Azərbaycanca

Dünya ictimaiyyəti erməni vandalizminin şahidi olacaq

08.11.2012 | 18:03

1352383618_sekil-1-2Dünya ictimaiyyəti erməni vandalizminin şahidi olacaq

Şəmistan Əlizamanlı: “İndiki gənclər Mübariz İbrahimovun timsalında olmalıdır” 

Qarabağ müharibəsinin qanlı-qadalı vaxtlarında onun səsi bir çox evlərə, ailələrə ümid dolu müjdə bəxş edirdı. Hami səbirsizliklə Şəmistan Əlizamanlının cəbhə xəbərlərini gözləyirdi. Xəbərin sonunda onun “Qələbə müjdəli sabahlaradək” deyimi o zaman kiçikdən böyüyə hamının dilinin əzbəri olmuşdu. Təəssüf ki, müharibə bizim üçün qələbə müjdəsi ilə bitmədi. Amma Şəmistan Əlizamanlı bir çoxumuzun xatirində elə qələbə carçısı kimi qaldı. Qələbə ruhlu nəğmələri, vətənpərvərliyə çağırış dolu mahnıları onu hamının sevimlisi etdi. Redaksiyamızda qonaq olan Ş.Əlizamanlı ilə o günlərə qayıdacaq, ifası ilə möhürünü vurduğu nəğmələrdən danışacağıq.

Qeyd edək ki, söhbətə “skype” və internet vasitəsilə oxucular da qatılaraq suallarını səsləndiriblər.

-Təhsiliniz, diktorluğa necə gəlməyiniz haqda bizə məlumat verərdiniz.

– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirmişəm. Hələ tələbə vaxtlarımdan müəllimlərim deyirdi ki, yaxşı səsin var səndən yaxşı diktor, aparıcı olar. III kursda oxuyanda məni radio tamaşalara dəvət etdilər. Tamaşaları məşhur aktyorlarla birgə ifa edirdim. Əsasən baş rolları ifa edirdim. Sonra evə gəlib səsimə qulaq asırdım, görürdüm doğrudan səsim əzəmətli səslənir. Mikrafona bax, belə vuruldum. Sonra universiteti bitirdim diktorluq müsabiqəsinə getdim I yer tutdum və dövlət radiosunda işləməyə başladım. 3 aydan sonra SSRİ Dövlət Teleradio şirkətində təhsilimi davam etdirmək üçün məni Moskvaya göndərdilər. Oranı da fərqlənmə ilə bitirərək SSRİ-də birinci yer tutdum. Sonra qayıtdım yenə işimə. 1992-ci lldə Müdafiə Nazirliyindən gəlib gedirdilər. Elə bir səs axtarırdılar ki, o səs xalqı səfərbəyliyə səsləyə bilsin. Beləcə məni məsləhət gördülər və efirə çıxmağımı istəyirdilər. İlk dəfə 1992-ci il iyulun 7-i hərbi formada efirə çıxmışam. Sonra mən həm Dövlət Televiziyasının, həm də Müdafiə Nazirliyinin işçisi kimi ştata götürüldüm və mənə leytenant rütbəsi verildi.

Dünya ictimaiyyəti erməni vandalizminin şahidi olacaq– Mahnı yaradıcılığınız nə vaxtdan başladı və niyə məhz hərbi mahnılar oxudunuz?

