqa bir şey qoya bilmədim.   Qafar Çaxmaqlı “KarabakhİNFO.com”
30.11.2012 12:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*