– 1992-ci il sentyabrın sonunda Ağdərədə ezamiyyətdəydim. Təkidlə döyüşə atılmaq istəsəm də, komandir buraxmırdı. Məni fikrimdən yayındıra bilməyən komandir sonda mənə 2 qoruma (əsgər) ayırdı. Adları da yadımdadı: Pünhan və Etibar. Çıldıran əməliyyatında biz də iştirak etdik mühasirəyə düşdük. Bizi güllə yağışına tutdular bizimlə gedən o əsgərlərdən biri şəhid oldu, biri yaralandı. Sonra tanklar gəlib bizi xilas etdi, mühasirədən çıxardılar. Məndə bunların kadrları var. İlk dəfə o zaman döyüşə girmişdim. Sonra komandir narahat olmuşdu və demişdi ki,  Şəmistan döyüşdən çıxsın. Məni və operator Seyidağa Mövsümovu briqada komandirinin arxa cəbhə üzrə müavini Yusif Mirzəyevin yanına göndərdilər ki, bizə hərbi geyim versinlər. İlk dəfə onda Yusif Mirzəyevlə qarşılaşdım. Əslən naxçıvanlı idi, könüllü döyüşə getmişdi. Söhbət Milli qəhrəman Yusif Mirzəyevdən gedir. Onunla sonradan sıx dostluq etdik. Böyrəkləri xəstə idi, Qədirli adına  xəstəxanaya yerləşdirdilər. Mən də ona tez-tez baş çəkirdim. Çıldıran əməliyyatında əsəb gərginliyi keçirmişdim ürəyim ağrıyırdı, elə oldu ki, mən də Yusiflə eyni palatada müalicə olunmağa başladıq. Həmin xəstəxananın həkimi Şahin Musaoğlu bizə tez –tez baş çəkirdi. Bir dəfə də utana-utana dedi ki, bir mahnı yazmışam istəyirəm qulaq asasınız. O vaxta kimi hələ mahnı oxumamışdım. “İgid əsgər, möhkəm dayan” mahnısı idi bu. Mən əvvəl bu mahnını bəyənmədim. Amma Yusif bəyənmişdi, öz aralarında tez-tez oxuyurdular. Yusif Mirzəyev sağlığında Milli Qəhrəman adına təqdim olunmuşdu. Bir sutka ərzində 14 nəfərlə Ağdərədə erməninin qarşısında dayanmışdı, Ağdərəni qorumuşdu. Gördüm onun çox xoşuna gəlir bu mahnı. Qərara aldım ki, bu mahnını oxuyacam və Yusifə həsr edəcəyik. Tez-tez soruşurdu mahnını mən də deyirdim, yazacağıq. Amma ehtiyat edirdim ki, alınmaz. Sonra mənə dedi ki, tabeçiliymdə olan əsgərlərə bu mahnını əzbərlətmişəm. Gündə 2 dəfə hərbi keçid zamanı bu mahnını əsgərlərə oxudurmuş. Bu məni həvəsləndirdi. Onunla son görüşümüzdə yenə mahnını soruşdu. Mən də mahnının mətni yazılmış vərəqi ona göstərdim. “Dostum, qardaşım Yusif Mirzəyevə həsr olunur” yazılmışdı. Bu görüşümüzdən bir neçə gün sonra şəhid oldu. Bu mənim üçün böyük sarsıntı oldu. Mən və Seyidağa Mövsümov onun haqqında “Vətən sənə oğul dedi” adlı 30 dəqiqəlik film hazırladıq. Sonra dostlar dedi ki, Yusifə söz vermisən, o mahnını bəlkə oxuyasan. Mən yenə ehtiyat etdim, dedilər alınmaz öz aramızda qulaq asarıq, Yusifi xatırlayarıq. Razılaşdım. O vaxt Azərbaycan Dövlət  Teleradio şirkətinin rəhbəri Məmməd İsmayıl idi. Ona təklifimizi dedik, o da bu məsələ ilə maraqlandı və televiziyanın musiqi redaksiyasının baş redaktoru bəstəkar Adil Bəbirovu məlumatlandırdı. Mahnını o da bəyəndi və getdik səsyazma studiyasına. Gitara ilə məşq edərkən qərara gəldim ki, arada fit səsi də olsun. Beləliklə, ilk mahnını oxudum və hamı bəyəndi. Bununla da Yusif haqqında olan “Vətən sənə oğul dedi” verlişinin sonunda bu mahnı getdi. Ondan sonra mənə davam et dedilər. “Çağırır Vətən”, “Cənab leytenant”, “Şahinlər”, “Birinci batalyon”, “Qalx Azərbaycan”, “Ağ ümid”, “Vətən əmanəti” ilə davam etdik. O dövrdə Cavanşir Quliyevin “Azərbaycan əsgəri” mahnısından başqa, bu ruhda mahnılar demək olar ki, yox idi. Bu yenilik sayıla bilərdi.

– “Cənab leytenant” mahnısı yaradıcılığınızın zirvəsi hesab olunur. Bəs bu mahnı necə yaranıb?

– Manhı 1994-cü ildə yazılıb, müəllifi Şahin Musaoğludur. O, mahnı mənim üçün nəzərdə tutulmuşdu. Məni dövlət tədbirinə dəvət etmişdilər. Həmin tədbirdə Dövlət Xor Kopellası da iştirak edirdi. Xor üzvlərindən olan Nəsibə Bədəlbəyli adlı bir xanım mənə yaxınlaşdı və yaradıcılığımı izlədiyini dedi. Beləliklə, də həmin xanımla “Cənab leytenant” mahnısını duet şəklində oxumalı olduq. O vaxt mahnının bu qədər seviləcəyini təsəvvür etmirdim. Sonradan gördüm tədbirlərdə, konsertlərdə ancaq bu mahnını istəyirlər. Nikbin, amma lirik mahnıdı. Hətta bu mahnıya görə neçə-neçə gənc leytenant olmaq üçün hərbi məktəblərə gediblər. Bu hal əlbəttə məni sevindirirdi. Düşünürəm ki, ürəklə, qəlbən oxumaqda yalnız səs öz rolunu oynamır, gərək həm də vətənpərvər olasan. Ümümiyyətlə, xalqımız vətənvər xalqdı. Vətənpərvərlik gərək insanın qanında olsun. Müharibənin şiddətli vaxtlarında camaatda çox güclü ruh yüksəkliyi vardı, yaş fərqi yox idi hamı könüllü olaraq cəbhəyə gedirdi. O vaxt şəhid olmaq başqa qəhrəmanlıq idi. Mən də düşünürdüm ki, şəhid olum, çox istəyirdim bunu. Sadəcə, o dövrdə səriştəsizlik üzündən erməni işğalı ilə üz-üzə qaldıq. Say-seçmə oğullarımız şəhid oldu. Hər kəs əlindən gələni edirdi ki, biz qələbə çalaq, təəssüf ki, alınmadı.

Dünya ictimaiyyəti erməni vandalizminin şahidi olacaq– Sizcə, biz müharibəyə hazırıqmı və ehtiyatda olan hərbçilərə yenidən təlimlər keçirilməlidirmi?

– Bu əslində əla bir ideyadı və bunu televiziyalara ötürmək lazımdır ki, müzakirə olunsun.

– Döyüşlərdə olduğunuz vaxtlarda yaddaqalan hadisələr olubmu?

– O qədər hadisələr olub ki. Ağdamın işğalından bir neçə gün əvvəl səngərləri gəzirdik. Ağdam artıq işğal olunmuşdu, biz geri qayıdırdıq səngərləri gəzib gəlirdik. Vertoloyotla Bakıya qayıdanda gördüm, bir əsgər gətirirlər soruşdum ki, indi döyüşlər getmir bu əsgər necə yaralanıb. Dedilər ki, səngərdə eşidib ki, siz qonşu səngərdə görüşdəsiniz bu da ayağının altına daşları yığaraq üstünə çıxıb ki, sizi görsün, o zaman daşlar ayağından qaçıb diz qapağı sınıb. Bunu eşidəndə pis olmuşdum.

 

 

-İlham Məhərrəmov (keçmiş döyüşçü): Şəmistan müəllim, hələ neçə il “Cənab Leytenant” mahnısın Qarabağsız oxuyacaqsınız?

– İndi o məndən asılı deyil axı. Hər kəs öz imkanları daxilində nəsə edir, mənim də əlimdən bu gəlir. Vətənpərvərlik ruhunda mahnılar ifa etməklə insanlarda da bu hissi aşılamaq mümkündür. Mən bunu bir çox mahnıları ifa edəndən sonra görmüşəm. Hazırda da yeni mahnılar üzərində işləyirik. Film çəkilişləri ilə məşğuluq. Təşəbbüskarı Xocavəndin icra başçısı Eyvaz Hüseynov, ssenari müəllifi isə Bəxtiyar Qaracaya aid olan Qarabağ haqqında bir film çəkirik. Çəkilişlər İsmayıllıda, Xocavəndin Nərgiztəpə deyilən bir ərazisi var orada oldu. Filmdə xalq artisti Mənsum İbrahimov, Türkiyədən dəvət olunmuş müğənni Əhməd Şəfəq çəkilib. Bundan başqa, “Vətən əmanəti”, “Bil oğlum” adlı iki mahnıya klip çəkdirmişik. Çəkilişlər çox maraqlı və maarifləndirici idi. Şagirdlərə üstündə “Şuşanı unutma”, “Qarabağ bizimdi” kimi yazıları olan köynəklər geyindirilmişdi. Bu yaxınlarda həmin kliplər hazır olacaq. Daha sonra biz Cəbrayıl rayonu haqqında film çəkirik. Burada rayonun yalnız işğalı deyil, eləcə də oranın tarixi, keçmişi, mədəniyyəti, əhalisi haqda məlumat verilir. Filmdə əsirlikdə olan cərayıllılardan da müsahibə alınıb. Bu film üçün xüsusi bir mahnı yazmışam, montaj işləri gedir. Cəbrayılın işğaldan əvvəl və sonrakı vəziyyətinin yer aldığı film ingilis dilində də səsləndiriləcək.

Rəhbəri olduğum “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai birliyi ötən il Milli Qəhrəman Aqil Quliyevin həyatından bəhs edən 35 dəqiqəlik film hazırlayıb. Çox nikbin notlarla zəngin filmdir. O filmdəki musiqini də mən yazmışam. Daha sonra döyüşçü Səfiyar Behbudov haqqında film çəkirik, o bərdəlidir, çox igid adam idi.  Hərbi müəllim olub, sonradan könüllü müharibəyə gedib. Ermənilər onu yaralı vəziyyətdə tutublar, 12 gün işgəncə veriblər, daha sonra diri-diri yandırıblar.

Dünya ictimaiyyəti erməni vandalizminin şahidi olacaq-Rəsmiyyə Allahverdiyeva: İndi vətənpərvərlik ruhunda mahnılar çox azdır. Sizcə, belə mahnıların yazılması üçün mütləq müharibə olmalıdır?

– Vətənpərvərlik mahnıları həmişə lazımdı. Bunun üçün tədbirlər görülməli, dövlət səviyyəsində təbliğ olunmalıdır. Kliplər, videolar şəklində yayılmalıdır. Təhsil Nazirliyinə nə qədər müraciət etmişəm ki, bu diskləri təqdim edək sizə dərslik kimi istifadə etsinlər, ya da hər səhər dərsə başlayanda şagirdlər qulaq assınlar, ya da oxusunlar. Amma qurumdan heç bir cavab ala bilmədim. Yaxud hər bir orta məktəbdə açıq havada konsertlər təşkil edə bilərik. Heç kəs dəstək olmur.

– Sevinc Rəhimova: Şəmistan müəllimi çoxdandı efirdə görmürük, bunun səbəbi nədir?

-Sonuncu dəfə sentyabrın 15-də Bakının işğaldan azad olunması ilə bağlı hazırlanmış verilişlə əlaqədar İctimai kanalda idim. Qafqaz İslam ordusunun döyüş marşını bərpa  etdirib, klipini çəkdirdik, Nuru paşa rolunda da özüm oynadım. Telekanalda həm də o klipin təqdimatı idi və son dəfə orda olmuşam. Dəvət edəndə gedirəm.

-Atası şəhid olan bir gənc oxucu söhbətə“skype”la qoşulur: İkinci Qarabağ müharibəsi başlasa yenə əlinizdə gitara səngərə gedərsinizmi?

– Tək gitara yox, silahla da getməyə hazıram. Düşünürəm ki, tək mən yox, əli silah tutmağı bacaran hər kəs belə etməlidir. Televiziyalarda daha çox vətənpərvərlik mahnıları təbliğ olunmalıdır. Düzdür, indi gənclər çox savadlı intellektualdırlar, texnoloji bilikləri yüksəkdir. Gənclərin eləcə də torpağa bağlılıqları olmalıdır. Onlar vətəni sevməlidir, hər yolla onu qorumağa çalışmalıdırlar. Mübariz İbrahimovun timsalında olmalıdır indiki gənclər. Onun qəhrəmanlığı ölçüyəgəlməzdir. Tək mahnılar yox, filmlər də çəkilməlidir bu istiqamətdə. Başda Elxan Süleymanov olmaqla kollektivinizə təşəkkür edirəm ki, bu işlə məşğulsunuz. Belə bir saytın varlığından qürurlanmaq, fərəhlənmək lazımdır.

Naibə Qurbanova

Söhrab İsmayılov

KaranakhİNFO

 

08.11.2012 18:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*